news-inner
clock09:00 calendar-gray 16 Oktyabr 2015 view-gray97 dəfə oxunub
view-gray97 dəfə oxunub

Fahişəyə çevrilən ilahə HEKAYƏ

Kulis Səhər Əhmədin “Fahişəyə çevrilən ilahə” hekayəsini təqdim edir.

Universitetin bufetində oturduq. O, siqaret yandırıb paçkanı saymazyana stolun üstünə tulladı və mənim təəccüblü baxışlarıma fikir vermədən çay gətirməyə getdi.

Məndən bir boy hündür və ətli-canlıydı. Əynindəki “tiqrovoy” kostyum mütənasib əndamının cizgilərini qabardırdı. Qapqara, qıvrım saçlarını “babetta” formasında yığmışdı. Üzündə kəşf olunmaq üçün vaxt sərf olunan heç bir ştrix gizlənməmişdi. Bu üz yağlı boyayla çəkilmiş natürmort qədər tünd bir gözəlliyə malik idi; tunc rəngli dəri, ətli dodaqlar, qabarıq almacıq sümükləri və dipdiri gözlər. Adətən, bu cür tünd və dərin baxan gözlər xırda olur, böyük gözlər daha çox sakit və təlatümsüz baxır, amma onun qaynar gözləri həm də iriydi.

Bir sözlə, tanrı onu yaradanda klassik şairlərin təsvirində olduğu kimi ifrata varmışdı,-deyə bilərəm.

Aradan keçən illər ərzində yalnız bir dəfə İlahəyə oxşayan qız görmüşəm. Küçədə, təsadüfən.

Yaşıd olmağımıza baxmayaraq, o, məndən iki kurs yuxarıda oxuyurdu, həyatda isə Allah bilir, məndən “neçə kurs yuxarıdaydı”. Loru dillə desək, mənim getdiyim yolları artıq qayıdırdı.

Bununla üçüncü dəfəydi ki, İlahə auditoriyaya girib, qızlarla topalaşıb dayandığımız yerdən rəfiqələrimin tənəli baxışları altında məni “qaçırırdı”. Onun hərəkətlərindəki qətilik təkəbbürdən çox özünümüdafiə xarkteri daşıyırdı, odur ki, bu qıza ürəyimin dərinliyində bir az acıyırdım. Həm də onunla aramızdakı söhbət oxucu-müəllif janrında olduğundan qrup qızlarından daha cazibədar gəlirdi.

O, podnosu masaya, fincanlardan birini mənim qabağıma qoyub, yenidən qarşımda oturdu, ikinci siqareti yandırdı:

- Kövrələcəksən, amma qoymayacaqlar səni,

Mənasız bir qar çiçəyindən ötrü ağlamağa,-

sonra da “Nəsimi” filmindəki kimi eyhamla soruşdu:

- Sənindi?

Mən - ədəbiyyat fakültəsinin şair qızı, tələbələrin sevimlisi hələ öz şeirimi heç kəsin dilindən belə ürəkdən səsləndiyini eşitməmişdim. Nəsə anlaşılmaz, sirli bir şeydi, o şeiri yazanda ağlıma da gəlməzdi ki, bu misralar kiməsə bu qədər yaraşacaq. Bu şeiri mən sadəcə yazmışdım, o isə yaşamışdı, oxucuyla müəllif arasındakı gizli bağın, doğmalığın sirri yəqin elə budu.

- Rasim Balayev kimi başımı yelləməliyəm?

Zarafatıma fikir vermədi:

- Rəfiqələrin tənbeh eləmir ki, mənimlə görüşdüyünə görə?

Onun üzündəki ifadə kədər deyildi, təəssüf heç deyildi, daha çox ironiyaya uyğun gəlirdi, amma o, kimə ironiya edirdi, özünə, yoxsa rəfiqələrimə, bunu bilmirdim. Cavab vermədim, nə danmağın, nə təsdiqləməyin mənası yoxdu.

- Bilirsən, nə var, əslində, dostların haqlıdırlar, səni qorumaq istədiklərinə görə hətta xoşuma da gəlirlər, - çənəsini yuxarı qaldırıb siqaretin tüstüsünü havaya üfürdü və üzümə xeyli diqqətlə baxdıqdan sonra sakit səslə, hər iki sözü ayrıca vurğulayaraq dedi:

- Mən fahişəyəm!

Onda mənim iyirmi iki yaşım vardı və ömrümdə ilk dəfəydi ki, özünə belə deyən həmcinsimi, həmyaşıdımı görürdüm. Təbii ki, ona inanmadım, zarafat elədiyini sandım. İndi - üstündən düz iyirmi iki il keçəndən sonra yenə də inanmaq istəmirəm və o vaxt nə düşündüyümü dəqiq xatırlayıram: “Elə şeir deyən adam necə fahişə ola bilər, mənim oxucum, ədəbiyyat fakültəsinin tələbəsi... Ola bilməz axı, ola bilməz!”

- Amma bu, sənin şeirlərini sevməyə mane olmur, eləmi? Ən azından olmamalıdı.

- Mane olacaq heç bir səbəb görmürəm,- dedim və səsimin necə qırıq-qırıq olduğunu nəinki eşitdim, sanki gördüm də.

- Danışdıq, onda de görüm, o şeirləri kimə yazmısan?

İlk dəfəydi bu sual qarşısında hirslənmədim, “nəyinə lazımdır? – deyə çəmkirmədim. Səbəbini bilməsəm də, mənə elə gəlirdi ki, sevgi şeirlərimi müzakirə etməyə onun hansısa haqqı var. Bu imkanı ona vermək üçün sualına sualla cavab verdim:

- Niyə soruşursan?

- Çünki heç bir kişi bu şeirlərə dəymir, çünki bu dünyada fədakarlığa layiq kişi yoxdu,- yenə pauza. Yenə gözləri yol çəkdi,- s…dirəcək hamısı.

İlahə bu sözləri səsinin tonunu azaltmadan, hətta hirsli olduğuyçün bir az da bərkdən dedi, amma ətraf stollarda oturmuş, çoxusu da oğlan olan tələbələrin heç biri çevrilib bizə baxmadı, yəqin onun danışığına alışmışdılar.

Mən oturduğum yerdə qurcalandım:

- Dərsə getməliyəm.

- Kimin dərsidi?

- Validə müəllimənin.

- Hə, Afroditanın dərsinə girmək lazımdı, - əsəbi və inadkar dilçi qadını tələbələr kinayəylə öz aralarında gözəllik ilahəsinin adıyla çağırırdılar.

- Mən nə qədər İlahəyəmsə, o da bir o qədər Afroditadı.- Bu yerdə onun ilk dəfə mənə öz adını deyərkən niyə kinayəylə gülümsədiyini anladım. - Onun dərsinə gecikmə. Yəqin səni çox istəyir, bəlkə hələ əlaçısan da.

İlk dəfə olaraq əlaçı olduğumdan utanan kimi oldum, hətta xəfifcə qızardım:

- Sən cadugər deyilsən ki?

- Cadugərəm, Olesya kimi.

Diksindim. Kuprinin Olesyası mənim yaralı yerimdi, ən çox sevdiyim obrazdı, yəni. Ən böyük sevgi fədakarı, kənd sakinlərinin daş-qalaq edib, lənətləyib qovduğu qız.

Getməklə qalmaq arasında tərəddüd eləməyə başladım. Qarşımda çaşqınlığımdan zövq alırmış kimi oturmuş bu qızın istəyini, həyatıma daxil olmaq inadını anlaya bilmirdim. Fakültədə qızların tənəylə baxdığı, oğlanların ərklə danışdığı, özünü həm fahişə, həm də Kuprinin Olesyası adlandıran, mənim baş aça bilmədiyim, amma bütün həyatını danışmaq üçün bircə sualıma bənd olan bu “qaraçı gözəli”nə nə lazım idi?!

Bəlkə bu qızı qarşıma çıxardığına görə həyatı nahaq qınayırdım, bəlkə o elə həqiqətən də Olesyaydı. Onu “Müasir Azərbaycan dili”nə satmaq olmazdı.

- Getməyəcəm dərsə.

- Əla! İstəyirsən gerçəkdən Olesya olduğuma inanasan?

- Hə.

O, əlimi əlinə alıb ovcuma diqqətlə baxdı.

- Bax ovcun içindəki bu xırda xətlər var ha, görürsən nə çoxdur? Bu çox qarmaqarışıq, keşməkeşli həyat deməkdir. Məndə də belədi, eynən,- o əlini açıb mənim əlimlə havada yanaşı saxladı, amma məndə bu keşməkeşlər keçib artıq, səndə isə hələ qabaqdadı. Sol əl keçmişdi, sağ əl isə gələcək. Bax bu ömür xəttidi, səndə uzundu, məndə isə yarıda qırılır...

***

İndi özümə bağışlamıram və heç cür xatırlamıram, o görüşdən sonra başım nəyə qarışdı, onun yoxluğunu niyə hiss eləmədim. Xəstələndiyini gec eşitdim, eşitdim deyəndə ki, dəhlizdə bir qız - qrup yoldaşlarından biri qabağımı kəsib mənə bir kağız parçası uzatdı:

- Səni görmək istəyir.

Kağızda İlahənin yatdığı xəstəxananın ünvanı yazılmışdı. Şəhərin mərkəzində yerləşən məşhur xəstəxananı tapmaq çətin olmadı, tələsik ikinci mərtəbəyə qalxıb, özümü on yeddinci palatanın qapısına atdım. Otaqda - pəncərənin qarşısındakı çarpayıda kimsə yatmışdı, yatağın yanındakı tumbanın qarşısında bir qadın çömbəlib qurdalanırdı. Bayıra çıxıb qapının nömrəsinə, sonra qayıdıb çarpayıda yatan xəstənin üzünə bir də baxdım, bu an o, gözlərini acıb məni gördü və yalnız baxışlarımız rastlaşandan sonra İlahəni tanıdım.

Zorla gülümsünüb məni anasına təqdim etdi:

- Ana,- dedi, sənə şeirlərini oxuduğum qızdı.

Anası bəstəboy, girdəsifət və ağbənizdi, artıq sizin də anladığınız kimi, qızıyla tərs mütənasib olan gözəlliyi xeyli solğun görünürdü.

Yaxınlaşıb yataqdakı ilahəmin üzündən öpdüm, gətirdiyim gülləri başının bərabərində olan tumbanın üstünə yerləşdirib, anasının çarpayının yanına qoyduğu stulda oturdum və əllərini əlimə aldım.

Cəmi on-on beş gün öncə dünyaya meydan oxuyan gözəllikdən əsər-əlamət qalmamışdı. Göz qapaqları qaralmış, gözləri çuxura düşmüş, dodaqları göyərmişdi. Bu mənzərə ona aldığım rəngbərəng çiçəklərin fonunda çox kədərli görünürdü.

Mənim sual yağan baxışlarımdan gözlərini qaçırırdı, axır ki, inad etdiyimi görüb izahat verdi:

- Qardaşımın yanına gedirəm!

Bir dəfə danışmışdı ki, yeganə qardaşı on üç yaşında iydə ağacından yıxılıb ölüb. İlahə kəndə gedəndə - bacısına iydə yığarkən. Ağacın alçaqlığını əliylə göstərib yana-yana təkrar edirdi: “Bax ağac bu boydaydı, bu boyda”.

Ona görə də indi "Qardaşımın yanına gedirəm"lə nə demək istədiyini anladım.

- Boş-boş danışma,- mən, gerçəkdən, yataqda halsız uzanan qıza o sözləri dediyinə və özünü bu hala saldığına görə hirsləndim.

- Elə bilirsən, təəssüflənirəm? Heç vecimə də deyil. Mən yaşayıb doymuşam, əzizim. Bu dünyada məni təəccübləndirəcək heç nə qalmayıb. Bircə arzum var, istəyirəm, məndən yazasan.

Özünə “fahişə” deyəndə olduğu kimi indi də ona inanmadım, bu qədər gənc və gözəl bir qızın sakitcə ölüb gedəcəyi ağlıma sığmadı, onda mənə elə gəlirdi ki, ölümün mütləq ciddi bir səbəbi olmalıdı. Odur ki, öz aləmimdə guya zarafat elədim:

- Ölüb eləmə, yazıb da eləməyəcəm. Başqa vaxt, başqa şəraitdə ölərsən. Vətən uğrunda, heç olmasa sevgi qurbanı.

O, ədəbiyyat müəllimlərimizdən birini yamsıladı:

- Tipik şəraitdə tipik ölüm, eləmi?

Başımı təsdiq əlaməti olaraq yellədim.

- Gördüyün kimi mən sənin şərəfinə çox adi şəkildə ölüb gedirəm. Səbəbini də bilmirəm. Sən də eləcə yazarsan,-gülümsədi, daha doğrusu, buna cəhd elədi,- sən yazmısan da onu, lazımsız bir qar çiçəyi…

İçəri bir neçə həkim girdi, xəstədən aralandım, İlahə baxışlarıyla mənə “get”- dedi, diliylə: "Day gəlmə".

Qapının ağzında bir də çevrilib baxdım, o, güllərin arxasından göz vurdu, əllərini açıb ovcunu göstərdi, gülümsədi, kövrəldi və üzünü divara çevirdi.

O gecə qəribə yuxu gördüm. Gördüm ki, İlahə həmin o “tiqrovıy” paltarda düzbucaqlı şəkildə qazılmış torpaqda uzanıb, üstü açıqdı, özü isə sağ. Səhər yuxumu qızlara danışdım, “xəstəxanaya gedirəm”- dedim. Bu dəfə etiraz eləyən olmadı, əksinə, Xədicə də mənə qoşuldu.

Ondan sonra olanları sanki kimsə beynimdə səhnələşdirib:

...Gözəl bir yaz səhəridi. Xəstəxananın həyətini iydə çiçəyinin ətri başına götürüb. İkinci mərtəbəyə qaça-qaça çıxırıq. On yeddinci palatanın qapıları açıqdı. Ağxalatlı bir qadın dünən İlahənin yatdığı çarpayının döşəkağılarını dəyişir. Heç nə ağlıma gətirmədən yaxınlaşıb İlahəni soruşuram. Qadın işindən ayrılmadan “Onu kəndə apardılar”, - deyir. Xədicə qolumdan yapışıb dartır :“Gəl gedək”. Onun üzündəki ifadə məni diksindirir. Nədənsə ağxalatlıdan deyil, yanımdakı çarəsiz qızdan soruşuram, sanki məni belə inadla dartdığına və hər şeyi məndən tez anladığına görə o, günahkardı:

- Bu o deməkdi ki, İlahə ölüb?

Xədicə mənim hirslə verdiyim sualın qarşısında müqəssirmiş kimi başını aşağı salır:

- Bilmirəm, yəqin ağırlaşıb.

Sonra biz dəhlizdəki ağxalatlıların, xəstə ziyarətçilərinin yanından, foyedəki bədənnüma güzgünün qarşısından kölgə kimi keçirik. Xədicə məni çəkə-çəkə xəstəxana binasından, həyət qapısından, metro girişindən, avtobus dayanacağından uzaqlaşdırır, adamların, ağacların, maşınların arasından ötüb harasa gedirik. Anlayıram ki, özümə gəlməyim üçün mənim piyada gəzməyimi istəyir.

“Bax bu ömür xəttidi, məndə yarımçıq qırılır”. “Mənim haqqımda yazarsan”. “Tipik şəraitdə tipik ölüm, eləmi?”

Ola bilməz axı, ola bilməz…

İlahə elə həmin gecə ölübmüş, təxminən onu yuxuda gördüyüm vaxtlarda. Mən orda olanda içəri girən həkimlər onu kəndə aparmağı məsləhət görüblər. O, kənddəki evlərində yarımca gün yaşayıb. Həmin axşam da canını tapşırıb.

Vəssalam. Bu yerdə mənim İlahə haqqımdakı nağılım bitməliydi. Amma mən yenicə tanış olduğum, cəmi bir neçə dəfə görüşdüyüm bu qızla bağlı həyatımda qəribə bir boşluq hiss edirdim. Onun qaranlıq, müəmmalı həyatı ilə bağlı yenə nəsə öyrənmək, parçaları birləşdirmək, təəssüratımın ömrünü uzatmaq istəyirdim. Kəndə - anasının yanına getməyə gücüm çatmadı. Əvəzində axtarıb şəhərin mərkəzində, “1 May” küçəsində kirayə qaldığı evi tapdım.

Ev sahibəsi - İlahəyə qızı kimi alışmış qoca qadın məni yaxşı qarşıladı. Onun yaxın dostlarından, məclis rəfiqələrindən gileyləndi, sağlığında bu evdə çox olmuş qızları vəfasızlıqda günahlandırıb, məni heç tanımasa da, yaxşı dost kimi təriflədi.

Mən İlahənin dostuydummu? Heç özüm də bilmirdim. Amma onu dəqiq bilirdim ki, yeganə adamam ki, o mənə bütün başına gələnləri, həyatını kabusa çevirən o düyün nöqtəsini danışmağa hazır idi. Dinləmək istəmədiyimə görə indi dəhşətli dərəcədə peşman idim.

Qarı öz “qızından” xeyli danışdı.

Sən demə, İlahə ölüm ayağında hər kəsi otaqdan çıxarıb yalnız atasını yanında saxlayıbmış.

- Ata, mənim neçə yaşım var?

- İyirmi iki.

- Düz iyirmi iki ildir ki, mən səni sevirdim.

Yalnız İlahə belə deyə bilərdi, hamıdan çox sevdiyi atasından hamıdan çox qorxan qız! Bəlkə də, düyün nöqtəsi elə burda, bu qorxudaydı. Onun həyatını kabusa çevirən düyün nöqtəsi.

“Babulya”nın yanına bir həftə sonra yenə getdim, İlahədən yazdığım yazı çıxan qəzeti qadının öz xahişi ilə ona apardım.

Biz - bir-birini əvvəllər tanımayan, yeganə ortaq tanışı artıq həyatda olmayan iki yad adam yenə də həmin ikimərtəbəli evin aynabəndində, həmin masanın arxasında oturub dərdləşdik. İlahənin qara lent bağlanmış şəkli hələ də masanın üstündəydi və bir neçə kitab-dəftəri. Qəzetləri həmin kitab-dəftərin üstünə qoyub, qarıyla sağollaşdım. O yenə məni aynabəndin qapısına qədər ötürdü. Hündür pilləkəni enib dördkünc balaca həyətə düşdüm. Cırıldayan köhnə taxta həyət qapısından mərkəzi "1 May" küçəsinə çıxdım. Qapının tinində zibil qabları qoyulmuşdu. Ətrafı şəhərin köhnə məhəllələrinə məxsus spesifik yay qoxusu – çürümüş meyvələrin, qarpız-yemiş qabıqlarının bir-birinə qarışmış ətri bürümüşdü.

Bilirdim ki, sürətlə uzaqlaşdığım bu küçə mənim İlahəylə bağlı son xatirəmdi. O, ölümündən bir az qabaq niyə həyatıma gəlmişdi, gerçəkdənmi ondan yazmağımı ürəklə istəyirdi?! Onun istədiyi universitet qəzetində çap etdirdiyim bu rekviyem ola bilməzdi, mən onun obrazını yarada bilməmişdim. Yaza bilməmişdim ki, o elə ölmək üçün yaranıbmış. Elə adamlar var ki, məhz ölmək üçün yaranır. Çünki bu dünyanın ən çox yaşayan adamı belə öz ölümünün səbəbini və mənasını bilmir. Çünki deyirlər, ölüm adi şeydir. Onun haqqında nəinki yazmağa, heç düşünməyə də dəyməz.

Bəlkə də mən nə vaxtsa onun istədiyi yazını - o həyat hekayəsini yazacaqdım. Həyatını kabusa çevirmiş o düyün nöqtəsi, onu sevgi əvəzinə qorxuyla tərbiyə etmiş atasımı, həddindən artıq gözəl yaratmış tanrımı, sevgisindən istifadə etmiş hansısa namərdmi, günahkar hər kim idisə, onun haqqında uzun-uzadı düşünəcəkdim. O hekayə də eynən İlahənin həyatı kimi müəmmalı olacaqdı. Çünki elə hekayələr var ki, öz qəhrəmanının üzərindən sirli pərdəni götürmək istəmir.

Yəqin ki, bizim bir-birimizin həyatındakı rolumuz da bundan ibarət idi. Həmişəlik mübhəm qalmasına baxmayaraq, o gerçəkdən, mənimçün Kuprinin Olesyası, özümün isə ilahəm idi. Həmin o "lazımsız qar çiçəyi..."

news-inner-user
Səhər Əhməd

171 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Yazarlarımız heç yalan danışıblarmı? - Sorğu
21:00 19 Sentyabr 2019
Rusiyalı aktyor vəfat edib
18:45 19 Sentyabr 2019
Bakıda peyda olan Mahatma Qandi, Zəlimxan Yaqubun evinə gedən Hüseyn Cavid... – Maraqlı faktlar
18:05 19 Sentyabr 2019
Azərbaycanlı dirijor haqda film çəkilir
17:20 19 Sentyabr 2019
Bakıda rus filmləri həftəsi keçiriləcək
16:40 19 Sentyabr 2019
Elina məhkəməsində iki vacib sual
15:31 19 Sentyabr 2019
Kukla Teatrı uşaqları dəvət edir
14:50 19 Sentyabr 2019
Oğlumun “Anam hardadı” sualı – Elşad Mirzə
14:10 19 Sentyabr 2019
Ülviyyə Heydərovanın pyesi beynəlxalq müsabiqədə
13:21 19 Sentyabr 2019
Əjdər Olun kitabı Serbiyada çap olunub
12:41 19 Sentyabr 2019
Məni öz qatilliyimə sevindirən Elina - Bircə yazır…
12:06 19 Sentyabr 2019
Evli qadınla sevgili olan Yafəs Türksəsin görünməyən üzü
11:31 19 Sentyabr 2019
Azərbaycanlı şair Nobel mükafatına təqdim edilib
10:49 19 Sentyabr 2019
“Bir şeir” müsabiqəsinin şərtlərində yenilik
10:14 19 Sentyabr 2019
Dərbənddə Nizami Gəncəvinin abidəsi ucaldılacaq
09:45 19 Sentyabr 2019
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı keçirilib
09:18 19 Sentyabr 2019
Rahatlıq axtaran kəndin tənha çobanı – Sevda Sultanova yazır...
09:00 19 Sentyabr 2019
“Peyğəmbərə dua etməyi günah sayıram”
21:00 18 Sentyabr 2019
Filmlərimiz Özbəkistanda nümayiş olunacaq
18:25 18 Sentyabr 2019
Yaramaz qızın sərgüzəştləri – Seymur Baycan yazır...
17:37 18 Sentyabr 2019