Asqırıqlı ölüm

Asqırıqlı ölüm
17 iyun 2015
# 15:36

Allah onu siftədən düz-əməlli yaratmamışdı. Sanki, elə-belə-zarafata, məzələnmək üçün, ya da bikarçılıqdan yaratmışdı. İri qarnına və tösmərək boyuna uyuşmayan balaca başı vardı. Başdan çox, boynunun davamına oxşayırdı – ortası da “noxudu” keçəl. Elə bil, Allah ona baş düzəltməyi unutmuş, sonradan xatırlayıb, ərinib baş yapışdırmağa, elə boynunuca azca uzadıb ucunda iki deşik açıb adını “göz” goymuşdu. Adam adamın qüsuruna gülməz, amma, Qaçayı ilanlara yem olsun, onun idiminə halı yanan yox idi. 35 yaşına çatmışdı, amma xasiyyətini heç dəyişməmişdi. Onu həzm etmək, kal armud udmaqdan da betərdir. Həzm edərdik e, özünü adam balası kimi aparsa, dilini dinc saxlasa, fərağat dursa...

Gözümün qabağında böyümüş uşaqdır – bir sinifdə oxumuşuq – zalımın balası, elə bil ki, şeytanla şərik idi. Adam dörd saat simfoniyaya qulaq asa, yorulmaz, amma, istəyirsənsə şəkərin 340-a, təzyiqin 200-ə qalxsın, bu düsərbaş Qaçayın hikkəli-hökmlü söhbətinə yarımca saat qulaq as, bəsindir. Adam ha istəyir ki, Qaçaya yazığı gəlsin, qardaş, bu, sadəcə, mümkün deyil. Niyəsinin ən balacalarından bir-ikisini deyim...

Bir dəfə yataqxanaya ayağım düşmüşdü. Dedim, – “Gəlmişkən, kəndçimdir, yaxşı deyil, bir Qaçaya da baş çəkim, birdən qayıdanbaş nənəsi halın soruşub-eliyər”... Qapını döymək istəyirdim, gördüm içəridə haray-həşirdi. Əlim havada qaldı. Zarıldayan Qaçayı səsindən tanıdım. Qapını itələyib açdım, gördüm biri onun boynunu büküb alıb qoltuğunun altına. Araladım: “Neyniyirsən, ə, tək görmüsən, uşağı?!” – deyib kəndçimə qahmar çıxdım. O da Qaçayın boynuna bir sillə çəkib (gərək, adamın başı ola ki, sillə vurmağa da üzü olsun), – “Budur uşaq? Bunun uşaq vaxtı boynunu vurmaq lazım idi ki, gəlib Bakını murdarlamasın!”.

Dedim, “Bircə hovur dincəlin görüm, nə olub axı, nəyi bölə bilmirsiniz?”. Oğlan dedi ki, “Qələt eliyib stəkanında bircə qurtum çay içmişəm, iki gündür ki, beynimi xarab eliyib!”. Barmağımı dişlədim, “Hə, sözsüz Qaçaydır günahkar” – ürəyimdə dedim. Öldürsən də, başqasının qabından istifadə etməzdi. Özü də imkan verməzdi ki, onun qabından işlətsinlər. Çaşıb, stəkanında su içdinsə, stəkanı sındırmağı cəhənnəm, sənə iki saat “maral oxuyacaqdı”. Vasvası da var, vasvası.., beləsini indiyəcən görən olmayıb... İstiyirsən minyol üzr istə, nə xeyri..? Pəh! İçdiyin suyu burnundan gətirməyincə, səni cinnən-donnan çıxarmayınca dincələn deyil. Əlacı yumruq-təpikdir – başqa yolun yoxdu. Beləsi, adamı qatil edər.

Bir dəfə zavodda iş potuğunu ayağına geyəndə, sən demə ayyaqqabıda cücü yatıbmış – nəsə barmağını sancmışdı. Pah, atonnan! Gədə bir həkət çıxarmışdı ki, gəl görəsən. Aman Allah.., özünə sitəm eliyirdi ki, – “Öləjəm! Əqrəb çalıb məni! Yox ey, öləjəm!”. Amma, ölmədi ki, canımız da qurtarsın.

Şeytan günaha nə qədər bağlıydısa, əcəl də Qaçayın yaxasından əl çəkmirdi. Əcəl onunla məzələnməkdən yorulmurdu. 7-də oxuyandan hamımız bilirdik ki, Qaçayın bəzi qoxulara və toza qarşı allergiyası var. O vaxt qızılca çıxartmışdı. Dərsdən sonra yığışıb onlara getdik. Onu evdə tapmadıq. Nənəsi (anasına “nənə” deyirdi) dedi ki, – “Hinduşka otarmağa gedib”. Xeyli gözlədik. Bir də gördük ki, sir-sifəti “zelyonka”nın içində xallı bəbir kimi böyürdən peyda oldu. Elə qarnıqurdlu adamdı, əclaf.., – qəsdən bizimlə bir-bir əl verir, öpüşürdü ki, qızılcası bizə də keçsin. Afətə yaxınlaşan kimi qızın vurduğu ətirin qoxusundan asqırağı tutdu. Düz on üç dəfə dalbadal asqırsa necədi..? Asqırmaqdan az qalırdı gözləri hədəqəsindən çıxsın. Onda nənəsi demişdi ki, – “Bu asqırıq nədirsə, uşağın lap kələyini kəsib. Yəqin, başının cıqqılı olmağındandır”... Amma sonralar məlum olanda ki, bu allergiyadır, artıq onun zəif damarını tapmışdıq. Yanımızdan qovmaq üçün qızlardan ətir alıb ətirlənirdik. Dostumuz Qəşəmin toyunda əl-ayaq verənlərdən biri başımıza üzərlik fırladıb şirinlik istəyirdi səki... Paho veşşş! “Qaçay, dünən ölmüsən, yoxsa sırağagün gecə?” – yazığı asqırıq tutdu, nə tutdu. Bu dəfə 13-ü də keçdi deyəsən. Üzərlik gəzdirən oğlanı sal ayağının altına, dəli inək balasını ayaqlayan kimi ayaqla... Yazığı güclə əlindən aldıq. Qaçay asqırdıqca gövşədiyi göy-göyərti sir-sifətimizi, üst-başımızı it kökünə saldı.

Öz qohumlarından bir qızı güc-bəla razı salıb Qaçayı evləndirdilər. Toydan bir həftə sonra gəlin “qız çıxmamışdı” deyə, qızı, nənəli-balalı birləşib evdən qovdular. Ondan sonra Qaçaydan lap zəndeyi-zəhləmiz getdi. Kənddə ona salam verən qalmamışdı.

Amma, ölməkdən nə it kimi qorxurdu... Deyirdi ki, – “Yüz il yaşamasam, dədəmin oğlu dəyiləm”. Ay yaşadın ha, – “Sən saydığını say, gör fələk nə sayır!”. Çiçəklərdən, otlardan bir dəmləmələr düzəldib içirdi ki, heç türkəçarə ustalarının siyahısında bu cür reseptlər yox idi. Bir dəfə nələrisə bir-birinə qatış-qutuş edib dəmləyib içmişdi. Deyəsən “kişilik” – ehtiras dərmanı düzəltmişdi. Məlhəmin dozası artıq olmuşdu deyə, təzyiqi o qədər qalxmışdı ki, tir-tap yerə sərilmişdi. Təcili yardım onu çatdırır xəstəxanaya. Etibar deyirdi ki, – “Gədə rəsmicə ölmüşdü. Di gəl ki, ayıb olmasın, ədiyalın altında həcəti çöp kimi dimdik qalmışdı. Qaçay içdiyi məlhəmin reseptini həkimə deyəndə həkim gülə-gülə Qaçaya deyirdi ki, – “Pişikçırnağı otunun “barıtı”nı çox eləmisən”. Nənəsi də duyuq düşmüşdü ki, uşağına, nə bəladırsa, qabağından gəlib. Özünə bir sitəm edirdi ki, gəl görəsən. Həkim arvada deyəndə ki, – “Ay xala, qorxmaginən, ciddi bir şey yoxdur, bir-iki saata durub gedəcək evə” – yazıq arvad gözü oğlunun qabağında zar-zar zarıyırdı ki, – “Anan qadalarını alsın, ay bala! Mən indi neyniyim bəs? Bankalamalı dəyil ki, bankalıyım, ovxalamalı yer dəyil ki, ovxalıyım, anan ölsün, ay Qaçay!”...

Etibar Qaçayın sirrini kəndlə bir eliyəndən sonra, eyzan kəndin ortasında “Araz aşığından, Kür topuğundan" ədasıyla gəzib adamın cızdağını çıxaran Qaçayın fısı azca yatdı. Boşadığı qız evi də birinin üstünə beşini qoyub uşağı rüsvay edəndə, lap gözükölgəli olmuşdu. Bax onda ilk dəfə Qaçaya yazığımız gəlməyə başlamışdı. Amma bir xeyli sonra yenə də hikkəsindən az qalırdı yırtılsın. İstəmirdi ki, kənd-kəsəkdə ondan yaraşıqlı geyinən, ondan imkanlı, ondan ağıllı biri olsun. Nənə-bala acından günorta dururdular, di gəl ki, borc-xərc edib özünə bir “Juqili” almışdı. Uşaqlarla yeyib-içməkdən gələndə biri bir gülməli lətifə danışıb. Qaçayı da sükan arxasında dəli gülmək tutub. Gülməkdən gözünün yaşını yığıb-yığışdıra bilməyib, maşını aparıb çırpıb işıq dirəyinə. Onda başı azca yarılmışdı. Fələk, insan nə hoqqalardan çıxarmış... Yapışdı dostlarının xirtdəyindən ki, – “Maşını siz aşırmısınız. Məni güldürməsəydiniz, belə olmazdı, yığışın, maşınımı təzələyin!”. İncəvara, nənəsinin də zəhləsini tökmüşdü. Arvad deyirdi ki, – “A sənin boyunu yerə soxum elə, sənin belində şalvar durmur, sənin harana yaraşır “Ciquli”?! Neçə ildir deyirəm ki, bu taxta ayaqyolunu düzəltdir – bir gün yıxılıb pox-püsürün içində öləjəm, vecinə də dəyil! Əlində-avcında olanı da apardın verdin dəmir-dümürə, o da belə”...

Mən də elə sözü Qaçaygilin ayaqyoluna gətirirəm... Ekskavator ayaqyolunun çalasını çox gen götürmüşdü deyə iri sallamalar atıb üstünü taxtalamışdılar. Amma, giriş tərəfdəki millərdən bir-ikisi çürüyüb düşmüşdü deyə torpaqla qapının arasında taxta atıb körpü düzəltmişdilər. Körpü də Allah umuduna idi – üstündən adam keçəndə yellənirdi. Çalanın yan divarları da xeyli uçduğundan, ayaqyolu sanki havadan asılı qalmışdı. Etibar onların qonşusudur, – and içirdi ki, tualetin iyindən yayda çardaqda yatmaq da olmur.

Kəndə səs sızdı ki, Qaçay ikinci dəfə evlənməyə hazırlaşır. Qaçay evin, tövlənin əhəngini dəyişdi. Nənəsinin çox dır-dırından sonra söz verir ki, ayaqyolunu da düzəldəcək. Nənəsi deyirdi ki, – “Son vaxtlar gədənin ağlı başına gəlib”. Etibarın deməyinə görə isə tualetdə mismar-çəkic taqqıltısı da eşidibmiş. Amma, it arılarının deşib tiftik-tiftik etdiyi köhnə taxta ayaqyolu “şarıltıyla” uçanda Etibarın ağlına da gəlməz ki, Qaçay uçqunun altında qalar... Boğuq səsdən qəfil ayılar və cumar Qaçaygilin tualetinə sarı...

– Səsindən tanıdım. Qaçay ayaqyoluna düşmüşdü. Əlim çatan taxtalardan beş-altısını çəkib bayıra atdım. Qaçay sinəsinədək poxun içindəydi. Başı qanamışdı. Qan gözünə dolurdu. Yan-yörəsində qurd qaynaşırdı. Aşağı düşmək qorxuluydu deyə, beş addımlıqdakı söyüd pərdisini götürdüm ki, sallıyım, o da tutsun, çəkim quyudan çıxarım. Elə pərdini sallamışdım ki, Qaçayı asqırıq tutdu... İki asqırıqdan sonra gözdən itdi. Yazıq, asqırdıqca, poxun üzü ehmalca köpüklənirdi... – Qaçayın qırxında bunları Etibar danışırdı.

Adamın üstündə Allah var, özü bir yönlü adam olmasa da, elə də pis adam deyildi Qaçay. Yeri behişt olsun...

15 iyun 2015

# 840 dəfə oxunub

Oxşar xəbərlər

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO – Ömər Xəyyam

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO – Ömər Xəyyam

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
#
#
# # #