“Qətl günü”, “Dəyirman” və xaş

“Qətl günü”, “Dəyirman” və xaş
25 fevral 2015
# 13:44

Bu günlərdə “Çağdaş Azərbaycan povesti” kitabını təkrar oxudum. Sabir Əhmədlinin “Qanköçürmə stansiyası”, Əkrəm Əylislinin “Kür qırağının meşələri” və Mövlud Süleymanlının “Dəyirman” povestləri məni elə bir heyranlıq mərtəbəsinə gətirdi ki, ifadə edə bilmirəm.

O saat yadıma Yusif Səmədoğlunun “Qətl günü” romanı ilə bağlı polemika düşdü. Bildiyiniz kimi, bu əsər Kulis.azın keçirdiyi geniş sorğuda Azərbaycanın ən yaxşı romanı, dolayısı ilə, ən yaxşı nəsr əsəri seçilmişdi. Hətta, ən maraqlısı, Əkrəm Əylisli kimi yazıçı da məhz “Qətl günü”nü seçmişdi. Çox yəqin ki, Anarı qıcıqlandırmaq üçün...

Çoxunu eyforiyaya salan “Qətl günü”nə münasibətimə görə dostlardan məni lağa qoyanlar, intellektual ədayla dalımca həzin-həzin qımışanlar da oldu. Guya bunlar elə şeylər bilirlər ki, bizim onlardan xəbərimiz yoxdur. Bunlar dəhşətdirlər! Mövlud Süleymanlını keçilmiş mərhələ sayırlar. Bəli! Bəli! Çox arxada qalıb. Biləcərini keçə bilməyib. Guya Biləcəriyəcən gəlmək halvadı!

Nəymiş: Yusifi Səmədoğlunu lazımı qədər anlamıram!

Bah!

Məzəniz olsun!

“Qətl günü” pis əsərdir demirəm, Azərbaycanın ən yaxşı əsəri deyil deyirəm.

Mirzə Cəlildən, İsa Hüseynovdan ayıbdır deyirəm.

60-cılara bu müti aşiqlik qüsurludur söyləyirəm.

Bəli, bu romanda onun qələmə alındığı 80-ci illər üçün olduqca orijinal hesab olunan fəndlər var. Mətn içində mətn, zaman paralelləri, intertekstuallıq, ironiya, alleqoriya, eyni mətndə dilin həm zaman (orta əsrlər və müasir dövr), həm məkana (kənd və şəhər) uyğunlaşdırılması, Molla Pənah Vaqif, Hüseyn Cavid və Səməd Vurğun əsas götürülməklə Azərbaycan ədəbiyyatındakı şair obrazının uğurlu ümumiləşdirilməsi və s. danılmaz faktlardır. Amma və lakin, məsələn, Mövlud Süleymanlının “Dəyirman”ında elə bir enerji, dilin elə bir qatı, ruhun elə bir pərvərişi var ki, o daha əlçatmaz, daha sirli görünür. Bunlar eyni ilə, misal üçün, Yunus Əmrə şeiri ilə Ramiz Rövşən şeirinin fərqi kimidir. Bu fərqi axıracan izah etmək mümkün deyil. Çünki bu bir ruh halıdır və sadəliyi “şəhər yazarları”nı aldada bilər, onlara primitiv görünər. Biri deyər: “Bir dost bulamadım gün axşam oldu”. O biri qayıdar: “Nə var axı burda? Dost tapmadım, axşam düşdü, hə, nə olsun?”

Bəlkə doğrudan da, nə olsun?! Lap deyək, tapmadın, bunun mətləbə nə dəxli? Tapsan nə olasıdı? Ciddidən-ciddiyə orta əsrlərdə o qədər də tanınmayan bir şairin özünə dost tapa bilməməsi böyük ədəbiyyat konusu ola bilməz axı. Di gəl ki, Pirsultan Abdalın “Dəyirman” povestində oxunan və povestin ovqatına inanılmaz bir səmimiyyətlə hopan bu misrası ədəbiyyatın elə bir ərşü-əlasındadır ki, onu heç barmaqla da göstərmək mümkün deyil. Ən yaxşısı susmaqdı. Nəyi, kimə, necə izah edəsən? Sirr yalnız sənə görünür. Görünür yox eee... yaman günə qoyur səni. İçini didib-tökür. Amma səni başa düşmürlər, içini bürüyən sonsuz işığı kiməsə göstərə bilmirsən. Ən yaxşısı – sən də gülə-gülə üzünü çevir və get evinə...

Balaca bir misal çəkim...

Maşına çoxlu yük vuranda yaxşı yerimir. Yükü bir anlıq intellekt, mühərriki həmin “izaholunmaz nəsnə” ilə təşbeh edək. Yusif Səmədoğlu maşına çoxlu yük vurub, mənzil başına ölüm-zülüm gəlib çatır. Mövlud Süleymanlının yükü və mühərriki biri-birinə elə dəqiqliklə biçilib ki, bunu bir insanın qələmə aldığına inana bilmirsən.

“Qətl günü” o vaxt Azərbaycanın ən yaxşı nəsr əsəri olardı ki, toxunduğu dərin mətləblərin bədii həlli “Dəyirman”ın dil və ruh qatında işlənəydi. Halbuki Yusif Səmədoğlunun ora nəinki əli çatmayıb, heç ünü də yetməyib.

Məqsəd çoxlu yük götürmək deyil, mənzilə çatmaqdır. Əks halda, yeriməyən maşına istədiyiniz qədər yük vurun.

Allah qüvvət versin!

***

Yaradıcılığın insan beynindən kənarda bir qüvvə ilə bağlı olduğuna şübhə eləmirəm və bu yaşda məni heç bir “hoqqa” ilə heyrətləndirmək olmaz. Mən o vaxt heyrətlənirəm ki, oxuduğum mətndə o “izaholunmaz dünya” ilə həqiqi bağlantı görürəm. “Qətl günü”ndə bu bağlantı yalançıdır, sünidir, uydurmadır, “Dəyirman”da, isə, az qala hər səhifədə qarşına çıxıb səni heyrətə salır. Söz hissiyyatında "qısaqapanma” olan bəzi yoldaşlar problemi özlərində və “ən böyük yazıçıları”nda deyil, məndə axtarırlarsa, cavabım budur: “Şənbə günü xaşa gedək!”

# 1087 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #