news-inner
clock08:30 calendar-gray 18 Sentyabr 2015 view-gray383 dəfə oxunub
view-gray383 dəfə oxunub

Zahid Sarıtorpaq: “Azadlıq Azərbaycana bizim çiyinlərimizdə gəldi”

Kulis Şərif Ağayarıntanınmışşair-yazıçı Zahid Sarıtorpaqla müsahibəsini təqdim edir.

- “Azərbaycan” jurnalında gedən romanınızdan başlayaq: “Dərdin sarı çəpkəni” Kitab kimi çıxır?

- Bu roman çoxdan bəri içimdə gəzdirdiyim bir ağrı idi. O mövzu məni çox çəkirdi. Ümumiyyətlə, bizdə magik realist üslubda çox az əsər yazılıb. Bundan əvvəlki romanım da magik realist üslubdaydı: “Əlifba bayramında qətl” Bu roman yazılan il 245 əsər arasından Milli Kitab Mükafatının onluğuna düşdü. Hər halda yaxşı nəticədir. Bu səpgidən “Kül” adlı daha bir romanım da hazırdır. Bu yaxınlarda hansısa bir jurnala verəcəm.

- Romanınıza reaksiyalar yaxşıdır...

- Yaxşıdır. Yazdılar, münasibət bildirdilər. Bayaq bir professor da zəng eləmişdi ki, geniş yazı yazmışam. Mənə ən çox xoş olan məndən sonrakı nəslin nümayəndələrinin romana münasibəti oldu. Mən hardasa içi çox rahat olan bir yazaram. Oxucu problemim yoxdur. Əsərim reaksiya doğurub-doğurmamasına elə də narahat olmuram. Özüm inanandan sonra hər şey qaydasındadır. Şeirdə də beləyəm.

- Şeir yazırsınızmı?

- İndi yox. Çünki əlimdə roman var.

- Adətən nəsrə keçənlər şeirə qayıtmır...

- Məndə elə deyil. Şeir elədir ki, bəzən içinə bir roman sığışdırmaq olur. Şeirdən aralanmamışam, ancaq az yazıram.

- Maksim Qorki adına ədəbiyyat institutunda təhsil almısınız... Bizdə bir nəsil də vardı: Qoridə təhsil alanlar... Əsrin əvvəlində Qori, sonunda Qorki... Qori-Qorki məzunlarını necə müqayisə edərdiniz?

- Mənimlə oxuyanlardan rəhmətlik Şaiq Vəli, Tahir Aslanlı, Xuraman Nuğay... Şaiqi tanıyırdınız... Tahir Aslanlı da çox gözəl şair idi... Çox gözəl. Təəssüf edirəm ki, gənc nəsil onu tanımır. Bir kitabı da çıxıb. 1995-ci ildə maşın qəzasında həlak oldu. Saday Budaqlı, Səfər Alışarlı, Nazim Əhmədli, Maarif Soltan, Murad Köhnəqala, Lətif Mustafa... Bizdə çoxdur istedadlı yazarlar... O ki qaldı Qoriyə... Maarifçilik dediyimiz dövrdə Azərbaycanın ictimai-siyasi-mədəni həyatında çox böyük şəxsiyyətlər yetişdi və bunların yetişməsində Qori seminariyasının danılmaz rolu oldu. 1879-cu ildə müsəlman tələbələri şöbəsi fəaliyyətə başlayanda orda Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirzə Cəlil, Fürudin bəy Köçərli kimi ən nəhəng simalar təhsil aldı. Bizim dövr bir az fərqli idi. Sovetin son mərhələsini yaşayırdıq. Ancaq bizə qədər burda elə azərbaycanlı şair-yazıçılar yetişmişdi ki, sonralar ədəbiyyatımızın əsas sütunlarından oldular. Misal üçün Əli Kərim, İsa Hüseynov. Əli Kərim kimi nəhəng! 1955-59-cu illərdə oxuyub. Yeganə azərbaycanlıdır ki, Qorkini fərqlənmə diplomu ilə bitirib.

- Əli Kərim xilas elədi haaa sizi (gülüş). Nəinki Qorkidə, heç Qoridə də onun kimi şair yox idi...

- Maraqlı bir xatirə danışım... Əli Kərim Qorkidə oxuyan vaxt Nazim Hikmət gəlir instituta. Bunların auditoriyasına girəndə Əli Kərim – utancaq adam olub – gedib arxa oturacaqda sakit oturur. Görür ki, ruslar Nazim Hikmətə yaxşı qulaq asmırlar, səs-küy salırlar. Ona pis təsir edir. Utancaq olmasına baxmayaraq qəfil yerindən qalxıb qışqırır: “Böyük türk şairinə eşq olsun!” Hamı çaşır. Nazim Hikmət özü də... Türk dilində nəsə eşitdiyinə görə...

- Əli Kərim elə tanınmazdı o vaxt...

- Hə, əlbəttə, lap gənc idi.

- Bilmirəm ittifaq dağıldı, yoxsa başqa nəsə oldu, sizin nəslin taleyi o qədər də gətirmədi.

- Mən ümumiyyətlə nəsil söhbətinə yaxşı baxmıram. Ədəbiyyatda nəsil yoxdur, mətnlər var.

- Hər halda şərti olaraq bölünür də... Zamanı xarakterizə etmək baxımından...

- Orası elədir. Nəslimiz barədə düşünürəm ki, azadlıq Azərbaycana bizim çiynimizdə gəldi. Ömrü inqilablara təsadüf eləmiş nəsil bədbəxtdir. Çox şey itirir. O cümlədən də bizim nəsil. Məsələn, mən özüm on iki-on üç il ölkəni tərk eləyib qürbətdə yaşamağa məcbur oldum. Dolanışığa görə...

- 80-ciləri bir az cəsarətsizlikdə qınayanlar da var. Yəni ədəbiyyat sahəsindəki yeniləşməni, mədəni-estetik çevrilişi başlada bilmədilər.

- Bu fikirlə hardasa razılaşmaq olar. Amma sırf yaradıcılıqla bağlıdırsa qəbul eləmirəm. Nədə cəsarətsizlik eləmişik? Bizim nəsil bizdən əvvəlki ilə sonrakılar arasında elektrik ötürücüsü kimi bir şeydir. Bilirsiniz də, cərəyan ucdakıları vurur, ortadakını deyil. Bu mənada kimin daha diri, daha cəsarətli olduğunu zaman göstərəcək.

- 60-cılarla çox dost oldunuz... Özü də onların sizdən daha yaxşı yaşaması, daha yaxşı vəzifələrdə işləməsi, bəzən isə sizi asanlıqla idarə eləməsi şərti ilə...

- Bax yenə gəldik mənim qəbul eləmədiyim o nəsillər söhbətinə. 60-cılar və dostluq deyəndə Vaqif Bayatlını xatırlayıram, Ramiz Rövşəni xatırlayıram və bu insanları bütün nəsillərə aid edirəm. Hətta daha çox 80-cilər sayıram. Dostluqlarından da həmişə mənəvi qida almışam. Amma ümumilikdə əlimizdən tutanlarla yanaşı yolumuzu kəsənlər də olub. Ad çəkmək istəmirəm, bir jurnalda şeirlərimi düz 5 il ləngidiblər. Halbuki olduqca səviyyəsiz şeirlər verirdilər. Onu da deyim ki, ilk şeirlərim çap olunanda yüzlərlə məktub aldım. Fərman Kərimzadə kimi adam vardı 60-cılarda. Şeirlərimi oxuyandan sonra özü mənə yazıçılar ittifaqına keçməyim üçün zəmanət yazmağı təklif elədi. Və yaxud Qorkiyə girməyim... 3 min nəfərin içindən yüz adamın əsəri keçdi, həmin yüz adamdan da 30 nəfər qəbul olundu və onların biri dəmən idim. Təsəvvür edirsiniz, 3 mindən 30 nəfər... Yüzə bir nəfər. Bu şansı da mənə verən o adamlar idi. Düzdür istedadsızlar da vardı qəbul olunanların arasında, amma istedadlılar daha çox idi.

- Sizin vaxtınızda alternativ mətbuat da, nəşriyyatlar da yox idi. Yəni, özünüzü ifadə imkanlarınız 90-cılar kimi deyildi. Bu da ciddi məsələdir.

- Elədir.

- 80-cilər indi də ədəbi camedə baş verən hadisələrə münasibətdə passivdirlər.

- Mən əvvəldən intriqlardan, söz-söhbətlərdən kənaram. Yaradıcılığımda nələrəsə toxuna bilərəm, amma açıq münasibət bildirməyi sevmirəm. Gündəm hadisələri məni o qədər maraqlandırmır. Məncə, yazıçı belə olmalıdır. Öz işiylə məşğul olmalıdır. Mənsiz də gündəm haqqında danışan və yazanlar var və bəlkə, məndən də yaxşı yazırlar. Hansısa dahi deyib: bilmədiyin işlərə baş qoşmamaq dünyanın xilası olardı, heyf ki, belə deyil.

- Sizcə ciddi əsərlərin yaranması üçün mühit nə dərəcədə vacibdir?

- Məncə, əsərin yaranması üçün o qədər də vacib deyil, amma yazılan ciddi əsərin qiymətləndirilməsi üçün lazımdır. Mən bir şeyin tərəfdarıyam: ədəbiyyatda cərəyanlaşma olmalıdır. Modernistlər bir saytın başında toplaşmalıdır, simvolistlər bir saytın, postmodernistlər başqa bir saytın, yaxud dərginin. O zaman məhsuldarlıq da artar, hərə öz qabiliyyətini daha rahat şəkildə ortaya qoyar. İnkişaf etmiş ölkələrdə bu cürdür. Bizdə də bu formalaşmalı, heç kəs biri-birinə mane olmamalı və ölkə ədəbiyyatının ümumi mənzərəsi yaranmalıdır.

- Bu gün yaranan nəsr əsərləri ilə bağlı nə düşünürsünüz?

- Deyim ki, gənclərin hamısını oxuyuram. Yaxşı əsərlər yaranır.

- Nəsrə güclü axın var...

- Var. Məncə, bunun ən başlıca səbəbi yazının texniki cəhətdən asanlaşmasıdır. Qələm zəmanəsi olsa bu qədər yazan olmayacaqdı. Kompüter təkcə yazmağa yox, mətni redaktə etmək, harasa göndərmək və yaymaq işini də ağlagəlməz səviyyədə asanlaşdırıb. Mən özüm kompüterə keçəndən sonra ikiqat məhsuldar olmuşam.

- Şeirdən çox nəsr... Nəsrdə də daha çox roman... Sizcə niyə?

- Dünyada gedir bu proses. Bizə də təsir edir. Məncə, çox yaxşı nəticə olacaq. Kəmiyyət keyfiyyətə təsir edəcək.

- Orxan Pamukun da təsiri olsa gərək... Uğuru yaxınlıqda hiss edirlər...

- Ola bilər. Amma Gürcüstanda da, Ermənistanda da eyni proseslər gedir.

- Bir yandan insanlar hövsələsizləşib deyirik, o bir yandan ən çox romanlar oxunur.

- Sizə maraqlı bir fakt deyim. Mən heç vaxt hekayə yazmamışam. Ömrümdə bircə hekayəm olub, onu da 1988-ci ildə yazmışam. Şeirdən romana keçmişəm. Üç romanım var. Birini də indi yazıram.

- Son şeir kitabında mistikaya daha çox getdiniz...

- Nəsrimdə də var bu.

- Məncə, şeirinizdə daha çoxdur.

- Gəncliyimdə yazdığım şeirlə indikilər arasında ciddi fərq görmürəm. Olsa da içimin gəlib çıxdığı həqiqətdir. Düşünülmüş şəkildə etməmişəm.

- Bəlkə oxuduğunuz nəsr əsərlərindən bir-ikisinin adını çəkəsiz...

- Kamal Abdulla - “Sehrbazlar dərəsi”, Nəriman Əbdülrəhmanlı - “Yolçu”, Etimad Başkeçid - “Min yol mənə söylər”, Mirmehdi Ağaoğlu - “Küləyi dişləyən”, sənin “Haramı” romanın... Çoxdur oxuduqlarım. “Xəzər” jurnalının redaktoruyam, demək olar ki, işim-gücüm nəsr oxumaqdı.

- Keçək tərcüməyə... Və təbii ki, Ceyms Coysun “Uliss”indən başlayaq... Arada tərcümə edirdiniz...

- “Uliss”in bir fəslini dostum Rövşən Qənbərovun sifarişi ilə çevirdim, Oxu zalında yayımlandı. Amma məlumat səhvən belə getdi ki, guya mən romanı bütöv tərcümə edəcəm. Elə deyildi.

- Borxes deyir ki, “Uliss”i heç kim axıracan oxumayıb...

- Borxes məşhur müsahibəsində deyir ki, Coysu ispan dilinə çevirmək olmaz. Çünki bu dildə sözlər uzundur, ona görə yazıçının üslubunu pozur. Ruscaya yaxşı çevrilib. Bəlkə də ən uğurlu tərcümədir bu. Türklər uğursuz ediblər, özününküləşdiriblər. Çətin əsərdir. Hər fəsil ayrı-ayrı üslubdadır. Çıxartmadığı oyun qalmayıb. İzahatlar az qala əsərdən çoxdur. 20 saatlıq hadisəyə 800 səhifə roman həsr olunub. Sonuncu – 18-ci fəsildə iyirmi səhifəyə yaxın bircə cümlə var. Nöqtəsiz, vergülsüz. İnanırsan, dilimizin imkanları çatır ki, bu cümləni də üslubu saxlamaqla çevirim. “Uliss”in rus variantını orijinalla və türk diliylə tutuşdura-tutuşdura izahları ilə birlikdə tam çevirmək gücünü özümdə hiss edirəm. Amma, Borxesə burda haqq qazandırmaq olar: mənasızcasına adam vaxtını sərf eləməlidir eee... buna. Yəni o boyda zəhmət çəkməyin adı yoxdur. Coys bu əsərlə roman janrına “kres” qoymaq istəyirdi ki, mənimlə bitib getdi. Amma ondan sonra da gözəl əsərlər yarandı və yaranmaqda davam edir. Amma “Uliss”in bir əsər kimi qüdrəti danılmazdır.

- Tərcümə işiylə bağlı nələr deyə bilirsiniz?

- Tərcümə Mərkəzinin yaradılması mədəniyyətimiz üçün böyük hadisədir. Afaq Məsud böyük iş gördü, gözəl kollektiv formalaşdırdı. Bu istiqamətdə uğurlar başlanıb artıq. Bildiyiniz kimi, son illər ölkəmizdə orijinaldan tərcümə edənlərin sayı xeyli artıb. Amma peşəkarlıq hələ tam formalaşmayıb. Tərcümə Mərkəzi bu işə ciddi nəzarət edir. Məncə qarşıda bizi böyük uğurlar gözləyir.

Oxşar xəbərlər

Xəbər lenti

Həqiqi sevgini duyan qəlb bir damcı suya da hörmətlə baxar - Mövlanədən hikmətli sözlər
21:00 30 Sentyabr 2020
Teatr rəhbəri Prezidentə müraciət etdi
18:45 30 Sentyabr 2020
Nazirliyin mükafatını alan pandemiya hekayəsi - Mətn
18:03 30 Sentyabr 2020
Müharibə mövzusunda ədəbi müsabiqə elan olundu - Şərtlər
17:15 30 Sentyabr 2020
ISESCO Qarabağla bağlı bəyanat yaydı
16:32 30 Sentyabr 2020
Xalq şairi: Qarabağı alacağımıza heç bir şübhəm yoxdur
15:42 30 Sentyabr 2020
Döyüşçülərə silah verib qayıdanda müəmmalı şəkildə öldü - Qəbri Ağdamda, baş daşı Bakıdakı evində olan sənətkar
15:01 30 Sentyabr 2020
Feminist müğənni vəfat etdi
14:19 30 Sentyabr 2020
Tanınmış yazıçı İsveçin xarici işlər nazirinə məktub yazdı
13:32 30 Sentyabr 2020
Teatr Xadimləri İttifaqı erməni təxribatı ilə bağlı bəyanat yaydı
12:51 30 Sentyabr 2020
Paşinyanın canlı efirdə danışdığı araq lətifəsi - Bir rus, bir erməni...
12:09 30 Sentyabr 2020
"Qarabağ - mədəniyyətimizin beşiyi" layihəsinə start verildi
11:39 30 Sentyabr 2020
Qarabağa gedən ailə - Ayxan Ayvaz yazır
11:08 30 Sentyabr 2020
Tanınmış şair cəbhəyə yola düşdü
10:20 30 Sentyabr 2020
Ermənilər Şeyx Babı türbəsinə ciddi ziyan vurdu
10:01 30 Sentyabr 2020
Müğənni Ayaz: “Qonşumuzun evinə mərmi düşdü” – Müsahibə
08:58 30 Sentyabr 2020
Pandemiya mövzusunda keçirilən hekayə müsabiqəsinin qaliblləri mükafatlandırıldı
19:58 29 Sentyabr 2020
Mədəniyyət Nazirliyi bəyanat yaydı
19:27 29 Sentyabr 2020
Erməni filmi Moskva kino festivalından çıxarıldı
18:19 29 Sentyabr 2020
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar - Ədəbiyyatımızın ən təsirli müharibə şeirləri...
17:42 29 Sentyabr 2020