writer1

Nadir Qocabəyli

Məqalə sayı

1
clock11:45 calendar-gray 09 Yanvar 2015 view-gray180 dəfə oxunub
view-gray180 dəfə oxunub

Yamsılamaqla nəyisə dəbə mindirmək

Kollektiv çəkdirdiyimiz şəkli əlimizə alanda orada ilk olaraq özümüzü axtardığımız şəksizdir. İstisnalar ola, kimsə sevdiyi qızı axtara bilər, ancaq inanın ki, bu, müvəqqəti haldır. İnsanın özünü unutduğu anlar ola bilər, lakin o yenə mütləq öz “mən”inə, “eqo”suna qayıdacaq. Məsələn, sevdiyi qıza deyəcək ki, “MƏN sənsiz yaşaya bilmərəm”, “MƏN səni hamıdan çox sevirəm” və s. Dünyanın ən müqəddəs varlığı olan ana “canından çox” sevdiyi balasına “MƏN cavan yaşımda dul qaldım, ancaq sənə görə ərə getmədim” deyə bilər...

Bunlar hamısı mənə görə çox normaldır və obyektivdir, çünki bu, insanın iradəsi xaricində olan bir şeydir, təbiət onu belə yaradıb, istəsə belə başqa cür ola bilməz, bu mümkün deyil. Hər şeyin başlanğıc nöqtəsi o özüdür. Sevmək üçün, nifrət etmək üçün, pislik və yaxşılıq etmək üçün əvvəlcə o özü mövcud olmalıdır. O olmadan bunların heç biri mümkün deyil. Onun üçün mümkün deyil.

Zənnimcə, insan bundan utanmamalı, bunu gizlətməyə çalışmamalıdır. Zatən gizlədə bilməz də və bilmir də. Gizlətməyə çalışdıqca, daha çox faş edir, daha çox büruzə verir...

Və hər yerdə özünü axtaran, özünü görən insanın içində daha bir təbii hiss var: özünü təsdiqləmək, göstərmək duyğusu. MƏN ağıllıyam, MƏN gözələm, MƏN vicdanlıyam, MƏN dürüstəm, MƏN ədalətliyəm, MƏN işgüzaram, MƏN marksistəm, MƏN şairəm, MƏN “blatnoyam”, MƏN filankəsin qapısını təpiklə açıram, MƏN bir oturuma litr yarım araq içirəm, MƏNİM babam bəy olub, MƏNƏ bu mahalda heç kəs gözünün üstündə qaşın var deyə bilməz, MƏNİ bu şəhərdə tanımayan yoxdur, MƏNDƏ Məcnundan füzun aşiqlik istedadı var, MƏNDƏN ötdü qardaşıma dəydi... İsmin halları da qurtardı. Hə, özümüzü nə üçün təsdiqləyirik? MƏNimizin başqalarından fərqləndiyini, hətta “üstün olduğunu” göstərmək üçün? Kimə göstərmək üçün? Təbii ki, digər MƏNlərə. Axı hər şey nisbidir və insan oğlu yalnız müqayisədə dəyərləndirmək yetənəyinə sahib.

İnsanlar özlərini ətrafa, yəni bir-birlərinə müxtəlif vasitə və üsullarla göstərirlər. Misalçün, bir avropalı kəndarası yolla min metrlik məsafəni belə avtomobillə çox aşağı sürətlə qət edəndə təhlükəsizlik kəmərini taxmağı unutmur. Bu qısa yolda onu heç bir təhlükə gözləmir, burada heç nəzarət də yoxdur, yəni onu hər hansı cəza və cərimə də gözləmir, buna baxmayaraq, o məsuliyyətlidir, qanunlara sayğılıdır. Çünki o, avropalıdır, o, hüquqi dövlətdə yaşayır, o, yüksək mədəniyyət daşıyıcısıdır, nəcib bir millətin övladıdır, onun sahib olduğu dəyərlər dünyanın ən yüksək dəyərləridir və c. Və bütün bunları nümayiş etdirməkdən – xüsusilə də xaricdə – həzz alır. Bəs bir azərbaycanlı Bakının mərkəzində öz bahalı avtomobili ilə işıqforun qırmızı işığında keçməklə, yaxud qarşıdan gələn maşınların zolağına çıxıb, hərəkəti iflic etməyilə özünü ətrafa nümayiş etdirərkən hansı həzz duyğularını (şüuri, yaxud qeyri-şüuri) yaşayır? Bu duyğunu heç vaxt yaşamasam da, həyat təcrübəm və xəyal gücüm müəyyən ehtimllarda bulunmağıma imkan verir. Bu adam ətrafa təxminən belə bir mesaj ötürür: “MƏN sizin hamınızdan yaxşı oğlanam, qanun-manun, qayda-mayda hərləmirəm, çünki mən filankəsəm, filankəsin oğluyam, mənim dədəm filan yerdə işləyir, mən sizin kimi cındır deyiləm ki, bir saat “probkada” gözləyim, MƏN “probkada” gözləməkdənsə bu maşını burada qoyub gedərəm, bizim pulumuzu balta kəsmir, istəsəm sizin hamınızı “hoptım” alaram...” Təbii ki, bunları düşünərkən o bir qədər ifrata da varır, yəni coşaraq imkanlarını şişirdir, amma əsas bu deyil, əsas odur ki, özünü digər MƏN-lərə məhz bu məzmunda təqdim edir. Bir də görürsən ki, qabağı qalxmış ağ 07-də oturub iki barmağı arasında tüstüləyən siqaret olan qolunu açıq pəncərədən yarım metr kənara çıxaran və tıxacdakılara diceylik xidməti göstərən başqa biri bundan hədsiz təsirlənərək ayağını qəfil pedala basır və yağlayıb qaraltdığı təkəriylə öz MƏNini cüyüldədir...

Nə isə, deyəsən, çox uzatdım. Ona görə də keçirəm əsas mətləbə. Ərz etdiyim kimi, ətrafa müsbət, pozitiv, faydalı, lazımlı mesaj ötürən avropalı ilə mənfi, neqativ, ziyanlı, gərəksiz tamaşa göstərən azərbaycanlı MƏN insanı idarə edən “özünü göstərmək” məsələsində, zənnimcə, bir-birindən fərqlənmirlər. Mahiyyət eynidir, sadəcə məzmun fərqlidir. Məzmunu isə dəyişmək mümkündür.

Biz daim öz insanımızın yol hərəkəti qaydalarını pozmasından, hara gəldi zibil atmasından, kitab oxumamasından, rüşvət almağa və verməyə meylli olmasından, kəsə və əyri yolla getməyi sevməsindən şikayətçiyik. Ancaq bunları o insanlara nə vaxtsa öyrətdikmi və ya öyrədirikmi? Biz öz insanımızı öz MƏNini pozitiv məzmunda nümayiş etdirməsiylə bağlı təlimatlandırırıqmı, ona müsbət nümunələr göstəririkmi? Axı uşaq yaşlarından kitaba öyrəşdirilməyən, kitab oxumaq vərdişi aşılanmayan insandan kitab oxumasını tələb etmək nə dərəcədə doğrudur? İki barmağı arasında daim siqaret tüstüləyən atanın öz oğluna “kitab oxu” nəsihətini verməsinin heç bir faydası olmayacaq. İnsanların metroda, avtobusda, qatarda kitab oxumasını istəyən ziyalı zəhmət çəkib, özü də ictimai nəqliyyatdan istifadə etməli və çantasında daim kitab gəzdirməlidir. Telefonu əlindən yerə qoymayan adamın başqalarına kitab oxu deməsi absurddur.

Bir sosioloji araşdırmaya və şəxsi müşahidələrimə istinadən deyə bilərəm ki, insanların yalnız 10 faizdən bir qədər çoxu öyrədəndir, 90 faizə qədəri öyrənən, yamsılayandır. Əksəriyyət öz MƏNini müstəqil şəkildə nümayiş etdirməyə qadir deyil, o özünü başqalarını yamsılamaqla ifadə etməyə çalışır, özünə kumirlər seçir, məşhur müğənnilərə, aktyorlara, idmançılara, siyasətçilərə, yazıçılara oxşamağa çalışır. Təəssüf ki, sonuncular bu sırada elə sonuncudurlar. İnsanların çoxu öz MƏNini dəblərə uyğunlaşmaqla ifadə edir, dəblə geyinərək, dəbdə olan restoranlara gedərək, dəbdə olan davranışlar sərgiləyərək özünü göstərir, bununla lovğalanır. Hətta bədəninin çəkisini və quruluşunu da dəbə uyğun korrektə edir. Bir sözlə, dəblə yaşayır. Amma nəzərə almaq lazımdır ki, bu dəblər öz-özünə ortaya çıxmır. Onları yaradan, yayan, təbliğ və reklam edənlər, bizi öz kostyumlarımızı, ayaqqabılarımızı, maşınlarımızı, evimizin təmirini köhnəlmədən dəyişməyə məcbur edənlər var.

Belə olduğu halda, kitab almağı, kitab oxumağı, kitab bağışlamağı, avtobusa, metroya, qatara, təyyarəyə kitabsız minməməyi dəbə mindirmək mümkün deyilmi? Məgər elə etmək olmazmı ki, kitab şkafı olmayan ev olmasın? Bəlkə, bunun üçün əhalinin bəzi təbəqələrinə onları bağışlamaq və tədricən doldurmalarını təlqin etmək lazımdır? Türkiyədə olarkən bəzi gənclərin sırf ağıllı görünmək, “akademisyen” təsiri bağışlamaq xatirinə bahalı optik eynəklər alıb taxdıqlarını, əllərində qəşəng dəri çantalar gəzdirdiklərini müşahidə etmişdim. İnsanın ağıllı olmasa da, ağıllı görünmək istəməsi əslində çox gözəl bir şeydir və ağıllı görünmək istəyi elə ağıllı olmaqdan xəbər verir. Məncə, biz öz insanımıza ağıllı, savadlı, mədəni görünməsini təmin etmək üçün evlərinə bahalı və qəşəng kitab şkafları almağı , onları gözəl cildli rəngbərəng kitablarla doldurmağı aşılamalıyıq. Gənclər arasında ağılı və biliyi prestij halına gətirmək, bunun simvolunun isə yanında daim kitab gəzdirmək olduğunu beyinlərə yeritmək, bunun yollarını axtarıb tapmaq mümkündür.

P. S. 1996-cı ildə bir aylıq Moskvada olarkən, orada metroda, avtobusda, elektrik qatarında, demək olar ki, hər iki nəfərdən birinin kitab və qəzet oxuduğunu gördüm və Bakıya qayıtdıqdan sonra uzun müddət onları yamsıladım. Metroda bəzən fikrim gözəl qızların yanında qalsa da, özümü oxuyan kimi göstərir və bununla bir növ lovğalanır, qürrələnirdim.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Qafqazın ətəklərində karantin axşamları - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020
Bizim üçün qızılgül – Cavanşir Yusifli yazır...
17:30 07 İyul 2020
Bred Pitt yeni filmə çəkilir
16:48 07 İyul 2020
Filmdəki "Kəndimiz" mahnısının ifaçısı dünyasını dəyişdi
16:06 07 İyul 2020
Seymur Baycanın yazısı məşhur türk saytında yayımlandı
15:24 07 İyul 2020
"İmkanlı adamların milli qeyrəti olmalıdır" - Yazıçılar ermənilərin festivala gedən filmindən danışdı
14:45 07 İyul 2020
Tbilisidə Azərbaycan muzeyləri açıldı
14:02 07 İyul 2020
“Qəhrəmanım sənsən” - Natiq Məmmədlinin yeni kitabı çap olundu
13:19 07 İyul 2020
Bakıya yayılan üfunət nəyin mesajıdır?
12:28 07 İyul 2020
Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi - Ələkbər əminin kədərli həyatı
11:42 07 İyul 2020
Kür çayını kim xilas edəcək?
11:06 07 İyul 2020
Dindarlar bu şeirə görə gənc şairi hədələyirlər
10:30 07 İyul 2020
Amerikalı aktyor koronavirusdan öldü
10:04 07 İyul 2020
Müslüm Maqomayev adına müsabiqə gələn ilə qaldı
09:51 07 İyul 2020