Sevgi və...

Sevgi və...
27 fevral 2015
# 11:25

Həyət qapısının girəcəyində hər gün bir it görürdüm. Onu hər gün orda görməyim diqqətimi çəkdi. Səhər-axşam işə gedəndə də, gələndə də baxırdım ki, sakitcə, adam kimi oturub kimisə gözləyir elə bil. Bu səhnə mənə Riçard Girin məşhur “Xaki” filmini xatırladırdı.

Hər səhər qızımla ona baxıb gülümsəyib yanından keçirdik. İt də elə bil bizim ona sevgimizi duymuşdu, bizə baxıb utancaq qız uşağı kimi başını aşağı salırdı. Bir gün gördük ki, Xakimizin başı yaman qarışıb, bizim ordan keçdiyimizi elə bil duymadı heç. Özü kimi balaca, yaraşıqlı ağ bir itlə elə atılıb-düşür, elə oynaqlayırdı ki, həmin anda it dünyanın ən xoşbəxt canlısı idi. Qızıma dedim ki, Xakinin gözlədiyi gəlib çıxıb deyəsən, daha tək deyil, darıxmayacaq.

Səhəri gün biz keçəndə Xaki dostu ilə oyunundan bir anlıq ayrılıb bizə göz atdı, sonra da qayıtdı öz bəxtəvərliyinin arxasınca. Allah haqqı, qınamayın məni, elə bil it dedi ki, sizi də görürəm, unutmamışam, amma bu anlar mən çox xoşbəxtəm.

Beləcə xeyli vaxt onun təkliyini, elə bil kimisə gözləyib darıxdığını müşahidə etdiyimiz kimi, bir neçə gün də xoşbəxtliyinə şahidlik elədik. Səhər-axşam onun sevincinə şərik olub keçirdik bu cütlüyün yanından.

Bir gün işdən gələndə nə Xakini, nə də rəfiqəsini gördüm.

Qızım məndən əvvəl gəlmişdi məktəbdən, o, da mən evə çatan kimi Xakini soruşdu, dedim yox idi orda. Səhərisi də eyni vəziyyətdə bir-birimizdən Xakimizi xəbər aldıq.

Üçüncü gün mən evə gələndə qızımın ağlamaqdan gözlərinin şişdiyini gördüm. Məni görüb daha da kövrəldi: “Ana, namərd insanlar Xaki ilə dostunu güllələyiblər. Niyə vurublar ana, niyə, onlar insanlara neynəyirdi ki?”

Qızımın verdiyi xəbər mənə itə dəyən güllədən betər dəymişdi, bir yandan da onun ardıcıl düzdüyü sualları qarşısında aciz qalmışdım.

Özümü vəziyyətdən çıxardıb – yəqin quduzluqları varmış itlərin-dedim, biz bilməmişik və özüm də öz cavabının “falşivkalığından” utandım. Ürəyimdə qızımın yerinə özüm öz cavabımı verirdim – quduzlaşan itlər deyil, insanlardır-deyirdim.

Hadisədən hardasa bir həftə sonra “Gənclik”də yolumun üstünə bir it çıxdı, yağışlı gün idi. İt həm islanmışdı, həm də bəlli ki, aclıqdan yeriməyə taqəti yox idi. İşıqforda dayanmışdım, it maşının qabağına sürtünərək əks tərəfdən gələn maşının qarşısına keçdi. Xoşbəxtlikdən o maşının da sükanındakı qadın idi, maşını saxlayıb gəlib düz itin qarşısında çökdü, sığalladı onu. Ürəyimdən keçdi ki, kaş, əlimdə yeməyə bir şey olaydı, verəydim itə. Qadın da deyəsən mən anlayanı anlamışdı, yenidən maşına minib onu kənara çəkib saxladı, içəridən əlində kağıza bükülmüş nə isə çıxdı, itə yaxınlaşıb onu yemləməyə başladı. İşıqfor yandı, mən sürüb getdim, amma güzgüdən o mənzərə itincəyə qədər seyr etdim bu ecazkar səhnəni. Əli Kərim demiş, daha heç nə demirəm, nöqtə, nöqtə və nöqtə.

# 2103 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #