news-inner
clock12:19 calendar-gray 15 Oktyabr 2015 view-gray65 dəfə oxunub
view-gray65 dəfə oxunub

Türkər Qasımzadə: “Simfonik muğam deyə bir janr yoxdur”

Kulis gənc bəstəkar Türkər Qasımzadə ilə müsahibəni təqdim edir.

- Türkər, səhv etmirəmsə bəstəkarlıq təhsilinizi Amerikada davam etdirdiniz.

- Bəli. Bakı Musiqi Akademiyasında bakalavr pilləsini bitirdikdən sonra sənədlərimi Amerikaya, özü də bir universitetə göndərdim. Bu, Amerikanın ən yüksək musiqi təhsili verən mərkəzlərindən biri idi - Manhetten Konservatoriyası. Şəxsən Mehriban xanım Əliyevanın qayğısı ilə təqaüdü əsasən Heydər Əliyev Fondu və Təhsil Nazirliyi ödədi. Magistraturanı bitirəndə orkestr üçün bir əsər yazdım. Orda belədir, universiteti bitirəndə orkestr üçün bir əsər yazmalısan ki, bu əsər də orkestr tərəfindən ifa olunsun.

- Diplom işi?

- Bəli. “Xəzri” adlı əsər. Bu əsər Konservatoriyanın böyük zalında ifa olundu, orkestri Metropolitan Operanın dirijoru idarə etdi. İki illik magistratura təhsilimi bitirdikdən sonra Sinsinnati Universitetində doktorantura təhsili alaraq Musiqi Sənətləri Doktoru dərəcəsini qazandım. Təhsil müddətində isə “Elektron musiqi” və “Yaxın Şərq Musiqisi” fənlərindən dərs deyirdim. Gələn ildən yenə də həmin universitetə “Yaxın Şərq musiqi tarixi” fənnindən dərs deməyə dəvət olunmuşam.

- Bilmirəm izləyirsiz, ya yox, ədəbi mühitdə belə söhbətlər dolaşır; yazıçılıq istedadla bağlıdır, yoxsa mütaliə ilə yaranır. Bəstəkarlar arasında necə, belə dartışmalar olurmu? İstənilən adam oxuyub bəstəkar ola bilər, yoxsa buna istedad lazımdır?

- Bu söhbətləri mən də izləmişəm. O cür mübahisələr, müzakirələr musiqidə də var. Amma mənim fikrimə görə, bəstəkar olacaq adam əvvəldən duyur ki, musiqi yazacaq. Lap əvvəldən sizdə artıq improvizə etmək bacarığı olur, o yoxdursa, musiqi yazmaq çətin olacaq. Mən fortepiano ifaçılığı ilə məşğul idim. Təxminən 11 yaşımda bir əsər yazdım. Onu piano müəllimimə, sonra isə professor Xəyyam Mirzəzadəyə göstərdim. Xəyyam müəllim qonşumuz idi, atam Nəriman Qasımoğlu, babam Qasım Qasımzadə ilə dost idilər. Xəyyam müəllim dedi ki, sən bəstəkar ola bilərsən. Yəni ilkin qığılcım əlbəttə vacibdir. O ki qaldı mütaliəyə, bu bəstəkarlıqda da var - partitura qiraəti adlanır.

Partitura qiraəti bəstəkarların əsərlərini oxumağa, onları analiz etməyə deyilir. Bəstəkar mütləq digər bəstəkarların əsərləri ilə tanış olmalı, musiqi tarixini bilməli, yeniliklərdən xəbərdar olmalıdır. Bunlar olmasa onun yazdığı musiqinin funksionallığı sual doğuracaq. Doğrusunu deyim, həm musiqi tarixini, həm də yeniliklərə açıq olmaq qabiliyyəti təəssüf ki, bir çox bəstəkarlarda az rast gəlinən məsələdir. Bizdə belə yaradıcılıq boşluqlarını Üzeyir bəydən sonra Qara Qarayev doldurdu. Qarayev özünə qədər olan bütün cərəyanların demək olar ki, hər birində əsər yazdı. Bu, gələcək nəsil bəstəkarların yetişməsi üçün əvəzsiz xidmət idi.

- Qara Qarayevin dünya bəstəkarlığında yeri hardadı?

- Bilirsiz, Qərb, Amerika, rus bəstəkarlıq məktəblərinin hər birinin öz tarixi, dünya musiqisində öz yeri var. Həmin sualı Prokofyev, Şostakoviç haqqında da vermək olar. Mən Prokofyev haqqında sizə rus bəstəkarlıq məktəbi kontekstində danışa bilərəm. Qara Qarayev haqqında da məhz Azərbaycan musiqisi kontekstində. Onu postsovet məkanında musiqi avanqardının ən aparıcı bəstəkarlarından biri hesab etmək doğru olardı. Xüsusən də sonuncu əsərləri, üçüncü simfoniya, kaman və orkestr üçün konserti sovet musiqisinin əsl avanqardı idi. Bu əsərlərdə o zamanlar az qala cinayət kimi qələmə verilən serializm texnikasına müraciət etdiyi üçün onu tənqid edirdilər. Təəssüf ki, vətənimizdə indi də düşünənlər var ki, Qarayev gərək baletlərini yazmağı, həmin estetik xətti davam etdirəydi. Qara Qarayev isə sırf akademik evolyusiya xəttini götürmüşdü, çox doğru da etdi, buna görə də musiqimiz hazırda indiki mərhələsindədir.

- Söhbət bu yerə gəlmişkən soruşum, Üzeyir Hacıbəyov haqqında nə düşünürsüz? Dünya bəstəkarlarına qulaq asanda qəfildən hansısa bir hissə tanış gəlir və yadına düşür ki, bunu Üzeyirdə dinləmişəm. Doğrudan da Üzeyir bəydə dünya bəstəkarlarından təsirlənmə varmı?

- Əlbəttə, Üzeyir bəydə də təsirlənmələr var, amma bu təsirlənmələrə rəğmən o, Azərbaycan musiqisinin xalq yaradıcılığına əsaslanırdı. Onda Çaykovskinin, Puccininin təsirləri hiss olunur. Amma bunlar çətin sezilə bilən təsirlərdir. Ona görə ki, Üzeyir bəyin arxasında özünü ifadə etmək istəyən nəhəng musiqi materialı dayanmışdı.

- Folklor?

- Mən folklor terminini sevmirəm. İngilislər Hindistanı işğal edəndə onların xalq yaradıcılığını folklor deyə adlandırırdılar. Raqa folklor deyil axı, eləcə də muğam sənəti. Xalq yaradıcılığına istinad Üzeyir bəydən sonra onun tələbələrində də güclü şəkildə hiss olunur. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev xalq yaradıcılığından səthi şəkildə bəhrələnmə şansını istifadə edib bitirdilər. Qara Qarayevin muğam sənəti haqqında sözü var, səhv etmirəmsə, belə səslənir: “Muğamat neftə bənzəyir. Əvvəl o fontan vururdu, indi isə biz onu dərin qatlardan çıxarmalıyıq.” Bu sözdə böyük həqiqət var. İndi səthi yanaşmadan çəkinmək daha arzuolunandır. Məsələn, “simfonik muğam” deyilən janr əslində yanlış ifadədir.

- Belə çıxır simfonik muğam qondarma janrdır.

- Elə bir janr yoxdur. Əlbəttə, ötən əsrdə bu gərəkli addım idi, amma indi vaxtı keçib. Artıq o dövrə istinad edib, əsər yazıb, onun “simfonik muğam” janrında olduğunu ifadə etmək bir az naşılıqdı.

- Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin simfonik muğamları muğamın orkestr ifası üçün yazılmış varinatı idi yoxsa improvizasiyası, yenidən işlənilməsi və ya dekonstruksiyası?

- Bunlar birbaşa işləmələrdir. Muğamın arxitektonikası elədir ki, onu olduğu şəkildə nota köçürmək mümkün deyil.

- Bu muğamın böyüklüyünə görədir, yoxsa ibtidai olduğuna görə?

- Yox, ibtidai odluğuna görədir. Nota köçürülmə texnikası əsrimizdə öz inkişafının ən pik həddinə çatsa belə muğam ifaçısının etdiyi xırdalıqları olduğu kimi fiksə edə bilməz. Fikrət Əmirovun, Niyazinin, Süleyman Ələsgərovun əsərləri muğamın, musiqimizin sovet və dünya auditoriyalarına təqdimatı naminə işləmələr idi.

- Onların bu işini faydalı hesab eləmirsiz?

- Müasir Azərbaycan bəstəkarının, məsələn, Humayun muğamını götürüb o tərzdə simfonik muğam etməyini, o zamanın estetikasında “orkestrləşdirmə”sini ümumən faydasız hesab edirəm. Təəssüf ki, “simfonik muğam”ı elə təqdim edirlər ki, guya belə bir janr var. Məsələn, caz-muğam, bu da əslində yanlış termindir.

- Belə çıxır bu calaqlar uğursuzdur.

- Bəli, uğursuzdur, muğamın öz prinsipləri var, cazın öz prinsipləri. Bu adlandırma uğursuzdur, “caz-muğam” da elə cazdır.

- Amma bir nəfər caz ifa edir, görürsən ki, Bayatı-şiraz üstündədir.

- Bu elə Azərbaycan cazıdır. Mən bu cür terminlərin əleyhinəyəm, belə təqdim edirlər, dinləyici də aldanır.

- Deyirlər, dünyada caz-muğamın yaradıcısı bizik...

- Belə təqdimatlara ehtiyac yoxdur. Vaqif Mustafazadənin də buna ehtiyacı yoxdur, özü bir dəfə də olsun deməmişdi ki, mən caz-muğamın yaradıcısıyam.

- Dünya cazı və Vaqifin...

- Vaqif Mustafazadə çox orijinal musiqiçidir. Onun elə ifaları var ki, bunu əsl caz adlandırmaq olar. Rafiq Babayevi də qeyd etmək istərdim. Bunların heç biri şişirdilmə deyil. Onlar orijinal caz musiqiçiləridir. Təbii ki, bizdə caz musiqisi təhsilinin olmaması, o ənənələrin oturuşmaması öz təsirini sonrakı nəsil musiqiçilərə göstərir. Vaqif Mustafazadə və Rafiq Babayevdən sonra onların təqlidi baş verdi. Gərək bizdə caz ifaçıları standart cazı öyrənib nəzəri boşluqları dolduraydılar. Nədənsə bu baş vermədi.

- Bəstəkarlığı bitirənlərin hamısı simfonik musiqi yazmalıdır, yoxsa kim istəsə caz, rok, mahnı mətni yaza bilər?

- İstənilən janrda yazmaq olar. Dünyanın hər bir ölkəsində, eləcə də Azərbaycanda konservatoriyanı bitirmiş, amma mahnı, populyar musiqi yaradıcılığı ilə məşğul olan o qədər bəstəkar var ki.

- Siz populyar musiqi yazırsız?

- Təəssüf ki, yazmıram. Daha doğrusu bir-iki mahnım var, amma onları ictimaiyyətə təqdim etməmişəm. Simfonik və kamera əsərlərim daha çoxdur. Akademik musiqi məni daha çox cəlb edir, nəinki populyar musiqi. Bununla belə özümü kənara çəkmirəm. Yəqin ki, sifariş edən olsa, normal mətn olsa, yazaram. Akademik musiqinin hər hansı janrını daha populyar olan mahnı janrından üstün hesab etmirəm.

- Bizdə klassik musiqiyə münasibət necədi, konsert salonlarına gələnlər, izləyənlər çoxdurmu?

- Təəssüf ki, çox azdır. Sovet dövrü ilə müqayisədə klassik musiqi dinləyiciləri xeyli azalıb. Bunun da səbəbi odur ki, simfonik musiqi cəmiyyətə yetərincə təbliğ olunmur. Düzdür, Qara Qarayev adına festival və bu kimi başqa tədbirlər keçirilir. Amma əksər vaxtlar belə festivalların auditoriyası elə musiqiçilərin özləri olur. Klassik musiqiyə kütləvi marağın olmaması daha çox sosioloji araşdırma mövzusudur. Yaradıcı insanlar isə bu məsələdə daha həssas olmalıdırlar. Yazıçılar, rəssamlar da bu məsələdə gərək rol oynasınlar, bəstəkarların yaradıcılıqları ilə tanış olsunlar. Biz bəstəkarlar müəyyən mənada mətbuatı, Azərbaycan ədəbiyyatını, prosesləri izləyirik, amma əksini görmürük. Ona görə də adi insanlardan, yaradıcılıqla məşğul olmayan insanlardan bu aktivliyi gözləmək ümumiyyətlə çətindir.

- Opera və Balet Teatrına gedənlər də olduqca azdır.

- Bizim ən böyük problemimiz elə Opera və Balet Teatrıdır. Bu teatrın qapıları gənc bəstəkarların üzünə taybatay açılmalıdır. Opera musiqi sənətinin elə növüdür ki, insanlar bunu daha tez qəbul edir. Mətn və vokal birlikdə olduğuna görə operanı anlamaq asandır. Opera və Balet Teatrı gəncləşməli, yenilənməlidir. Bu, musiqi mədəniyyətimizin inkişafında sıçrayışa səbəb olardı. Qara Qarayevin, Fikrət Əmirovun musiqisinin kütləviləşməsinin səbəbi məhz opera, balet yazmaqları və onların səhnələşdirilməsi idi.

- Bizim insanlar baletə heç maraq göstərmirlər. Tamaşa vaxtı Opera və Balet teatrının qarşısına gedin, daha çox rusdilli kütləni görəcəksiz.

- Doğrudur. Amma o rusdilli kütləni də qazanmaq lazımdır. Bizdə baletin təqdimatı müasir tendensiyalara uyğun deyil. Baxın, xoreoqrafiya köhnə, geyim köhnə, səhnələşdirmə köhnə, işıqlandırma köhnə, afişa köhnə. Belə olan təqdirdə təbii ki, baletə baxanlar az olacaq.

- Bəstəkarın musiqi dinləməyi ilə adi dinləyicinin musiqi dinləməsi arasında fərq var, təbii ki. Musiqidən adi insanın həzzini ala bilirsinizmi?

- Mən musiqidən həm zövq alıram, həm də onu təhlil edirəm. Hərdən ikisi də birdən, hərdən də biri baş verir. Bu da professional vərdişlərdən doğur.

- Birdən könlünüzə hansısa mahnı düşür, onu tapıb dinləyirsiz?

- Əlbəttə, olur. Amma deyim ki, müəyyən vərdişlərə yiyələndikdən sonra həzz repertuarı da daralır. Bəzən əsər yazdığım dövrdə heç bir musiqiyə qulaq asmıram.

- Təsirə düşməmək üçün?

- Yox, diqqətim yayınmasın deyə belə edirəm. Mahnı seçimində isə müəyyən meyarlar rol oynayır. Bizim zövqümüzün formalaşma prosesi heç vaxt bitmir.

- Pop musiqi dinləyirsiz?

- Çox az.

- Toylara da getmirsiz...

- Gedirəm.

- Toyda rəqs etdiyiniz yerdə mahnı kəsilir, kimsə “Maral-maral”ı sifariş verir. Oynayarsız?

- “Tərəkəmə”ni, rəqs mahnılarını oynayıram. Amma “Maral-maral”ı... Bu mənim zövqümdə deyil.

- Bu musiqi deyil?

- Yox. Niyə ki. Hər hansı şəraitdə istənilən musiqi küyün tərkib hissəsidir. Biz hazırda sonsuz sayda səs eşidirik, bunların hamısının öz ritmik quruluşu var. “Maral-maral” da küyün bir hissəsidir, nə qədər qəribə səslənsə də hətta ona da musiqi materialı kimi yanaşmaq olar.

news-inner-user
Mirmehdi Ağaoğlu

537 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

“Doktor Jivaqo” hədsiz zəif əsərdir” – Brodskinin qeyri-adi müsahibəsi
21:01 23 Avqust 2019
Onlar 2019-da hamıdan çox qazandılar - Siyahı
19:00 23 Avqust 2019
Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb
18:24 23 Avqust 2019
Mirzə Cəlilin son cümlələri... - Mehman Qaraxanoğlu yazır
17:29 23 Avqust 2019
“İt gəzdirən xanım” tamaşası yenidən nümayiş olunacaq
16:37 23 Avqust 2019
Tələbəsinə aşiq olan, 20 Yanvarda adamları ölümdən qurtaran aktyor – Maraqlı faktlar
15:45 23 Avqust 2019
Oğru adlandırılan şair danışdı: “Olur belə şeylər"
15:07 23 Avqust 2019
Yaqub Zurufçu: “Ququşun “Ayrılıq" mahnısı seksual səslənir” – Müsahibə
14:58 23 Avqust 2019
İlqar Əlfioğlu yeni verilişdə - Anons
14:20 23 Avqust 2019
Şəhriyar Del Gerani: “Firudin Qurbansoy falıma baxdı...”
13:30 23 Avqust 2019
Mehriban Zeynalova erkən nikahlardan danışır: "Deyirlər, qadın adamın papağını yerə soxandır" - Müsahibə
12:40 23 Avqust 2019
İctimai nəqliyyat təcavüzkarları
11:50 23 Avqust 2019
Rasim Balayevin bağışlanmaz səhvi
11:15 23 Avqust 2019
Filmimiz beynəlxalq film festivalının qalibi oldu
10:36 23 Avqust 2019
Rasim Balayev: “Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar” - Müsahibə
09:57 23 Avqust 2019
İran Oskara maraqlı bir filmlə qatılacaq: “Fəridənin sorağında”
09:36 23 Avqust 2019
Ərə getdiyi kişi bir il keçməmiş ölür – Bircənin Romanı
09:00 23 Avqust 2019
Elçibəyin oğlu: “Atamı çox qınamışam” - Müsahibə
21:01 22 Avqust 2019
Oğru şairlər: Yafəs Türksəs və başqaları...
19:04 22 Avqust 2019
“Manqurt” nümayiş ediləcək
16:02 22 Avqust 2019