Nuriyyə Əhmədova ”Anam məni qarğamışdı”

Nuriyyə Əhmədova ”Anam məni qarğamışdı”
12 may 2015
# 10:26

Kulis Xalq artisti Nuriyyə ƏhmədovanınAPA-ya müsahibəsini təqdim edir.

- Qardaş, salam.

- Qardaş deyil, oğlum, Nuriyyədir.

- Nuriyyə xanım...

- Hamı qarışdırır, bala, səndə günah yoxdur. Ağlamaqdan səsim kişiləşib.

- Dünən oğlunuz cavab verdi, dedi, telefonunuz xarab olub, aparır düzəltdirməyə. Ona görə dəyişik saldım. Necəsiniz?

- Birtəhər özümə gəlməyə çalışıram. Sağ olsunlar, məni nə qədər istəyən varmış, qoymadılar tək qalım.

- Sabah görüşüb söhbət etmək istəyirəm. Sənətdən danışacağıq...

- Hə, nolar, lap yaxşı, elə mən də o itkilərdən danışmaq istəmirəm, çətindir. Nahidə Orucovanı tanıyırsan, əməkdar artist, onun evində qalıram, gəl Əhmədliyə, zəng vur, düşüb qarşılayacağam.

Və belə bir başlanğıc: bacılarım ağlayır ki, bu yetimin nə vaxt evi olacaq? Oğlum on birinci sinifdə oxuyur, sabah ölsəm, uşaq harada qalacaq? Gələn il 65 yaşım olur, evə görə təqdimat gedib, inşallah, gözləyirəm...

* * *

- Elə bilmə ki, sənətim mənə bir ev qazandırmayıb deyə, aktrisa olmaqdan peşmanam. Allah can sağlığı versin, Tofiq Bakıxanov bizim bağ qonşumuz idi, mən məktəbi təzə qurtaranda gəlib anama dedi, Püstəxanım bacı, Nuriyyə haqqında nə fikirləşirsiniz, harada oxuyacaq? Nənəm deyirdi ki, sən elə oxuya-oxuya doğulubsan. Müğənni olmaq istəyirdim, nənəm anama deyirdi, bu qız hara gedir, elə “nanay-nanay” eləyir, bizi biabır eləyəcək. Həyətdə oxuyub-oynayanda səsim bazara gedirdi. Televizor təzə-təzə çıxan vaxtlarda qonşularımız almışdılar. Atam bizə almırdı ki, televizor oldusa, o ev batdı. Bir də soyuducu almağa icazə vermirdi. Deyirdi, insan gərək bişirib təzə-təzə yesin, vəssalam, səhərə saxlamasın. Məni elə şeylər salamat saxladı. Yoxsa sizin indiki yedikləriniz... Bilmirəm, axırı necə olacaq. Nə isə. Birinci sinifdə oxuyanda nəğmə dərsi ayrı keçirilirdi. Cəfər müəllim vardı, tardan dərs deyirdi. Xor oxuyanda gördü bir səs seçilir. Çağırdı lövhənin qabağına, oxudum, bütün sinif mat qaldı. Adımı yazdılar dərnəyə, amma evdən icazə vermirdilər. Bir dəfə konsertə getdiyimə görə anam məni saçladı.

- Müsahibənizdə demişdiniz ki, ananız sizi qarğayıb...

- Anam axıra qədər mənə qarğış elədi. Qoymurdu, deyirdi, gün görməyəcəksən. Ən yaxşı vaxtlarımda nə atam uğurlarımı gördü, nə anam. Zeynəb Xanlarovanın “Arzu qızım” mahnısı təzə çıxmışdı, qonşumuz anama dedi, Nuriyyə Zeynəbin mahnısını nə gözəl oxuyur. Anam əsəbiləşdi ki, Zeynəb Xanlarova nə olub, mənim qızım da nə olacaq? Yox bir, Şövkət Ələkbərova olacaq? Oxumaq sənətinə yüngül sənət kimi baxırdılar. Sonra gördü ki, Tofiq Bakıxanovun evinə kimlər gedib-gəlir, hörmət edirlər, ona görə çox dərinə getmədi. Tofiq müəllimin yoldaşı da anamı dilə tutmuşdu ki, bu qızın böyük gələcəyi var. Asəf Zeynallıya sənət vermişdim, Şahnaz Haşımovanı, Ağaxan Abdullayevi orda görmüşdüm.

- Sonralar Musiqili Komediya Teatrında işə cəlb olundunuz...

- İlk tamaşama Şəmsi Bədəlbəyli ilə Süleyman Ələsgərov baxıb, bəyənmişdilər. O vaxt azərbaycanlı qızı nə idi, səhnəyə çıxmaq nə idi. Ruslar, ermənilər xorda, baletdə dolu idilər. Sənətin adını pisə çıxaran da elə onlar idi. O vaxt istedadı olan qızları səhnəyə qoymurdular, indi maşallah, analar-atalar uşağın əlindən tutub özləri aparır. Şövkət xanımın “Dərələr” mahnısını oxuyanda Süleyman müəllim Şəmsi Bədəlbəyliyə yavaşca dedi ki, bir az utancaqdır, bilmirəm, bacaracaq, ya yox. Səhəri gün əmək kitabçası açdılar, məni ştata götürdülər.

- Nə vaxtdan insanlar sizi tanımağa başladı? Yəni küçədə gedəndə adınızı kiminsə dilindən nə vaxt eşitmisiniz?

- Elşad Quliyevin vaxtında televiziyada yaxşı verilişlər verirdilər. Lütfəli əmi, Nəsibə xanım həmin verilişlərdə iştirak edirdilər. Bir dəfə Məhərrəm Bədirzadə məni gördü, apardı çəkilişə. Ondan sonra efirə çıxmağa başladım. Yəni elə həmin illərdə tanınmağa başlamışdım. Kinoda tanınmağım isə sonralar oldu. 70-ci illərdə dedilər, kino kursu açılıb, getdim həm oxudum, həm işlədim. O vaxt Lütfəli Abdullayev və Nəsibə Zeynalovaya görə teatra bilet tapmaq olmurdu. Teatrda işləmək kinodan da, musiqidən də üstün sayılırdı. Uzun illər kirayə yaşadım, sonra dayandım ev növbəsinə. Lütfəli əmi dedi, gecə yarısı sən Şüvəlana gedə bilməzsən. Qohumlarım düşdü qabağa, ərizə yazıldı, indiki Səbail, keçmiş 26 Bakı komissarı rayonundan növbəyə yazıldım. Hər şey hazır idi, səhər gəldim teatra. Gözümə inanmadım: Lütfəli əminin şəklini teatr vurmuşdular ki, rəhmətə gedib.

O kişi hamıya xeyirxahlıq edirdi, hara gedirdi, qapılar üzünə açıq idi. Mənə də söz vermişdi ki, qızım, sənin ev məsələni həll edəcəyəm. Ev məsələm eləcə qaldı, alınmadı. Ailə qurandan sonra uşaqlara görə teatrdan çıxmalı oldum. Adil İsgəndərovun kursunda oxuyanda deyirdi ki, qadam, nə yaxşı teatrda işləyirsən, azərbaycanlı qızların teatrda çalışmağı gözəl şeydir. O vaxt həm oxumaq, həm işləmək cinayət sayılırdı, amma mənə güzəştə getdilər, imkan yaratdılar. Bir dəfə Adil müəllim İsmayıl Dağıstanlı ilə Malakan bağının yanında söhbət edirlər, məni İsmayıl Dağıstanlıya göstərib fəxrlə dedi ki, tələbəmdir. Yəni demək istəyirəm, sənətdə qabağıma həmişə yaxşı adamlar çıxıb. 1981-ci ildə kinostudiyaya gələndən sonra dalbadal filmlərə çəkilməyə başladım. “Mozalan”a çox minnətdaram, o studiya mənim həyatımda böyük rol oynayıb. Vaxtilə filmlərə çəkilməyə görə aktrisalar, aktyorlar arasında qırğın gedəndə mən sakitcə “Mozalan”a çəkilirdim, səsimi çıxarmırdım. Maaşımı, qonorarımı üst-üstə qoyanda əməlli başlı pul çıxırdı.

- Hazırda maaş aldığınız yer yoxdur...

- İndi ayda min manat Prezident təqaüdü alıram. Allah rəhmət eləsin, Heydər Əliyevin təşəbbüsü ilə mənə əməkdar artist adı verilib. Prezident İlham Əliyev də sağ olsun, mənə təqaüd verir.

- Teatr tamaşalarına baxırsınız?

- Yox, axır vaxtlar baxmıram. Mənim gördüyüm teatr mühiti indi yoxdur. Əvvəla səhnəyə buraxılan tüstüyə dözə bilmirəm, boğuluram. O tüstü aktyor üçün zəhərdir. Üç il əvvəl “Qatarın altına atılan qadın” və “Xanuma” tamaşalarına baxmışam. İndiki tamaşaçılara dözmək çətindir. Teatra gəlir, əlində “semiçka”, ağzında saqqız.

- Filmlərə də baxmırsınız?

- “Nabat”a baxdım. Mövzu yaxşı mövzudur, rejissoru çox yaxşı rejissordur. Amma... Deyəcəyəm, yenə deyəcəklər, Nuriyyə belə danışdı... Bizim suyumuza bulanıqlıq lazım deyil. Bəsdir də, əvvəllər ruslar, indi də kimlər, kimlər.

- Anladım. Baş rolun ifaçısı Fatimə Motamed Aryanı nəzərdə tutursunuz...

- Aktrisa da, operator da.

- Oynaya bilərdiniz o rolu?

- Filmin əvvəlindəki plastikadan elə bildilər ki, mənəm. O film çəkiləndə mən pis vəziyyətdə idim, xəstə yatırdım. Əvvəla, təqdimata aktrisanın özü gəlməmişdi. Gör necə aktrisalara qiymət verirlər. Mən özümü demirəm, atam, bizim istənilən aktrisamız oynaya bilərdi.

- Məsələn?

- Rada Nəsibova. Kəmalə Hüseynova da oynaya bilərdi. Özü də ki, o rola cavan adam yox, yaşlı adam lazım idi. Gənc Tamaşaçılar Teatrının aktrisası Sona Babayeva da o rolun öhdəsindən gələrdi. Baş rolda oynayan aktrisa addımlarını atanda çoxları elə bildi mənəm. Çünki plastika, görkəm mənimki idi. Yanımda bir nəfər oturmuşdu, dedi ki, başa düşmədim, Nuriyyə xanım, bu sizsiniz? Dedim, bilmirəm, səhnədə mən olmamışam ki, sənin yanında oturmuşam. Elə bildilər, gizli çəkilmişəm. Yeni deyirəm, mən özüm istəmirəm, amma bizimkilər o rolu oynaya bilərdilər. Elçin Musaoğlu yaxşı rejissordur, yaxşı da qələmi var. O, bizimkiləri oynada bilərdi. Bizim aktrisalara istiqamət verən yoxdur. Bu dəqiqə istedadlı cavanlar çoxdur, onların gələcəyi əla olacaq. Buna inanıram. Çünki onlar gözümün qabağında böyüyüblər.

- Film təklifi var?

- Bu yaxınlarda bir film olmalıdır. Kinostudiyada mənim xətrimi çox istəyirlər. Müşfiq Hətəmov kinostudiyaya direktor təyin ediləndə gedib görüşdüm, xeyir-duasını verdim. Təki kinostudiya təmir olunsun, o cavanların çox böyük layihələri var, yaxşı işlər görürlər. Mən onlara inanıram.

- Teatra qayıtmaq istəmirsiniz?

- Yox. Səhhətim imkan verməz. İndi ancaq uşağımı bir tərəfə çıxarmaq haqqında düşünürəm. Hansısa filmdə nənə rolunu oynaya bilərəm. 27 yaşımda nənə rolunu oynamışam. “Bağ mövsümü”nə çəkiləndə mənim rolum üçün çox adam dava edib. Ramiz Əzizbəyli Tofiq Tağızadəyə deyib ki, bakılı qızı var, Nuriyyə, onu çəkək. Tofiq müəllim də deyib, hansı o manikürlü, pudralı qız? O mənim üçün ocaq qalaya biləcək? Ramiz yenə qayıdıb ki, bakılı qızıdır, bacaracaq. Ssenarini bir dəfə oxudum, bir saata rolum təsdiq olundu. Aydın Kazımzadə mənim haqqımda yazmışdı ki, Azərbaycan kinosuna yeni sima gəlib. Həmin filmdə Həsən Məmmədovla bərabər pul aldım. Ən çox pulu “Bağ mövsümü” və “Həm ziyarət, həm ticarət” filmlərinə görə almışam. Tərəf müqabillərimdən həmişə razı olmuşam. Allah Ramiz Əzizbəyliyə də, Hacı İsmayılova da can sağlığı versin. Bu yaxınlarda Hacını gördüm, halı yaxşı deyildi. “Bəxt üzüyü”nu çəkəndə çox pis vaxtlar idi. Pul yox, vəziyyət ağır. Afaq Bəşirqızı deyəsən, sponsor tapmışdı, onun pulu ilə çəkildi. Ramiz dedi, Nuriyyə, orda bir kişi obrazını gəl qadın edək, istəyərsən? Dedim, necə istəyirsən, qaqaş, istəyirsən, elə, çəkilim. Görürdü axı, pul-para yox, vəziyyət çətin. O filmdə məni elə qrim eləmişdilər, anam tanımamışdı.

- Deyəcəyiniz başqa nə var?

- Xəstə olan dostlarıma, tərəf müqabillərimə can sağlığı arzulayıram. O gün danışdıq ki, yığışıb gedək həm Muxtar Maniyevə baş çəkək, həm də Ramizə. Nə bilim, sənət belədir də, qurban tələb edir. Amma Nuriyyəyə bu boyda yox də! İki övladı, bir qırxı təzə çıxan gül kimi nəvəni basdırdım...

# 1345 dəfə oxunub

Oxşar xəbərlər

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
#
#
# # #