Xalçaçı rəssam: "O görüş bütün həyatımı dəyişdi”

Xalçaçı rəssam: "O görüş bütün həyatımı dəyişdi”
29 noyabr 2014
# 13:54

“Xalça sənətini bu gün davam etdirən çox azdır. Həm əziyyətli işdir, həm də yaşam tərzləri insanları bu sənətdən uzaqlaşdırır. Bu sahədə yalnız türklər xalçanı danışıq dilinə keçiriblər. İstər Uzaq Şərq, istər ərəb, istər fars xalçalarının təkrarını tapmaq olar. Amma Azərbaycan xalçalarının təkrarı yoxdur”. Bu fikirləri xalçaları dünyanın ən tanınmış muzeylərində saxlanılan Azərbaycanın xalçaçı-rəssamı Eldar Mikayılzadəyə məxsusdur.

APA TV-də yayımlanan “Rəng...Fırça...Palitra...” verilişinin qonağı olan Eldar Mikayılzadə hesab edir ki, sayları azalsa da, Azərbaycanın xalçaçı rəssamları bu sənəti yaşatmağa qabildirlər: “Bu sənət bizimlə gəlməyib və bizimlə də ölə bilməz. Biz sadəcə bu sənəti davam etdirmək üçün münbit şərait yaradırıq. Çalışırıq ki, bu zəncir qırılmasın. Fəza dili hər millətə verilmir. Biz çox xoşbəxtik ki, Allah bizə fəza dili verib”.

Xalçanın toxunma prosesini təfərrüatı ilə nəql edən rəssamın sözlərinə görə, peşəkar xalçanın əvvəlcə eskizi işlənilir: “Sonra həmin eskiz damalı kağıza köçürülür. Buna çeşni deyirik. Bu, sanki bir not kimi işlənilir. Məsələn, hansısa bəstəkar notu yazır və hansısa orkestrə verir və əsər ifa olunur. Biz də bunu damalı kağızda hazırlayırıq və toxucular o kağız əsasında xalça toxuyurlar. Sadəcə olaraq musiqilər müxtəlif orkestrlər tərəfindən ifa edilə bilər, xalça isə bir dəfə toxunur. Toxucu var, sadəcə toxuyur, toxucu var, ürəyini qoyur və bu zəhmət nəticədə görünür”.

Eldar Mikayılzadə hesab edir ki, xalça sənətinə mütləq qəlbən bağlı olmaq lazımdır: “Əslində insan heç zaman sevdiyi işdən yorula bilməz. Onu sadəcə işləmək xətrinə işləyirsənsə, əlbəttə yorularsan. Hər şey pulla deyil, sənətdə pul düşündünsə, demək orada sənətdən danışmaq olmaz. Kim inanır ki, ruzi Allahın əlindədir, o sənətdə də qabağa gedir”.

Xalçaçı rəssamın fikrincə bu gün Azərbaycanda xalça sənətinin yaşamasının səbəbkarı mərhum Lətif Kərimovdur: “Lətif Kərimovla təsadüfi görüş mənim bütün həyatımı dəyişdi. Mənim sahəm rəngkarlıqdır. Xalçaya hamı kimi sadəcə məişət əşyası kimi baxırdım. Amma Lətif müəllimlə görüşdən sonra bunun çox böyük sənət olduğunu, Azərbaycan xalqının ruhunun daşıyıcısı olduğunu tamlığı ilə bildim və bununla özüm üçün yeni dünya açdım. Lətif Kərimov deyirdi ki, ornament sənətini gözəl öyrən. Həqiqətən də bu sənəti dərindən bilən biri Azərbaycanın milli sənətinin bütün strukturunu bilmiş olur və istənilən sahədə işləyə bilər”.

Eldar Mikayılzadə bir xalçanın bir ilə toxunduğunu qeyd edib: “Məhz bu səbəbdən xalçaçı-rəssamların fərdi sərgiləri çox nadir hallarda keçirilir. Elə xalçaçı rəssamlar var ki, ömrü boyu bir dəfə də fərdi sərgisi keçirilmir. Bir sərgidə ən azı 15 xalça olmalıdır. Mən keyfiyyətli xalçadan, keyfiyyətli işdən danışıram. İnsanın həyatı, ömrü gedir, xanımlarımızın gözünün nuru bu işə gedir. Mən həm də boynumda Lətif Kərimovun da, Səttar Bəhlulzadənin haqqını daşıyıram. Sənətə nə qədər zaman ayırsan, o qədər də ömrü olar”.

Eldar müəllimin yaradıcılığı dövründə ən uzun müddətə başa gələn xalça Kaşan xalçası olub və bu xalça beş ilə başa gəlib. Bir çox dünya muzeylərində xalçaları sərgilənən Eldar Mikayılzadə illərin əziyyəti hesabına başa gələn bu sənət nümunələrinin Vətəndən uzaqlarda olmasına təəssüflənmir: “Mənə çox sual verirlər ki, bu qədər əziyyətlə işlədiyiniz xalça hansısa xarici kolleksiyaya, muzeyə gedəndə ürəyiniz ağrımır? Mən özümüzə qız atası kimi baxıram. Sözsüz ki, hər bir ata qızı ailə quranda kədərlənir, ağlayır, amma heç bir ata qızının evdə qalmasını istəməz. Bu, nəslin, sənətin böyüməsi və tanıtımıdır. Azərbaycan mədəniyyəti hara qədər gedirsə, Azərbaycanın sərhədi də ora qədərdir”.

Qarabağ xalça məktəbindən də danışan Eldar Mikayılzadə, bu məktəbin digər xalça məktəblərindən əsas fərqinin xarici ölkələrlə ticarət və mədəni əlaqələrə ən tez reaksiya verən xalçalar olduğunu deyib. Eyni zamanda ölçülərinə görə Azərbaycan xalçaları arasında ən böyük həcmlisi Qarabağ xalçalarıdır. Bunun səbəbi kimi isə Eldar müəllim Qarabağda evlərin böyük olduğunu göstərib: “Bu gün məktəb anlayışı artıq dəyişib və bizdə xalq yaradıcılığına çox çətin rast gəlinirdi. 20-25 il bundan əvvəl Azərbaycanın rayonlarında hansı evə girirdinsə, xana səsi gəlirdi, indi isə bu itib, daha o səs gəlmir...”

# 2250 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #