Məşhur yazarlarımız nə yazır? - SORĞU

Məşhur yazarlarımız nə yazır? - <span style="color:red;">SORĞU
16 yanvar 2015
# 13:23

Kulis.az yazıçılara və şairlərə “Nə yazırsınız?” sualı ilə müraciət edib.

Cavabları təqdim edirik.

Səfər Alışarlı:

“Bir yaxşı film vardı, buddizm fəlsəfəsindən bəhs edirdi. Çoxdan baxmışam, adı yadımdan çıxıb. Orada bir şəxs o dünyanın sahibləri qarşısında dayanıb keçmiş həyatı haqqında hesabat verir. O, ağzını açmamış “münsiflərdən” biri bunun barəsində təəssüflə bu sözləri səsləndirir: “Bu adam o qədər məşğul idi ki, özü ilə məşğul olmağa vaxt tapa bilməyib.” Mən tez-tez bu kəlməni xatırlayıram. Amma həqiqətən də işlərim çox olduğu üçün yazmağa vaxtım qalmır. Düşünürəm ki, bu yaşa çatmışam, həmişə estradadan uzaq olmuşam. Yazıçılıq – təmənnasızlıq sənətidir. Bunu adama yalnız həyat, yaşanmış illərin təcrübəsi öyrədir: sənətdə bütün saxta parıltılar solur, “Allah” deməyən zəngulələr qeyb olur. Amma bunların dərki təskinlik vermir, əksinə, tələb edir. Çalışırıq fayda verək”.

Murad Köhnəqala:

“Bir neçə gün olar "Yuxularım" adlı sürreal hekayələrimi kitab kimi çap etdirmək üçün “Qanun” nəşriyyatına vermişəm. Hazırda isə Lent.az saytında mütəmadi dərc olunan "Beş ay İsveç düşərgəsində" adlı avtobioqrafik romanımı bitirmək üzrəyəm”.

Etimad Başkeçid:

“Yeni ildən başlayaraq roman üzərində işləyirəm. Romanın məzmunu və süjet peripetiyaları barədə indidən danışmaq istəmirəm - keçən dəfədən ağzım yanıb. Yazdığın tekst barədə danışdıqca iş uzanır. Bu romanı təxminən iki ilə bitirməyi düşünürəm. Hər şey yolunda getsə, inşallah, ürəyimcə bir yazı alınacaq”.

Ramiz Qusarçaylı:

“Bir cilddə "Seçilmiş şeirlər", " ...namə" (Üç nöqtənamə), kitabları nəşrə hazırlanır...Mənə həsr olunan şeir və hekayələrdən ibarət bir kitab da tərtib olunur”.

Həmid Herisçi:

“10-15 xatirə hekayəmi beynimdə gəzdirirəm. Düşünürəm ki, bu hekayətlər qəfildən, birdən-birə beynimdə bişib ədəbi məhsula dönəcək. 10-15-i birdən! Məndə həmişə belə olur... Bir neçə əsərim eyni anda, kiçik fasilələrlə yazılır. Ötən il kult.az saytında yayımlanan digər xatirə-hekayətlərimlə birgə onları bir kitab halında çap edəcəm. Bir də gördüz bir dəstə şeri götürüb üç-dörd günə qələmə aldım... Sonra ötürdüm mətbuata... Bir də gördüz bir nəfəsə yeni roman yazdım... Təcrübəm göstərir ki, əvvəlcədən planlaşdırdığın əsərlər deyil, qəfildən yazdığın şer, nəsr nümunələri uğurlu olur. Yayda, ANS telekanalında "Şəxsiyyət vəsiqəsi" layihəmdən sonra yeni telelayihəmə start vermək əzmindəyəm. Bu qədər. İnşallah!”

Könül Həsənqulu:

“Tələbə vaxtı yazdığım romanı əlyazmadan kompüterə köçürməklə məşğulam hazırda. Bitincə yeni baxışla oxuyub redaktə edəcəyəm. Paralel olaraq şeirlər yazıram. Sizə deyim ki, poeziya qadın kimi qısqancdır. Romanı köçürməyə başlayandan daha çox şeirlər yazdırır mənə”.

Mübariz Cəfərli:

“Roman yazıram. "İkinci Adəm". Bitməmiş əsər haqqında nəsə deyə bilmərəm. Yaşayaq görək... Sağlıq olsun...”

Xalid Kazımlı:

Hazırda şərti adı "S. əməliyyatı" olan roman-anektod yazıram. 200 min işarəsi yazılıb, 150-200 min də yazılacaq. Aram-aram yazıram - gündə 5 min, 7 min işarə. Belə yazanda daha sanballı alınır. Tələsik yazılan irihəcmli əsərlərin keyfiyyətli olacağına inanmıram. Sonra da təxminən 2 ay ərzində yazının üzərində ciddi redaktə işləri aparacam. Bu da mətnin 15 faizinin yenidən işlənməsi demək olacaq. Əsərdə hadisələr ayrıca götürülmüş bir kənd rayonunda cərəyan edir. Satirik-yumoristik janrda, eyni zamanda real hadisələrdən bəhs edən bir mətn olacaq

Mübariz Örən:

"Hazırda paralel olaraq üç hekayə üzərində işləyirəm. Bunlardan ikisi - "İlıq" və "Qar Tanrısı" hekayələri demək olar ki, hazırdı. Vaxt lazımdı ki, oturub onların "əl-ayağını" bir yerə yığım. Digər hekayəm isə hələ "yarım-fabrikat" halındadı".

Elnaz Eyvaz:

“Düzü, nə vaxtdır yaradıcılığa lazımi və ürəyimcə vaxt ayıra bilmirdim. Ancaq heç nəyə baxmayaraq, təzə şeirlərim var, şeirə necə olsa vaxt tapıram. Cəhd eləsəm, üçüncü kitabı hazırlaya bilərəm. Sadəcə olaraq, düşünürəm ki, şeirlərin üzərində ciddi şəkildə işləməliyəm. Həm yeni, həm də öncəki kitablarda olan şeirlərin cilalanmasına ehtiyac hiss edirəm. Bundan başqa, çoxdan yazmaqda olduğum bir hekayənin üzərində çalışıram. Ancaq tezliklə üzə çıxarmaq fikrində deyiləm”.

Rasim Qaraca:

“Yeni şeirlər kitabımı çapa hazırlayıram. Əvvəlki şeir kitablarımda olmayan elektron məcmuələrdə yayımlanmış şeirləri toplamışam orada. Eyni zamanda bu kitabda bir çox yeni yazdığım şeirlər də öz əksini tapacaq. Bundan başqa, yeni bir roman üçün materiallar toplamaqla məşğulam. Yazda başlayıb payızda bitirməyi düşünürəm”.

Sahilə İbrahimova:

“Hələ heç nə yazmıram. “Çevriliş” kitabım təzə çıxıb. O kitabla bağlı indi açıqlaya bilmədiyim bir layihə üzərində çalışdığım üçün yazmağa vaxtım qalmırdı. Layihə bitmək üzrədi, beynimdə bir neçə mövzu var, hələ hansını və nə vaxt romanlaşdıracağıma başlayacağımı bilmirəm. Əvvəl birini yazmağa başlasam da, beynimin yorğun olduğunu gördüm. Ona görə bir müddət yazmaqdan uzaq durmaq istəyirəm”.

Nəriman Əbdülrəhmanlı:

“Hələ ki, konkret olaraq nəsə yazmıram. Daha doğrusu, hazırlıq mərhələsindəyəm. Lap çoxdandı diqqətimi çəkən bir mövzu (təbii ki, bu sirri açmayacağam) var. Hələ ki, o mövzunu öyrənirəm, beynimdə süjetini, obrazlarını canlandırmağa çalışıram. Bunun nə qədər davam eləyəcəyini bilmirəm. Amma yazmaq vaxtının çatdığını həmişəki kimi, zamanında biləcəyəm. İnşallah!”

Qəşəm Nəcəfzadə:

“Yeni şerlər yazıram. Demək olar ki, hər gün yazıram. Bir misra olsa belə yazıram. Həmin misranı qoyuram kağızın üstə, başlayıram tamaşa eləməyə. Burnuna, qulağına, gözünə baxıram. Ən çox o misranın yarandığı anı, vəziyyəti, yeri təhlil edirəm. Mənim yaradıcılığım bax, burdan başlayır. O tək misradan. Demək olar ki, hər gün işim bu. Az mütaliə edirəm və yeni şeirlər kitabım - "Qəşəmin kitabı" üzərində qurdalanıram”.

Kənan Hacı:

“Artıq bir ildən çoxdur ki, "Fironun dəftəri" adlı bir roman üzərində çalışıram. Hər dəfə də müəyyən səbəblərdən yarımçıq qalıb. Aradan vaxt keçəndə də o havaya qayıtmaq çox çətin olur, köklənmək olmur. Romanın bəzi hissələri "Yazı" jurnalında dərc edilib. Ümid edirəm ki, bu ilin ortalarına qədər qayğılardan oğurlanıb o əsəri başa çatdıra biləcəyəm”.

Fərid Hüseyn:

"Şairənin ölümü ideyası" və "Yazılmamış kitabların prespektivləri" adlı iki məqalə yazıram, bir də rusca şeirlər kitabımı çapa hazırlayıram”.

Səxavət Sahil:

"İsanın qayıdışı" adlı roman yazmışam. Hazırda redaktə prosesi ilə məşğulam. Roman iki versiya ilə yazılıb. Fikrim var şifahi nitqin əsasında olan versiyanı təqdim edim. "İncil"in süjetlərini dekonstruksiya eləmişəm, İsa peyğəmbəri bu günümüzə gətirmişəm. Redaktəni bitirib dostların oxusuna verəcəm, sonra çap etdirməyi düşünürəm”.

Şəhriyar del Gerani:

“Şeirlər kitabını hazırlayırıq. Yeni, çap olunmamış şeirlərə üstünlük verəcəm kitabda. Bir necə köhnə şeirlərin üzərində bədii təmir işləri gedir. Romanı da, demək olar, bitirmişəm. Hansı nəşriyyatdan qonorar təklif olunsa ora satacam. Başqa cür nəşr etdirmək fikrim yoxdu, birmənalı”.

Qismət:

“Esselər kitabımı çapa hazırlayıram, təzə şeir silsiləsi üzərində işləyirəm. Dünya poeziyasından tərcümələri davam etdirirəm, Nobel almış şairlər antologiyası çap etdirməyi düşünürəm”.

Müşfiq Xan:

“Qismət olsa "Rəqib" adlı detektiv roman olacaq”.

Ramil Əhməd:

“Bu yaxınlarda şeirlər kitabımı çap etdirmək istəyirəm. "Əvəz-siz-lik", "Axilles dabanı" və "Müharibə" silsiləsini tamamlamaq üzrəyəm. Paralel olaraq bir neçə roman və film var ki, onlar haqqında yazıram, Kalvino barəsində geniş bir yazı yazmağı planlaşdırıram. Bircə imtahanlar və xaricdə magistr təhsilinə hazırlaşmağım vaxtımı alır.

Şərif Ağayar:

“Bu il 39 yaşım tamam oldu. 40 yaşıma yaxşı bir roman hədiyyə edəcəm. Çox nadincliklər elədim. Bəsdir artıq. Kitab zamanıdır. Əslində iki ildən çoxdur ki, bu romanı yazıram, düşünürəm, dəyişirəm, pozuram, material yığıram və s. Mövzu sadədir əslində. Adəm adlı tarix müəlliminin yaddaşından və həyatından keçən hadisələrdir. Yaddaşla bir az işləmişəm. Həm tarixi, həm də insani yaddaşı ilə. Sağlıq olsun, indiyəcən yazdıqlarımdan yaxşı mənada seçiləcək… Əminəm”.

Cavid Zeynallı:

"Son beş ayda iki hekayədən başqa heç nə yazmamışam. Hələlik irihəcmli nəsə yazmaq fikrim yoxdur. Tərcümə ilə məşğul olmaq istəyirəm, qismət olsa, Tərcümə Mərkəzi ilə əməkdaşlıq etməyi düşünürəm".

Mirmehdi Ağaoğlu:

“Üç ilə yaxındır fasilələrlə yazdığım "Bu gün səbr elə" adlı povesti tamamlamışam. Bu yaxınlarda ayrıca kitab halında çap etməyi düşünürəm. 2012-ci ildən kitabım çıxmır, çox vaxt keçib. Yəqin ki, bu kitab mart ayına hazır olar”.

# 859 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #