Çoxdandır kişiylə gəzmirdi

Çoxdandır kişiylə gəzmirdi
30 dekabr 2014
# 10:49

Saçlarını səliqəyə saldı, makiyajını təzələdi. Çantasını götürürb getməyə hazırlaşdı.

- Mən çıxıram, hələlik.

Cavan kişi pəncərədən bayıra baxırdı. Başını döndərib dedi:

- Hara tələsirsən? Bəlkə bir az söhbət edək?

Qadın təəccüblə çiyinlərini çəkdi:

- Adətən kişilər bizimlə söhbət etmirlər...

...Otel otağındakı divanda əyləşib çay içirdilər.

- Bax, belə. Ailəm avtomobil qəzasında öldükdən sonra həyatım qaranlığa büründü. Orta məktəbi güc-bəla ilə bitirdim. Pul qazanmalı idim. Bir kurs tapıb mühasibatı bitirdim. Sonra xəstəxana, restoran, o şirkət, bu şirkət deyib qapı-qapı gəzdim. Heç yerdə iş tapa bilmədim. Bəzən ac qaldığım, soyuqdan titrədiyim günlər oldu. Ehh! Axırda məcbur oldum başladım...

Cavan kişi siqaretdən bir qullab vurub gözlərini qıydı, qadını diqqətlə süzdü.

- Yəni, bundan başqa çıxış yolun qalmadı. Hmmm... Maraqlıdır, bütün fahişələr eyni səbəbdən bu yola düşürlər. A, “fahişə” sözündən incimədin ki?-dedi.

Qadın özünü inciyirmiş kimi göstərdi:

- Nə bilim, daha dedin də, neyləmək olar?..

Kişinin üzündə təbəssüm vardı. Nə isə fikirləşdi, sonra ayağa qalxdı:

- Dur, gedək, şəhərdə bir az gəzək.

Qadın çox təəccüblənmişdi, bir az da şübhələnmişdi.

- Qorxmursan ki, qarşına bir tanışın çıxar? Deməzlər ki, belə bir qadınla küçədə gəzir.

- Tutaq ki, mənim tanışım çıxdı qarşıma, o hardan biləcək ki, sən kimsən? Bəyəm səni bütün şəhər tanıyır? Yox. Məntiqlə düşünəndə heç bir təhlükə yoxdur.

Çoxdandır hansısa bir kişi ilə şəhərdə gəzmirdi. O, kişiləri yalnız qapalı məkanlarda görürdü. Bir qədər hava aldıqdan sonra restorana girdilər. Yemək yedilər. Duranda çölə çıxmaq əvəzinə restoranın mətbəxinin qapısına gəldilər. Sol tərəfdə 4 qadın qan-tərin içində qab yuyurdu. Oğlan sanki kimisə axtarırmış kimi içəri boylandı, sonra “gedək” deyib qapıya yönəldi. Küçəyə çıxanda, “içəridəkilər qab yuyurdular” -dedi. Qadın mənasız hesab etdiyi bu cümləyə fikir vermədi və kişinin onunla söhbət etmək üçün mövzu axtardığını düşündü.

Söhbət edib gəzirdilər. Kişi dedi:

- Yolüstü bir xəstəxanaya dəyək, orda müayinə nəticələrimi götürəcəm.

İçəri girdilər. Kişi qeydiyyat şöbəsinə yaxınlaşdı. Qadın gözlədi. Burda bir gənc qadın dayanmadan yeri silir, gəlib-gedənin ayaq izlərini yox edirdi. Kişi qayıdıb gəldi. Çölə çıxdılar. Kişi:

- O, xəstəxananın təmizlikçisi Fərəh xanımdır-dedi.

Qadın “hə, nə olsun” deməkdən özünü güclə saxladı. Kişi dedi:

- Deyirəm, bu qədər restoran, xəstəxana və sair var. Amma sənə heç kim iş verməyib. Haqsızlıqdır. Təkcə mühasibatla niyə maraqlandın ki? Başqa iş görərdin də.

Qadın qaşlarını çatdı:

- Mənim ixtisasıma uyğun deyil axı başqa işlər.

- Sənin ixtisasın... hmm...-kişi dodaqaltı mızıldandı.

...Hava gözəl idi, xeyli gəzib söhbət elədilər. Axşamüstü kişi dedi:

- Mən bazara gedirəm. Mənimlə gəlmək istəyirsən?

Qadın naz ilə gülümsədi:

- Sən bütün işlərini bu gün mənimlə gördün ha! Əlbəttə, gedək. Bilmək olmaz bəlkə axşam da sənə lazım oldum...

Bazarlıq etdilər. Ən son göyərti aldılar. Satıcı qadın soyuqdan göyərmiş, dərisi çat-çat olmuş əlinə yığdığı göyərtiləri sellofan torbaya qoydu. Kişi təşəkkür edərək yanındakı qadına döndü:

- Əsli bacıdır, həmişə tər göyərtilər satır...

Gəlib maşına oturdular. Qadın dözməyib sual verdi:

- Sən niyə hər dəfə kimisə görəndə onun kim olduğunu deyirsən? Guya mən görmürəm ki, kim kimdir?

Kişi yenə gülümsədi:

- Sənə bir nəfəri də göstərəcəm. Hələ gedək, bir axşam yeməyi yeyək.

Restoranda yemək yedilər. Çıxış qapısının yanında böyük bir güzgünün qarşısında dayandılar. Qadın öz gözəlliyinə qürurla baxdı. Kişi nəzakətlə onun qolundan tutub barmağını qadının güzgüdəki əksinə tuşladı və pıçıldadı:

- Bu isə onlar kimi qab yuyub, döşəmə silib, göyərti satmaq istəməyən fahişədir.

Sonra yenə də nəzakətlə gülümsədi. Yerində heykəl kimi donub qalmış qadını saymazyana tərk edib getdi.

# 747 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #