news-inner
clock17:53 calendar-gray 26 Mart 2015 view-gray253 dəfə oxunub
view-gray253 dəfə oxunub

Qız istəməyən atanın peşmanlığı-HEKAYƏ

Əsl kənd adamıydı Fazil: zəhmətkeş, əməksevər… Bir az da kənd kişilərinə xas kobudluğu vardı. Gecəsi-gündüzü yox idi, yayda qızmar günün altında atasından qalma dəryazına sarılar, düşərdi ot sahələrinin canına. Kürəyi tərləyənədək ot çalar, sonra sahənin o başında iri palıd ağacının kölgəsində uzanar, sərin meh gur saçlarını o yana-bu yana darayardı.

Qış qapının ağzını kəsdirməmiş odunu, otu, azuqəsi hazır olurdu. Kənddə gözə gəlimli mal-heyvan Fazilin idi, bir dəfə eşitməzdin ki, onun inəyini, ya qoyununu xəstəlik tutsun. Söz düşəndə deyərdilər ki, halal olsun kişinin oğluna, əziyyət çəkir, xeyrini görür. Hansı qıza elçi düşsə, «yox» deyən olmazdı. Belə bir kürəkən hər kişinin arzusu idi. Amma onun anası Qönçə arvadın öz planları var idi. Gözünün ağı-qarası bircə oğlunu, öz dili ilə desək, “yad qızı”na yem eləmək fikri yox idi. Kolxoz sədri qohumu vardı, onun qızını almaq istəyirdi.

Fazilin meyli qonşunun qızı Səbinəyə idi. Dərdindən dəli-divanə olmuşdu, gözü qeyrisini görmürdü. Əhvalatdan xəbər tutan Qönçə arvad yerə-göyə sığmırdı. Fazil vəziyyətdən çıxmaq üçün anasına kələk gəlmişdi ki, o qızı almasan çıxıb Rusyetə gedəcəm. Dediyinə özü də inanmamışdı, Fazil hara, Rusiya hara?!

Sözündən dönmədi. Anası xeyli yumşalmışdı. El qaydası ilə elçi gedib, hərini alandan sonra toy günü təyin etdilər. Qönçə arvad ürəyinin dərinliklərində təzə gəlini istəməsə də, oğlunu itirmək qorxusu ona güc gəlmişdi, yavaş-yavaş reallığı qəbul edirdi. Günlərin bir günü məlum oldu ki, Səbinə hamilədir. Fazil bu xəbərə uşaq kimi sevindi, qohum-əqrabanın, qonum-qonşunun, dost-tanışın "bişey mi şey var?" sualından canı qurtarmışdı.

Ürəyincə olmasa da Fazilin qız övladı dünyaya gəldi, ancaq büruzə vermədi. "O biri oğlan olar, inşallah", — özünə təsəlli verdi. Səbinə iki dəfə də hamilə oldu və ailəni UZİ-də hər dəfə "gözün aydın, bu dəfəki oğlandır" deyib sevindirdilər. Onlar da şirinlik verib, dil-ağız eləyib həkimləri razı saldılar. Şirinliyə, nəzir-niyaza baxmayaraq Fazilin murazı gözündə qaldı, arvadı hər dəfə qız doğub suyu süzülə-süzülə qayıtdı ər evinə. Fağır Qönçə arvadın dərdi təzələndi, getdikcə bir az da qəddarlaşdı. Onu yumşaltmaq üçün qızlara Qönçə arvadın özünün, anasının, nənəsinin adını qoydular...

Bəzən Fazil düşünürdü ki, bəlkə onu anasının ahı tutur, vaxtında anası deyəni alsa idi, oğlanları olar, camaatın arasında başı uca gəzərdi. Dostlarına qonaqlıq verər, qurban kəsərdi. Oğluna sünnət toyu edər, dili söz tutanda ona yaxşı söyüşlər öyrədər, bir az böyüyəndə məscidə aparardı ki, özü namaz qılarkən ayaqqabıları oğurlanmasın deyə, qarovul çəksin. Xəyallarında oğul böyüdürdü. Oğlunu əsgərliyə yola salır, baş-göz edir... Dişiylə, dırnağıyla ərsəyə gətirdiyi mülkünə baxır, bütün yuxarıda sadalananlar gözünun qabağından keçdikcə köks ötürür, dərdinin üstünə dərd gəlirdi... Bircə arzusu var idi, Allahdan oğul övladı istəyirdi.

Növbəti dəfə arvadı hamilə qalanda Fazil xalası qızı Zöhrədən xahiş etdi ki, arvadıyla həkimə getsin; əgər yenə qız olacaqdısa, Zöhrə nə etməli olduğunu yaxşı bilirdi... Zöhrənin özü iki qızdan sonra dörd dəfə abort edib, bir oğlan doğaraq ərinin üzünü ağ etmişdi. Yəni belə məsələlərdə naşı deyildi. Buna görə də, Fazil Zöhrəyə arxayın idi, o, lazım olanı edəcək. Zöhrənin özü də yaman can yandırırdı. Fazilə ürək-dirək verir, arxayın edirdi ki, Səbinəni yaxşı bir həkimin yanına aparacaq, o, əvvəl-axır oğul atası olacaq.

Səbinə üç dəfə də hamilə qaldı, Zöhrənin həkimi isə hamısında bəd xəbər verdi: “Qız olacaq!” Və yaxşıca pul alıb uşağı saldı.

Növbəti dəfə həkim Səbinəyə xoş xəbər verdi: “Gözünüz aydın, oğlandır!”

Qulaqlarına inanmadılar. Biri-birilərinə baxıb gözlərini UZİ aparatının ekranına zillədilər. Qarmaqarışıq şəkillərdən bir şey anlamasalar da, ekrana sarı gülümsündülər. Həkim əlini ekrana uzadıb hansısa anlaşılmaz qaraltıya işarə etdi: “Baxın, düdüşü də görünür...” Sonra da bic-bic əlavə etdi: “Maşallah, gör nə boydadır! Mən belə yekə düdüş görməmişəm...”

Səbinə də, Zöhrə də bu zarafata şaqqanaq çəkib güldülər. Səbinə sevindiyindən başını itirmişdi. Əlini çantasına salıb xeyli pul çıxardı, sayına baxmadan həkimin xalatının sol yanına tikilmiş “un çuvalı”na basdı.

Fazil sevindiyindən bir-iki dəfə "Aaaz Səbinə, nə dedi həkim?" sualını verdi ki, anası yaxşı eşitsin. Səbinə qədər heç kim sevinməzdi yəqin. Qulağına çatmışdı, qaynanası Qönçə arvad orda-burda deyirmiş, “Əgər bu dəfə də qız doğsa, Səbinəni boşatdırıb, oğluma öz qohumlarımdan birinin qızını alacam, o da Fazilə varis doğacaq”. Özü on beş yaşında sonsuz arvadın üstünə gəlib...

Həsrətlə gözlənən oğlan əvəzinə Səbinə növbəti qızla evə qayıdanda Qönçə arvad açdı ağzını, yumdu gözünü: “Mənim oğlumun başqalarından nəyi əskikdi? Nə günah sahibiyəm ki, xalxın gəlinləri oğlan doğur, bizimki qız?”

Fazil də, Səbinə də piş iş tutmuş uşaq kimi başa aşağı durmuşdular. “Mən deyəni alsaydın, bəy balası kimi məhləyə çıxar, oğul atasıdı deyə, eldə-obada hörmətin olardı”.

Fazil cavab vermədi. Kirimişcə siqaret çəkməyə çıxdı.

Ömrü boyu Fazilin dilinə araq dəyməmişdi, amma nədənsə bu gün könlünə içmək düşdü. Yaxşıca içib kefləndi: “Hanı o ləçər Zöhrə? Bəs deyirdi ki, həkim söz verib? Bəs deyirdi, 100 faiz oğlan olacaq? Pullar hanı?”

Qönçə arvad ağzını açacaqdı ki, oğlunun əsəbi baxışlarına rast gələndən sonra susdu. Fazilin gözləri qan çanağına dönmüşdü. Əsəbi-əsəbi yataq otağına girdi. Səbinə yatırdı, yeni doğulmuş körpəsi də böyründə... Şkafdan bir yun ədyal götürüb uşağı yaxşıca bürüdü və qucağına alıb otaqdan cıxdı. Qönçə arvad öncə bir şey başa düşmədi, otağa girib uşağı orda görməyəndə qışqırdı:

-Vaaaay başıııma xeyir! — deyib dizlərini yerə qoydu .

Səbinə səsə oyandı:

-Nə olub, ay ana?- dedi.

-Anan ölsün, ay bala, anan! — əlləriylə dizlərini döyməyə başladı. — Sənə görə oğlum qatil olacaq! Səbinə uşağın otaqda olmadığından duyuq düşüb çığır-bağır saldı:

-Hanı, hanı qızım?

Qönçə arvad gəlindən qopan fəryada mat qalmışdı, gözlərini döyürdü. Səbinə arvadda bir tərpəniş olmadığını görcək, tələm-tələsik otaqdan çıxdı. Nə aşağı-yuxarı otaqlarda, nə də həyətdə Fazili və qızını tapa bilmədi. Qayıdıb qayınanasının yaxasından yapışdı:

-Qoca kəftar, sənə deyirəm, hanııı qızım? Hanıııı?

Qönçə arvad hiss etdi ki, altı isinir. Səbinəni belə görməmişdi, onu parçalamağa hazır idi. Ağlamsındı:

-Bilmirəm, ay qızım, eləcə uşaqı götürüb getdi. Mən yazıq qabağını kəsə bilmədim, ay bala...

Səbinə onu var gücü ilə itələyərək otaqdan cıxıb ayağı yalın həyətə qaçdı və qışqırıb imdad istədi. Kənddə səs tez yayılır. Az zaman keçmişdi ki, qonşular onların həyətinə axınışdı. Qönçə arvad duyuq düşmüşdü ki, Fazil uşağı həkimin evinə aparır. Vaxt itirmədən polisə zəng etdilər...

Fazil artıq həkimin evinə yaxınlaşırdı. Özü də bilmədən körpəni küləkdən qorumaq üçün sinəsinə sıxmışdı. Həkimin darvazasına çatıb alaqapını təpiklə itələdi və həyətə girdi:

-Doxdur, ay doxdur! — deyə çağırdı.

Pəncərədən bir nəfər qadın boylandı:

-Gəlirəm, — dedi.

Qapı açıldı.

-Kimdi? — qadın soruşdu.

-Bəs, demişdin oğlun olacaq? Axı demişdin, 100 faiz oğlandı? Yenə qız olub. Niyə?

Qadın qaranlıqda gözlərini qıyıb boylandı:

-Fazil? Sənsən?

-Hə, mənəm, dörd qız atası Fazil. De, hanı mənim oğlum? — bağırdı. Qəfil yadına nəsə düşdü, kirimişləyib körpəyə sarı baxdı.

Oyanmadığına təəccüb elədi.

Qadın qapının arasından boylanan uşağa aşağı səslə:

-Nənəyə de, polis çağırsın, — dedi.

Uşaq tez içəri keçdi.

Qadın Fazili al dillə razı sakitləşdirməyə çalışdı.

-Fazil, ay qardaş, mən nə edə bilərəm axı? Nə qoyubsan, onu da çıxarıb vermişəm sənə. Allahın işinə nə deyə bilərik?

O, razılaşmırdı:

-Axı, dəqiq oğlan olacaq, demişdin? Hanı mənim oğlum?

Qəfil qulağına səs gəldi. Geri boylananda gördü ki, arxasında əli fənərli adamlar var. Arağın təsiri keçdikcə özündən utanırdı. Gözünə işıq düşdü. Hiss etdi ki, kimsə qolundan yapışır.

-Əlində uşaq var, ehtiyatlı davranın! – Eyvanda aşağı baxan qadın həyəcanla əli fənərli adamlara göstəriş verdi.

-Yoldaş, gəl, maşına gedək! - polis dedi.

Fazil əməlli-başlı utandı. Üzü qızarmışdı, kirimişcə gedib maşına əyləşdi. Arxaya keçdi. Polisin biri maşında idi, o biri isə həkimlə danışır, həkim danışdıqca əlindəki dəftərçədə nəsə qeyd edirdi. Bir azdan o biri polis də gəldi. Polis idarəsinə doğru yola düşdülər.

-Fazildi adın? – polis soruşdu.

-Hə...

-Bu uşağın günahı nədi, ay kişi?

Cavab verə bilmədi...

Kənd yolu qaranlıq idi. Polis yola yaxşı bələd olmadığı üçün maşının qarşısına çıxan inəklə çarpışmamaq üçün sola çəkdi, ağaca çırpıldılar.

Uşaq ağladı. Fazil uşağı özünə bağrına basaraq bədənini sipər etdi ki, şüşə qırıqları ona xətər yetirməsin.

Polislər maşından düşüb nə qədər əzildiyinə baxdılar.

Fazil:

-Fənəri bəri tut, — dedi.

Polis fənərin işığını uşağa tutdu. Körpənin gözləri qamaşdı. Uşaq salamat idi.

Fazil sevindi.

-Zibili sürə bilmirsiz, sürməyin.

-Salamatdı uşaq?- polis soruşdu.

Fazil başıyla təsdiq elədi. Bu zaman o biri polis yardım çağırırdı. Fazil qızını sakitləşdirdi, maşının salonu soyuyurdu, əynindəki paltonu çıxarıb uşağı bürüdü.

Bir müddət sonra iki polis maşını gəldi. Fazil qızı ilə birinci maşına oturub hadisə yerindən uzaqlaşdı. Polis maşını bölmənin qarşısında dayandı. Fazil qucağındakı bələyi sinəsinə sıxaraq maşından düşdü. Onu rəisin otağına apardılar. Rəis telefonla danışırdı və eynəyinin üzərindən otağa daxil olan Fazilə nəzər salıb bir nəfər polis işçisinə göz-qaşla işarə edəndən sonra, polis kənardakı stulu Fazilə göstərdi:

-Otur.

Rəis danışıb qurtaran kimi qanrılıb qalın qaşlarını çataraq zəhmli baxışlarla Fazili süzdü. Fazil bu baxışlardan əzilib başını aşağı saldı. Bələk də bayaqdan yatan körpəsinə baxdı, nədənsə gözləri yaşla doldu. Göz yaşları körpənin üzünə damdı. Mışıl-mışıl yuxulayan körpə gülümsündü, elə bil. Düşündü ki, qızına ad fikirləşməyib. İlk ağlınagələn “Gülsüm” oldu. Fazil çiyninə toxunan əldən diksindi:

-Ay kişi, — çiynindəki rəisin əli idi. — Bu nə işdi? Gecə yarı, körpə uşağı da qoltuğuna vurub camaatın qapısına getmisən. Hay-küy salmısan, hədə-qorxu gəlmisən, de görüm, nə işdi?

Fazil rəisin kobud səsindən bir narahat oldu, axı, qızı yatırdı. Şəhadət barmağını dodaqlarına aparıb:

-Şşşş..., — dedi.

Rəis udğundu. Alçaq səslə sualına davam etdi:

-Cavab ver. Niyə bu körpənin, həkimin yuxusuna haram qatırsan axı? Bəlkə bu uşağın sənin olduğuna şübhən var?

-Yox...

-Nə yox?

-Şübhəm yoxdu.

-Bəs nə olub? Niyə həkimin qapısını kəsmisən gecə vaxtı? Hə? Ay kişi, cavab ver, susma!

-Üç qızım var, istəyirdim oğlum olsun, yoldaşım buna — qucağındakı bələyi yüngülcə qaldırdı — üzr istəyirəm, hamilə olanda oğlan gözləyirdik — dedi.

-Yaxşı, yaxşı, yekə kişisən. Qız olanda nolar ki? Mənim də 2 qızım var. İndi əskik kişiyəm? Sənnənəm eee... Cavab ver.

-Yox, rəis.

-Bəs, nə həngamədi çıxarırsan? Allahdan çox bilirik?

Fazil bələkdə qımıldanan körpəyə baxdı. Düşündü ki, bu uşağın anasının qucağında mışıl-mışıl yatan vaxtıdı, burda nə gəzir? Yəqin Səbinə dəli olub...

-Fazil, mənə məlumat verəndə ki, şərxoş kişi körpə uşağı qaçırıb, ağlıma yaxşı heç nə gəlmədi. İndi mənim evdə arvad-uşaqla olan vaxtımdı. Sənə görə, pələsəng olmuşam. Gəldim işə ki, o oğraş kimdisə, bir qapaz qoyum ağzının üstünə, amma uşaqlar mənə yolda baş verənləri raport verdilər. A kişi, dur, evinə get, hələ fikrim dəyişməyib, dur, dur...

Ayağa qalxdı. Başını aşağı-yuxarı əyərək rəisə təşəkkür edib dəhlizə çıxdı. Zöhrə on addım aralıda dayanmışdı. Onu görən kimi üstünə yüyürüb uşağı götürmək istədi. Fazil imkan vermədi. Qızını özünə sarı sıxıb idarədən uzaqlaşdı.

news-inner-user

17134 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ölmək sənəti – Ağalar Qut yazır...
17:25 29 Noyabr 2020
“Cinema Radio”nun rəhbəri: “Onun səsi ilahi vergidir” – Müsahibə
17:04 29 Noyabr 2020
Nabokovdan hekayə: Sərnişin
15:30 29 Noyabr 2020
Atası xalq düşməni kimi güllələndi, bir manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı... – Maraqlı faktlar
12:00 29 Noyabr 2020
İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
15:01 28 Noyabr 2020
Bu nədir, Allahı danmaqdır? – Elçin yazır...
13:30 28 Noyabr 2020
"Şəngülüm, Məngülüm" tamaşası onlayn nümayiş olunacaq
12:01 28 Noyabr 2020
Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto
10:27 28 Noyabr 2020
Fuad Poladov: Qızla zirzəmidə görüşdüyümə görə məni məktəbdən qovdular – Müsahibə
09:00 28 Noyabr 2020
Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020