news-inner
clock14:42 calendar-gray 06 May 2015 view-gray278 dəfə oxunub
view-gray278 dəfə oxunub

Cəfər Namiq Kamal: “Kim bərk qışqırırdısa, elə bilirdilər, böyük aktyordur”

Kulis Xalq artisti,Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Cəfər Namiq Kamalın APA -ya müsahibəsini təqdim edir.

- Cəfər müəllim, 65 illik yubileyiniz qeyd olundu. Necəsiniz, ömür necə gedir?

- Mənim üçün pis getmir. Başımız işə-gücə qarışıb, ömür də öz işindədir. Məşqlər, tamaşalar bir-birinə calanır, bir də görürsən, il başa çatdı, gəlib çıxdın 65 yaşa. Hərdən sual verirlər ki, iş-güc necədir, deyirəm, iş çoxdur, amma güc get-gedə tükənir. Allah gücümüzü tam əlimizdən almasın, əsas odur, ayaq üstə olaq. Beş-on tamaşada da məşğul ola bilsək, nə xoş halımıza! Aktyor üçün yaddaşın itiliyi çox vacibdir. Bizim işçilərdən çox görmüşəm ki, yaddaşı pozulub, məcbur olub teatrdan uzaqlaşıb. Mənə indi teatrda tələbat var, heç vaxt rol korluğu çəkməmişəm. Əksinə, rolları özüm seçmişəm.

- Maraqlıdır, yaddaşsızlığı üzündən teatrdan uzaqlaşan aktyorlar kimlər olub?

- Belə hadisələr olub. Həmişə deyirəm, aktyor sənəti ömür qısaldan sənətdir. Adam var öz dərdini, ailəsinin dərdini çəkə bilmir, aktyor isə ayda on-on iki rol oynayır, onların hamısının dərdini çəkir.

-İndiki zamanda inandırıcı görünmür ki, aktyor obrazının dərdini çəksin. Yəni bir az gəlişigözəl deyim təsiri bağışladı...

- Niyə inanmırsınız ki? Mən əldəqayırma artistdən yox, normal aktyordan danışıram. Normal aktyor obrazını yaşamasa, zalda oturan tamaşaçı əvvəl ona inanmayacaq, sonra əsnəyəcək, axırda da durub gedəcək. Tamaşaçının zaldan çıxması aktyor üçün böyük faciədir. Ona görə deyirəm ki, aktyorluq ömür qısaldan sənətdir. Qabaqlar bizdə 90 yaşında aktyorlar var idi, səhnəyə çıxırdılar. Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov və başqaları. Bilirsiniz, o vaxt dövr və sənətdən tələb başqa olub. Məsələn, kim bərk qışqırırdısa, elə bilirdilər, o böyük aktyordur. Aktyorlar elə qışqırırdılar, zalda lüstr tərpənirdi. (Gülür). O gündən ki, aktyor başladı beyin və ürəklə işləməyə, ömür qısaldı.

-Milli Dram Teatrında özünüzü necə hiss edirsiniz?

- Çox yaxşı, çox rahat. On doqquz ildir bu teatrın aktyoruyam. 25 il də Gənc Tamaşaçılar Teatrının əməkdaşı olmuşam. 44 ildir professional səhnədəyəm. Bu illərdə başımı aşağı salıb, ancaq işimlə məşğul olmuşam. Enerji aparan boş-boş işlərə heç vaxt baş qoşmamışam. Rolumu oynamışam, məşqimi eləmişəm, sonra papağımı başıma qoyub sağollaşıb, getmişəm. Belə görüb, belə tərbiyə almışam. Yaxşı bilirəm ki, məni sevən də var, məndən zəhləsi gedən də.

-Başlayaq zəhləsi gedənlərdən...

- Fəxri ad alıram, təbrik eləmir, yaxşı tamaşa təhvil verirəm, üzümə baxmır. 65 illiyim oldu, elə bu teatrda gözümün içinə baxanlar oldu, bir dəfə demədilər ki, təbrik edirəm. Demirəm, dəhşət istedadam. Təzə başlayanlardan fərqli olaraq, bizim nəsil o sözü deyə bilmir.

- İstehzanızı anlayıram...

- İstedadsız adam üçün hamı dostdur. İstedadlı adam başıaşağı olur. Öz dövrümdə də belə görmüşəm, indi də belə görürəm. Deyir, bar verməyən ağacın budağı gözə girər. Adamın istedadı varsa, gec-tez yerini tapacaq. Arkadi Raykinin gözəl sözü var. Deyir, istedadlı adama kömək etmək lazımdır. İstedadsız adam onsuz da özünə yol tapacaq. Qılıqla, tanışla, day-dayla... nə yolla olur-olsun, özünə yol tapacaq. İstedadlı adamlar abırlı və utancaq olurlar, onda bir az gec alınır. Adamı olan 30 yaşında hər şeyi əldə edirsə, istedadlı adam 60 yaşında ona nail olur.

-Və siz “60 yaşlılar”dansınız...

- Heç vaxt heç kimin qapısını döyməmişəm, minnətçi olmamışam. Mənə sual verirdilər ki, fəxri adın olmaya-olmaya baş rol oynayırsan, yanındakı xalq artistidir, epizodda oynayır. Belə şeyi qısqanmırsan? Deyirdim, qətiyyən, qısqanıb niyə özümü xəstələndirim ki? Həmişə deyirəm, Allah insanı elə yaradıb ki, onun bütün əzalarına girmək mümkündür. Məsələn, gözə, qılığa, qulağa girirlər, amma ürəyə girmək olmur. İstəyirsən üç dəfə xalq artisti ol, tamaşaçı səni sevmirsə, onun ürəyinə girə bilməzsən. Hər yay Yesentukiyə gedirəm. Hara baxırsan, azərbaycanlıya rast gəlirsən. Harada görsələr, yaxınlaşıb salam verirlər, hal-əhval soruşurlar, şəkil çəkdirirlər. Yəni bizi ailələri üçün məhrəm adam bilirlər.

- Bir dəfə oxumuşdum ki, qardaşınız İlham Namiq Kamalı əlindən tutub teatra siz gətirmisiniz...

- Biz lap balaca vaxtından evdə teatr çıxarmışıq. Mən hambal olanda, İlham Məşədi İbad olurdu. Sinfimizdə ədəbiyyat müəllimi rolları bölürdü, çox vaxt da baş rollar mənə düşürdü. Bir dəfə direktor bir kişi ilə sinfə gəldi, kişi dedi, pionerlər evinə həvəskar lazımdır. Direktor məni göstərdi ki, bu uşağı bir yoxlayın. Təzə Bazarın yanında “İskra” küçəsi vardı, orda pionerlər evi fəaliyyət göstərirdi. Allah rəhmət eləsin, pioner evində əməkdar artist Məmmədağa Dadaşov Yusif Əzimzadənin “Anacan” əsərini hazırlayırdı. İsrafil müəllim (İ. İsrafilov, Akademik Milli Teatrının direktoru) həmin tamaşada Qulunu oynayırdı. Tiyan altında yatan uşaqlardan idi. Bir nəfər üçün rol var idi, həvəskar uşaq çatmırdı. Məmmədağa müəllimə dedim, evdə qardaşım var, o da teatra maraq göstərir, gətirim? İlham beşinci sinifdə oxuyurdu, mən dördüncü. Əl-ələ tutub gəldik teatra. O gələn-gəldik, düşdük bu yola. (Gülür). İsrafil müəllimlə də o vaxtdan tanışıq. Biz Poluxin küçəsində olurduq, İsrafilgil Mirzə Fətəli Axundov küçəsində. Allah rəhmət eləsin, İsrafilin böyük qardaşı Ağakərim də yaxşı aktyor olacaqdı, dalınca getmədi. İsrafil çox savadlı adamdır, teatrın cikini-bikini yaxşı bilir. Bəziləri yerlərini bilmir, tərpənirlər, artıq söz-söhbətlər yaranır. Gərək hər kəs öz yerini bilsin!

-Özünüzə ustad bildiyiniz aktyorlar haqqında danışmağınızı istəyirəm. Obrazlı desək, kimin əlindən su içmisiniz?

- Düzünü deyim, özümü heç kimə oxşatmaq istəməmişəm. Yusif Vəliyevlə çox oturub-durmuşam. Allah ona rəhmət eləsin. Heç kimin dalınca danışmamaq keyfiyyətini Yusif Vəliyevdən öyrənmişəm. Moskvaya eyni kupedə getmişik, bir dəfə onun ağzından kiminsə dalınca danışmağını eşitməmişəm. Gənc Tamaşaçılar Teatrında onun yaşında olanların hamısı xalq artisti idi, Yusif müəllim əməkdar artist. Dodağında şiş xəstəliyi tapılmışdı, ona görə danışığı bir az şirin, bir az da qəribə çıxırdı. Bir dəfə gəldi ki, dodağım təzədən şişir, mənimki bura qədərdir. Hamımız düşdük partkomun üstünə ki, kişinin adını verin, xəstədir. Adını çəkməyəcəyəm, məşhur aktyordur, qayıdıb nə desə yaxşıdır: yazıb verək, amma qorxuram ölməz, bizi aldadar. Mənim tüklərim biz-biz oldu. Dedim, mən hara düşmüşəm?

- Yusif Vəliyevin adını niyə vermirdilər?

- Həmişə belə olub də. Kim gedib adam salıb, xahiş etdirib, başqa yollara düşüb, o fəxri adı tez alıb. Kim ki, mənim kimi oturub gözləyir, xalq artistini 63 yaşında alır. Elə adamlar var, 30-35 yaşında fəxri ad alır. Bunun yolları var. “Qatarın altına atılan qadın” tamaşasında deyir ki, aktrisalar fəxri ad almaq üçün min yoldan çıxırlar. Mən də əlavə edirəm ki, fəxri ad almağın 52 min yolu var. Biz o yollara düşməyib, gözləmişik. İstedadlı adamın paxıllığını həmişə çəkiblər, istedadlı adamın dalınca danışıblar. Təsəvvür elə, Topal Teymur üçün Ədil İsgəndərov da sınaq üçün çəkilib, Yusif Vəliyev də. Ədil müəllim kinostudiyanın direktoru olanda işçiləri hamısı onun yanında tük salırdı. Hamısı sındıra-sındıra rusca deyiblər ki, Ədil müəllim siz çəkilin. Ədil müəllim də deyib ki, yox qadam, Yusif məndən yaxşı oynayıb. Yusiflə də danışmırdılar. Təsəvvür edirsən? Kərbəlayi İsmayıl roluna çəkiləndə yenə işçiləri deyib ki, Ədil müəllim siz özünüz səsləndirin, deyib, yox, mənim səsim mülayimdir, Yusifi çağırın.

- Eldar Quliyevin “Dərvişin qeydləri” filminə çəkilmisiniz. Səhv etmirəmsə, son filminizdir. Yeni təkliflər var?

- O filmdən xoşum gəlmədi. Mən kinorejissor deyiləm, amma “Dərvişin qeydləri” kimi filmdən günə onunu çəkərəm. Elə film çəkməzlər. Çox darıxdırıcı, mənasızdır. Rejissor təsadüfü adamları yığıb doldurub ora.

- Bəs niyə çəkilmisiniz?

- Bilmirdim, belə olacaq. Fuad Poladovdan başqa heç kimlə təmasda olmamışam. Filmdə gördüm ki, nə var, nə yox. Yesentukiyə getdiyimə görə, premyerada iştirak edə bilmədim. Sonra getdim Nizami Kino Mərkəzinə, bilet alıb tək baxdım. Səksən nəfərlik zala məndən başqa bir adam bilet alıb filmə baxmadı. Belə film çəkməyə nə var? Xeyr ola, o qədər pulu niyə xərcləyirsən?

- Eldar Quliyevlə söhbətiniz olub?

- Görməmişəm. Mənim səsimi də başqasına yazdırıb.

- Kim səsləndirib?

- Bizim aktyor Sabir Məmmədov. Bu, mənə çox toxundu. Rolu məşq etmişdim, mənə paltar tikilmişdi, neçə dubl çəkilmişdim, deməli, bu rolun içində olmuşam. Bir də var, kənardan bir nəfəri çağırırsan, qalstukda gəlib oxuyur, gedir. Deməli, mənim əziyyətim heçə gedib. Rolu elə bil dublyaj edib. Üzündən oxuyub, çıxıb gedib. Bu yaxınlarda “Yüz kağız” adlı filmə çəkildim. Kaş ona da çəkilməzdim. Xətrimə dəyən bir şey oldu, zəng etdilər, təqdimatına getmədim. İşi bacaran adamlara tapşırmaq lazımdır. Bu saat iş bacarmayanlar iş görürlər, amma nəticəsi olmur, keyfiyyətsiz olur.

- Bəs çəkinmirsiniz ki, bundan sonra sizi filmlərə dəvət etməzlər?

- Onsuz da dəvət etmirlər. Mənim dilim ki, belədir, çağırmırlar. Yəqin “SOY”un çəkdiyi “Üç bacı”ya baxmısınız. Bax, o iş mənə ləzzət elədi. Yaradıcı atmosfer var idi deyə, özümü rahat hiss edirdim. İl yarım bir yerdə işlədik, qətiyyən bezmədim. Başqaları ilə üç-beş gün işləyirəm, istəyirəm canımı qurtarım. Səyavuş Hüseynli ilə yenə işləyərəm, yorulmaram. Çünki başına istedadlı balaları yığa bilir. İstedadsız adamdan zəhləm gedir. Rejissorundan da, aktyorunda da... Altı-yeddi il institutda dərs dedim, o istedadsızların əlindən başımı götürüb qaçdım. İstedadsız adamları zaman özü ələyir. Ya rol vermirlər, ya da verirlərsə də, 70 yaşında qapıda nizə tutur.

- Ümumiyyətlə, siz çox az filmə çəkilmisiniz...

- Biz aylarla qastrol səfərlərində olurduq, ona görə filmlərə çəkilə bilmədim. Nəsimi rolunda çəkilməsəydim də, köməkçilərindən birini oynaya bilərdim. Təəssüflənmirəm. İlbəil başa düşürəm ki, çəkilməməyim daha yaxşı olub. Mən teatr aktyoruyam. Teatr başqa aləmdir.

- Cəfər müəllim dolanışıq necədir?

- Şükür, şikayətim yoxdur. Ağlayan adamlardan deyiləm. Prezident mükafatı alıram, maaşım da öz yerində. Prezidentimiz sağ olsun, ev vermişdi, satdım bağ aldım. Hədiyyədir də, nə istəsəm, edə bilərəm. 150 kvadratmetr idi, beş il qapısı bağlı qaldı, gördüm, təmir edə bilməyəcəyəm, satıb bağ evi aldım ki, nəvələr qumun üstündə qaçışsınlar.

- Aktyorun məmur yanında hörməti necədir?

- Vallah mən qapı döyən adam deyiləm, ona görə xəbərim yoxdur. Vəzifədə olan dostlarım var, rastlaşanda çox yaxşı münasibət göstərirlər. Onlardan heç nə istəmirəm. İstəsəm, hörmətdən düşərəm. Teatra gələn məmurların hamısı mənim dostlarımdır.

- İçki içmirsiniz...

- Yox, içki məclisləri mənlik deyil. Həcc və Məşhəd ziyarətlərində olmuşam. Toylara da getmirəm, pul göndərirəm. Çünki özlərini apara bilmirlər. On beş dəqiqədən sonra görürsən, döndü oldu başqa adam, başladı meymunluq etməyə. Vaxtilə möhkəm vuran olmuşam. Üç-dörd araq içib, camaatı aparıb evə qoymuşam.

- Milli Dram Teatrının tamaşalarından bəyəndiyiniz hansılardır?

- Daxili baxış qurtarandan sonra hansı rejissor, aktyor məndən soruşursa ki, necə idi, deyirəm, olmuşdu, amma beləsi olmamışdı. O da qalır fikirləşə-fikirləşə ki, görəsən, hansı mənada dedi? (Gülür).

Oxşar xəbərlər

Xəbər lenti

Düzgün yaşamaq riyakarlıq, düzgün düşünmək axmaqlıqdır – Dahi yazıçıdan aforizmlər
21:00 21 Aprel 2021
Bakı Dövlət Sirki yenidən təşkil olunur
19:00 21 Aprel 2021
Kamal Sunal adına muzey açılacaq
18:38 21 Aprel 2021
Fuentesin kitabı onlayn təqdim olunacaq
18:18 21 Aprel 2021
“Can Azərbaycan” müsabiqəsinin virtual sərgisi açılıb
17:42 21 Aprel 2021
Mənim qadınım, sən varsan deyə... - Çağdaş ərəb şeiri
17:01 21 Aprel 2021
Azərbaycanlı aktyor vəfat etdi
16:13 21 Aprel 2021
Kann film festivalının açılışında bu film nümayiş olunacaq
15:32 21 Aprel 2021
Nazir Anar Kərimov koronavirusa yoluxub
14:42 21 Aprel 2021
Anarla Seymur Baycanın oxşarlığı
14:02 21 Aprel 2021
“Qırmızı papaq” onlayn nümayiş ediləcək
13:17 21 Aprel 2021
Azərbaycanlı filosof qız-oğlan münasibətlərindən roman yazdı
12:30 21 Aprel 2021
Gənclərin qarşısını kəsən Rəşad Dağlı: O, niyə ustad ola bilmir?
11:55 21 Aprel 2021
Seymur Baycan nədən narahatdır?
11:02 21 Aprel 2021
Özünü ingilis kimi göstərən gəncəli
10:26 21 Aprel 2021
Tanınmış bəstəkar vəfat etdi
09:36 21 Aprel 2021
Çar arvadının göndərdiyi fotoqraf Aşıq Ələsgərin şəklini necə çəkdi? – Bilmədiyimiz faktlarMüsahibə
09:01 21 Aprel 2021
Milli Kitabxananın direktoru beynəlxalq konfransda iştirak edib
19:00 20 Aprel 2021
Nizami haqda məqalə Malayziya mətbuatında dərc olunub - Foto
18:29 20 Aprel 2021
Bir də yarpaq salma külək poçtuna – Qulu Ağsəsdən şeirlər
17:44 20 Aprel 2021