news-inner
clock09:30 calendar-gray 23 Oktyabr 2014 view-gray9551 dəfə oxunub
view-gray9551 dəfə oxunub

Nobel alan qızcığazı niyə güllələdilər?

Nobel sülh mükafatının ən gənc laureatı, hüquq müdafiəçisi, qadınların təhsil alması uğrunda mübarizə aparmış Malala Yusufzay 1997-ci ildə Pakistanda doğulub.

Malala 11 yaşında olarkən öz bloqunda Taliban rejimindən, onların yaşadığı Svat vadisini nəzarətə götürməyindən və qızların təhsilinə münasibətindən yazaraq məşhurlaşıb.

O, 2012-ci ilin oktyabrında məktəb avtobusunda evə qayıdanda talibançılar onu yaralayıb. Bundan sonra onu Pakistan hökumətinin köməyi ilə Böyük Britaniyaya aparıblar.

Pakistanın “The Daily Nation” qəzetinə müsahibə verən talibançı Şahidulla Şahid deyib ki, əgər bir daha imkanımız olsa, onu mütləq öldürəcəyik.

Malala bu günlərdə Nobel sülh mükafatına layiq görülüb.

Keçən il onun “Mən Malalayam” avtobioqrafik kitabı çapdan çıxıb.

Kulis.az kitabdan bir hissəni təqdim edir.

Dünyanın dəyişdiyi gün

Mənim ölkəm zülmətdə yaradılıb. Az qala öldüyüm gün isə günorta idi. Bir il əvvəl məktəbə getdim və... geri dönmədim.

Talibançıların atdığı güllə başımı dəlmişdi. Məni huşsuz vəziyyətdə Pakistandan apardılar. Bəziləri düşünürdü ki, artıq heç vaxt evə dönməyəcəyəm. Amma bütün qəlbimlə inanıram ki, bu, belə deyil.

Vətənindən həmişəlik ayrılmaq - heç kəsə arzulanmadığın acıdır.

Hər səhər gözlərmi açanda sevimli əşyalarımla dolu, qiyafətlərimin döşəmədə atıldığı, rəflərə yaxşı oxuduğuma görə qazandığım prizlərin qoyulduğu otağımı görməyi arzulayıram. Sonra xatırlayıram ki, Svat vadisində yerləşən evim çox uzaqdadır, indi mən başqa ölkədə yaşayıram və burda vaxt Pakistandan 5 saat geri qalır. Amma inkişafına görə sevimli vətənim ondan bir əsr geridədir. Burda hər cür rahatlığım var. Kranlardan isti və soyuq su axır. Çıraqlara ehtiyac yoxdur, çünki işıq gecə və gündüz yanır, bunun üçün sadəcə elektrik düyməsini basmaq lazımdır.

Bazardan qaz balonları almağa da ehtiyac yoxdur, çünki mətbəxdə elektrik pilətəsi var. Amma kimsə pilətə qabağında dayanıb yemək bişirmək istəmirsə, mağazadan həmişə hazır yemək almaq olar.

Pəncərəyə yaxınlaşanda hündür binalar, bütün istiqamətlərdə şütüyən maşınlarla yüklənmiş yollar, səliqəli yaşıl hasarlar, hamar çəmənliklər və təmiz səkilər görürəm. Gözlərimi yumub doğma vadimə qayıdıram. Xəyalımda qarla örtülmüş dağların zirvələri, şəffaf mavi çaylar, yaşıl tarlalar canlanır. Birgə yaşadığım insanları təsəvvür edəndə ürəyim sevinclə döyünür. Fikrən məktəbə, sevimli müəllimlərimə və sinif yoldaşlarıma qayıdıram. Ən yaxşı rəfiqəm Moniba mənə tərəf qaçır, biz kənarda oturub laqqırtı vurur və gülürük. Sanki mən heç yerə getməmişəm. Amma bunlar yalnız arzulardır. Əslində mən indi İngiltərədə - Birminhemdə yaşayıram.

Həyatım 2012-ci il oktyabrın 9-da dəyişdi. Məktəb imtahanlarının ən qızğın vaxtı idi. Düzdür, mən sinifdə ən yaxşı şagird idim, rəfiqələrimin əksəriyyətindən fərqli olaraq, imtahanlardan qorxmurdum.

Səhər adətimiz üzrə biz Hacı Baba küçəsinin yaxınlığındakı dar, çirkli dalana gəlirdik. Həmişə olduğu kimi bizi ora parlaq naxışlarla bəzədilmiş arabalarda gətirirdilər, bununla belə hər arabaya beş-altı qız yerləşirdi. “Taliban” hərəkatı hakimiyyətə gələndən bizim məktəbdə daha lövhə asılmadı. Yad adamın ağlına da gəlməzdi ki, səssiz ağ divarın, naxışlı mis qapının arxasında nə gizlənir.

Biz qızlar üçün bu qapı başqa dünyaya giriş idi. Qapıdan içəri keçəndə hər şeydən əvvəl yaylıqlarımızı çıxardırdıq.

Yaylıqlar bizim başımızdan elə ildırım sürətlə çıxırdı ki, sanki onları buludları qovan və günəşə yol açan küləyin ani şiddəti aparırdı. Sonra biz atıla-atıla bütün siniflərə açılan daxili qapıya doğru qaçırdıq. Çantaları partalara ataraq, yenidən həyətə səhər iclaslarına tələsirdik. Biz üzümüzü şərqə tutaraq donub qalırdıq. Qızlardan biri “Sakit dayanın” mənasını verən “Assaan baş” deyirdi, biz isə dostyana dabanlarımızı yüngülcə yerə vurur və xorla “Allah” cavabı verirdik. Sonra o, “Hu şi yar” deyir- bu da “Diqqət” deməkdir- biz yenidən dabanlarımızı yerə vurur və “Allah” sözünü təkrar edirdik.

Bizim məktəbin əsasını atam, hələ mən doğulmadan öncə qoyub. Onda məktəbi əhatə edən divarda qırmızı hərflərlə yazılan bu yazı nəzərə çarpırdı: “Huşal məktəbi”.

İndi bu yazı yox idi, amma biz qızlar əvvəlki kimi həftədə 6 gün məktəbə gedirdik. Dərslərdə kimya tənlikləri tərtib edir, urdu qrammatikasını öyrənir, ingiliscə– “Tələsən təndirə düşər” kimi ibrətamiz mövzularda inşa yazır və insanın qan dövranının sxemini çəkirdik. Sinif yoldaşlarımın əksəriyyəti həkim olmaq istəyirdi.

Təsəvvür edə bilməzdik ki, kimsə bizim məktəbi təhlükə kimi görə bilər. Buna baxmayaraq Svatın əsas şəhəri olan səs-küylü nizamsız Minqoranı qızların oxumasını gərəksiz sayan

taliblər idarə edirdi.

İmtahanlar getdiyi üçün biz məktəbdə səkkizdə yox, doqquzda olmalıydıq, buna mən şad idim. Yatmağı sevirdim, yuxumu nə xoruzların səsi, nə namaza çağırış poza bilmirdi. Nəhayət, atam məni oyadır.

- Durmaq vaxtıdır- o, mənə yaxınlaşmadan dedi, cani mun bəsdir, dincəldin.

“Cani mun” “canım mənim” deməkdir. Atam məni tez-tez belə çağırırdı.

- Ata, daha bir neçə dəqiqə, xahiş edirəm – mən donquldanaraq başımı ədyalın altında gizlədirdim.

Bundan sonra otağa anam girirdi.

- Pişo- o, mənə səslənirdi.

Pişo “pişikciyəz” deməkdir, anam doğuşdan məni belə çağırır.

Onda hiss elədim ki, artıq gecdir.

- Bxabi mən gecikirəm-yataqdan atılaraq qışqırdım.

Adətlərimizə uyğun olaraq, bizdə adamlar hər kişini qardaş və hər qadını bacı hesab edir. Bir-birinə belə münasibət qəbul olunub.

Atam ilk dəfə anamı məktəbə aparanda bütün müəllimlər ona “bxabi” müraciət etməyə başladı. Bu da qardaşımın arvadı deməkdir.

O vaxtdan biz hamımız onu “bxabi” çağırırıq.

Mən evin ön tərəfindəki böyük otaqda yatırdım. Bütün şərait öz şəxsi pullarıma aldığım çarpayı və şkafdan ibarət idi. Bu pulları bizim vadidə sülh uğrunda kampaniyasına və qızların təhsil uğrunda mübarizəyə görə almışdım.

Rəflərdə dərslərdəki uğura görə aldığım qızılı plastik kuboklar və başqa prizlər dayanır.

Yalnız iki dəfə sinifdə ən yaxşı şagird ola bilmişəm, şərəfli yerimi rəqibim, Malka və Nura adlı qıza uduzmuşam. Mən bu il ona qalib gəlmək qərarında qəti idim.

Məktəb bizim evdən o qədər də uzaqda yerləşmirdi. Əvvəl məktəbdən evə piyada qayıdırdım. Amma bu ilki dərs ilindən məktəbə avtobusla gedirdik. Beş dəqiqəyə mənzil başına yetişirdik. Avtobus şəhər əhalisinin hər cür zir-zibili tulladığı üfunətli çay boyunca gedir, sonra doktor Humayunun saç əkən institutunun nəhəng reklam şitinin yanından ötürdü. Biz həmişə zarafat edirdik ki, keçəl başını pöhrənin deşdiyi müəllimlərimizdən biri buranın müştərisidir.

Avtobusda getmək xoşuma gəlirdi, birinci ona görə ki, qızğın günəş altında tərləmirdin, ikinci rəfiqələrimlə və Usman Əi adlı sürücü ilə laqqırtı vura bilirdik. Biz ona qardaş mənasını verən “Bxay Can” deyirdik. O, zarafatcıl idi, onun inanılmaz əhvalatlarına qulaq asaraq gözlərimiz yaşarana kimi gülürdük.

Anam avtobusla getməyimi küçədə tək getməməyim üçün istəyirdi. Bütün ili bizi hədələdilər. Bəzən anonim məktub alırdıq, bəzən hədələri qəzetlərdə yayırdılar, bəzən isə onların sözlərini bizə şifahi çatdırırdılar.

Anam mənə görə qorxurdu, amma əmin idim ki, talibançılar qızcığazla haqq-hesab çəkməzlər.

Özümdən çox atama görə narahat olurdum, çünki o həmişə taliblərə qarşı çıxış edirdi. Onun yaxın dostu və həm fikri Zahid Xan bu ilin avqustunda ağır yaralanmışdı. Zahid məscidə gedəndə qatil onu güllələmişdi. Bilirdim ki, atama hamı xəbərdarlıq edirdi: “Ehtiyatlı ol, növbəti sənsən”.

Qayıdanda avtobus bizim küçədən keçmədiyi üçün evə piyada gedirdim. Çaya tərəf çıxır, dəmir qapını açır və daş pillələrlə başqa küçəyə qalxırdım. “Əgər hücum eləsələr, mütləq bu pillələrdə güllələnəcəm”- deyə düşünürdüm. Coşqun fantaziyalar mənə atamdan keçmişdi və dərs zamanı müəllimlərin mühazirəsini unudub, evə gedən yolda talibançıların məni necə pusduğunu təsəvvür edirdim. Onda necə davranmalıydım deyə düşünürdüm. Bəlkə güllələməzdən əvvəl ayağımdakı tuflini çıxarıb əvvəlcə onu vurum? Amma belə eləsəm mənimlə terroristlər arasında heç bir fərq olmayacaq. Yəqin ki, onu inandırmağa cəhd eləmək lazımdır. Nəsə buna bənzər şey demək lazımdır: “Yaxşı, məni güllələyin, amma əvvəlcə dinləyin. Siz səhv edirsiniz. Sizə qarşı heç bir pis niyyətim yoxdur. Sadəcə, istəyirəm ki, bütün qızların məktəbə getmək imkanı olsun”.

Oxşar xəbərlər

Xəbər lenti

“Azərbaycanın klassik 12 instrumental muğamı” kitabı təqdim olundu
18:59 27 Yanvar 2021
Mədəniyyət naziri Fransanın dövlət katibi ilə görüşdü
18:11 27 Yanvar 2021
Qarabağda mina təmizləyənlərdən film çəkildi - Video
17:28 27 Yanvar 2021
Bizim keçmişimiz əl-ələ gəzir - Elvin Bakiroğlunun yeni şeirləri
16:46 27 Yanvar 2021
Di Kaprio ABŞ prezidentinə açıq məktub yazdı
16:01 27 Yanvar 2021
Fərhad Bədəlbəyli: “Bülbülün həyətinə girəndə qorxdum” – Şuşa söhbəti
15:18 27 Yanvar 2021
Çində "Nizami irsi" layihəsinə strat verildi
14:46 27 Yanvar 2021
Klassikanı niyə oxumalıyıq?
14:01 27 Yanvar 2021
Psixoloq: “Media intihar xəbərlərində ehtiyatlı olmalıdır” – Müsahibə
13:20 27 Yanvar 2021
Balaca ifaçımız beynəlxalq mükafat aldı
12:41 27 Yanvar 2021
Valları rekord qırdı, ailəsini atıb "müqəddəs ata" oldu, rahibəylə eşq yaşadı - Azərbaycanlı şairin qeyri-adi həyatı
11:58 27 Yanvar 2021
İki gündən bir ağlaşma quran sənətçilər
11:29 27 Yanvar 2021
“Uşağın duası” işıq üzü gördü
11:09 27 Yanvar 2021
90 yaşlı aktyor ata oldu
10:43 27 Yanvar 2021
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edilib
10:16 27 Yanvar 2021
Samirə Əşrəfə ağır itki üz verib
10:06 27 Yanvar 2021
Təbrizli yazar: “Nizamini məqbərədən çıxarıb xalqın həyatına qaytarmalıyıq” – Müsahibə
09:01 27 Yanvar 2021
“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021