Biz niyə kitabları bağışlayırıq?

Biz niyə kitabları bağışlayırıq?
2 iyun 2015
# 10:52

Bir dəfə İstanbulda kitab alırdım. Kitabçı dünya və türk ədəbiyyatı haqqında suallarıma ürəyimcə cavab verib, istədiyim kitabları asanlıqla tapmaqda çox gözəl yardımçı oldu.

Satıcının ədəbiyyatı bu qədər bilməsi mənə ləzzət eləyirdi. Pulu ödəmək üçün kassaya yaxınlaşdım. Beş türk lirəsi çatmırdı. Bir az fikirləşəndən sonra kitabların ən balacasını – Can Yüceli kənara qoydum. Bu zaman satıcı təəccüblə gözlərini bərəltdi: “Yahuu, beş lirə üçün Can Yücel burakılırmı?”

O zaman anladım ki, adam təkcə ədəbiyyatı deyil, həm də ticarəti bilir. Qısası, öz işini.

Bəlkə kitab satıcısı yeganə insandır ki, ədəbiyyatla ticarəti eyni şəkildə bilmək və bu balansı qorumaq məcburiyyətindədir.

Sonra həmin satıcıyla mağazaya kitab qoymaq haqqında xeyli söhbət etdim. O, mənə vizit kartını verib, satış üçün mağazaya kitab göndərməyin yollarını uzun-uzadı izah etdi. Bu dəfə daha hörmətlə, bayaqkı oxucu münasibətinə bir az da müəllifə sayğı artıraraq. Məni heyrətləndirən isə daha çox son cümləsi oldu: “Şu an şiir kitabına ihtiyacımız var”.

Beynimdə çalınan “o əjdahadan bizdə niyə yoxdur?” musiqisinin ritmi altında mağazadan çıxdım.

Ora İstanbul idi. Kapitalizmlə ayaqlaşmış böyük, soyuq, emosiyasız şəhər. Bəs mən öz şair xalqımın istiqanlı paytaxtında niyə indiyə qədər bu münasibətə rast gəlməmişdim?

O vaxt, o mağazadan çıxanda da, indi bu yazını yazanda da beynimi ha qurdaladım, öz vətənimdəki kitab mağazaları ilə bağlı nə kitab alıcısı, nə də kitab yiyəsi kimi xoş bir təəssürat tapmadım. Mənə rast gəlməyən tək-tük yaxşı kitabçılara haqsızlıq olmasın, söhbət ümumi mənzərədən gedir.

Yaddaşımda ancaq mənasız dialoqlardı, ayrı-ayrı, bir-biriylə əlaqəsi olmayan mənfi təəssüratlar...

Onları bir-biri ilə əlaqələndirmədən, eləcə pərakəndə şəkildə də sizə çatdırıram.

Keçən yay Bakı ətrafında səyyar kitab satıcısından “Dünya ədəbiyyatından nəyiniz var?” soruşanda, o mənə Çingiz Abdullayevin rusca nəşr olunmuş kitabını uzatmışdı.

Sonra mənim təəccübləndiyimi görüb, üzümə tərs-tərs baxmışdı: “Dünya ədəbiyyatı istəmirdin?”

- İstəyirdim, əmi, - demişdim. Amma mənə başqa dünyanın ədəbiyyatı lazımdı.

Kitab müəllifi olaraq daha “kədərli” xatirələrin yiyəsiyəm. Bir dəfə şəhərin düz mərkəzində kitab mağazalarının birinin satıcısı üzümə qarşı eynən belə söyləmişdi:

- Niyə türkcə kitab çıxarmısınız, bu türklərə yaltaqlanmaq deyil?

Başqa bir vaxt yeraltı keçiddə başqa bir kitabçı başqa cür xətrimə dəymişdi. Kitabımın daha yaxşı görünən yerə qoyulmasını istəyəndə əliylə vitrini göstərib demişdi:

- Bura qoyum, Murakaminin yanına?.

- Orda Elxan Elatlı da var, - deyə cavab vermişdim.

- Elxan Elatlı Murakamidən iki dəfə çox satılır.

Etirazım ondan ibarət olmuşdu ki, öz kitablarımı Elxan Elatlının Murakamidən iki dəfə çox alındığı o satış məntəqəsindən götürmüşdüm.

İki gün sonra bir tədbirdə Çingiz Abdullayevdən eşitdiyim cümlə beynimdə həmişəlik ilişib qalmışdı: “Yoxdur xaricdə yazıçılar ki, bağışlasınlar özlərinin kitablarını”.

İndi neyləyək, Çingiz müəllim?!

Axı yoxdu bizdə müəlliflər ki, satsınlar özlərinin kitablarını. Bizdə hardadı ədəbiyyatı bilən böyük ticarət?!

“İndi daş atırsan şeir kitabına dəyir” kinayəsi başımızda qapaz kimidir. Amma ən azından bu ölkənin kitab ticarətindəki adamları əsl ədəbiyyatı parodiyadan ayırmağı bacarmalıdı. Müasir ədəbi prosesi də bazar iqtisadiyyatı qədər bilməlidi.

Anlamalıdı ki, ədəbiyyat ticarətə satılmaz, ədəbiyyatın alveri nəsə bir az başqa cür olmalıdı.

Və nəhayət, bu mövzuyla bağlı yaddaşımdakı Kafkaya aid son fikir, ən yaxşı təsəlli resepti: “Qırx kitabım satılıb. Otuz doqquzunu özüm almışam. Maraqlıdır, görəsən, birini kim alıb?”

Mənim üçün də maraqlıydı, ona görə də az sayda satılan kitablarımı araşdırdım. Əksəriyyətini Təbrizdən və Türkiyədən olan oxucular alıb. Kəmiyyət otuz doqquzun birə nisbəti qədərdir. Amma keyfiyyət məni qane elədi.

Bizdə bir-birinin kitabını bir-birinin toyuna pul salırmış kimi alırlar. Mən öz kitabımın toy dəvətnaməsi kimi görünməsini istəmədiyimdən, onları tanış qələm adamlarına bağışlamağı üstün tutdum. “Yoxdu xaricdə elə yazıçılar ki, bağışlasınlar özlərini kitablarını”, bilirəm. Amma onu da bilirəm ki, əsl yaradıcılıq heç vaxt “yaxşı pula getməyib”.

Seçim hər kəsin öz əlindədi.

Kafkamı, Çingiz Abdullayevmi, yoxsa Elxan Elatlımı olmaq...

# 1362 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #