"Hərdənbir Kürdəmirdən də ötə gərək adam..." - Ələkbər Salahzadənin anım gününə

"Hərdənbir Kürdəmirdən də ötə gərək adam..." - Ələkbər Salahzadənin anım gününə
1 sentyabr 2026
# 10:30

Kulis.az Coşqun Xəliloğlunun "Hərdənbir Kürdəmirdən də ötə gərək adam" yazısını təqdim edir.



ŞAİR ƏLƏKBƏR SALAHZADƏNİN ANIM GÜNÜNƏ

Ələkbər Salahzadənin imzası ilə çoxdan tanış olsam da, onun doğulub boya-başa çatdığım Kürdəmirə həsr etdiyi şeiri tələbə olarkən oxumuşdum. Bu şeir mənim duyğularımı qəribə bir ovqat üstə kökləmişdi. Əsərin ilk iki misrası yaddaşıma elə hopdu ki, illər keçsə də, həmin sətirləri heç zaman unuda bilmədim:

Hərdənbir
Kürdəmirdən də ötə gərək adam,
Kürdəmir də gərək keçə
hərdən adamdan...

Bu şeiri oxuduqdan sonra şairə qarşı qəlbimə yaxın, doğma bir hiss yarandı və onu daha çox sevməyə başladım. Harada şeirlərinə rast gəlsəydim, sevə-sevə, böyük həvəslə oxuyurdum. "Bir də gördün" şeiri isə insanı tamamilə fərqli düşüncələrə aparırdı:

Bir də gördün uşaqdı adam,
Bir də gördün babadı.
Bir də gördün oğuldu adam,
Bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
Bir də gördün fotodu.
Bir də gördün oddu adam,
Bir də gördün ot oldu.
Bir də gördün adamdı adam,
Bir də gördün ad oldu.

2003-cü ildə, heç zaman məndən xeyirxahlığını əsirgəməyən “Şirvannəşr”in direktoru, eyni zamanda “Cik-Cik” qəzetinin baş redaktoru, yazıçı Qəşəm İsabəyli hekayələrimi oxuyub bəyəndiyini bildirdi. Mənə yazılarımı “Ulduz” jurnalına təqdim etməyi məsləhət gördü: “Ələkbər Salahzadə obyektiv insandır, xoşuna gəlsə, dərc edəcək. Mən də ona deyərəm”, – əlavə etdi.

Bir neçə gün sonra “Ulduz” jurnalının redaksiyasına getdim. Ələkbər müəllim məni kabinetində xoş təbəssümlə qarşıladı. Qəşəm müəllimin salamını yetirdim. Köhnə tanışlar kimi mənimlə səmimi söhbət etməyə başladı. Kürdəmirin Mollakənd kəndindən olduğumu biləndə maraqla soruşdu:

– Xəlil İbrahimovu tanıyırsan? Yazılarını oxumuşam, vaxtilə respublika mətbuatında fəal çıxış edərdi. Son zamanlar imzasına rast gəlmirəm.
– Atamdır, 1999-cu ildə rəhmətə gedib, – dedim.
– Allah rəhmət eləsin! – dedi.

Qeyd edim ki, atam əvvəllər SSRİ Jurnalistlər İttifaqının, sonra da Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmaqla yanaşı Mollakənd kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, metodist-müəllim idi. 46 il gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, respublikanın demək olar ki, bütün mərkəzi qəzet və jurnallarında müxtəlif mövzularda, xüsusilə təhsil sahəsinə aid maraqlı məqalələr, oçerklər, hekayə və felyetonlarla çıxış etmişdi.

Ələkbər müəllim “Muradqulunun dərsi” adlı hekayəmin əlyazmasını alıb, bir az göz gəzdirdi və “Qoy qalsın, baxacağam”, – dedi.
Təxminən 20-25 gün sonra Ələkbər müəllimə zəng elədim. Hal-əhval tutduqdan sonra hekayəmin taleyini soruşdum. Mehriban və sevincli bir səslə cavab verdi:
– Hekayən çıxıb, jurnalı hələ almamısan?
Şairə dərin təşəkkürümü bildirib dəstəyi asdım.

Bir müddət sonra yenidən iki hekayəmi redaksiyaya apardım. Ələkbər müəllimlə foyedə qarşlaşdıq. Məni görüb salamlaşdıqdan sonra, əlimdəki kağızlara işarə edərək “Ver bura”, – dedi və əlavə etdi:

– Yazı dilin yaxşıdır. Amma çalış, daha çox oxu. Həm Azərbaycan yazçılarının əsərlərini, həm də dünya ədəbiyyatının nümunələrini mütaliə et.
Sonra isə Yazıçılar Birliyinin kassasını nəzərdə tutaraq gülümsədi:

– Aşağı düşəndə qonorarını da alarsan, hər nədirsə...

Ə. Salahzadə “Ulduz” da redaktor olduğu dövrdə bir neçə hekayəm “Coşqun İbrahimli” imzası ilə jurnalın səhifələrində işıq üzü gördü. 2004-cü ildə o, “Qobustan” jurnalına baş redaktor təyin olundu. “Tar” adlı hekayəmi və müasir Azərbaycan aşıq ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Aşıq Əhməd Rüstəmova həsr etdiyim “Cavan ürəkli aşıq” adlı məqaləmi “Qobustan” toplusunun səhifələrində görmək sevincini mənə yaşadan məhz Ələkbər müəllim oldu. Ələkbər müəllim əsl ziyalı, saf və təmiz əqidəli, milli ruhlu şəxsiyyət idi.

İşlərimlə əlaqədar adətən onun yanına gec-gec gedə bilirdim. Amma hər dəfə görüşəndə sanki ən doğma insanla qarşılaşırdım. Mən onu indi də tez-tez xatırlayır, dünyasını dəyişmiş mənə ən əziz, ən yaxın insanlardan biri hesab edirəm. Azərbaycan poeziyasının parlaq, sönməz, əbədi ulduzlarından olan Ə. Salahzadənin bənzərsiz yaradıcılığı və şəxsiyyəti haqqında çox yazılıb, şübhəsiz ki, bu gözəl missiya həmişə davam edəcək.

Sentyabrın 1-də sadə, təvazökar, humanist, ədalətli insanın, böyük söz ustasının anım günüdür.

Mən də bu münasibətlə həmin əziz xatirələri vərəqləyərək kiçik yazını qələmə alıb sizə təqdim etmək istədim. Ürək sözlərimi doğma vətənin tərənnümünə həsr olunmuş, hər misrasından sehr, qəribə bir doğmalıq və şirinlik süzülən şeirin tam mətnini mənə göndərən, şairin tədqiqatçısı və yaxın dostu olmuş, tənqidçi-ədəbiyyatşünas Zakir Məmmədə dərin təşəkkürümü bildirməklə, “Kürdəmir” şeiri ilə tamamlamaq istəyirəm:

Hərdənbir
Kürdəmirdən də ötə gərək adam,
Kürdəmir də gərək keçə
hərdən adamdan...
Yara-yara adamı
İstisi gərək keçə.
Şərabının
başına vurub çıxan
tüstüsü gərək keçə.
Şitdənmiş yemişi,
şoran bircə qarışı,
duzu yuyulmuş torpaqları gərək keçə.
Kirpiyində od götürən
nar bağları gərək keçə.
Qatarların vaxtlı-vaxtsız
reysləri gərək keçə.
Fit səsləri altında
ekvator-relsləri gərək keçə.
Bir qocanın
“Hophop” şeiri kimi tünd sözləri,
Uşaqların
qatarlara baxmaqdan
iri-iri gözləri gərək keçə.
Yazbaşları
İşlənib-sökülmüş yol – palçığıyla,
aranıb-daranmış çol – paklığıyla gərək keçə.
Hər şey, hər şey
çılpağlığıyla gərək keçə.
Nəğməsindən gərək keçəsən
Ağacında quşun da.
Bu yurd hər bir yerindən
Gərək qala huşunda!
hərdənbir
Kürdəmirdən də ötə gərək adam,
Kürdəmir də gərək keçə
Hərdən adamdan!...

# 175 dəfə oxunub

Oxşar xəbərlər

Lori Andersonun yeni əsəri 88 il gizli qalacaq - Səbəb

Lori Andersonun yeni əsəri 88 il gizli qalacaq - Səbəb

10:09 1 sentyabr 2026
Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – Reportaj

Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – Reportaj

08:50 1 sentyabr 2026
Britaniya 71 milyonluq Rembrandt tablosunun ölkədən çıxarılmasına qadağa qoydu

Britaniya 71 milyonluq Rembrandt tablosunun ölkədən çıxarılmasına qadağa qoydu

18:40 31 avqust 2026
Dolli Partonun zaman kapsulundakı mahnısı – 2045-ci ildə yayımlanacaq

Dolli Partonun zaman kapsulundakı mahnısı – 2045-ci ildə yayımlanacaq

18:38 31 avqust 2026
Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?

Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?

18:15 31 avqust 2026
Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

17:30 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər