news-inner
clock08:30 calendar-gray 01 Yanvar 2015 view-gray232 dəfə oxunub
view-gray232 dəfə oxunub

Köhnə əhvalat...

Kulis.az Türkiyənin “Kitapçı” jurnalından Ənvər Özqardaşın “Köhnə əhvalat” hekayəsini Cavid Zeynallının tərcüməsində təqdim edir.

Bacımın məzarını ziyarət edəndən sonra sözləşdik ki, mən axşama manqalı yandıracam, qardaşım rakı alıb, uşaqlarla gələcək. Anamın güc-bəla od vurduğu kömür qalağı tutuşanda qardaşım özünü yetirdi. İçəri girən kimi əlindəki qəzetə bükülü “yetmişlik” rakını bir topa çiçək kimi anama uzatdı.

- Al, Səbahət, bunu buzxanaya qoy, istidən tərləməsin.

Anamın üz-gözü əyiləndə, atam güldü. Anam atamla qardaşıma üzünü tutub:

- Bunu qoymazdım içəsiniz, - dedi, - gedin, Səlimə duaçı olun.

Sonra könülsüz-əlacsız, az qala çimçəşə-çimçəşə əlindəki şüşəni tələsik mətbəxə apardı. Əlif gəlinbacım anama kömək üçün onun ardına düşdü. Bu dəfə manqalın başına atam keçəndə qardaşımla köməkləşib əti şişə çəkməyə girişdik.

Bir az sonra eyvandakı stolun başına yığışıb “bismillah” etmişdik ki, qardaşım cəld ayağa qalxdı. Qayıdanda özü ilə uşaqlığımızdan qalma köhnə maqnitofon və bir qalaq kaset gətirdi. Kasetlərdən birini maqnitofona qoyub işarət barmağını “play” düyməsinə basdı.

- Yenə babamızı dinləyək, qardaş, - dedi.

Müslümün səsi manqaldan qalxan tüstüyə qarışıb küçə boyu yayıldı:

Bir qadın tanıdım, çox ağlayırdı,

Gözündən sel kimi yaşlar axırdı,

Təsəlli verəcək dost axtarırdı,

Yarından ayrılmış bir halı vardı.

Yeməyimizi yeyib ləzzətlə mahnıya qulaq asırdıq. Qardaşım görəndə ki, atamın rakısı qurtarıb, şüşəni götürüb stəkanını doldurdu:

- Badəni boş qoymaq olmaz, ata, yoxsa şeytan doldurar.

Stəkana iki parça buz atmağı da öz yerində.

Atam haqlısan deyib, qardaşımın sözünü təsdiq edəndə, anam ona hikkəli-hikkəli baxdı. Biz Əlif gəlinbacımla göz-gözə gəldik. Yenə bir-birimizə gülümsədik. Osman anasına dedi ki, “coca-cola”m qurtardı, Əlif gəlinbacım onun stəkanını dolduranda qapı zəngi çalındı. Qalxıb qapıya sarı getdim. Gələn qonşumuz Şəhrzad xala idi.

Şəhrzad xala yemək üstünə çıxdığını görəndə “sonra gələrəm” deyib, eyvanın qapısında geri döndü. Anam yerindən qalxıb Şəhrzad xalanın arxasınca tələsdi, qolundan tutub, dil-ağız elədi:

- Elə şey olar, gəl sən də bir şey ye, qaynanan çox istəyir.

Masaya qədər güclə gətirib öz yerini ona verdi. Əlif gəlinbacım anam üçün başqa stul gətirdi. Qardaşım gülümsəyib qulağıma əyildi ki, səninki gəldi!

Şəhrzad xala ilə hal-əhval tutum, xoşgəldin elədim.

- Sağ ol, Səlim, oğlum, qocalıq belədir də, bir ayağımız gordadır. Gəlməyini anandan eşitdim. Sən necəsən?! Ankaranın havası burdan yaxşıdır, belə cəhənnəm istisi oralarda olmur.

- Bura kimi olmasa da, oranın da quru istisi yandırır, Şəhrzad xala.

Qardaşımın oğlu Osman soruşdu ki, əmi, Ankaraya da yağış yağır?! Qardaşım məndən qabaq cavab verdi ona:

- Ora qar da yağır, oğlum.

- Əmi, gələn dəfə mənə qar gətirərsən.

Hamımız güldük. Qardaşım:

- Ordan bura qar gətirənə qədər əriyər, oğlum, - dedi, - Gələn il Ankaraya əminin yanına gedərik, qarı orda görərik.

- Ata, doğrudan deyirsən? – Osman sevincindən bağırdı.

Əlif gəlinbacım mətbəxdən gətirdiyi boşqabı Şəhrzad xalanın qabağına qoyanda anam da ona ət, salat çəkdi:

- Ye, Şəhrzad bacı, çəkinib eləmə.

Şəhrzad xala yeməyin yarısını Osmanın qabına çəkdi ki, mənə çox olar:

- Osman yesin ki, tez böyüsün.

Anam əl-ayağa düşsə də, xeyri olmadı, Şəhrzad xala dediyini elədi.

Qardaşım Şəhrzad xalanı əsəbiləşdirməkdən zövq alırdı. Rakı şüşəsinə işarə edib nə desə yaxşıdır:

- Şəhrzad arvad, rakı içirsən?!

Xala cinləndi, nə cinləndi:

- Si.dir burdan, götverən, onu atan içsin, - deyib, gözücü atama baxdı.

Qardaşım bərkdən, ləzzətlə güldü. Atam rakısından bir qurtum alıb, özünü o yerə qoymadı.

Şəhrzad xalanın gözü mənim qabağımdakı qədəhə sataşdı:

- Oğlum, sənə də içirdirlər?! Sən bunların yolunu getmə. Bunlarınkı yol deyil. Hələ atanı demirəm...

Qardaşım qulağıma əyilib “poxa düşdük, bu yenə o köhnə əhvalatı danışacaq”, dedi. Xalamız bir bardaq suyu başına çəkib əhvalatı danışmağa hazırlaşdı. Sonra gözümün içinə baxıb dilinin əzbəri olan o köhnə əhvalatı danışmağa başladı.

- Günlərin birində mamaça Fatma yanıma gəlib qulağıma pıçıldadı ki, bizim Səbahətin oğlu anadangəlmə şikəstdir, utandığından heç kimə göstərmir. Dedi, qurban olum, sən də xəstəxanada tanış həkimlərə göstər. Çaşıb qaldım, Fatmaya qəzəbləndim ki, o qızın ağlı yoxdur, burda ayıb nə var?! Sonra Fatma rəhmətliyə danışacağımı söz verib, başımdan elədim. Allah rəhmət eləsin, nur içində yatsın, Fatma bacını yaman çox istəyirdim. Mərhəmətli, insaflı adam idi. Heç deməzdin ki, mamaçadır. Səbahəti öz doğuzdurduğu qız kimi sevirdi.

İşimizi bitirər-bitirməz qaçdım ananın yanına. Səni əmizdirirdi. Məni görən kimi başa düşdü ki, niyə gəlmişəm. Demə, Fatma xəbərdar edib ki, Şəhrzada çatdıracağam. Razı olmayıb, nə badə, Fatma ana, uşaq şikəsdir deyərlər. Amma Fatma dediyindən dönməyib. Nə yaxşı, elə dönməyib də! Anana təpindim ki, ay axmaq, səndə ağıl var?! Uşağın bələyini aç, baxacam, deyib, ananın payını verdim. Bələyi açanda nə görsəm yaxşıdır?! Allaha acıq getməsin, yaratdığına şükür, amma uşağın iki ayağı da tərsinə dönmüşdü. Səbahətin üstünə bağırdım ki, Allah sənin canını almasın, bu uşağın ayağını indiyə kimi niyə belə saxlayıbsan?! Hazırlaş, təcili hazırlaş, gedirik. O vaxt mən böyük sığorta xəstəxanasında işləyirdim. Otaqları təmizlədiyimə görə həkimlərin hamısı tanıyırdım. Bizim Erol həkimin Çaxmaq Caddəsində özəl klinikası vardı. Səni apardıq ora. Baş üstə Allah var, həm yaxşı həkim idi, həm də gözəl insan. Başqa həkimlər kimi adamlara yuxarıdan aşağı baxmazdı. Səni yaxşı-yaxşı müayinə edib soruşdu ki, niyə bu qədər gec gətirmisiniz, bu uşağın ayaqları əməliyatla da çətin düzələr. Anana da elə bu lazım idi, başladı ağlamağa ki, bu boyda uşağı mən əməliyyata vermərəm. Anana dedim, ağıllı ol, uşaq yazıq deyil?! Ömrü boyu onu şikəst görmək istəyirsən? Bu dərddə olan tək sən deyilsən!

Gözünü bərəldib üzümə elə baxdı, elə bil qəbiristanlıqda cin görürdü:

- Ayişə anamı da əməliyyat etmişdilər, rəhmətlik iflic oldu. Bu uşağı da iflic etsələr, ya da şikəst qoysalar, mən nə edərəm?!

Mən bir tərəfdən, Erol bəy bir tərəfdən o qədər danışdıq, axır bu ağılsız ananı yola gətirdik.

Sonra Erol bəy dedi, bu əməliyyatı Eğirdirdə edirlər, uşağı ora aparın. Sağ olsun, məni tanıyırdı deyə, müayinə pulunu da almadı.

Erol bəylə ordan çıxıb birbaşa evə gəldik. Elə bu vaxtlar, axşam vaxtı idi, yenə sizə gəlmişdim. Təsadüfə bax, bu atan insafsız da evdə idi. Başqa vaxt evdə tapılmazdı. Anan onun əlində az çəkməyib. Daş da buna dözməyib ortadan çat verərdi. Hər ayın əvvəli ağlaya-ağlaya yanıma gəlib dərdini danışar, ağlayardı:

- Yenə evə gəlməyib, Şəhrzad bacı, yaxşı tanıyıram onu, maaşı alan kimi qumarxanalarda tuluğunu doldurur.

Nə isə, çox uzunçuluq eləməyim. Dünənki kimi xatırlayıram, hər şey gözümün qabağındadır. Elə bu vaxtlar idi, yay günü, atan istidə-qiyamətdə yenə şorba yeyirdi.

- Behzad qardaş, - dedim, - Uşağı bu gün həkimə apardıq. Həkim dedi, əməliyyat vacibdir. Olmasa, uşaq şikəst qalacaq.

Hələ üstəlik, əsəbiləşib onu da dedim ki, niyə indiyə qədər üstünə düşüb əməliyyat etdirməmisiniz?!

Nə desə yaxşıdır: anası nə edir, etsin! Doğduğu uşaq da özünə oxşayır.

Elə bil başıma qaynar qazan tökdülər. Özümdən çıxdım ki, bu zavallı uşaq da sənin uşağın deyilmi?! Günlərin birində yaxandan yapşıb sənə düşmən kəsilməzmi?!

Kimə deyirsən, tutduğunu tutdu!

Məndən sonra bu yazıq anan da dil töküb, axır, atanı yola gətirmək mümkün olub. Anana deyib, işdən çıxsam, təzminat pulu verəcəklər, o pulu alıb uşağı əməliyyat edərik. Anan da saf adam, inanıb. Sən demə, işdən çıxmasının səbəbi qumara olan borcları olub. Pulu alan kimi elə bil yer yarılıb, atan yerin təkinə girib. Üç gün evə gəlməyib. Anan gözünün suyunu axıda-axıda gəlib hər şeyi mənə danışdı. Oturub-durub deyirdi ki, Şəhrzad bacı, mən nə edəcəyəm?!

- Səbahət bacı, mən bilirəm nə etmək lazımdır. Sənin qır-qızılın, torpağın-filanın yoxdu? Get onları sat, uşağı xilas elə.

- Yaxşı dedin, Şəhrzad bacı, iflic vuran Ayişə anamın qulluğunda durduğuma görə atam mənə kənddəki köhnə evin həyətini verib. Vəli qardaşıma deyərəm, satar. Amma ərim insafsız bilsə, pulu əlimdən alıb qumara verər.

Ona görə həyəti Vəli dayına gizlicə satdırdı. Allah Vəliyə qəni-qəni rəhmət eləsin, həyətin pulu ilə səni əməliyyat etdirdik. Mən də işlədiyim xəstəxanadan üç gün icazə alıb ananla bir yerdə getdim.

Hə, Səlim, sən indi bundan sonrasına diqqətlə qulaq as, oğlum. Bundan sonrası da ayrıca əhvalatdır. Eğirdirdə terminalda düşdük. Bapbalaca, göt boyda yer idi. Bir tərəfdən də hava o qədər isti idi ki, yumurtanı yerə atsan, bişərdi. Deyir, soruşa-soruşa Bağdada getmək olar. Əvvəlcə xəstəxananı tapdıq. Səni müayinə etdilər. Həkim əlini alnına dayayıb uzun-uzun düşündü. Qabağındakı kitabı açıb səhifələri asta-asta çevirməyə başladı. Axır ki, axtardığı tapdı. Bizə göstərdiyi ayaq şəkli ilə sənin ayağının vəziyyəti eyni idi.

- Baxın, xanım, - Anana üzünü tutub dedi, - Çox gecikdirmisiniz, amma əməliyyatı edəcəyəm. Ən azı ayağının birini düzəldə bilərik, amma o birinə zəmanət vermirəm. Fikirləşib mənə bir söz deyin.

Anan başladı yalvarmağa:

- Həkim, qulun-kölən olaram, sən əməliyyatı elə, uşağım şikəst qalmasın.

- Bu əməliyyatın xərci min lirədir, gücünüz çatacaq?!

Bu dəfə araya mən girdim. Pul işinə ananı qarışdıra bilməzdim ki. Nə lazımdırsa, həkimlə bir yerdə aldıq. O vaxtlar min lirə də az pul deyildi. Hesabını götür, mənim maaşım altmış lirə idi. Ananın da əlində hardasa min beş yüz lirə pul vardı. Həkimə nə qədər dil tökdük, imkansızlıq, kasıblıq dedik, mümkün olmadı, min lirədən aşağı düşmədi ki, düşmədi. Sonradan eşitdik, malı-mülkü başından aşırmış. Ürəyimdə dedim, gözünü torpaq doyuzdursun! Məcbur olub pulu verdik. Məbləğin də yarısını atan işdən çıxanda sığortası-filanı olmadığına görə otelə, yola-kola xərclədik.

Əməliyyat olunan axşam bu ağılsız anan gör nə edib: deyiblər, uşağı gecə on ikidən sonra əmizdirmə. Ağlayıbsan deyə, ürəyi dözməyib, tutub səni əmizdirib. Oteldə qaldığıma görə heç nədən xəbərim olmayıb. Əməliyyatdan sonra səni xərəyə qoyub gətirəndə gördüm ki üzün gömgöydür. Ağzın can verən balıq kimi açılıb-yumulurdu. Anan səni belə görəndə yenə başladı ağlamağa. Palatada yatan başqa bir uşağın anası deyinməyə başlayanda başa düşdük ki, məsələ nə yerdədir. O qadın da qara, eybəcər bir adam idi. Üzü hələ də gözümün qabağındadır.

- Gör neynəmisən, - qadın başladı deyinməyə, - sən uşağı axşam əmizdirdiyinə görə belə olub. Allah üzünə baxıb, sağ-salamat qalıb. Keçən gecə bir qadının uşağı buna görə öldü.

Bundan sonra ananı kiritmək olar?! Ağladı-ağladı, bir ovuc qaldı.

Üç gün sonra xəstəxanadan çıxıb Adanaya getdik. Atan Fatma xalandan eşidib ki, səni əməliyyata aparmışıq. Bizi görəndə gözləri kəlləsinə çıxdı. Ananın üstünə elə şığıdı, elə şığıdı, elə bil düşmən üstünə gedirdi. Sonra da vur ki, vurasan: məndən xəbərsiz niyə getmisən! Zavallıda nə ağız qoydu, nə burun. “Bəsdir” deyib özümü ananın qabağına verməsəydim, yazığı öldürəcəkdi. Oğlum, anan bu vicdansız atanın əlindən az çəkməyib. Nə isə, əməliyyatı etdirdik, ayağının biri axsasa da, yeriyə bilirisən, oğlum. Buna da çox şükür!

Qardaşım söhbəti dəyişdirmək üçün Şəhrzad xalanın fikrini dağıtmaq istəyirdi.

- Rakı içmirsən, Şərzad xala?!

Xala yenə cinləndi.

- O zəhrimarı iç qurtar də, eşşək oğlu eşşək!

Qardaşım onu əsəbləşdirdiyinə görə xoşbəxt-xoşbəxt gülməyə başladı. Şəhrzad xala anama dedi ki, mən gedim, gecdir. Anam baş örtüyünün ucu ilə gözünün yaşını silirdi. Xırıldaya-xırıldaya cavab verdi: bəlkə bir az otursun?!

- Yox, gedirəm, sağlıqla qalın.

Sonra mənə tərəf döndü:

- Səlim, oğlum, sən də sağ-salamat. Bunlara baş qoşma.

Və şişman gövdəsi ilə ağır-ağır qapıya sarı yeridi. Mən anamla Şəhrzad xalanı yola saldıq.

Geri qayıdanda gördüm ki, atam başını əyib, gözlərini fikirli-fikirli boşqabına zilləmişdi. Görəndə ki, içkisi qurtarıb, “rakın qurtarıb, ata”, dedim. Atam eyninə almadı. Qardaşımın qabağındakı rakı şüşəsini götürüb bu dəfə onun stəkanını mən doldurdum. İçinə də iki parça buz atdım. Atamın sevdiyi kimi...

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020