Qoyun-quzu ədəbiyyatı

Qoyun-quzu ədəbiyyatı
29 aprel 2015
# 13:33

Məşhur bir deyim var: Oxucuların yazıçıya çevrilməsi olduqca təhlükəlidir. Lakin ədəbiyyatımızda baş verən proseslər göstərir ki, bu ifadə yeni yaranan tendensiyanın yanında həqiqətən də təqdimata getməlidir.

Oxucuların yazıçıya çevrilməsini hardasa həvəs kimi qəbul edib, başa düşmək olar. Lakin ən azından oxucu olmayanların, yazıçıya “çevrilməsi” nəinki, təhlükəli, həm də artıq faciənin özü deməkdir.

Bir-iki məşhur yazıçıların adını öyrənib, ən yaxşı halda, vikipediya məlumatlarını, kitabların ön sözlərini tələsik oxuyub ƏDƏBİYYATDAN “cəh-cəh” vuranlar görməsə də, itinin qurd dayısından eşitdiyi əhvalatları yazıb ədəbiyyat adına bizə soxuşdurmaqla məşğuldurlar. Kimsə deyə bilər ki, niyə ad çəkmirəm? Ad da çəkərəm, üstəlik o yana da keçərəm, niyə çəkmirəm ki?! Lakin mən həmişə etik qaydaları “qəhrəmanlıqdan” üstün tuturam. Üstümə gəlib dirənsəniz ad çəkə bilərəm. Deyim, siz də bilin. Məsələn, əgər bu yazını oxuyub qıcıqlanırsansa, narazı qalırsansa deməli səndə nəsə var...

Keçək əsas məsələyə. Bu gün Azərbaycanda “iri addımlarla” qoyun-quzu ədəbiyyatı yaranmaqdadır. Babasının qoyun otarmasını, nənəsinin bu qoyunları sağıb yağlı pendir tutmasını yazıb bəh-bəhlə tərifləyənlər, ədəbiyyatın məhz bu olduğunu bir-birinə deyib təsəlli tapırlar. Hələ utanıb-qızarmadan, həyasızcasına Nobelli yazıçı Markesi də babasından yazdığını özlərinə təstiq sübutu kimi misal çəkirlər. Lakin Markesin magik realizmdən necə bəhrələndiyini, Freydizmi romanına necə tətbiq etdiyini dərk etmək iqtidarında deyillər. Üstəlik şüuraltı proseslərin insan həyatını necə yönləndirdiyindən də bixəbərdirlər. Və təbii ki, bunu ağıllarına gələn kimi, sadə süjet kimi qavramaq məcburiyyətindədirlər.

Bunların sayı artdıqca ədəbi nöqtələri işğal edib, ərazilərini genişləndirirlər. Nəticədə ciddi ədəbiyyat “küncə qısqanır”. Bu da məlumunuzdur ki, azlıq çoxluğa tabe olur.

Heç kim, heç kimə necə yaz deyə bilməz. Əslində, yazmaq qəbahət deyil və hər kəs öz istədiyi kimi yazır, çünki, yazmaq fərdi və şəxsi məsələdir. Lakin yazdığının fərqində olmayıb, nəinki, özündən əvvəl yazılanlardan xəbərsiz, hətta öz dövründə yazanlardan bixəbər olmaq, məqsədsiz, ideyasız, təkcə sujetə arxalanıb necə gəldi yazmaq nə qədər ciddi və ağlabatan görünür?!

Ədəbiyyat budurmu? Budursa...

Başına gələnləri, görüb-görmədiklərini yazmaq reportajdan başqa bir şey deyil. Hələ mən oçerki demirəm.

Tutaq ki, bir adam, belə bir mətn yazır: “Nəvə kənddə yaşayan babasına qonaq gedir. Baba təzə doğan inəyin kətəməzindən nənəsinə yedirdir (Nəvə ölənə qədər onun dadını ağzında hiss edir). Bir gün sonra təzə doğan inək nobatdan qayıtmır, ağzı qara canavar, inəyi parçalayıb yeyir. Yetim qalan buzov bütün günü mələyib anasını axtarır. Nəvə bu mələrtidə buzovun gənc Verter kimi ağır iztirablarını hiss edir, onun anasızlıq fəryadının dözülməz olduğunun əyani şahidi olub, göz yaşlarını saxlaya bilmir. Yetim buzova, qonşudakı Alagöz inəyin südünü verib ovudurlar. Lakin nəvə hər dəfə ağzında kətəməzin dadını hiss edəndə buzova şərik olduğunu xatırlayıb dərindən təəssüf hissi keçirərək, xəcalət təri axıdır”. Mətn, nə üçün qoyulduğu bilinməyən üç nöqtənin köməyi ilə bitir.

5-ci sinif səviyyəsində yazılan bu cür inşa ədəbiyyatı hazırda qızıl dövrünü yaşamaqdadır.

Vallah, qoyun-quzudan, çobandan da yazmaq olar. Di gəl ki, yazanda elə yazasan ki, mətn mətn səviyyəsində, yazı yazı səviyyəsində ola, yəni çoban da, qoyun da mətndə çoban və qoyun yerində qala, mətn çobanlaşmaya, qoyunlaşmaya. Sadəcə, nə yazdığını, niyə yazdığını bilməlisən. Əgər bilmirsənsə qoyun və quzuların köməyindən istifadə edə bilərsən.

# 2162 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #