news-inner
clock09:00 calendar-gray 18 May 2015 view-gray63 dəfə oxunub
view-gray63 dəfə oxunub

Qardaşından gizlin Parisə qaçıb məşhurlaşan Misir gözəli

“Məni bağışlayın, həyat mənim üçün dözülməz oldu..." Bir zamanlar "Səhnədə ölmək istəyirəm" deyə mahnı oxuyan əfsanəvi müğənni intihar etdiyi zaman geridə qalan qeyddə bu sözlər yazılmışdı…

Bu hekayənin başlanğıcı Misirə qədər uzanır. Misirə köçən italyan əsilli ailənin qızı İolanda Kristina Cilotti 17 Yanvar 1933-cü ildə Qahirədə dünyaya gəlib. Atası Pietro Cilotti Qahirə Operasında skripkaçı idi. İolandanın iki qardaşı var idi - Bruno və Orlando. Anası Cizeppina isə Qahirənin Şubra məhəlləsindəki evlərində ailəsinin qayğısını çəkirdi. O vaxtlar Şubra məhəlləsi ərəblərlə qərblilərin birlikdə mehriban yaşadığı yer idi.

10 aylıq körpə olduğu zaman göz infeksiyasına tutulduğu üçün dörd yaşında iki əməliyyat keçirən İolanda eynək taxmaq məcburiyyətində qalmışdı. Ancaq zaman keçdikcə bu eynəklər onda kompleks yaradırdı və İolanda çox çirkin göründüyünü düşünürdü. 13 yaşında olanda isə o, eynəklərini pəncərədən atır. Digər insanların onu çirkin görməsindənsə o özü dünyanı bulanıq görməyi seçmişdi.

Misir gözəli - Paris səfəri

1951-ci ildə ailəsindən gizli gözəllik yarışmasına qatılmaq üçün çəkdirdiyi bikinili fotoşəkillər ortaya çıxan zaman evdə böyük səs-küy oldu. Daha sonra o, katibəlik məktəbinə yazılsa da İolanda heç zaman böyük ulduz olmaz xəyalından uzaqlaşmırdı.

Beləliklə 1954-cü ildə, 16 yaşında qatıldığı yarışda Misir gözəli seçiləcək və Misir filminin qapıları üzünə açılacaqdı…

İlk dəfə Niyazi Mustafanın çəkdiyi “Sigarah wa kass(“Siqaret və stəkan”) filmində rol alır. Bu filmdəki geyimləri ilə sanki “Samson və Dalila” filmindəki Hedi Lamarra bənzəyirdi. Ona görə İolanda “Dalila” adlandırılmağa başlayır. Sonradan bu ad Fransada Dalida olacaq…

Misirdə “Tutanxamonun Maskası” filmindən sonra fransız film rejissoru Mark de Qastyne onun fərqinə varır. Qastyne Dalidaya Fransaya gedib şansını Parisdə sınamağı tövsiyə edir. Anası və qardaşının kəskin etirazına baxmayaraq, 1954-ci ilin Milad gecəsi Dalida Fransaya doğru yol alır. Soyuq şəhərdə pulsuz xarici olaraq Parisdəki günləri çətin keçir. Amma misirli qız qərarlı idi, şans da ondan çox uzaqda deyildi…

Musiqi karyerası

Dalidanın musiqi karyerasında Bruno Coquatriksin adını xüsusi qeyd etmək lazımdır. Parisdəki köhnə kino salonu alan Bruno oranı musiqi salonu etməyi düşünürdü. Daha sonra bu fikrini reallaşdırır və əfsanəvi Olimpiya musiqi salonu belə düzəlir.

Coquatriks eyni zamanda “Numeros 1 de Demain”(“Sabahın Bir Nömrələri”) adlı radio proqramı hazırlayırdı. Gənc istedadları tapıb üzə çıxaran proqrama Dalida da dəvət alır və burada “Etranger au Paradis” (“Cənnətdəki xarici”) mahnısını ifa edir. Burdakı ifası ilə o, vacib iki adamın diqqətini cəlb etməyi bacarır. Bunlardan biri “Europe 1” radiosunun rəhbəri Lusien Moriss, digəri isə “Barclay” musiqi şirkətinin sahibi Eddi Barkli idi.

Dalidanın menecerliyini edən Moriss 1955-ci ildə “Barclay” şirkətindən sənətçinin ilk 45-liyi olan "Madonna"nı çıxardı. Dalida adını eşitdirəcək əsl müvəffəqiyyət isə 1956-cı ildə çıxan “Bambino” 45-liyi idi. Qısa müddətdə 300000 ədəd satılan val 1957-ci ilin sentyabrında Dalidaya ilk qızıl valını da qazandıracaqdı.

1960-cı illərin ortalarında Dalida, Monmartredakı məşhur evini alır. 1964-cü ildə isə imicini tamamilə dəyişərək sarışın olur. Bu saç stili Dalidanın yeni və daha təcrübəli musiqi stilinə yönəlməsiylə eyni dövrə təsadüf edir.

1960-ci illərin çılğın Dalidası 1964-cü ilin sonlarında Fransının musiqi səhnələrinin ən məşhur qadın müğənnisinə çevrilmişdi. 1965-ci ildə isə tamam fərqli tərzdə hit mahnı ifa edir: “La Danse de Zorba”. Bu, “Zorba” filmində səsləndirilən, yunan bəstəkar Teodorakisin musiqisi üzərinə yazılan mahnı idi.

Şəxsi həyatı

Dalida 8 Aprel 1961-ci ildə meneceri Lusien Morisslə evlənir. Ancaq cütlük arasında davam edən dava və qısqanclıq onların ayrılmasına səbəb olur. Dalida daha sonra qısa müddətlik gənc rəssam Jan Sobenski ilə eşq yaşayır, ancaq onunla da ayrılır. Dalidanın karyerası gedərək yüksəldikcə şəxsi həyatında eniş yaşanırdı. O, Monmartrdəki pəri nağıllarını xatırladan qalasına hər gecə tək gəlirdi.

1966-cı ilin oktyabrında italyan musiqi şirkəti “RCA” Dalidanı bacarıqlı və gənc musiqi yazarı Luici Tenko ilə tanış edir. Bu ehtiraslı və ağıllı italyan gənc Dalidaya çox təsir etmişdi. Cütlük San-Remoda müvəffəqiyyətli olmaq üçün əl-ələ verib işə başlayır. Qısa müddətdə isə bir-birlərinə aşiq olurlar. San-Remo musiqi festivalında hər biri öz "Ciao Amore" versiyalarını oxuyacaqdı.

Dalida və Luici 1967-ci ilin yanvarında San-Remoda səhnəyə çıxanda onların üzərində böyük təzyiq var idi. Dalida İtaliyada onsuz da tanınan bir ulduz idi, amma Luici Tenko italyan musiqi bazarında yeni idi. Bundan əlavə cütlük apreldə evlənəcəklərini açıqladıqdan sonra media onların hər addımını təqib edirdi. Amma cütlük təəssüf ki, evlənə bilmir. Çünki San-Remo festivalı faciə ilə nəticələnir. San-Remoda nə Dalida uğur qazandı, nə də Luici. Bu vəziyyət Luicini hövsələdən çıxarır. Çox içki içib üstündən sakitləşdirici dərmanlar atdığı üçün ağır vəziyyətdə olan Luici münsiflər heyətini ağır təhqir edir, San-Remo festival təşkilatını hiyləgərlik və korrupsiyada günahlandırdı. Bu əsəb gərginliyindən sonra ardından Luici yaşadığı otağın pəncərəsindən özünü ataraq intihar edir.

Luicinin ölümü Dalidaya çox pis təsir edir. Bir neçə ay sonra özü də dərman içərək intihara təşəbbüs edir, ancaq sağ qalır (İkinci intihar sınağında təəssüf ki, sağ qalmayacaq...).

Dalida bir müddət sonra özünü ələ almağı bacarır və Fransada konsertlər verir. Bir tərəfdən fəlsəfə kitabları və Freydi oxuyaraq özünü inkişaf etdirir, digər tərəfdən isə yoqa ilə məşğul olurdu.

1970-ci illər – karyerasının yüksəliş dövrü

1970-ci illər Dalidanın karyerası üçün çox uğurlu oldu. Demək olar ki, hər gün televiziya proqramlarına dəvət olunurdu. 70-ci illərdə disko mahnıları dəb qazandıqda Dalida mühitə uyğunlaşmaqda çətinlik çəkmədi. 30 illik karyerası boyunca Dalida musiqi stilini hər dövrün modasına uyğunlaşdırmağı daima bacarırdı.

Karyerasındakı yüksəliş şəxsi həyatında da özünü göstərməyə başladı. Uzun müddət səhnədən uzaq qalan Dalida 1971-ci ildə oxuduğu "Tənha yaşamamaq üçün" mahnısı ilə böyük uğur qazanır. Dalidanın Rişar Şamfre adlı pərəstişkarı var idi. Onun verdiyi ünvanı səhv olsa da, Dalidaya olan diqqəti, marağı yenidən ona etibar qazandırdı. Şamfrenin həyatına girməsi ilə Dalida sanki Hollivud ulduzuna çevrilmişdi.

Bir müddət sonra isə o, qraf Rişar Şamfre ilə ailə qurur. Ancaq bu evlilik də qısa müddət sonra bitir. Səhvən bir nəfəri yaralayan Rişar həbsxanaya düşür, azadlığa çıxanda isə həyat yoldaşının yanına qayıtmır.

1973-cü ildə Alen Delonla duet oxuduğu “Paroles Paroles” Dalidanın sanki simvoluna çevrildi. Yeddi dəqiqəlik davam edən “Gigi L'Amoroso” mahnısı da böyük uğur qazandı.

Amerikadakı bu müvəffəqiyyət 1980-ci illərdə Dalidanın Brodvey tərzi şoularını Fransada göstərməyə təşəbbüskar elədi. Dalida 5-20 yanvar 1980-ci ildə “Palais des Sports”da verdiyi konsertlərin hər birində iki saatdan çox səhnə şousu göstərdi.

Dalidanın uzun müddətdir Avropada bilinən karyerasının nəhayət fərqinə varan amerikalılar onu Nyu-Yorka dəvət etdi. 29 Noyabr 1978-ci ildə məşhur “Canegie Hall”da Dalidanın göstərdiyi performans möhtəşəm oldu. 1920-ci illərdə çox sevilən “Lambeth Walk” mahnısını Dalidanın ifası ilə dinləyən minlərlə tamaşaçı uzun müddət müğənnini alqışladı.

1980-ci illər

Dalidanın bundan sonrakı karyerasına prezident Fransua Mitteranın dəstəyi damğasını vurub. Siyasətçidən çox fərdi səviyyədəki bu dəstək, Dalidaya qarşı müxalifət dalğasının yüksəlməsinə səbəb oldu. Dalida, Mitteranın şəxsiyyətindən nə qədər təsirləndiyini gizlətmirdi: “Mən onun şəxsiyyətinə səs verdim, partiyasına deyil...” demişdi.

1981-ci ildə prezident seçilməsiylə birlikdə Mitterandan şəxsi həyatı ictimaiyyətin maraq mərkəzinə çevrilmişdi. 1982-ci ilin yazında Dalida-Mitteran əlaqəsi ilə bağlı qalmqal baş verdi və Dalida Fransadan kənarlaşaraq bir il davam edəcək dünya turuna çıxdı.

Fransaya geri dönməyindən qısa müddət sonra, keçmiş həyat yoldaşı Rişar Şamfrenin intihar etməsi Dalidaya dərindən təsir etdi. Luici Tenkonun 1967-ci ildəki intiharından əlavə Dalidanın keçmiş həyat yoldaşı Lucien Morissin də 1970-ci ilin sentyabrında intihar etmiş olduğunu xatırlamaq gərək.

Misir kinosuna dönüş və yolun sonu:

1986-cı ildə misirli kinorejissor Yusif Şahin “Altıncı Gün” filmində Dalidaya baş rol təklif etdi. Dalidanın əvvəlki aktrisalıq karyerası kiçik rollardan ibarət idi, amma o zaman müğənnilik karyerasından bezərək təklifi qəbul edir. Film uzun və darıxdırıcı olsa da Dalidanın aktrisalıq qabiliyyəti müsbət qarşılandı. Şəxsi həyatında isə ürəkaçan heç nə yox idi. Dalida ən son bir həkimlə gizli eşq həyatı yaşasa da, bu münasibət də yarıda qalır. Dalida budəfəki depressiyanın öhdəsindən gələ bilmir və 1987-ci il mayın 2-dən 3-ə keçən gecə intihar edir. Ölmədən əvvəl "Pardonnez-moi, la vie m'est insupportable ..." (Məni bağışlayın, həyat mənim üçün dözülməz oldu) deyə qeyd yazmışdı. Dalida Monmartre qəbiristanlığında dəfn olunub.

news-inner-user
Günay Məryəm

97 məqalə

Paylaş

Oxşar xəbərlər