Tərcümə müsabiqəsinin qalibi ilə MÜSAHİBƏ

Tərcümə müsabiqəsinin qalibi ilə MÜSAHİBƏ
19 mart 2015
# 12:47

Kulis bu günlərdə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi “Dəf(i)nə yarpağı” tərcümə müsabiqəsində birinci mükafata layiq görülmüş Təvəkkül Zeynallı ilə müsahibəni təqdim edir. Xatırladaq ki, Təvəkkül Zeynallı birinci mükafatı Amerika yazıçısı Şervud Andersonun “Allahın qüdrəti” əsərinin tərcüməsi ilə qazanıb.

- Təvəkkül bəy, mümkünsə, özünüz haqda məlumat verin.

- Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nurs kəndində doğulmuşam. Bu, Məmməd Arazın doğulduğu kənddir. 5 yaşım olanda ailəm Bakıya köçdü. Orta məktəbi Bakıda bitirmişəm, Xəzər rayonu, 149 saylı məktəbi. Orta məktəbdə oxuyanda İstəyim Beynəlxalq münasibətlər fakültəsinə daxil olmaq idi. Sonra bu fakültə üçüncü qrupa aid ixtisasların arasından çıxarıldı. Həm də balım çatmadı. Amma sonra elə sevindim, yaxşı ki, balım çatmayıb. Tərcümə fakültəsində yüksək təhsil verirlər. Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsini lap təzəliklə bitirmişəm. İndi Bilik Fondunda təcrübə keçəcəyik.

- Sizin fakültədə hansısa ixtisaslaşma varmı? Yəni “Bədii tərcümə” kimi məsələn...

- Biz ingilis dilini hərtərəfli öyrənmişik, yəni bütün mətnləri tərcümə etməyi. Daha çox siyasi mətnləri çevirməyi, sinxron tərcümə... Amma 4-cü kursda bədii tərcümə fənni keçmişik.

- Bədii tərcüməyə marağınız necə yaranıb?

- Birbaşa ədəbiyyata marağımla bağlı idi. Ailə mühitində ədəbiyyata, mütaliəyə böyük maraq var. Mən də mütaliə edirdim. Düzünü desəm, əvvəl tərcümə fakültəsini bir elə istəmirdim. Qəbul olandan sonra bu fakültənin qədrini bildim. Həm də bədii əsərləri də orijinaldan oxuyanda başa düşdüm ki, ayrı zövqdür. Sonra tərcüməyə marağım yarandı, 2-ci kursdan artıq tərcümələr etməyə başladım: Şervud Andersonun hekayəsini tərcümə etmişdim. Zövqünə güvəndiyim insanlar, fakültə dekanımız tərcümələrimi təriflədi. Bu təriflərdən sonra Ernest Heminqueyin iki hekayəsini, Andersondan daha bir hekayə çevirdim.

- Tərcümələriniz harada çap olunub?

- “Yazı”, “Xəzər”, “Azərbaycan” və “Ulduz” jurnallarında, müxtəlif sayt və elektron dərgilərilərində...

- Tərcümə edəcəyiniz əsəri özünüz seçirsiniz, yoxsa sifarişə baxır?

- İki il əvvəl “Qanun” nəşriyyatına müraciət etmişdim işlə bağlı. Onlar mənə Aqata Kristinin əsərini təklif etdilər. Həm məvacib, həm də müəllifə görə işbirliyimiz alınmadı. Yəni, müəllif mənim üçün vacibdir. Şervud Andersonu mənə əmim məsləhət görmüşdü. Oxudum, çox təsirləndim, onun böyük yazıçı olduğunu gördüm. Anderson layiq olduğu şöhrəti tapmayan Amerika yazıçısıdır. Heminqueyin müəllimi olub.

Yəni, adətən öz istəyimlə tərcümə edirəm. Hansı əsəri sevirəmsə, onu edirəm. Əgər əsəri sevdimsə, onun əvvəllər tərcümə olunduğuna belə baxmadan çevirirəm. Çünki bizə ingilis ədəbiyyatından tərcümələr adətən ikinci dildən – rus dilindən tərcümə olunub. Bu da, sözsüz ki, keyfiyyətə öz təsirini göstərir. Hətta orijinaldan tərcümələr var ki, o tərcümələr məni qane etmədiyi üçün əsəri bir də özüm çevirmək istəmişəm.

- Məsələn?

- Məsələn, Cek Londonun “Ocaq qalamaq” adlı bir hekayəsi var. O əsərin tərcüməsi üzərində işləyirəm. Yəni, yazıçı məşhur olsa belə əsər xoşuma gəlmirsə onu tərcümə etmək təşəbbüsündə bulunmuram.

- Dünya ədəbiyyatından, Azərbaycan ədəbiyyatından oxuduğunuz, təsirləndiyiniz müəlliflər kimlərdir?

- Dünya ədəbiyyatını daha çox orijinalda oxumağa çalışıram. Tərcümədən o zövqü ala bilmirəm. Son zamanlar Orxan Pamuku çox oxuyuram. Amerika Ədəbiyyatından Ernest Hemenqueyi, Şervud Andersonu çox oxuyuram. Cek Londonun, Somerset Moemin əsərlərini də sevirəm.

Azərbaycan ədəbiyyatından Vaqif Bayatlı və Ramiz Rövşənin şeirlərini çox oxumuşam. Gənc şairlərdən Aqşin Yeniseyi və Qismət Rüstəmovu çox oxuyuram. Şərif Ağayarın hekayələr kitabını oxumuşdum. Orda çox güclü hekayələr var. Şərifin gözəl yazıçı olduğunu düşünürəm.

- Bizim ədəbiyyatdan hansısa əsərləri ingiliscəyə çevirməyi təcrübədən keçirmisinizmi?

- Azərbaycan dilindən ingiliscəyə çevirmək yalnız ingilis mühitində yaşayıb, o dilin bütün ruhuna bələd olan adamlar üçün asan olar. Yəni, çevirmək olar, amma onun bədii keyfiyyəti istənilən olmayacaq.

- Yəni tərcümədə çevirdiyin dili yaxşı bilməlisən.

- Həqiqətən belədir. Orijinal dili zəif də bilə bilərsən. Amma hədəf dili, yəni hansı dilə çevirirsənsə, o dili mükəmməl bilməlisən. Məncə, uğurlarım Azərbaycan dilini yaxşı bilməyimdir.

- Universiteti bitirirsiniz, nə işlə məşğul olmaq fikriniz var?

- Ədəbiyyatı çox sevdiyim üçün vaxtımı ədəbiyyatdan kənar işlərə sərf etmək niyyətində deyiləm. Amma yaxşı bir iş təklif olsa, onu ədəbiyyata, bədii tərcüməyə ayıracağım vaxtla uyğunlaşdırıb işləyəcəyəm. Yəni, işə baxır...

- Özünüz nəsr, ya şeir yazırsınızmı?

- Şeir də, nəsr də yazıram. Üzə çıxarmaq fikrində deyiləm. Onları kimlərəsə təqdim edib onların fikrini bilməkdən çəkinirəm. Bu mətnlərin yaxşı nümunələr olduğunu düşünürəm, amma hələ ki, onları üzə çıxarmaq niyyətim yoxdur.

- Şeir tərcümə etmisinizmi?

- Bayrondan tərcümə etmişdim. Ürəyimcə olmadığı üçün ortaya çıxarmadım...

# 1001 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #