Dubaya gedən Reyhan

Dubaya gedən Reyhan
24 fevral 2015
# 08:52

Solmaz xalayla Əhliman kişinin müştərək istehsalı olan alagöz Reyhanın 30 yaşının arxasınca gözlərindən su atıb yaylıq yelləməsindən iki il keçir. Hələ ailə qurmağa tələsmir.

Ata-anası qərara gəlib ki, evlilik barədə söz açıb Reyhanı darıxdırmasınlar. Solmaz xala dalbadal üç oğlan doğandan sonra istəyib, dükanının qapısını möhürləsin. Amma Əhliman qır-saqqız olub yapışıb arvadının ətəyindən. Deyib, mütləq qız doğmalısan, rəhmətlik anamın adı yerdə qalıb. Ərinin sözünü yerə salmayıb Solmaz xala...

Çox istəyirlər Reyhanı. Ancaq son vaxtlar ürəklərində qızlarına bəslədikləri övlad məhəbbəti daha da şiddətlənib. Bu yanğına səbəb qızlarının köçəri quşlar kimi Dubaya üz tutmasıdı. Darıxırlar. Bərk darıxırlar...

Solmaz xala xeyir-şərdə yeri düşdü-düşmədi, dilinə dinclik vermir. And içib hamını inandırmağa çalışır ki, qızı Dubaya müalicəyə gedib. Deyir, heç bilmirəm, balamı hardan tapdı bu xəstəlik. Qəfildən çanağı başladı ağrımağa. Yuxusu ərşə çəkildi ağrıdan. Həkim-həkim gəzdik. Çarə eləyən tapılmadı. Montində yəhudi həkim var, gedib yazıldıq qəbuluna. O, Reyhanımı hərtərəfli müayinə eləyəndən sonra dedi ki, qızın müalicəsi ancaq Dubayda mümkündü. 5-6 ay Ərəbistanda birhürgüclü dəvəyə minib gəzməlidi. Məcbur olub göndərdim. Yoxsa mən Dubaya qız buraxardım?

Sözünü bitirib baxır qonşu arvadların üzünə. Hamı üzə düşüb deyir, ürəyini sıxma, sağalar inşallah. Solmaz xala ucadan “Amin” deyib əlindəki güllü dəsmalı sıxır gözlərinə. Əhliman kişidən qızını xəbər alanda qımışır yavaşdan. Sonra tez özünü ələ alıb pələ bığları ilə dodaqlarına qonan təbəssümün üstünü örtür. Deyir, iş yerindən göndəriblər yaxşı işçi olduğuna görə.

Reyhanın xırda bir idarədə gününü gün elədiyini çox adam bilir. Vəzifəsi də o qədər böyük deyil, apar-gətir işlərinə baxır.

Əhlimanı utandırmaq istəməyənlər hisslərini səslərinə büküb udsalar da ağsaqqal qəti həya eləmir xalqın ağlı başında dərsə gedib, universitetdən gələn qızlarına şər yaxanda.

Reyhan bu yaxınlarda atasına papaq, anasına kəlağayı, böyük qardaşına sulu qəlyan göndərib Dubaydan. Hədiyyə bağlamasının içindən qızlarının yarımüryan vəziyyətdə ərəb şeyxinin qucağında oturub şeyxin topa saqqalına ilişmiş düyü dənələrini arıtlayan vaxt çəkdirdiyi bir-iki şəkil də çıxıb.

Adamdan və əhli-imandan sayılmayan Əhliman hərdən qızı göndərdiyi papağı başına qoyub çıxır evdən. Tanış-biliş gözlərini zilləyir papağa. Baxışlarda yanan nifrət odundan niyə bu bihörmətin börkünə yanğın düşmür? Qəribədi...

Reyhanın atasını görəndə həmişə yadıma bir rəvayət düşür:

Deyirlər, günlərin birində padşah və vəziri təğyiri-libas olub çıxırlar saraydan. İstəyirlər, bu üsulla ölkədə olub-bitəndən xəbər tutsunlar. Qaranlıq düşəndə gəlib çatırlar başqa şəhərə. Bu dəm ildırım çaxır, göy guruldayır. Yağışdan daldalanmaq üçün qaçıb girirlər xarabalığa. Padşahı titrəmə tutur soyuqdan. Vəzirinə deyir, dur bax gör, xarabalıqda nəsə tapa bilirsənmi üstümə örtüm?

Az keçmiş vəzir gəlib deyir, padşah sağ olsun, bir şey tapdım, amma utanıram deməyə. Padşah soruşur, nə tapmısan? Vəzir, arxasında gizlədiyi eşşək palanını göstərir. Padşah utandığından başını qoltuğunda gizləyib pıçıldayır: “Vəzir, adını çəkmə, ört üstümə...”

# 791 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #