news-inner
clock16:53 calendar-gray 15 Sentyabr 2015 view-gray238 dəfə oxunub
view-gray238 dəfə oxunub

Vahid Mustafayev: “Küçə adamlarına qulaq asmıram”

ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayevin APA -ya müsahibəsi

- Azərbaycan kinosunun hazırkı vəziyyətini necə xarakterizə etmək olar?

- Sözsüz ki, kinematoqrafiya sahəsində müəyyən problemlər var. Bu problemlər hər şeydən əvvəl peşəkarların olmamasından irəli gəlir. Bizim çox gözəl təhsil ocağımız var - Mədəniyyət və İncəsənət Universiteti. Təəssüf ki, bu universitet bir neçə sahə üzrə mütəxəssis yetişdirmir. Məsələn, səs rejissorları. Bir neçə sahə üzrə yetişdirdikləri tələbələr müasir kino səviyyəsinə cavab vermir.

Tutalım, rejissorlar, operatorlar, qrim ustaları, prodüserlər və s. Belə olanda, sözsüz ki, kinematoqrafiyanın inkişafı sual altında qalır. Məsələn, mən filmlərimi çəkəndə, İran, Türkiyə, Rusiya və Avropa ölkələrindən mütəxəssislər dəvət edib, onlarla bir yerdə film çəkirəm. Belə olmasa, bu cür nailiyyətlər qazanmaq mümkün deyil. Amma bu gün Azərbaycan çiçəklənir, ikinci dərəcəli, hətta bəzi sahələrdə üçüncü dərəcəli keçmiş sovet respublikalarından biri beynəlxalq arenada A kateqoriyalı oyunçulardan birinə çevrilir. İqtisadi sahədə baş verən hadisələr mədəni nöqteyi-nəzərdən təchiz olunmalıdır. Biz dünyaya təkcə siyasətçi və iqtisadçı kimi çıxmamalıyıq. Eyni zamanda öz mədəniyyətimizi təqdim etməliyik. Sözsüz ki, bu sahədəMədəniyyət və Turizm Nazirliyiçox böyük işlər görür. Onlar bacardıqları qədər çalışırlar ki, filmlər ərsəyə gəlsin, teatrlar fəaliyyət göstərsin və s. Amma bunlar çox azdır. Bu gün insanların mədəni münasibətləri daha çox sadə, asan qavranılan sahələrdə özünə yer qazanır. Bunlardan biri də kinodur. Ümumiyyətlə, kinematoqrafiya böyük möcüzədir.

- Bu yaxınlarda ANS-in efirində “Şəhər 44” adlı polyak filminə baxdım. Həmin filmdə də sizin “Qanlı yanvar” filmi kimi şəhərin müdafiəsi uğrunda mübarizə aparan gənclərin qəhrəmanlığı göstərilir...

- Bu hadisələr çox yerdə cərəyan edib. Məsələn, irlandlar müstəqillik uğrunda mübarizə aparıblar və bu, filmlərdə əks olunub. Bu gün Böyük Britaniya Avropada demokratiya mənbəyi kimi tanınır, amma eyni zamanda İrlandiya bu günə qədər müstəqilliyini bəyan edə bilmir. İrlandiyada dinc mitinq məhz Britaniya ordusu tərəfindən dağıdılmışdı və eynən Azərbaycanda olan hadisə kimi bir hadisə baş vermişdi. Çexoslovakiyaya, Gürcüstana Sovet ordusunun basqısı olub. Hər bir ölkədə müstəqillik uğrunda mübarizə aparılıb. Biz Azərbaycan olaraq bunu hələ ötən əsrin əvvəlində yaşamışıq və şərqdə ilk demokratik dövləti yaratmışıq.

Azərbaycan xalqı dərin mədəniyyətə arxalanan, müstəqilliyi sevən xalqdır. Bizim kinematoqrafiyamızın tarixi 1892-ci ildən başlayır. Ondan sonra bir-birindən gözəl filmlərimiz çəkildi. Rza Təhmasib, Həsən Seyidbəyli, Tofiq Tağızadə, Rasim Ocaqov, Eldar Quliyev, Oqtay Mirqasımov, Vaqif Mustafayev, Ayaz Salayev, Şamil Nəcəfzadə, Şamil Əliyev və başqaları Azərbaycanda güclü kino məktəbi yaratdılar. Təsəvvür edin ki, Akira Kurosavanın “Yeddi samuray”ından 10 il sonra Tofiq Tağızadə “Yeddi oğul istərəm” filmini çəkdi. Görün, vaxtilə bizdə necə yüksək kino mədəniyyəti olub. “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Şərikli çörək” dünya şedevrləridir. Bəzi mətbuat orqanları yazdı ki, Vahid Mustafayevin filmi Monreal festivalına ilk Azərbaycan filmi kimi çıxıb. Əslində, belə deyildi. Bu festivalın zirvəsinə Ayaz Salayev “Yarasa” filmi ilə çıxıb. Daha sonra Şamil Nəcəfzadənin “Qala” filmi bu səviyyəyə yüksəldi.

İndi də mənim filmim festivalda nümayiş olundu. Fəxr edirəm ki, adını çəkdiyim rejissor qardaşlarımın yolunu davam etdirirəm və qoymuram ki, dünya kinematoqrafiyası Azərbaycan filmlərini yaddan çıxarsın. Bu festival dünyanın ən böyük festivallarından biridir. Biz orada prezident tərəfindən ödül aldıq və rejissor Məcid Məcidi ilə bir yerdə ziyafətə dəvət aldıq. Bizim filmimiz festivalda üç dəfə, Məcid Məcidinin Məhəmməd peyğəmbərdən çəkdiyi film beş dəfə nümayiş olundu. Sözsüz ki, o filmə böyük maraq var idi. “Qanlı Yanvar”ın üç dəfə nümayişi mənim üçün qələbə idi. Bunu Azərbaycan kinematoqrafiyasının qələbəsi kimi qəbul edirəm və demək istəyirəm ki, bu film bütün Azərbaycanın filmidir. Əsas odur, biz20 Yanvarhaqqında olan həqiqətləri dünya ictimaiyyətinə asan qavranılan formada çatdırdıq.

- Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından əlavə sırf kino peşəsi baxımından “Qanlı Yanvar” filmi ilə bağlı rejissor eqonuz nədən ibarət idi? Yəni sizi daha çox tanısınlar, ciddi kino cameəsində qəbul etsinlər və s. İstəyirəm, bu haqda danışaq.

- İş orasındadır ki, məni bu filmləri ərsəyə gətirməyə məcbur edən eqodan daha çox qorxularım idi. “Qanlı Yanvar”da çəkdiyim bütün qəhrəmanlar həyatda mənimlə dostluq edən, canlarını vətənə qurban edən insanlar idi. Onların şücaətini ekrana gətirməyənə qədər dostlarım yuxuma gəlir, kölgə kimi yanımda gəzirdilər. Onlar mənə deyirdilər ki, axı sən niyə bizim şücaətimizdən danışmırsan? Axı Allah bununla bağlı sənin bütün ruzini verib.

Gəlin, sadə bir şeyi düşünək: cavan oğlan vətən uğrunda vuruşur və şirin həyatını hədiyyə edir. Nəyə görə, bunun qiyməti nədir? Biz bilirik ki, hər şeyin qiyməti var. Kant bir nəzəriyyədə yazır ki, insanın hər bir hərəkətinin əsasında kobud iqtisadi maraq dayanır. Hətta ana uşağına süd verəndə fikirləşir ki, qocalanda uşaq ona kömək edəcək. Kant Avropanın materialist fəlsəfəsinin bir növ banisidir və bütün Avropa bu sütunun üzərindədir. Sözsüz ki, bir gənc özünü fəda edirsə, onun da öz marağı var. Nədir o maraq? O maraq gələcəkdə dastanlarda, şeirlərdə, mahnılarda onların dəliqanlılığı, vətənpərvərliyi haqqında gözəl xanımların mahnı oxuması, şeir söyləməsidir ki, qəhrəmanlıqları yadda qalsın. Əlbəttə, onlar vətən yolundan canlarından keçirlər, amma bunun müqabilində nə alırlar? Bu, mənəvi maraqdır.

“Xoca” filmindən əvvəlXocalıhaqqında müxtəlif fikirlər səslənirdi. Amma filmə baxandan sonra xocalılar gəlib mənə dedilər ki, çox sağ olun, siz bizim şücaətimizi göstərdiniz, yoxsa bizə deyirdilər, siz oranı qoyub qaçmısınız. Ümumiyyətlə,Xocalıuğrunda əməliyyat gecə saat 22.30-da başlayıb, 00.00-da başa çatıb. Ona rəhbərliyi Tadevosyan adlı erməni generalı edib.Şuşa əməliyyatını da o aparıb. Beşmərtəbəli binanın zirzəmisinə yığışan insanları beş nəfər əsgərimiz qoruyub və səhərə qədər atışıblar.

Onlara hətta Tadevosyan tərəfindən böyük hörmət olub ki, axıra qədər döyüşüb, ölüblər. Gənc nəsil bunu bilməlidir. Uduzmağın növləri var. Bir var qaçırsan, bir də var sənə qarşı gələn gücün öhdəsindən gələ bilmirsən. Bunlar başqa-başqa şeylərdir. Ola bilər ki, biz uduzmuşuq, amma axıra qədər vuruşub uduzmuşuq axı. Bunları göstərmək lazımdır. Çingiz Mustafayevin təsvirlərində bizim vuruşmağımız yoxdur. Ona görə atam dedi, sən o filmi çəkməlisən. O ki qaldı eqoya, ola bilər, mən indiyə qədər çox uğurlar qazanmışam deyə, eqo mənim üçün vacib deyil. Əsas odur ki, məni izləyən kölgələr indi qara yox, ağdır. Onlar rahatlaşıblar ki, qəhrəmanlıqları insanlara göstərilib.

- Filmə Azərbaycanın ciddi kino müstəvisində münasibət necə oldu? Sizin qiymətləndirdiyiniz ciddi imzalar nə dedi?

- Çox yüksək münasibət oldu. Sağ olsun, Eldar Quliyev, Ayaz Salayev mənə təbriklərini göndərdi. Sevinirəm ki, ciddi rejissor düşərgəsində sənət adamları bir-birinə kömək olurlar, dəstək göstərirlər. Ümumiyyətlə, istedadlı rejissor həmkarını qısqanmaz. Başqa mənada mən də qısqanıram. Məsələn, Eldar Quliyevin “Babək”, “Bir cənub şəhəri”nə baxanda qısqanıram ki, nə gözəl çəkib. Yaxud Vaqif Mustafayevin “Yaramaz” filminə, Ayaz Salayevin “Yarasa” filminə qibtə edirəm.

Təəssüf ki, hazırda kino sahəsindəki imkanlar sovet dövründə olan imkanlar kimi deyil. Son 20-25 ildə “Babək”, “Nəsimi” kimi ciddi filmlər çəkilmir. Bu gün biz gərək 1918-ci ildə erməni ordusunun Bakını ələ keçirməsi haqqında film çəkək. Bir neçə ay bütün Naxçıvan Ermənistan respublikası olub. Demək olar, bütün Azərbaycanı əllərinə almışdılar. Bu gün deyirlər, türklər gəlib azərbaycanlıları xilas etdilər. Əslində azərbaycanlılar özləri vuruşdular, sadəcə komandanlar Türkiyədən təlim keçmək üçün dəvət edilmişdilər. Onlar da vuruşdular, şəhid oldular, Allah onlara rəhmət eləsin. Amma vuruşan İslam Ordusunun tərkibi böyük əksəriyyətlə azərbaycanlılardan ibarət idi. Bundan başqa, Qobu, Güzdək, Hökməli qoçuları vuruşurdular. Sonra isə Leninin Atatürklə razılaşması nəticəsində ordu Azərbaycanı tərk etdi və icazə verdilər ki, sovetlərin ordusu Azərbaycana girsin. Qızıl Ordunun qarşısında gələnlər türk generalları idi. Ona görə azərbaycanlılar onları ölkəyə buraxdılar. Elə bilirdilər, onlar sülh gətirirlər. Bunları çəkmək lazımdır. Çünki bunları heç kim bilmir.

- Son illərdə çəkilən filmlərə baxmısınızmı və fikriniz nədir?

- Cavad xan haqqında film çəkilib, “Dolu” filmi nümayiş olunub. Problem ondan ibarətdir ki, müasir filmlərin çəkilməsinə lazım olan vəsait ayrılmır. Yaxud vəsait lazım olmayan filmlərə ayrılır.

-Son illərdə “Nabat”, “Axınla aşağı”, “Yarımçıq xatirələr”, “Qisas almadan ölmə” filmləri çəkilib...

- “Yarımçıq xatirələr”, “Dolu” filmlərinin müəllifi Elxan Cəfərov çox yaxşı gənc rejissordur. Onun filmlərində maraqlı məqamlar görürəm, tapıram və düşünürəm ki, o, öz üzərində çalışan insandır. İnanıram ki, Elxan Cəfərov gələcəkdə də çox gözəl filmlərə imza atacaq.

- “Azərbaycanfilm” kinostudiyası ilə münasibətləriniz necədir?

- Kinostudiyanın direktoru Müşfiq Hətəmovla çox gözəl münasibətlərimiz var. Bu yaxınlarda biz nailiyyətlər protokolları imzaladıq. Birgə layihələr həyata keçirmək istəyirik. Bizə Türkiyədən, İrandan, Gürcüstandan, Rusiyadan təkliflər gəlir ki, birgə filmlər çəkək, layihələr həyata keçirək. Amma hər şey maliyyədən asılıdır və məsələlər bu amilə gəlib, dirənir.

- Filmlərinizə olan tənqidi fikirləri necə qarşılayırsınız?


- Məsələn, “Xoca” filmində olan səhvləri “Qanlı Yanvar”da buraxmamışam. Tənqid mənim üçün inkişaf mexanizmdir. Söhbət mənim ustad kolleqalarımın tənqidindən gedə bilər. Küçə adamlarının yazdıqları sözlərə qulaq asmıram. Məsələn, Eldar Quliyev film çəkəndə, mən anadan olmamışdım. Onun bir sözü mənim üçün qızıla bərabərdir. “Xoca” filmində bizə irad tuturdular ki, hansısa başqa filmə oxşayan səhnələr var. Onlar kinodan uzaq adamlardır. Kinematoqrafiyada klişelər var: məsələn, öpüşmək səhnələri bütün filmlərdə eynidir. Sadəcə, pozalar, personajlar dəyişir. Bağışlasınlar də, mən başqa cür öpüşməyi bacarmıram, belə çəkmişəm. Bütün müharibə filmlərindən döyüş səhnələri eynidir.

- Bəs dramaturji qanunauyğunluq, bölgülərlə bağlı iradlar olurmu?

- Yox. Ona görə ki, mən peşəkaram axı. Ssenarinin dramaturgiyası var. Bunlar hamısı çox ciddi sxem əsasında aparılır.

- Planda nə var? Yenə müharibə filmləri olacaq?

- Məni axır vaxtlar savaş rejissoru kimi tanıyırlar. İstəməzdim belə olsun. Fikrim var ki, yüngül büdcəli film çəkim. Bir növ istirahət etmək istəyirəm. “Yaddaş”, “Xoca” “Qanlı yanvar” filmləri çox ağır oldu. Neçə-neçə evlər dağıldı, maşınlar yandı, ən azı 100-150 min güllə istifadə etdim. Növbəti filmin ssenarisi yazılıb və bu, müharibə filmi deyil. Daha çox festival filmidir, insanın yaxşı həyatı haqqındadır.

- Saytların təbiri ilə desək, “ANS-ATV müharibəsi”ndən danışaq?

- Danışaq, heç bir problem yoxdur.

- Problemin kökü nədədir?

- Sizə deyim ki, mənim ATV ilə çox gözəl münasibətlərim var. VüqarQaradağlı Azərbaycanda hörmətli olan ailənin nümayəndəsidir. Şəxsən mənim onunla çox yaxın dostluq münasibətim var. Sözün düzü, arada olan məsələləri problem gözündə görmürəm. Bu, müxbirlər səviyyəsində olan anlaşılmazlıqdır. ATV-də gedən çarxla bağlı Gürcüstanda məqalələr çıxanda, təəssüf ki, burada yox idim. Burada olsaydım, ona çox sərt reaksiya verərdim. Çox təəssüf ki, bəzi məmurlar, bəzi media strukturları bu məsələni düzgün qiymətləndirmədilər. ATV həmin çarxı efirdən çox nahaq yerə çıxardı. Mən bunu başa düşmədim. ABŞ-ın “Oskar” və “Qızıl Qlobus” alan bir ekran əsərində prezident kilsəyə gəlib keşişlə İsa peyğəmbər haqqında danışır və icazə istəyir ki, peyğəmbərlə tək-təkbətək qalsın, söhbət etsin.

ABŞ prezidenti kilsədə İsa peyğəmbərin heykəli ilə təkbətək qalıb deyir ki, sən məhəbbət satırsan və sənin satdığın məhəbbət mənə lazım deyil. Bir lomba tüpürür İsa peyğəmbərin üzünə. Ondan sonra heykəl yerə düşüb darmadağın olur. Bu film nüfuzlu mükafat alır, xristian dünyası onu nümayiş etdirir. Bundan başqa, digər filmlər var ki, kilsədə seksual azlıqların hərəkətləri göstərilir, keşişlər tərəfindən əxlaqsızlıq olur. Belə olan təqdirdə Gürcüstan keşişinin ATV-yə qarşı danışması nə deməkdir? Bu, siyasət və onların Azərbaycana qarşı mənfi münasibətidir. Hansı ki, “Qəbələ” klubunun oyununda da onlar bunu nümayiş etdirdilər. ANS-in də materialında bu məqamlara toxunulmuşdu ki, Gürcüstan din xadimləri yerlərini bilsinlər. ATV-nin çarxında kinematoqrafik baxımdan heç bir qəbahət yoxdur. Bu, kinodur. Çarxda kilsənin divarına təpik vururlar. Mən kino çəkirəm və göstərirəm ki, insanın üzünə təpik dəyir. Məgər, insanın üzü kilsənin divarından aşağıdır? Yaxud adam götürüb İsa peyğəmbərin üzünə tüpürür. Bu, Amerikanın İsa peyğəmbərə hörmətsizliyi deyil. Bir daha deyirəm ki, ATV-nin o çarxı efirdən çıxarmağının tərəfdarı deyildim.

-Bəs qarşı tərəfin cavab materialını necə qarşıladınız?

- Təkrar edirəm ki, bu müxbirlər səviyyəsində olan məsələdir. Rəhbər vəzifəli şəxslər bu cür məsələlərə münasibət bildirməməlidir. Bir daha deyirəm ki, mənim Vüqarla çox gözəl münasibətim var, biz bütün tədbirlərdə bir yerdə oluruq. Materialda deyilən sözlər həqiqətdən uzaq sözlər və kin-küdurətə yaxın şeylərdir ki, onlara heç kim ciddi münasibət bəsləməyib.

- Vahid müəllim, sizin kanal rəhbəri kimi münasibətiniz sağlam münasibətdir və kino dəyərləri baxımından təqdir olunandır. Amma rəhbəri olduğunuz kanalın əməkdaşının materialı “Tanrıya təpik atmazlar” başlığı ilə efirə verilib. Deyilir ki, bir kanalın efirində Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı ehtiyatsız rəftar edilib, kanalı gürcülər yox, azərbaycanlılar məzəmmət edə bilər.

- ANS-in materialında məhz mənim dediyim kimi Gürcüstana mesaj var idi ki, öz işinizlə məşğul olun. Hörmətsizlik çarx çəkmək deyil, hörmətsizlik məscidin qapısına donuz başı vurmaqdır. Hətta təmiz almanın da üstündə xal tapmaq olur. Hansısa qüvvələr Azərbaycanın mənafeyini qoruyan materialda başqa məqsədlər, tərəflər axtarırsa, tapacaq. Allah onun canını sağ eləsin. Günəşin altında hamıya yer var. ANS üçün nə ANS-in özünün, nə ATV-nin, nə hansısa başqa qurumun mənafeyi maraqlı deyil. ANS üçün maraqlı olan yalnız Azərbaycanın mənafeyidir. Azərbaycanın dövlətçiliyi, torpağı, xalqı... bu üç məfhum uğrunda biz özümüz də ölümə getməyə hazırıq. Və bunu nümayiş etdirmişik. O ki qaldı, süjetdə deyilən məsələlərə, onlar gülməli məsələlərdir. Hamı bilir ANS kimdir, haradan gəlib, hansı yolu keçib.

Oxşar xəbərlər

Xəbər lenti

Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020