Oğlunun qəbrini açan ata

Oğlunun qəbrini açan ata
26 fevral 2015
# 08:00

Yeniyetməydim. Qonşumuzun oğlunun Əfqanıstandan cənazəsi gəlmişdi. Bu həm də kəndin içində bir neçə rus əsgərinin görünməsi, mövzu qıtlığı çəkən kənd camaatının danışmağa neçə gün söz tapması demək idi.

Budəfəki rus əsgərləri yerli rütbəlilərlə birləşib, tabutu açmağa qoymamışdılar. Söhbət gəzirdi ki, tabutda cəsəd - filan yoxdu. Camaat pərt idi, çırtma vursan, qanı çıxardı. Amma heç kim etiraza cəsarət eləmirdi. Bu, kənd əhlinin sovet hakimiyyətinə ən biabırçı məğlubiyyəti idi.

Bir neçə il əvvəlki hadisə hamının yadındaydı. İçində nə olduğunu bilməyən tabutu oğul adıyla dəfn edən bir ata on gün sonra qəbri açmışdı. Necə, hardan xəbər tutmuşdularsa, atanın başına gəlməyən oyun qalmamışdı. Ona görə də bu dəfə hamı susurdu.

Qonşumuzun oğlu adıyla kəndə gəlmiş tabutu camaat aparıb sakitcə dəfn elədi. Həmin axşam evdə atam növbəti dəfə Sovet hakimiyyətinin qabırğasına əməlli-başlı döşədi. O gecə mən həyatımda ilk dəfə səhərə qədər yata bilmədim. Sovet qoşunları, onların qanını tökdüyü həmvətənlərim haqqında şagird dəqiqliyi-xronoloji ardıcıllıqla düşündüm. Sovet hakimiyyəti qurulanda qurban gedən ilk nəsil, onların yetim qalan sonrakı nəsli, Böyük Vətən müharibəsində dünyanın müxtəlif ölkələrində canını tapşıran nəsil, sonra da onların yetim qalan balaları. Və nəhayət, Əfqanıstan mərhələsi.

Bu son dövr mənə daha absurd, daha faciəli gəlirdi. Düşünürdüm ki, atanın öz oğlunun tabutunu açmağa ixtiyarı olmaması artıq kulminasiya nöqtəsidi. Sonra gələcək haqda xəyallar qururdum, azad Azərbaycan, müstəqil ordu barəsində, fikirləşirdim ki, heç olmasa, mən onu görəcəyəmmi, görəsən, bizim nəsli nə gözləyir?!

Bəlkə ilk oyaq qaldığım gecə olduğu üçün belə dəqiq xatırlayıram, o axşam elə istəyirdim ki, nəsə bir möcüzə ola, iyirmi-otuz il sonranı bir anlığa görəm. Yaxşı ki, o möcüzə olmayıb. O vaxt, hələ bu qədər zərbə almamış psixologiyama indiki mənzərə necə təsir edərdi, təsəvvür eləmirəm.

Amma kulminasiya barəsində haqlıydım, sonra yavaş-yavaş razvyazka başladı və sonra final-qırmızı ordunun qanımızı elə öz paytaxtımızdaca axıtması-20 Yanvar. Sovet ordusuna faktiki qurban verdiyimiz son nəsil. Sonra Xocalı, sonra öz torpaqlarımız uğrunda öz müharibəmiz. Bundan sonrakı dövrün xronoloji ardıcıllığı hamımızın yadındadı. Amma məntiqi ardıcıllığı inanmıram kimsə tamamlaya bilə.

Görəsən, mən həmin gecə o dövrdən bu zamanı, o müstəmləkədən bu müstəqilliyi, o əyalətdən bu paytaxtı, o sosializmdən bu kapitalizmi, o “dinc quruculuqdan” bu “atəşkəsi” görsəydim, hər şey mənə necə çatardı, daha ədalətlimi?! Öz torpaqlarımız uğrunda həlak olub ata-anasının üstünə meyiti gəlmiş həmvətənlərimin ölümü daha məntiqlimi görünərdi, ümumən ölümün məntiqlisi olurmu?! Kənd camaatımı, qonşumun oğlanlarını, atamı daha xoşbəxtmi görərdim, udmuşmu, uduzmuşmu hesab edərdim, bilmirəm.

Biz o yaşdan bu yaşa, o formasiyadan bu formasiyaya, o imperiyadan bu respublikaya, o kənddən bu şəhərə, o davadan bu müharibəyə, o tabutdan bu tabuta elə qəribə keçid elədik ki, nəyin necə baş verdiyini anlamadıq. İndi bütün olanlar barədə nəinki bir gecə, heç bir saat da düşünməyə, hər şeyi analiz etməyə gücümüz qalmayıb. Çünki insan mahiyyət etibarıyla nikbindi, ən möhkəm ağrını belə unutmağa çalışır.

Bu yaxınlarda Vüsalə Məmmədovanın Qarabağ müharibəsindən bəhs edən “Əsir düşərgəsi” adlı silsilə söhbət-müsahibələri yayımlandı. Şəxsən mən o yazılar qarşıma çıxanda çaşırdım, keçmiş əsirlərin söhbətini açıb oxumaq əvəzinə gözümdən itirirdim, sonra ürəklənib qayıdır, bir abzas oxuyur, sonra yenə uzaqlaşır, yenə qayıdırdım. O dəhşətin şahidlərinin, qurbanlarının bizim aramızda yaşamalarını, hələ də o ağrını canlarında diri gəzdirmələrini və hər şeyin hələ də bu qədər təzə olduğunu xatırlamaq insana əzab verir. Çünki yaranın üstündəki qaysağı düşünmək daha xoşdu, nəinki qaysağın altındakı yaranı.

# 880 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #