Pulu atıb sözü tutanlar

Pulu atıb sözü tutanlar
15 oktyabr 2015
# 09:53

Kulisdə təzə-təzə işləməyə başlamışdım. Nərd düzəldib satan yoxsul bir şair redaksiyamıza gəldi. Adı Rəfail Sadiq idi. Yeni olduğuma görə uşaqlar o dəqiqə məni verdilər qabağa, onunla müsahibə elədim.

Müsahibədən sonra ordan-burdan söhbət edəndə öyrəndi ki, mən bankdakı işimi atıb Kulisə gəlmişəm. Əvvəl təəccübləndi, sonra mənə ürək-dirək də verməyə başladı. Çox ehtimal yönlü bir işlə məşğul olub ailəsini dolandırmaq yerinə şeir-qəzəl yazdığı üçün ailəsində, qohum-əqrəba içində qınanan şair hiss elədim sevinir; axır ki, özüm kimi sözə-sənətə görə puldan-paradan keçən bir adama rast gəldim, deməli mən tək deyiləm, deməli şair, sənət adamı belə olar, qəlbini, söz üçün, ədəbiyyat üçün şəm edib əridər (Qəzəl də yazırdı deyə onun bənzətməsində şam mütləq olmalı idi).

Üstündən hardasa il yarım keçəndən sonra Rəfail Sadiq yenə gəldi. Dedi, sənə şeir yazmışam. Pencəyinin döş cibindən bir kağız çıxarıb mənə uzatdı, bir az sonra çıxıb getdi.

Açığı, şeiri üzə çıxartmağa ehtiyat edirdim. Utanırdım. Biz dədə-babadan görmüşük ki, şeiri xalq şairlərinə, xalq yazıçılarına, böyük adamlara həsr edərlər ki, sonra bəhrəsini görəsən. Yoxsa mənim kimi kasıbın birinə şeir yox e, poema da yazsan bir xeyir dəyməz.

Təbii ki, o şeiri hansısa məqsəd üçün deyil, içindən gəldiyi üçün yazmışdı. Mənimlə söhbət onun çoxdan bəri qəlbində dəfn elədiyi arzularımı diriltmişdi, yoxsa ailəsini taxta əşyalar düzəltməklə dolandıran kasıb şair təzədən özündə bir təpər tapmışdı, bilmirəm. Hər nə isə, mən onun səmimiyyətinə inanıram. Çünki bu yaşıma qədər kimdə ədəbiyyata, sözə, sənətə meyl hiss etmişəmsə, o adamda 90-larda yediyimiz “Buş budları” kimi donmuş formada olsa belə Xeyir zərrəsi görmüşəm. Dünyanın ən istedadlı, dahi yazıçısından tutmuş, təsadüf dalğalarının ədəbiyyatın sahilinə taxta parçası kimi tulladığı ən istedadsız şairdə-yazıçıda belə bu hərarəti duymuşam. Buna görə də əlində qələm olan hər bir adama hörmətlə yanaşmağı həmişə, hər zaman özümə borc bilmişəm.

Bu tərəddüdlərlə çoxdandı özümdə saxladığımı şeiri bu gün yaymaq qərarına gəldim. Yəqin ki, ad günündə, ilin bircə günündə qürrələnmək qəbahət sayılmaz. Gerisini Allah nəsib edər.

Sağ olsun, Rəfail Sadiq bəy.

Sənin timsalında var, az-az doğru yazanlar,

Həqiqəti görənlər çox olsa da kordular.

Cəsarətlə gerçəyi yazıb, qəbir qazanlar,

Özlərinə zülm edir, özlərinə zordular.

Sən çoxunun gözündə, atıb bir bank işini,

“Sadəlövhsən” heç puldan insan uzaq qaçarmı?

Hardan tapdın, Mirmehdi, söz yazmaq vərdişini?

Məqaləylə, söz ilə könül işıq saçarmı?

İstisnalar yurdudur bizim, Azər Ölkəmiz,

Milyonların içindən tapmaq saf asan deyil

Bizi təqib edəcək, Mirmehdi, boş kölgəmiz,

Avvarələr içində kölgəmiz də bir deyil.

“Var” yığanlar içində, söz yığmağın tanışdır,

Bəxt onları tapanda sən, “tale” axtarırsan?

Rəfaili həm pula, həm də sözə alışdır,

Söz-əməli bir olan bir saleh axtarırsan.

“İthaflı şeirlərim” başqa sözüm tək əziz,

Yazılmalıydı yəqin bu gün, bu an, bu gecə

Rəfailəm Sadiqəm şükür ilhamım dəniz,

Mirmehdi Ağaoğlu sözlə yaşayaq necə?

12.12.2014

# 269 dəfə oxunub

Oxşar xəbərlər

# # #