news-inner
clock12:41 calendar-gray 11 Fevral 2015 view-gray152 dəfə oxunub
view-gray152 dəfə oxunub

AXMAQ!!!

Nargis (Nərgiz İsmayılova)

Siqareti yandırıb tüstünü içinə çəkdikdən sonra gözlərini eyvandan görünən qarlı dağlara zillədi. Sonra düşüncəsindən bezmiş kimi nəzərlərini otaqda cəmləməyə çalışdı. Mənə gördüyüm ilk andan maraqlı gələn bu adamı özünə hiss etdirmədən izləmək çətin idi. Çünki baxışları və hərəkətlərisəbirsizdi. Nəzərlərimiz bir neçə dəfə toqquşmuşdu. Mənim ona baxdığımı görməzlikdən gəlmişdi. Mən də əslində bunu istəyirdim. Çünki o məni bir kişi kimi maraqlandırmırdı, buna ehtiyacım yox idi. Üstəlik o kişi kimi zövqümə uyğun da deyildi. Qaldığımız oteldə kifayət qədər yaraşıqlı adam var idi.

Ancaq bu adam onların arasında belə diqqət çəkirdi. Öz-özümə düşünürdüm ki, bu adamda qeyri-adi nəsə var. Sonra bu fikrimə özüm də inanmırdım. Çox sadə və zövqsüz geyinirdi. Bir dəfə səhər foyeyə düşmüşdüm, o da resepsionda idi, əyninə geyindiyi qırmızı şortikinə baxıb, ucadan gülmüşdüm. Dönüb baxmışdı mənə və mən üzümü çevirib uzaqlaşmışdım. Mənə çox əsəbiləşdiyini düşünürdüm. Sonralar onunla rastlaşdıqda bu hadisəni mənə söyləyəcəyindən çəkinirdim. Nə cavab verəcəkdim?

Deyərəm ki, sən deyəsən özünü çox vacib adam hesab edirsən, sənə gülən kimdi, falan-filan... Bunları düşündüyüm anda o üzümə belə baxmadan yanımdan səssizcə ötüb keçərdi. Bu adam məni gün-gündən maraqlandırırdı. Onda “ötəki” tipi var idi. Yəni sıradan biri deyildi. Sanki bu dünyaya səhvən tullamışdılar onu, hava ilə, su ilə, torpaq ilə, özü ilə belə davalı idi. Heç kimlə yola getməyən, əsəbi adama oxşayırdı. İynə vaxtı yetişən narkomanlara bənzəyirdi elə bil. Onun dərdi nə idi görəsən. Bəzən düşünürdüm ki, mən buraya istirahətə gəlmişəm, bu kimdir ki, haqqında bu qədər düşünürəm. Hətta özümə söz də vermişdim, bir də onunla maraqlanmayacağam.

Özümə verdiyim sözləri heç vaxt tuta bilmədiyimi də əvvəlcədən bilirdim. Amma qərarlı idim. Bir dəfə dənizin kənarına oturmuşdum. Ayağımla qumda qəribə şəkillər çəkirdim. Əslində şəkil bəhanə idi, diqqətimi toplaya bilmirdim nəsə. Birdən bir əl burnuma toxundu: – “Yox estetik deyil”, – demişdim axı sizə. Diksindim, dəli kimi ayağa qalxdım. Mənə kiminsə

toxunmağından lap zəhləm gedirdi, üstəlik dalğın olduğum üçün bu mənə həmin an çox pis təsir etmişdi.

- Bu nə deməkdir? Sənin başın xarabdı deyəsən?

Yanındakı adamlar gülüşürdülər. Mən onu itələyib, oradan uzaqlaşdım. Öz-özümü danlayırdım: “Elə əcəb oldu sənə, adama bu qədər baxandan sonra səni bu cür biabır edib güləcək də, hələ o biri tərəfə də keçəcək”. Çox əsəbi idim, otağa getdim, uzandım, gözümü açanda axşam idi. Neçə saat idi yatmışdım. Bunların yuxu olması üçün dua edirdim, ancaq bilirdim ki, yuxu deyil. Əl-üzümü yudum, geyindim və aşağı düşdüm. Acından ölürdüm, bir tünd çay və siqaretin də yeri var idi yaman... O hadisəni düşünməməyə çalışırdım. “Suyun lal axanı, adamın yerə baxanı” ... Boşuna deməyibmiş atalarımız. Xatırlayanda qeyri-iradi olaraq “axmaq” deyirdim ona içimdə. Ona niyə bu qədər əsəbiləşdiyimi bilmirdim, əslində bilirdim... Həmişə insanları gözümdə çox böyüdürəm, onda da qeyri-adi bir şeylər axtarırdım. Amma qeyri sözü artıq imiş... Aşağı düşüb yeməkxanaya getdim, qarşıma çıxan ilk yeməyi sorğu-sualsız qabıma doldurub, dəli kimi yedim. Sonra bir fincan çay götürüb, ofisiantın kinli baxışlarına əhəmiyyət verməyib çölə çıxdım. Otelin içi meşəlik idi.

Skamya axtara-axtara meşənin içərilərinə doğru irəlilədim. Və tapdım, oturdum. Bu anda kimsə burnuma toxundu, dəli kimi ayağa tullandım, stəkanı qeyri-iradi mənə toxunan əlin səmtinə tulladım. “Axmaq!!!”

– Yandım... Sən dəlisən-nəsən!

- Mənəm dəli? Ay eybəcər sən nə haqla mənim burnuma toxunursan? Başı xarab.

Daha nə dedim, indi xatırlamıram, amma bilirəm ki, onu elə oradaca rahatlıqla əzişdirə biləcək qədər əsəbiləşmişdim.

– Mən, mənnn estetik cərraham, o gün istəməyərək burnunuza toxundum, bugünkü isə tamamilə zarafat idi, üzrxahlıq etmək üçün arxanızca bura gəldim.

Sakitləşə bilmirdim, bunu o da görürdü. Məndən onu orada gözləməyimi xahiş etdi. Mən gözləyirdim, əgər buna gözləmək demək olardısa. Mən key kimi yerimdə quruyub, qalmışdım. Bu nə oyun idi başıma gəlirdi. Beş-altı dəqiqə sonra əlində gitara ilə qayıtdı, mən daha da əsəbiləşdim. O isə sakitcə skamyada oturdu və gitaranın simlərini yoxlamağa başladı. Və mənə bir mahnı oxudu, bu mahnını eşitməmişdim. Onun gözəl səsi var idi, ruhuma həkk olunurdu səsi.

- Bəyəndin?

- Bilmirəm...

– Bu nə deməkdir?

– Bilmirəm...

Mənə kartını uzatdı. Mən kartı götürdüm və yenə arxama baxmadan oradan uzaqlaşdım. Səhər yuxudan zorla oyandım, səhər idmanı üçün hazırlıq görürdüm, qapının altından içəriyə bir kağız atdılar. Kağızda “Mən iki gün sonra oteli tərk edirəm” yazılmışdı. İmza: Axmaq... Mən özüm də bilmədən gülümsəmişdim. Səhər idmanından sonra, duş qəbul edib, aşağıya düşdüm. Foyedə oturmuşdu. Rəsmi geyimdə idi, onu birinci dəfə idi ki, belə görürdüm. Yanında iki nəfər oğlan var idi. Anladım ki, otelin konfrans salonunda iclasları olacaq. Bir fincan kofe götürüb, onların qarşısındakı divanda oturdum. Qəhvədən yudumlayırdım, ancaq fikrim onlarda idi. Kim idi axı bu adam? Yadıma axşamkı kart düşdü, o kart harada idi? Xatırlamırdım, otağı təmizləyəcəkdilər. Yerimdən tələsik qalxıb otağa tərəf qaçdım, lift dolu idi, pilləkənlərlə yuxarı çıxdım, otağı təmizləməmişdilər, kartı axtarmağa başladım, balıncımın yanında idi. Kartı götürüb cibimə soxdum. Karta baxa bilmirdim, aşağıya düşəndə onları orada görmədim, iki gün qalmışdı. İki gün...

Konfrans otağının yanında gözləyirdim onu, istəyirdim kim olduğunu özü danışsın mənə. İçimdə qəribə bir həyəcan var idi, ruhumda kəpənəklər uçuşurdu.

Nəhayət qapı açıldı, bir-birini təbrik edən bir yığın rəsmi geyimli adamlar...

Yanımda keçərkən dodağının ucu ilə gülümsədi mənə. Axşam içim sıxılırdı, dənizə tərəf getməyə başladım.

- Burnun qəşəngdi...

Arxaya döndüm, qarşımda idi...

- Olar birdə burnuna toxunum?

- Olar...

- Biz dostlarla düşündük ki, sizin burnunuz estetikdi, ancaq elə deyilmiş... Sənə bir şey demək istəyirəm, elə bil romanlardan tullanıb düşmüsən dünyaya... Bu gecə diskotekada ol xahiş edirəm. Kartımı itirmə, məni axtar tap. Orada sənə lazım olacaq hər şey var.

O gün mənə danışdı ki, bir gecə klubunda çalışırmış, orada bir qız sevib və evləniblər, sonra yoldaşı onunla sənəti arasında seçim etməyini istəyib və adam seçimini edib, musiqini, işini, qısaca özünü atıb.

Estetik cərrah idi artıq. Ancaq qadını onu aldadırmış sən demə, sonra da onu tərk edib. Söhbət boyu heç nə danışmırdım, o əlindəki qədəhi yerə çırpdı, qədəhin dibində qalan son damlalar azad oldu. O isə əsəbi addımlarla uzaqlaşdı. Bilmədim mənə, yoxsa ona əsəbiləşmişdi, məncə ikimizə də...

Mən gecəni səbirsizliklə gözləyirdim, Disko bar gecə 12-dən sonra başlayırdı. Orda həmişəki kimi adam həddindən artıq çox idi. Bir qədəh qırmızı şərab götürüb, səssizcə gözləməyə başladım onu. O gün heç mənim yanıma gəlmədi, amma bütün mahnıları mənim üçün oxuduğunu bilirdim. Mahnılarda eşqdən daha çox, ayrılıq var idi, kədər var idi... Gecə çox düşündüm, mən və o! Başqa ölkələr, başqa dünyalar, başqa kədərlər...

Buna hazır deyildim, amma onunla getmək istəyirdi bir tərəfim. Kimdi bilmirdim. Özündən öyrənəcəkdim, səhər mütləq öyrənəcəkdim, səhər onu qarşıma qoyub uzun-uzun danışacaqdım, kim bilir bəlkə də onunla gedəcəkdim. Kartdan yox, özündən birbaşa özündən öyrənəcəkdim. Səhər həmişəkindən daha gözəl görünmək üçün çabalayırdım. Tək mən yox, bütün qadınlar belə edirlər, aşağı düşüb onu gözləməyə başladım, görünmürdü, bu gün gedə bilməzdi, iki gün demişdi axı... Gəlmədi. Yerimdən tərpənə bilmirdim, neçə saat oturmuşam bilmirəm, mən onda indiyə kimi heç kimdə hiss

etmədiyim nəsə görmüşdüm, bunun adı nədir indi də bilmirəm.

... Mən qalxıb dənizə tərəf getdim, yox idi, konfrans otağında da yox idi, qaranlıqlaşmışdı hava... yaman qaranlıq idi... Yaxşı ki, kartını vermişdi mənə, mən tələsik otağıma qayıtdım, bir kağız atmışdılar otağa, içim titrəyirdi, əllərim əsirdi, kağızda yazılmışdı “Sən ona çox bənzəyirsən...”

Otaqdan necə çıxdığımı bilmədim, pəncərəni açdım və kartı gecənin boşluğuna atdım...

news-inner-user

16034 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020