Qan Turalı ilə postmodernizm oyunu

Qan Turalı ilə postmodernizm oyunu
17 iyun 2015
# 16:04

Kulis filologiya elmləri doktoru, tənqidçi Tehran Əlişanoğlunun “Doqquz hekayə” kitabı haqda yazdığı “Qan Turalı ilə postmodernizm oyunu” essesini təqdim edir.

Qan Turalı “Doqquz hekayə”nin şöhrətini (Bakı, “Elgün”, 2015), “sirri-zəmanə”yə vaqif birisi kimi, piardan başladı. Həm də necə: onsuz da kitab deyib bazara girdiyi gündən başı qalmaqallardan əskik olmayan Nigar Köçərlinin “Əli və Nino”su ilə cəng-cədəldən. Yəni postmodern oyun qaydalarına uysaq: kitab satılmayan bir ölkədə birisi məmnuniyyətlə kitab bazarına girir... – bu necə olur?; gəlsənə, bir boşluq tapıb dekonstruktə naminə, Məşədi İbadın dostları demiş, burada bir şuluqluq salaq?!

Həmin cəng-cədəldən kim nə qədər uddu, demək çətindi; bir şey bəllidi: nə kitab uduzdu, nə “Doqquz hekayə”, nə Qan Turalı, nə də Nigar Köçərli...

Əvvəla, Qan Turalı, cavan olmasına baxmayın, böyük şəbəkə ustasıymış; bu faktı mən lap təzəcə bilmişəm, jurnalistlərin dövlət imtahanında Aynur xanım Bəşirlinin “Tvitterdə ən fəal?” sualına tələbənin cavabından. Demə, ən məşhur rəsmilərin səhifələrini də arxada qoyub, Qan Turalı Azərbaycan internet məkanında bir nömrəli tvitləyənlərdənmiş... Belə olan halda, sualdan sual çıxır: nədən “Əli və Nino” ardı-arası bilinməyən cavanların “kitab” bumunda heç kəsə yox, məhz ona, Qan Turalıya cırnaşsın?! Bəlkə heç nəyə görə yox, məhz elə buna görə...

Həə, bu situasiya mənə lap “Doqquz hekayə”nin 9-cusu – çoxlu yüngül-mənasız, ilk baxışda heç nə deməyən suallar qarşısında dolaşıb-qalmış prokurorun hekayətini (“Prokurorun üç günü”) xatırlatdı. Gənc bir aspirantı əndrəbadi bir üsulla izləyib-izləyib zəhərləyərək qətlə yetirmiş, adını da qoymuşlar intihar! Nəyə görə, nəyə görə? – Azərbaycan ədəbiyyatı tarixi yazdığına görə! Qəribi burda ağlamaq tutdu – deyə bilərdim. Amma düzünü deyəcəm, povesti oxuyarkən diksindim, hətta üşəndim də. Axı bir az cavan yaşlarımda, hər bir özündən deyən ədəbiyyatçı kimi, əsl Azərbaycan ədəbiyyatı tarixini məhz özümün yazacağını mən də iddia, hətta mətbu söhbətlərdən birində bəyan da eləmişdim... Yəni doğrudan da mı Azərbaycan ədəbiyyatının tarixi bizdən başqa kimisə də maraqlandıra, hətta ciddən narahat edə, yuxusuna haram qata bilərmiş?! “Biz” – yəni filoloqlar, ədəbi əfkari-ümumiyyə, elmi-ədəbi cameə; bir az da o yana getsək: Azərbaycan toplumu, dövlətimiz-xalqımız-camaatımız, bütün dünya azərbaycanlıları; qoy olsun lap – bütün türk dünyası! Daha hansısa mifik mafiya aləmi yox ki...

Doğrusu, son illər daha bir sıra əsərlərin mütaliəsində (məsələn, “Daş yuxular”, “Şəhərcik”, “Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi”, “Solaxay”) beləcə diksinmişəm. Yəni sanki kənar bir əl romançıya hazır materiallar verir; götür bunu istədiyin kimi yaz, amma elə yaz ki, inandırıcı olsun! Yəni lap anti-mafiya yaz, ifşa elə “gizli əllər”i, vacib də deyil, əsas odur ki, mif olsun! Gizli ehramlar, piramidalar haqqında miflər... Yəni belə olurmu? Bir az düşünəndə ki, bugün Azərbaycan dünyanın gözüdür, dünyanın gözü Bakıda, dünya miqyaslı hadisələr cərəyan edir diyarımızda, niyə də olmasın? Dünya üfüqlərində nə qədər çox görünür, parlayırsa, bir o qədər də Azərbaycan hədəfə gəlir...

“Prokurorun üç günü” faktlar üzərinə yəmin edir: Azərbaycan daim hədəfdədir... Bir halda ki, Azərbaycanda bolşevik repressiyası məhz Firudin bəy Köçərlidən başlamış, bir az sonra “gizli qəsd”in qurbanı N.Nərimanov kimi nəhəngin də ədəbiyyata dəxli var, 1930-cu illərin böyük repressiya dalğası habelə ədəbiyyat tarixinə birbaşa müdaxiləsi olan Xalq Maarif Komissarı Ruhulla Axundov, Vəli Xuluflu, Bəkir Çobanzadə, Hənəfi Zeynallı kimi (və əlavə edək: onlarla digər) ədiblərin məhv edilməsindən ayaq açır... – niyə də olmasın? Aşkardır ki, Qan Turalı mif qurur; Azərbaycan ədəbiyyat tarixi mifi! Həm də çox uğurla qurur; F.Köçərlinin geniş oxucu kütləsinə bəlli olmayan “sirli” ədəbiyyat tarixi, sovet dönəmi (ideoloji) ədəbiyyat mifinin dekonstruktəsi (sovet senzurasının hətta C.Oruelin ağlına gəlməyəsi işləkləri, məşhur romanların yaranma texnologiyası, “icazəli” samizdat və s.) binəva aspirantın müəmmalı qətlinəcən... Bəs necə!, “gizli əl”, gözəgörünməz mafiya daim var, o zaman da, elə indi də! Borxesin belə hasilə gətirə bilmədiyi əsl ədəbiyyat tarixini ortaya çıxarmaq “halva-halva” deməkləmidir?!

Həə, köhnə mifləri təzələri ilə vurarlar; uduzubsa cəng-cədəlində məhz “Əli və Nino” satış şəbəkəsi uduzub... Çün Qan Turalı ədəbiyyatın piarını “Doqquz hekayə”nin çölündən qabaq, birbaşa içindən başlayır; bu isə həndəsi xətlə artan oxucu (alıcı!) kütləsi deməkdir! Əvvəla, bir ədəbiyyatçı kimi əminəm, “Prokurorun üç günü” əksər filoloqların, ədəbiyyatçıların, “kitabdan gələnlər”in marağına tuş gələcək; təkcə mövzunun bu şəkildə qoyuluşuna heyrət əlaməti olaraq yox, həm də mübahisə predmeti kimi. Hətta qələm götürüb, faktik savaşa girənlər də ola bilsin (bir anlığa “Yarımçıq əlyazma”nın özünə yol açdığı ilkin dövrləri yada salın); bəs ki, filan tarix elə deyil də belədir, N. Nərimanovun F. Köçərlinin ədəbiyyat tarixinə dəxli yoxdur, sovet dönəmində çap olunan üç cildlik heç də F. Köçərlinin həmin iki cildliyi deyildir ( -?!) və s. və i.

İkincisi, “həyatdan gələnlər”in benefisinə, heç bizdə ədəbiyyatın cinayət işinin predmeti olmasına hansısa bədii əsərdə rastladınızmı?! Buyurun, “Prokurorun üç günü”nü oxuyun! Doğrusu, povestdə cinayət aləminin yeganə Prokuroru üç gününün jestləri, oturuşu-duruşu, sərrast və çevik addımları ilə o qədər mənə ləzzət elədi ki: bəlkə də bu sahəyə profan yanaşmadandır, - düşünüb, hüquqşünas dostlara xəbərlər yolladım, bir bu əsərə baxsınlar; həm də o gümanla ki, mütləqa silsilə üzrə dostların da öz dostları var... Bir də xoşuma gəldi o mesaj ki, sanki Prokuror ucuz detektiv ustalarına ünvanlayır; axı baş alıb gedən cinayətlərin nə qədər xırda məişət motivləri olar, bəlkə bir baş qaldırıb ali həqiqətlərə də nəzər yetirməyin vaxtıdır?! Düzdür, sonda heç də ali həqiqət qalib gəlmir, amma mifin yaranmasının özü də heç balaca məsələ deyil axı...

Ən nəhayət, mövzunun profanlaşdırılması, sanki ali sərhədlərlə ayırmağa çalışdığımız Ədəbiyyatın asanca gündəlik həyata, geniş oxucu auditoriyasının maraq dairəsinə cəlb edilməsi. Bu isə postmodernin ən sevimli postulatıdır; belə ki, “iç xəbər” və detektivsevərlər “Prokurorun üç günü”nə girib, ciddi ədəbiyyat tarixi məsələləri ilə uğraşmalı olur və əksinə, ədəbiyyatın marağına gələnlər üz-üzə həyat məsələləri ilə çulğaşır və s.

Profanlaşdırma ideyasını daha da uğurla Qan Turalı ayrıca “Füzulinin qayıdışı” pyesində gerçəkləşdirir; bu da olsun “Doqquz hekayə”dən səkkizincisi. Bəs nə zamanacan Füzuli heykəlləşərək, bizdən ayrı, pyedestalda duracaq?; yanındakı polis də fərqində olmadan, ondan xəbərsiz... Heykəlləşən Füzuli çağdaşımızı sanki heyrətləndirmək qərarına gəlir, postamentini tərk edib şəhərə çıxır...

İdeya ilə elə ilk təmasdan Rafiq Tağı mənim yadıma düşdü; o Rafiq Tağı ki, Qan Turalı “Doqquz hekayə”ni bütünlükdə onun işıqlı xatirəsinə ithaf edib. Hələ 1990-cı illərdə R.Tağı qələmi sıyıraraq, heykəlləşən klassika (o cümlədən Füzuli!) üzərinə gedərkən necə böyük bir təpki ilə qarşılanmışdı! Bu gün nəzərimizdən rahatca sivişib şəhəri gəzən, polislə söhbət eləyən, siqaret tüstülədən heykəl - Füzulini görüb, Rafiq Tağı da məmnuniyyətlə qımışardı, inanıram, elə qımışır da!

Söhbət sadəcə “Füzulinin qayıdışı”ndan getmir; ona qalsa, mətnlərində Füzuli çağdaşlığa yüzlərlə, minlərlə, milyonlarla dəfə qayıtmış, hətta reseptiv mizanlarla yanaşanda: dünyada nə qədər Füzulisevər varsa, elə o sayda da “qayıdış” var... Halbuki total ədəbiyyatşünas çubuğu daha az və səhih hesablayır: Molla Pənahda, Mirzə Fətəlidə, M.Ə.Sabir - Mirzə Cəlildə, ilk sovet çağları - C. Cabbarlıda... və bir də son – 1962-də M.Füzuli heykəlinə yüksələndə, Əli Kərim və üstəgəl b.-larında... Rafiq Tağı üçün, təbii ki, çətin idi, üst-üstə qat vermiş bu dərinlikdə (Füzulidən Ə.Kərim və b.-larınacan) mətnin qabağında bir-iki modern-avanqard jestlə nə edəsiydi ki... Amma Qan Turalı post-modern ərazilərin uşağıdır, nəinki cürət eləmir (cürətinə nə gəlib!), onun belə dərinlərlə heç axı işi yox; işi-gücü-niyyəti tamam başqa, məhz son “qayıdış”ın – 52 yaşlı heykəl - Füzulinin həqiqətləridir. Bu (heykəl) Füzulidə o Füzulidən nə varsa, varsa – pyesdə, göz qabağındadır. Hətta epizodların birində – V səhnədə heykəl-ədibləri (Nizami Gəncəvi, Mirzə Fətəli, Mirzə Cəlil, Natəvan, Cəfər Cabbarlı) bir yerə yığıb, şairin iştirakı ilə balaca bir Füzuli diskussiyası da təqdim olunur. Amma heç birisinin yox, şəxsən mənim xoşuma ən çox I polisin Füzuli versiyası gəldi; qoy özgələşmiş olsun, profanlaşmış olsun, hətta bir qədər ironik-utilitar olsun... – bu oğlanın içində əməlli-başlı Füzuli yanğısı var... Bu da sənə daha bir oxucu dairəsinə atılan qarmaq – bizdə “Füzulini oxumuş” polislər...

Ümumən ədəbiyyatın/kitabın profanlaşması məqamı Qan Turalını xüsusi məşğul edir, Kafkanın (“Kafka”), Marksın (“Darıxanlar”), Çexovun (“Bir-birini sevməkdən qorxan iki adamın hekayəsi”) adları “Doqquz hekayə”dən elə-belə, intellektual dəb naminə ötmür, həyat mətnində kitabın/ədəbiyyatın kodunu, şifrəsini dəqiq nişan verir. Bəs ki, realizmin tam tərsinə, Qan Turalının “darıxan” qəhrəmanları heç də cəmiyyət həyatından bıqıb ədəbiyyata pənah aparanlar deyil də, ədəbiyyatın/kitabın izini-sorağını həyatda axtaranlardır. Yeddinci hekayə – Lars Fon Triyersayağı romantik “Çılğınlar” da, altıncı hekayə – Elçin Səlcuq sayağı “Kafka” sevərlər də, beşinci hekayə – kənddə və şəhərdə sadə mənfəət/iqtisad axtaran Marks sevərlər də, dördüncü hekayə – Çexov sayağı sevgi romanı/hekayəti quraşdıranlar da... Və hər dəfə də qalın-qalın kitablardan çıxıb iki nəfərin dialoquna sığmayan məsələlərin məhz kitab–həyat bəhsləşməsi olduğuna şübhə etmirsən... Ədəbiyyat həyat kimi yox, həyat Ədəbiyyat kimi!

Deyən, akademik nəzərlərdən yayınıb da, postmodern duruma oturmağımızın tədricən fərqindəyik. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyəndə ki: bizdə postmodernizm var, istəsək də, istəməsək də, biz bununla barışmalıyıq... – və hər dəfə bədahətən sadaladığı siyahıda ilk Qan Turalının adını çəkəndə, mən buna bir daha inandım, – ...necə münasibət bəsləməyimiz isə sonrakı işdir. Akademiklə tam razıyam, bu və ya digər şəkildə postmodernizm icadlarından bəhrələnmə bir şeydir, kimdəsə alınar, kimdəsə alınmaya da bilər; postmodern ruhun daşıyıcısı olmaq isə bir ayrı, bu – dünyaduyumu məsələsidir, istəyib-istəməməyimizin əlacı yoxdur... Qan Turalıda ikincisidir və onda postmodernizm ideyalarının bədii təsdiqi alınır!

Avtoqrafını alıb, “Doqquz hekayə”nin vur-tut hələ üçüncüsünü bitirmişdim ki, Qan Turalıdan belə bir mesaj gəldi: “Hekayə mənimçün təzə janrdır; fikrinizi bilmək istərdim...” Sonrasını gözləmədən cavab yazdım: “Sən hekayəni bilirsən...” Demək, üçüncü hekayə – “Şaxta babanın qətli”nin süjeti belədir: rayon mərkəzində (M. şəhərində) ana iki balaca qızını sevindirmək üçün Yeni ildə parkda Şaxta baba ilə birgə şəkil çəkdirir, yenə sevindirmək niyyətilə şəkli Moskvada çalışan ataya – ərinə göndərir. Ata qəfil geri qayıdıb, Şaxta babanı bıçaqla yaralayır, ananı (qadınını) qətlə yetirir, 15 il həbs cəzası alır. Paho!, bu nə avamlıq, geridə qalmışlıq, vəhşilik... – yazıçı süjeti bu qaydada qələmə alsa, az qala 1920-30-cu illərin, məsələn, Seyid Hüseynin qadın taleyini ortaya qoyan hekayələrindən biri alınasıdır. Bəs ki, bu yetmiş, doxsan ildə biz yerimizdə sayıb durubmuşuq ki! Motiv, bəli, eynidir, amma situasiya axı yeni, bugünlüdür. Əsl postmodern soyuqluqla müəllif mərkəzdən (“ah-uf”dan) qaçaraq, ümumən (düzxətli) təhkiyədən imtina edərək, təkrar-mətni dörd personaj arasında bölür. Hadisə baş verən zaman üç yaşı olan Gülgün, arzusu böyük səhnədə Aydını oynamaq olub heyhat ki sonda balaca rayon mərkəzində günəmuzd 10 manata rol alan Şaxta baba, ali təhsili gözündə (yarımçıq) qalıb əmisi oğlunun və patriarxal icmanın kaprizlərinin qurbanı olan ana – Nailə, təkəbbür və patriarxal icmanın kaprizlərinin qurbanı olan əri - Elman eyni hadisəni hər biri öz acı taleyi kimi oxucularla bölüşür (diqqət edin, hətta artıq həyatda olmayan (!) Nailə də). Bir növ dörd (o biri bacını – Gülnuru da saysaq, beş) insan mətni (faciəsi) soyuqqanlıqla (vicdanlı, qərəzsiz, tərəfsiz) bir həyat kitabında birləşərək, təkrar sitatlara (intermətnlik), o cümlədən yetmiş, doxsan ildə nə edib-etməməyimizə də aydınlıq gətirir...

Qan Turalı hekayəni nəinki bilir, hətta bəlkə öz sərrast fəhmi ilə ədəbiyyatda yerini də çoxumuzdan dürüst bilir; nə artıq, nə əskik... “Doqquz hekayə”nin ikincisi – “Şahmat məktəbinin direktoru” yadınızdamı? Əlbəttə, ədəbiyyatda Qan Turalı ilə həmin bu dialoqumuzun mabədi olduğu kimi, bir proloqu da var. Hələ “Elektronik sevdalar” (Qan Turalının ilk şeirlər kitabı) zamanında Tural ilk hekayə təcrübələrindən birini YeniSidə dərc olunmaq üçün ünvanıma göndərmişdi; lirik duyğulu realist bir passaj idi. Redaktə edib (qırmızılayıb) bu şəkildə dərcinə icazə aldım; prinsipcə bu, “hekayəni necə yazmazlar” dərsi idi. O vaxtlar Qan Turalı AYO-çu idi; sonra biz MKM-də görüşdük, bu dəfə tən bərabər, ekspert qismində; özü yada saldı, ilk redaktəni unutmadığını dedi. Sonrası da Kulisdən bəlli... Tural təbiətən cürətli birisidir, qarşısına çıxan baryerləri asanlıqla aşmağı bacarır; bir daha “Şahmat məktəbinin direktoru”ndakı fəhmli şahmatçı uşağı yadınıza salıram; ədəbiyyat adı gələndə Qan Turalı çəkinmədən hər birimizə (AYO-ya da, YeniSiyə də, MKM-ə də) şah və mat deməyi bacarmış...

Bu gün artıq “necə yazmazlar” məsələsini o özü diktə edir. “Doqquz hekayə”nin birincisini – “O qız və o oğlanın hekayəsi”ni Qan Turalı məhz bu nöqtədən başlayır: hekayəni necə yazarlar, necə yazmazlar...

Mən “Doqquz hekayə”ni hər hansı cavanlarımızın doqquz hekayəsi ilə tərəziyə qoydum; çəkisi ağır gəldi. Klassiklərimizin hər hansı doqquz hekayəsi ilə yanaşı gətirdim; fərqli-orijinal göründü. Amma dünyada nə çox mətn; məsələn, Azər Turan “O qız və o oğlanın hekayəsi”ni təsadüfən(mi) seçdiyi başqa bir postmodern mətnlə (“Ədəbiyyat qəzeti”, 25 aprel 2015) bir səhifəyə qoymuşdu...

Cavan dostuma uğurlar diləyirəm.

# 1054 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #