writer1

Şərif Ağayar

Məqalə sayı

520
clock11:04 calendar-gray 08 İyul 2015 view-gray156 dəfə oxunub
view-gray156 dəfə oxunub

Tolstoy kimi rejissor

Andrey Tarkovskinin filmlərinə baxanda və ya bu barədə düşünəndə rus mədəniyyətinin böyüklüyü qarşısında bir daha ağzım açıq qalır.

Təsəvvür edin, ədəbiyyata Qoqol, Puşkin, Çexov, bunlar azmış kimi Tolstoy - Dostoyevski kimi eyni dövrdə yaşayan iki düha bəxş edən Rusiya az keçməmiş alman, italyan və Avstriya musiqisi qarşısına Çaykovskini çıxarmaqla “Mən yenə varam və diktə etməyi bacarıram” söylədi.

Bəs kino?

Viskonti, Antonioni, Fellini, Qodar, Bunuel kimi azmanlaın qarşısında rus kinosundan necə danışmaq olardı?

Rusiya da Rusiyadır!

Andrey Tarkovskinin məşhur filmləri meydana çıxanda hər şey aydın oldu.

Qoca Rusiya yenə ayaqdadır və o, heç kimdən əskik deyil.

Tarkovskinin filmləri sağlığında bütün dünyanı silkələdi. İtaliyadakı mətbuat konfransında SSRİ-yə bir daha qayıtmayacağını bəyan edərək özü də silkələdi dünyanı və təbii, ən çox da SSRİ-ni...

Filmləri qadağan olundu.

Adı az qala unutduruldu.

Ancaq, biləsiz, heç bir siyasi sistemin sənətə gücü çatmır.

Bu dəfə də çatmadı.

70 illik SSRİ mifi bircə “Stalker” filminə dəyərək darmadağın oldu.

Elə adamlar var ki, onlar sənətlə məşğul olduğu üçün öyünürlər, özlərini rahat, lazımlı hesab edirlər.

Elə adamlar da var ki, sənət onlarla öyünür.

Misal üçün, ədəbiyyat bir peşə olaraq öyünməlidir ki, onunla Tolstoy məşğul olub.

Bir gün bəşəriyyət ədəbiyyat üzərinə səlib yürüşünə çıxıb onu lazımsız sahə kimi silib atmaq istəsə, ədəbiyyat Tolstoy qalasına rahatca sığına, “Mənimlə belə bir adam uğraşıb və filan-filan işləri görüb” - deyərək bütün insanlığı geri oturda bilər.

Bu mənada Tarkovski də kino sənətinin qürur duyacağı, söykənəcəyi, güvənəcəyi şəxsiyyətlərdəndir.

Tolstoy - ədəbiyyat, Tarkovski - kino sözləri sinonimdir az qala.

Ömür boyu Tarkovskinin heç bir filminə baxmayan insanlardan qaçmaq lazımdır.

Təbii ki, söhbət sadə, təhsilsiz insanlardan getmir.

Söhbət o adamlardan gedir ki, nəsə yazır, danışır, ortalıqdadır, kiməsə məsləhət verir, özünü ciddi fikir adamı sayır.

Nədən ki, Tarkovski kinosu təkcə intellekt və düşüncəni deyil şəxsiyyət və xarakteri dəyişmək, onu inkişaf etdirmək gücündədir.

İnsanın və insanlığın dəyərini artırmaq iqtidarındadır.

Belə bir adamı tanıdığıma görə necə mutluyam... təsəvvür edə bilməzsiniz.

Tarkovski olmasa özümü nəhəng bir boşluğun içində hiss edərdim.

Bütöv kino sənətinin sığına biləcəyi bir insana bizim kimi qəribanlar niyə sığınıb təsəlli tapmasın?

Tarkovski dünyası səmavi kitablarda təsvir olunan haman o cənnətdir ki, orda daha çox nağıla, burda daha çox həyata bənzəyir.

Adam belə bir dünyadan xəbərsiz necə abdalca yaşaya bilər?

Anlamaqda çətinliyim var.

REKLAM

Yazarın digər yazıları