Fahişənin sevgisi

Fahişənin sevgisi
25 dekabr 2014
# 08:30

Hər dəfə Səməd Vurğun bağında müştəri ovuna çıxmış fahişələri görəndə məndən ötrü bütün müqəddəs hisslər dəyərini itirir. Onları ilin bütün fəsillərində bu bağda görmək olar. İsti-soyuq bilmədən bütün günü bağda dolaşır, yetik nəzərlərlə kişiləri süzürlər. Bədənləri onların çörək ağacıdır, onlar cismlərindəki ruhu nə vaxt çirkaba bulaşdırdıqlarını belə xatırlamırlar. Yaşı ötmüş, gözəlliyi çoxdan solub getmiş bu qadınlar onların həndəvərində dolaşan, onlara yaxınlaşan kişiləri addımından tanıyırlar, addımından onların cibini görürlər. Yaşadıqları həyat tərzi bunu onlara öyrədib.

Yolu masaj salonlarına, saunalara düşənlər bilir, orda elə qızlara rast gəlirsən ki, küçədə o qızlardan hansı biriylə rastlaşanda onun fahişə olduğu heç ağlına belə gəlməz. Bu qızların hamısının həyat hekayəti bir-birinə bənzəyir. Hansını dindirsən, sənə eyni süjeti danışacaqlar: ərim narkoman idi, evdəkilər məni zorla ona ərə verdilər, hər gün içib gəlirdi, məni döyürdü, axırda boşandım, heç yerdə iş tapa bilmədim, məcbur olub bu yola düşdüm... Özü də bu qızların əksəriyyəti “əyyaş ər”dən uşaq doğmağa da vaxt tapırlar və bu uşaqla da özlərinə haqq qazandırırlar: “başqa çarəm qalmamışdı, uşağımı saxlamalıydım”.

Amma əslində bu qızların hər birinin fərqli həyat hekayəti var və sözsüz ki, onların bu yola düşməyində kimlərsə günahkardır. Normal ailədə böyümüş bir qız heç zaman bu qədim yolun yolçusuna çevrilə bilməz. Mən bir ailə tanıyırdım, iki qızları vardı, uşaqlar körpə ikən qadın ərini qoyub başqa bir kişiylə münasibət qurdu. Bu gizli sövdədən xəbər tutan ər arvadı boşadı və qız uşaqları ananın nəzarətində qaldı. Həmin qadın sonradan fahişəlik etməyə başladı və qızlarının ikisi də böyüyüb anası gedən yolu getdilər. Ana özüylə birgə iki qızını da bədbəxt elədi. Yüzlərlə belə misallar çəkməz olar. Təhsilsiz, tüfeyli həyat tərzinə malik ailələrdə böyüyən qızların gec-tez fahişəliyə yuvarlanacağı qaçılmazdır. Bakıdakı gecə barlarında bədənini satan qızların böyük əksəriyyəti rayonlardan gələnlərdir, onlar avam valideyni də asanlıqla aldadırlar. Guya şəhərdə hansısa şirkətdə çalışırlar...

Bir neçə gün bundan öncə gecə vaxtı dostlarla “28 may” metrosunun tunelindən keçirdik, təxminən 18-19 yaşında bir qızın divara söykənib dayandığını gördük, dodaqlarına boya çəkmiş bu qızın heç mini ətək geydiyi də bilinmirdi, uzaqdan baxanda elə zənn edərdin ki, lüt bədənə qısa gödəkçə geyib . Dostum zarafatla “o, nə istəyir?” deyə soruşdu. Keçib gedənlərin çoxu dönüb tənəylə qıza baxırdı, cavan oğlanlarsa iştahla baxırdılar. Cavandılar, onları başa düşmək olar.

Bu qızı görəndə Paulo Koelyonun “On bir dəqiqə”sindəki Mariyanı xatırladım. Mariyanın 19 yaşı olanda artıq kişilərdən istifadə sənətini mükəmməl bilirdi. Braziliyadan Avropaya öz arzularının ardınca yollanan bu qız fahişəliyi könüllü seçmişdi, fahişəlik onun üçün bir məqsəd idi. O, sevginin mahiyyətini anlamağa çalışırdı. Fahişəlikdən bezəndə hiss edir ki, onun sevgiyə ehtiyacı var. O, həyat tamaşasında fahişə rolunu məharətlə oynayan aktrisa idi. Yazıçı əsərin sonunda əriylə, iki gözəl qızıyla Lozannada yaşayan Mariyaya bu tarixçəni ona danışdığı üçün minnətdarlığını bildirir. Amma hər fahişənin həyatında belə xoşbəxt sonluq olmur. Tale çox vaxt insanın əvəzinə seçim edir.

Knut Hamsunun “Aclıq” romanının qəhrəmanı gecə vaxtı ac-yalavac küçələrdə dolaşarkən bir qıza rast gəlir, qız onunla getməyi təklif edir, o isə cibində bir qəpiyinin də olmadığını deyir. Qız əvvəlcə qaş-qabağını sallayır, rastına çıxan kişinin eynəyinin sağanağının qızıldan olmadığını biləndən sonra ondan əlini üzür. Amma bir an sonra ondan aralanan adamın ardınca yüyürüb “eybi yoxdur, gəlin gedək, mən sizinlə getmək istəyirəm” deyir. Adamsa onunla getmək istəmir. Qız düşünür ki, o, başqasının yanına tələsir. O qıza deyir ki, mən keşişəm, gedin və bir də günaha batmayın!

“Aclıq” əsərini yeddi-səkkiz il bundan əvvəl oxumuşam, Hamsunun bu romanı mənə ən çox təsir edən əsərlərdən biridir. Bu epizodsa heç yadımdan çıxmır. Bilirsiniz niyə? Təxminən on beş il bundan öncə Bakının mərkəzi küçələrindən birində buna bənzər əhvalat mənim öz başıma gəlmişdi. Onda mən nə vaxtsa dünyada Hamsun adlı bir yazıçının olduğundan xəbərsiz idim.

Əynimdə bahalı kostyum, təzə ayaqqabı vardı. Qəfildən bir qız mənə yaxınlaşıb saatı soruşdu, dedim. İki-üç addım atandan sonra “bəlkə bir az gəzişək?” dedi və mən məsələni anladım. Amma qız görünüşündən qətiyyən fahişəyə oxşamırdı. Gəzə-gəzə gəlib dar küçələrdən birinə çıxdıq, ondan “hara gedirik?” deyə soruşdum. İncik tövrlə “heç elə bil cavan oğlan deyilsən, istirahət eləmək istəmirsən?” dedi.

Taxta darvazadan içəri adlayanda birbaşa otağa düşürdün. İri, tör-töküntülü otaq idi, kök bir qadın kresloya yayxanıb siqaret çəkir, pivə içirdi. Ortadan səhnə pərdəsinə oxşayan qalın pərdə asılmışdı, amma pərdə tam çəkilməmişdi. Mən içəri girən kimi qayıtmaq istədim, qız qolumdan tutub “hara?” dedi. Ona dedim ki, cibimdə pulum yoxdur. Geyimim qızı aldatmışdı, düşünmüşdü ki, bu hərifin yaxşı pulu var və beləcə, məni “ovlamışdı”. Pulum olmadığını deyəndə key-key üzümə baxdı. Heç yoxundu? – deyə soruşdu. Cibimdə cəmi bir “şirvan” pul vardı. Yoxdu, dedim və çölə çıxdım. İki addım atmamış qız arxamca çıxıb qolumdan tutdu. Eybi yoxdu, gəəl, -dedi.

Kök arvadın narazılığına baxmayaraq qız məni yenidən otağa salıb qapının cəftəsini endirdi və ortadakı pərdəni çəkdi...

Biz bəzən unuduruq ki, fahişələrin də sevgiyə ehtiyacı var. Onlardan bu sevgini əsirgəyən həyat isə çox amansızdır.

# 906 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #