news-inner
clock11:31 calendar-gray 13 Avqust 2015 view-gray179 dəfə oxunub
view-gray179 dəfə oxunub

Cəlil Cavanşir: “Ramiz Rövşənin o şeiri dərin deyil”

Əslində yaradıcılığı ilə ətraflı tanışlığım sosial şəbəkədə dostluğumu qəbul edəndən sonra oldu. Daha çox sıxıntılı adam təəssüratı yaradan yazar, öz yaradıcılığı ilə birlikdə virtual dünyada da, demək olar ki, real həyatda baş verən bir çox hadisələri dostluğunda olanlarla paylaşır. Cəlil Cavanşir mediaya və ictimaiyyətə açıq olması, məni müsahibəyə həvəsləndirən səbəblərdən biri oldu və gənc jurnalistin təklifinə çox gözlətmədən “məmnuniyyətlə” cavabını verdi. Yazar bir neçə aydır paytaxtdan doğulduğu kəndə köçüb gəlib. Ara-sıra Şəkiyə gəldiyi üçün müsahibəni məhz, Şəkidə götürmək qərarına gəldim. Bir avqust səhəri Cəlil bəylə şəhərin mərkəzində bir məkanda çayımızı içə-içə söhbətimizə başlayırıq. Yazar bu şəhərin ona həmişə xoş təəssüratlar bağışladığından bəhs edir.

- Şəki mənim uşaqlığımın şəhəridir. İlk arzularım, gələcəylə bağlı istəklər və ilk darıxmaqlar bu şəhərdə olub. Mən bir az erkən- təxminən 11-12 yaşımda evdən ayrıldım və Şəkiyə gəldim (Bu vaxt yaxınlıqdakı məsciddə günorta əzanı oxunur və müsahibim gülümsünərək). Həmən bu məsciddəki mədrəsədə-hafizlik məktəbində təhsil almağa başladım. Burada oxuduğum zaman həm də mədrəsədə qalırdım və bizə yalnız həftənin bir günü çölə çıxmağa, gəzməyə icazə var idi. İstirahət günündə şəhərin məşhur məhəllələrinə, bazarlarına gedirdik. Baxmayaraq ki, indi buralar dəyişib və 20 il əvvəlkindən fərqlidi, amma məndə o xatirələr hələ də canlıdır, yaşayır.

- Dini təlimə marağınız hardan yarandı və sonradan niyə davam etdirmədiniz?

- Bizim uşaqlığımız Sovetin dağıldığı vaxtlara təsadüf edir. Sərhədlər yeni açılmışdı və Türkiyə Diyanət Vəqfindən bizim bölgəyə gələnlər var idi. Mənim doğulduğum kənd- Oğuzun Xaçmaz kəndinə də Mustafa adlı bir ilahiyyatçı tələbə gəlmişdi. Əvvəldən də mən ərəb əlifbasını öyrənmişdim. Nəinki mən, kənddə 50-60 uşaq Quranı oxuya bilirdilər. Mustafanın gəlişi ilə biz bir az da həvəsləndik. Sonra mən Quran dərslərini burda mədrəsədə davam etdirdim.Təbii ki, zaman keçdikcə başa düşdüm ki, bu kənd uşağının əyləncəsi və marağı idi. O zaman əgər kino,teatr, klub və ya digər alternativlər olsa idi, tamam başqa istiqamətə yönələrdim. Mədrəsədə çoxlu uşaqlar ilə eyni yerdə qalmaq, oynamaq və. s. mənə maraqlı gəlirdi. Mədrəsə mənim uşaqlıqdakı bəzi boşluqlarımı doldururdu. Sonra böyüdükcə oxuyursan, anlayırsan ki, mənə lazım olan tamam başqa şeylərdir. Yeni arzular, istəklər doğurdu. Arada bir cızma-qara edirdim və zamanla anlayırdım ki, yazmasan yaşamaq olmur.

- Oxucular çox vaxt elə zənn edir ki, yazarın yazdıqlarının heç olmasa əlli faizi öz həyatında yaşadıqlarındandır. Bu zənni sizin yaradıcılığınıza da aid etmək olar?

- Bəli, bu fikri mənə də aid etmək olar. Yazdıqlarımın içində çox vaxt öz həyatımdan nəsə olur. Bəzən az, bəzən çox. Hərdən mübaliğə də edirəm təbii.

- Şeirlərinizdə çox vaxt tərk edilən adam və gedən qadın obrazı var. Bunlar əks cinslə münasibətinizdən yaranan obrazlardı?

- Belə tərk edilmələr mənim də həyatımda olub bir çoxlarında olduğu kimi.

- Xanımınız ilə də yaşamısınız bunu ?

- Həyat yoldaşım qəhrəman qadındır deyə düşünürəm. Mənə dörd dəfə geri dönə bilib. Getsə də yenə geri dönüb. Əslində yaradıcı adamla evli olmaq çox çətindir. Mənim şıltaqlıqlarıma və ailədə ipə-sapa yatmamağıma baxmayaraq o, övladlarıma qayğı ilə yanaşıb, düzgün tərbiyə verib. Onlara mənə qarşı fikirlər təlqin etməyib. Mənim ailə həyatım örnək ailə həyatı olmayıb və sabah da problemlərin olmayacağına dair söz verə bilmərəm. Amma yaş üstünə yaş gəldikcə anlayırsan ki, bir yerdən sonra yaşayacaq və yaşlanacaq, güzəştə getməyi bacaran qadın da olmalıdır.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, elə qadın var onun ilə kitab oxumaq olur, elə qadın var film seyr etmək, eləsi var yalnız söhbət etmək. Həyat yoldaşınız ilə bunları rahatlıqla yaşaya bilirsiz?

- Hal-hazırda yox. Bir yandan uşaq ağlayır, digər tərəfdən məişət qayğıları. Amma yeni tanış olduğumuz zamanlar və evliliyin ilk illərində tez-tez olurdu birlikdə film izləmək, kitab oxumaq.

- Şəhərdən və yaradıcı mühitdən uzaqda iş ilə məşğul olmaq olur?

- Mən deyərdim kənddə otura-otura şəhərdəki yüzlərcə yazardan daha aktiv fəaliyyət göstərirəm. Hal-hazırda “Kulis”in və “Milli.az” ın köşə yazarı olaraq fəaliyyətimi davam etdirirəm. Baxmayaraq ki, iki aydır şeir yazmıram, amma mütaliəmə də ara vermirəm. Kənddə ədəbiyyat ilə bağlı söhbət edəcək adamım demək olar ki, yoxdur. Bakıdan televiziya proqramlarına dəvət alıram, yolun uzaq olmasına görə getmirəm, ancaq telefon və skype vasitəsi ilə müsahibə verirəm.

- Şəhərdə tez-tez kitabla bağlı yığıncaqlar olur. Sosial şəbəkələrdə də kitabla şəkil çəkdirmək dəbə düşüb. Sizcə bunlar trenddir yoxsa, içdən gəlinərək edilir?

- İnsanların səmimiyyətini saf-çürük etsək, küsərik və qaçarıq onlardan. Elə adam var kitab oxuyur, əlindən kitab düşmür, amma elə pis əməllər ilə məşğuldur, elə vicdansız hərəkət edir ki, oxuduğu kitabları niyə oxuduğunu düşünürsən. Amma yenə də kitabın dəbə düşməyi bələ gözəldir. Mən güzgüdə şəkil çəkdirən qızlardan və ya qəlyan ilə şəkil çəkdirən oğlanlardan, kitab ilə şəkil çəkdirən gəncləri üstün tuturam.

- Kitab oxuyan, kitab qurdu obrazında olanlar kimi yazar obrazında olanlar da var axı.

- Belələri əsasən mənim həmyaşıdlarım və daha gənc nəslin arasında var. Onlar bütün günü qəmlidirlər, şam işığında, viski ilə şəkil çəkdirirlər, pivəxanalarda gün keçirdirlər heç bir mütaliə ilə məşğul olmadan. İnsan istedadlı ola bilər, ancaq onun bazası yoxdursa və əgər oturub, əziyyət çəkib dünya ədəbiyyatını vərəqləmirsə yazıçı kimi onda inkişaf barədə söz gedə bilməz. Bir şeir yazırlar o şeir onlar üçün 5 il aktual olur. Ancaq şeiri yazdın qurtardın, o artıq sənin üçün aktual ola bilməz. Çünki şeir artıq oxucularındır. Yeni işlər görmək lazımdır.

- Ad çəkə bilərsiz?

- (gülümsünür) Ehtiyac yoxdur deyə düşünürəm, çünki bu mühitdə olanlar onsuz da onları yaxşı tanıyırlar.

- Oxucular da tanıyır?

- Oxucular qoy onları elə yazar kimi tanısınlar (gülümsünür). Onsuz da Azərbaycanda heç vaxt yaxşı şeirin bazarı olmayıb. Yaxşı şeir müəyyən mühitlərdə bilinib, oxunub.

- Bildiyimiz, dillər əzbəri olan şeirlər yaxşı şeirlər deyil?

- Çoxu yox. Çünki mənası dərin şeirləri hamı mənimsəyə bilmir. Məsələn Ramiz Rövşənin “Qara Paltarlı Qadın” şeiri mənaca o qədər də dərin deyil. Oxuyanda müəyyən illüziyalar gəlir gözünün önünə, amma məna dayazlığı var. Qadın məgər kişinin baş daşında ağlamaq üçün gəlir dünyaya? Və yaxud Səməd Vurğunun “Azərbaycan” şeiri. Şeirdən belə məlum olur ki, limon yalnız Lənkəranda sarı olur. Gülüncdür. Mənim də belə şeirim var. “Qapını ört, gələn olacaq” şeiri kifayət qədər də populyardır.

- Sosial şəbəkələrdə aktivsiniz və təbii ki, xanım pərəstişkarlarınız da var. Həyat yoldaşınızı bununla bağlı necə təsəlli edirsiniz?

- Deyirəm ki, sənin yanındayam əsas odur (gülür). Oturmuşam ucqar kənddə, xanımın yanında. Heç kəsin əli çatmır. Sosial şəbəkədə şəkil və ya video paylaşanda layk edənlər arasında təbii ki, xanımlar da olur. Ancaq bu o demək deyil ki, onların hamısını tanıyıram və ya hər hansı ünsiyyətim var.

- Qadın pərəstişkarlarınızın sizə olan meyli yaratdığınız imic ilə bağlıdır?

- Fərqli səbəblərdən bəyənilirəm adətən. Kimisi üçün yazarla hansısa bir kafedə oturub çay içmək xoşdu, kimisi üçün yaxından tanımaq, kimisi üçün də maraqlı gəlir ipə-sapa yatmamağım.

- Yazıb-yaratmağınız üçün qadın ilham mənbəyi ola bilər?

- Xoş səslənməsə də mən qadınlardan həmişə istifadə etmişəm. Onlara qarşı həmişə bir güvənsizlik olub içimdə, dost və ya güvəniləcək bir insan kimi görə bilməmişəm. Ancaq qızımın dünyaya gəlişi ilə fikirlərim də dəyişdi. Qızım ilham mənbəyimdir. Amma adi bir şeylərdən, hadisələrdən də ilham almaq olur. Müşahidə etməyi sevirəm və kiçik bir hadisə, məsələn, kibritin yanması, yarpağın düşməsi və sair mənə yazmaq təbini gətirə bilər.

- Müsahibəyə gələndə eşitmək istəmədiyiniz və ya çəkindiyiniz sual var idi?

- Adətən hamı şəxsi həyat ilə bağlı suallardan çəkinir. Mən etika çərçivəsində verilən bütün sualları cavablandırıram deyə, belə problem olmur.

Hazırladı: Aysel Məmmədli

news-inner-user

17145 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Daşaltıdan ölüm xəbəri gələn Vüqar – Yeni hekayə
08:57 01 Dekabr 2020
Kukla Teatrı dekabr repertuarını açıqladı
18:56 30 Noyabr 2020
Ukraynada Müslüm Maqomayevə həsr olunan beynəlxalq müsabiqə keçiriləcək
18:24 30 Noyabr 2020
Qonkur mükafatının qalibi açıqlanıb
17:42 30 Noyabr 2020
“Anam dedi ki, bu gün sancım tutan gündür” – İlqar Cahangirlə ad günü söhbəti
17:05 30 Noyabr 2020
Zəlimxan Yaqubun yeni kitabı nəşr edildi
16:23 30 Noyabr 2020
Musiqili Teatrdan "Laçına ithaf" layihəsi - Video
15:34 30 Noyabr 2020
Topçu Vüsalın araq şüşəsinə həkk olunmuş şəkli
14:52 30 Noyabr 2020
Sevdiyi qıza görə cəzalandı, arvadı sözünə baxmadığı üçün öldü, dəfnində Rəşid həkim yazıçı Anarla dalaşdı – Məşhur şairdən maraqlı faktlar
14:11 30 Noyabr 2020
Trampın arvadı Ağ Evdə baş verənlərdən kitab yazır
13:25 30 Noyabr 2020
Müharibə başlayıb, Nəbatat bağındayam... - Rəşad Nağı Mustafadan yeni şeir
12:43 30 Noyabr 2020
Qatarlar daşıdıqca qurtarmır yolçuluq – Təbrizdən şeirlər
12:11 30 Noyabr 2020
Əsgərlərimizin Zori Balayanın oğlunu dəhşətə gətirən qəhrəmanlığı - Bircə yazır...
11:39 30 Noyabr 2020
Yadındadı, içib qızlardan danışmağın? - Şuşada döyüşən zabit dostuma məktub
11:05 30 Noyabr 2020
"Ulduz müharibələri"nin qəhrəmanı vəfat etdi
10:30 30 Noyabr 2020
Regionlararası onlayn musiqi müsabiqəsinə start verildi
10:06 30 Noyabr 2020
Qərbin sülh riyakarlığı və bizim saxta pasifistlər – Sevda Sultanova yazır...
09:00 30 Noyabr 2020
Ölmək sənəti – Ağalar Qut yazır...
17:25 29 Noyabr 2020
“Cinema Radio”nun rəhbəri: “Onun səsi ilahi vergidir” – Müsahibə
17:04 29 Noyabr 2020
Nabokovdan hekayə: Sərnişin
15:30 29 Noyabr 2020