Ayxan Ayvaz: “Anamı intiharına görə qınamıram” - MÜSAHİBƏ

Ayxan Ayvaz: “Anamı intiharına görə qınamıram” - <span style="color:red;">MÜSAHİBƏ
6 oktyabr 2015
# 14:13

Kulis Mirmehdi Ağaoğlunun Ayxan Ayvazla müsahibəsini təqdim edir.

- Ayxan əsgərlikdən gələndən sonra nə edirsən, nə işlə məşğulsan?

- Daimi işim yoxdur. Köşələr yazıram, oxuyuram, filmlərə baxıram. Bir də yeni hekayələr yazıram, amma hələ üzə çıxarmamışam. Gözləyirəm, görüm necə olacaq.

- Nəyi gözləyirsən?

- Hələ tələsmirəm, istəyirəm bir az ara durulsun. Tez-tez çap olunmağı sevmirəm. Mən yazdıqlarımı gərək bir xeyli islağa qoyum ki, sonradan səhvlərimi görüm. Mən belə yazıram. Elə olur ki, hekayənin bir abzasını yazıb kənara qoyuram, bir də on gün sonra qayıdıram. Özümü heç vaxt məcbur eləməmişəm.

- Belə çıxır, hər gün səhər saat 8-dən günorta 1-ə qədər yazmaq kimi standart iş qrafikin yoxdur.

- Yox, elə deyil. Məsələn, bu yaxınlarda Zahid Sarıtorpağın gənclərə məsləhəti çıxmışdı. Bir məqam mənə çox qəribə gəldi. Deyir ki, səhər açılana qədər yazmalısan. Məndə sual doğurur, niyə? Hamilə qadını götürək. Onun sancısının nə vaxt olacağını, yaxud nə vaxt doğacağını bilmirik. Yazıçı da belədi. Axşam gəldi yazdın, səhər gəldi yazdın, bunu bilmək olmur.

- Sən yazmağı təbə bağlayırsan.

- Ədəbiyyat bütün qanunları pozmaqdır. Əgər belə bir qanun varsa, onu hər kəs oxuyub uyqulayarsa demək hər kəs yazıçı ola bilər. Bütün qaydaları pozduğun üçün sən yaxşı yaza bilirsən.

- Qaydaları poza bilərsən, amma gərək özlüyündə də qayda formalaşdırasan. Moem deyir ki, hər gün eyni saatda masa arxasına keçəndə beyin də öyrəşir. Eynən Pavlovun mədə şirəsi buraxan iti kimi. Belə yazıçılar çoxdur. Bernar Verber deyir ki, yaza bilsəm də, bilməsəm də hər gün səhərdən 5 saat masanın qarşısında otururam.

- Yox, məndə belə plan yoxdu. Mən daha çox ağrıyanda yazıram. Əgər ağrı varsa onu mütləq çıxarmalıyam. Bu mənə fiziki mənada da ağrı verir. Bunun üçün durum nə iş qrafiki qurum.

- Ayxan, sizin ev məsələniz də geniş səs-küy yaratdı. Axırı noldu?

- Hövsanda ev almışıq. Təmiri hələ qalıb deyə köçə bilməmişik. Yəqin ki, təmir uzanacaq. Hələ stabil işim yoxdu.

- Deyirlər, AYB-yə gənclər təqaüd almaq üçün gəlir, sonra da gedirlər. Fikrət Qoca da bunu etiraf elədi.

- Rəşad Məcid orda təqaüdü məndən başqa kimə verməli idi? Göstərsin də o istedadlı adamları, bu il təqaüd verdikləri adamların heç biri tanınmır. Ortada heç bir yazıları yoxdur. Bu təqaüdü istedadlı adama verirsənsə daha niyə başına qaxınc eləyirsən?

- Sənə təqaüdü iki dəfə vermişdilər.

- Hə. İkinci dəfə valideynlərimi itirdiyimi nəzərə alıb təqaüd vermişdilər.

- Ötən yay isə yenidən AYB-yə qəbul olunmaq üçün ərizə yazdın. O ərizəni doğrudan da Mövlud Mövlud sənin adından yazmışdı, yoxsa?

- Hə, Mövlud yazmışdı. Daha doğrusu, mənə zəng eləyib dedilər, gərək evin pulunu almaq üçün üzrxahlıq edəsən.

- Kim dedi sənə?

- Evdəkilər - bacım, qardaşım. Onlara da AYB-dən deyiblərmiş. Mən də əsgərlikdəydim. Orda nə mübarizə aparmaq, nə etiraz etmək mümkün idi. Atamın evində də tək mənim yox, bacım-qardaşımın da haqqı var idi. Niyə onları tapdalayım? Ona görə Mövluddan xahiş elədim ki, o məktubu yazsın.

- Onun yazdığını oxumadın da.

- Əsgərlikdə necə oxuyum? Füzulinin düzündə bu mümkün olan şey deyildi.

- İstəsən nəsə bir variant tapardın. Axı bu da sənin bioqrafiyana zərbə olur.

- Bu, bir səhv idi, etiraf edirəm. Mən hələ gəncəm, qabaqda bunu düzəltməyə çox zamanım var. Amma Anarın, Fikrət Qocanın səhvlərini necə düzəldək? Mənim səhvimi düzəltmək çox asandır. Necə ki, özüm gəldim, elan elədim ki, səhv eləmişəm, bilməmişəm. Biz gəncik, səhv edə bilərik. Bir səhvdir eləyib AYB üzvü olmuşdum. Amma indi gənclərə demək istəyirəm ki, AYB üzvü olmasınlar.

- İndi hansısa təşkilatın üzvüsən?

- AYO-ya üzv olmaq istəyərdim, amma indi orda da vəziyyət qəlizdir. İndi AYO AYB-dən heç fərqlənmir. Rasim Qaraca özünü son vaxtlar Anara oxşatmaq istəyir. Onu tənqid edən gənclərə qarşı aqressiv davranır, sərt çıxışlar edir. Eynən Anar kimi. Əgər həqiqətən də azad bir mühit yaratmısansa sən azı bunu bilməlisən ki, sərbəstlik vermək lazımdır. Əgər sən də Anar kimi olacaqsansa bəs bu gənclər hara getsin, kimə güvənsin?

- Birinci kitabın “Mən necə Polad Ələmdar oldum” adlanırdı.

- O kitabımdan imtina eləmişəm.

- Bunu necə başa düşək, sən bu kitabından, Kəramət yazdığı o üç romanından, Cəlil Cavanşir “İtirilmiş əlyazma”sından imtina edir. Kitabları yazırsız, çap etdirirsiz, oxucular alırlar, bir müddət sonra deyirsiz ki, kitabım zəif idi, imtina edirəm. Səncə bu oxucunu aldatmaq deyilmi? Yaxşı olmazmı ki, kitabını çap etdirməmişdən qabaq bu barədə düşünəsən, oxucunu da xərcə salmayasan?

- 2009-cu ildə mən o kitabı yazanda naşı idim. Ondan sonra nə qədər kitab oxumuşam, nə qədər adamla söhbət eləmişəm, dünyagörüşüm dəyişib. İndi mən necə durum deyim ki, o kitabım yaxşı idi?

- Fransuaza Saqan “Salam qüssə”ni yazanda cəmi 19 yaşı vardı. Elə sənin “Mən necə Polad Ələmdar oldum” yazdığın yaşda olardı.

- “Salam qüssə” yaxşı əsər idi. Amma mən öz əsərimi tərifləyəcək halda deyiləm. Kəramət “Çöl”ü yaxşı yazıb.

- O biri kitablarını da oxumusan?

- Hamısını oxumuşam. “Səkkizinci gün” Kəramət ağlı ilə yazılacaq roman deyil. O söhbətləri bilmək üçün hardasa 30 il mütaliə eləməlisən, İncili, Quranı oxumalısan. Məsələn, Aqşinin “Göləqarğısancan” romanı hədislə başlayır. Romanı hədislə başlamaq üçün adam gərək Herman Hesse ola. Azərbaycanda roman yazanda elə bilirlər ki, ağır söhbətə girsən əsər yaxşı alınacaq. “Səkkizinci gün”ün motivində çox ciddi söhbətlər durur. Onun altından çıxmaq üçün Kəramət çox yüngüldür.

- Ayxan, böyük bir faciə yaşadın, ata-ananı itirdin. Allah rəhmət eləsin. Bax, bu yaşantılarını nə vaxtsa analiz edib, süzgəcindən keçirib iri həcmli bir əsərə türklər demiş, tökmək, bir roman yazmaq düşünürsənmi?

- Bəlkə də şablon səslənəcək, amma atamla anam öləndən sonra mən hiss elədim ki, yazıçıyam. Hətta atam ölənə yaxın mənə dedi ki, bunları yazarsan. Son vaxtlar bu barədə çox düşünürəm. Sadəcə olaraq bu hadisənin tamamilə təsirindən çıxıb, ona ironiya edə biləcək dərəcədə hazır olmaq istəyirəm. Atam-anam ölməyibmiş kimi, sanki yanımdaymışlar kimi bir qənaətə gəlsəm, o zaman oturub yazacam. Bu mütləq yazılmalıdır, çünki məni məşğul edir.

- Onlardan ötrü darıxırsan?

- Ən çox atam üçün darıxıram. Atamın ölümündən sonra başa düşdüm ki, ondan yaxşı dostum olmayıb, o, mənə çox şey öyrədib.

- Ananı intihar etdiyi üçün ittiham edirsənmi? Onsuz da başsız qalmışdınız, atanın qırxı çıxmamışdı. Digər tərəfdən də ananın intiharı... Sənin, bacı-qardaşının iki dəfə zərbə almağınız...

- Anamın qırxından sonra biz qaldığımız evi dəyişdik. Uzun müddətdən sonra həmin evə getdim. Qapını bir qadın açdı. Dedim, vaxtilə bu evdə qalmışdıq, qadın məni evə buraxdı. Anamın balkonda özünü asdığı mismar vardı. Deyirdim görüm o mismar hələ də ordadı? Balkona keçib gördüm mismar hələ yerində qalıb. Özümü çox pis hiss elədim və ordan çıxdım. Qadın da çox təşvişə düşdü. Sözümü nəyə gətirirəm, anamın intiharı mənə çox təsir elədi. Amma səmimi deyim ki, ata-anamın bu hadisəsi olmasaydı belə azad olmazdım, həyata bu qədər rahat baxa bilməzdim. Etimad Başkeçid bir dəfə mənə demişdi ki, indi insanları tanımaq vaxtındır. Bax, bunu edən mənim anam oldu. Anam intihar eləməsəydi adamları tanımayacaqdım. Hətta mətnə bu qədər peşəkar yanaşmayacaqdım.

- Belə çıxır ki, dərd-bəla sənə yazmaq üçün stimul verdi.

- Elə oldu...

- Sanki bunun baş verməyinə sevinirsənmiş kimi...

- Çox adam elə düşünür. Əslində elə deyil. Keçən dəfə fikirləşirəm ki, doğrudan böyük faciə yaşamışam. Sonra fikirləşirəm ki, 18 yaşımda ata-anamı itirdim, başqası da 48 yaşında itirəcək. Əslində mən xoşbəxt adamam. Özümü yetişdirmək üçün əlimdə xeyli müddətim var, bu prosesi çox tez keçdim. Təbii ki, ata-ana insanın yanında olsa çox gözəl olar. Əgər bu sualı mənə yasın yeddisində versəydin, başqa cür cavab verərdim. Artıq üstündən xeyli müddət keçdiyinə görə bu hadisə tamam başqa rəng alıb. Kim istəyər anası ölsün? Bacım, qardaşım anamı qınadı, amma mən yox.

- Deyəsən, qardaşının, Oğuzun elə bir şeri də vardı, “Mart ayı” adlanırdı.

- Martın üçü qardaşımın ad günü idi. Dördündə anam intihar elədi. Bizimlə qalan bibimgil dedilər ki, ölümü ilə Oğuza hədiyyə elədi. Mən o vəziyyətdə şokda idim. Qardaş-bacım ağlayıb o vəziyyətdən çıxdılar, amma mən çıxa bilmədim. Sonra düşündüm ki, hər kəsin intihar deyə bir çıxış yolu var.

- Ayxan, hansı ədəbi qəhrəmanlarla öz taleyini eyniləşdirir, bölüşürsən?

- Azərbaycanda ən faciəvi taleyi olan yazıçı mənəm. Dünya ədəbiyyatında bu cür nümunələr çoxdur. Mən kitabları ona görə oxuyuram, filmlərə ona görə baxıram ki, içimdəki faciəni soyudam. Baxım görüm ki, məndən də dəhşətli faciə yaşayanlar olub və orda özümü tapanda sakitləşmişəm. Görürəm ki, mən tək deyiləm, həyatda hər kəs o faciəni yaşaya bilər.

# 1133 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #