Manıslar və munislər

Manıslar və munislər
22 iyun 2015
# 12:35

Ətrafımızdakı adamları daha yaxından tanımaq üçün onları şərti olaraq iki qismə bölə bilərik:

1. Manıs adamlar

2. Munis adamlar

İzninizlə bir az açıqlayım.

Bildiyiniz kimi, manıs toy musiqiçilərinə deyirlər. Bu, elə də ağır söz deyil. Bir var ciddi musiqi, bir də var toy musiqisi. Toy musiqisi ilə uğraşan, ömrünü və yaradıcılığını toylara sərf edən, toylarla dolanan musiqiçilər, təbii ki, manısdır. Misal üçün, Səməd Səmədov. Özü də xalq artistidir. Əslində, elə xalqın artisti odur, nəinki ciddi musiqi ilə məşğul olanlar. Opera-filan oxusa heç çürük qoz da verməzdilər. Manıs oldu əvvəlccə kral, sonra xalq artisti adı verdilər.

Yadımdadır, məşhur manıs o vaxt müsahibələrinin birində demişdi: “Bakı gecələri o qədər gözəl olur ki!” Öz-özümə dedim, gözəl olar də! Gedib iki-üç saat dingilim-turuş mahnılar oxuyub 5-10 min dolları qatlayıb qoyursan cibinə və təzə “Mersedes”in roluna oturub gəlirsən evə... Gecənin ağzı nədir gözəl olmasın? Oğulsan yataqxanada ailəsiylə birlikdə 8 kvadratmetrlik otaqda yaşayan “qantuziyalı” Mirzənin gözüylə bax Bakıya. Gör bu gecənin cındırı necə çıxır.

Dünyada manıs kimi həyat sürən insanlar da var. Yəni onları həyatı boyu yalnız öz çıxarları maraqlandırır. Bu yolda hər şeyi qurban verirlər. Necə ki, manıs həqiqi sənəti pul-para üçün dingilim-turuşlara qurban verir.

Manıs üçün vicdan heç mücərrəd anlayış da deyil. Nəsə, sözdü də, deyilib. Özü də axmaq şairlər uydurublar bu sözü. Başqa necə ola bilər?

Manıs üçün şəxsiyyət və özəllik yoxdur. O, hər şeyə “toy yiyəsi”nin gözüylə baxır. Pis sayırsa pisdir, yaxşı sayırsa yaxşıdır. Manısın öz fikri, öz düşüncəsi, öz yanaşması yoxdur. O, sifariş olunmuş ritmlərin içində harmoniyadadır. Xoşbəxtdir. Süzür bu havalarda.

Manısın içindən səs gəlmir heç zaman.

Gəlsə də onu asanlıqla boğur.

İçini ətrafın ritmi ilə ahəngə salır.

Öz səsini abort elətdirir.

Çünki bu səs özəllik və fərqlilik deməkdir.

Özəllik və fərqlilik isə alternativlərə yol açır.

O alternativlər ki, bizdə birmənalı şəkildə düşmənçilik hesab olunur.

Manıs həyatsevərdir.

Qohumpərəstdir.

Özünə və ətrafına gün ağlayandır.

Ona görə sevilir, hörmətlə yada salınır.

Asanlıqla uğur qazana bilir.

Manıs həqiqətin mənasızlığına ən dahi filosoflardan daha artıq əmindir. Onun maddiyata təmərküzləşmiş düşüncəsi hər zaman uğura hamilədir.

Manıs kövrək olur. Adi hadisədən gözlərinin dolduğunu hiss edərsən. Əslində, o, səmimidir. Oynamır. Sadəcə bu cür proqramlaşıb. İllərin təcrübəsi öz sözünü deyib.

Manıs öz evində də əl çalmağı bacarır.

Dindardır.

Millətdən və vətəndən danışmağı sevir.

Belə...

Munis adamlar barədə uzun danışmağa dəyməz.

Onlar öləndə yeri boş qalan adamlardır. Çünki onların şəxsiyyətləri, hadisələrə fərqli münasibətləri, özəllikləri var.

Kitab yüklü eşşək deyillər.

# 3658 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #