Bu necə dayanacaqdır?-PREMYERA POLEMİKASI

Bu necə dayanacaqdır?-<span style="color:red;">PREMYERA POLEMİKASI
20 oktyabr 2014
# 12:34

Ötən həftə Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi ilə “Azərbaycanfilm”in birgə istehsalı olan “Axırıncı dayanacaq” (müəlliflər: Fikrət Əliyev və İlqar Fəhmi) filminin premyerası keçirilib.

Kulis.az yazarları filmə baxıb, təəssüratlarını yazıblar.

Yazarların fikirlərini təqdim edirik.

Qan Turalı: “Azərbaycan kinematoqrafiyasının əsas problemi janrsızlıqdır. Dünyada kütləvi filmlər və müəllif filmləri bir-birindən qəti şəkildə də olmasa ayrılır. Bizdə isə normal kinoprokat sistemi olmadığı üçün kütləvi film haqda danışmaq mənasızdır. Müəllif filmləri üçün isə müəllif lazımdır.

Biz illərdir rejissorlarımızın həm kütləvi sənət ölçülərindən uzaq, həm də müəllif filmi adlandırmağa min şahid istəyən filmlərini görürük. Halbuki kinodan uzaq düşmüş tamaşaçını yenidən bəyaz pərdə qarşısına qaytarmaq üçün kütləvi filmlərə böyük ehtiyac var. Kino sənayesi məhz kütləvi filmlərin sayəsində inkişaf edir. Mediamız hər nə qədər görməməzliyə vursa belə “Məhəllə” filmi son illərin ən çox baxılan filmidir və bu filmlə Azərbaycan xalqı ölkədə film istehsal prosesinin dayanmadığından xəbər tutdu.

“Axırıncı dayanacaq” filmi də Azərbaycan tamaşaçısını güldürməyə qadir filmdir. Filmin geniş aktyor heyəti öz işinin öhdəsindən pis gəlməyib. Xüsusilə də Arif Quliyevin oyunu çox yaxşı alınmışdı. Film bəzi xırda-para qüsurlara baxmayaraq orta statistik tamaşaçının zövqünü oxşayır.

Bizə bu cür filmlər çox lazımdır. Kinoşünaslarımızın maksimallığını isə onların peşələrinə olan həssaslığına bağlayıram. Hamıdan Tarantinoluq gözləməyə dəyməz. Bizə Kameron da lazımdır”.

Aygün Aslanlı: “Fikrət Əliyevin "Axırıncı dayanacaq" filmi yaxşı, kommersiya baxımından uğurlu tragikomediya ola bilərdi. Bu baxımdan onu zay edilmiş keyfiyyətli xammala bənzətdim. Maraqlı material vardı, o, dramaturji kontrastlar - hansı ki, istifadə olunmamışdı – özlərini öldürürdülər. "Burdayam, məni gör" deyə. Məsələn, fiziki yaşlılıqla ruhun cavanlığının kontrastı. Və maraqlı bir film alınardı, amma... musiqidən yersiz istifadə, yanlış montaj, yanlış operator işi, arada telesüjetlərdəki "privivkalar" kimi peyda olan "gəlin, sizi ağladım" cəhdləri hər şeyi məhv eləyib. Nəticə: məyusluq....”

Şərif Ağayar: “Gülməyim tutur açığı... Filmə görə yox... Elə nəsə gülməyim gəlir. “Axırıncı dayanacaq” filminin ssenari müəllifi dostum İlqar Fəhmidir axı... Təqdimatdan bir-iki gün öncə onu İTV-də verilişdə gördüm. Anarla Fikrət Qocanın yanında oturub susurdu sadəcə. O, susa-susa danışmağı, danışa-danışa susmağı bacarır... Film başlayan kimi həmin verilişlə “mətnlərarası əlaqə” gördüm. Axı rejissor Fikrət Əliyevlə birləşib “Axırıncı dayanacaq” adlandırdıqları bu ekran əsəri də qocalardan, qocalar evindən bəhs edir.

Ayrı-ayrı detallara varsaq, uzun bir yazı alınacaq. Qısaca onu qeyd edim ki, filmin əvvəli də, sonu da alınmamışdı. Ortalarda təxminən yarım saatlıq babat material vardı. İstehza, işarələrlə oynamaq, romantikanın və klassik qəzəl yaradıcılığının ələ salınması... Detektivə ironiyaya isə (həm kitablara, həm filmlərə) İlqar xeyli yer ayırıb. Nədənsə mənə elə gəldi ki, o, Çingiz Abdullayevlə məsləhətləşib bu kadrlar üçün. Nə olar, nə olmaz! Bir də, Ç.Abdullayev belə mənalı-mənasız atmacalardan inciməyən yeganə AYB katibidir.

Mətbəxə yaxşı bələd olduğum üçün deyim: mühafizəkar nazirliyin və “Azərbaycanfilm”in şərtləri altında bundan daha yaxşı nəsə eləmək çox çətindir. Mümkün deyil demirəm... İlqar bu “çox çətin” baryerləri aşa bilməyib, heç, məncə, aşmağa cəhd də göstərməyib. Yaza-yaza heç nə deməmək yolunu seçib. Amma əlinə hər fürsət düşəndə köhnə düşüncəli rejissordan gizlin tamaşaçılara nəsə ötürməyə çalışıb. Elə filmin maraqlı olan hissələri də İlqar Fəhminin Fikrət Əliyevin “xəbəri olmadan” ötürdüyü mesajlardır. O, sanki ağıllı tamaşaçıdan üzr istəyir, bax gör hansı şəraitdə işləmişəm - deyir. Necə deyərlər, həm mühafizəkar yaşlıların, həm də yenilikçi gənclərin könlünü alır.

Neyləyək... Kasıbın olanından...

Filmdə ən çox bəyəndiyim detal “quş” işarəsi altında gizlənən pullardır...

Umuram, filmin özünü bu “kötü” işarə altına almayacaqlar”.

Sevinc Çılğın: “Axırıncı aşırım”... Yox, bu “Axırıncı dayanacaq”dır – müasir Azərbaycan filminin axırıncı aşırımında çəkilmiş bir film...

Adətən rejissorlar fəlsəfə üyüdüb-tökməyi sevirlər. Tamaşaçını dərin mənalarla yükləmək, guya düşündürmək naminə oyunbazlıqlar, hoqqabazlıqlar... Bu film çox sadədir, birrənglidir. Söhbət qocalar evində yaşanan həyatdan gedir, daha doğrusu, bu filmdə verilən mesaj odur ki, qocalar evində belə həyat öz axarıyla davam edir, son gəlməyənə qədər son yoxdur.

Komediyadır. Doğrudan da komediyadır. İlqar Fəhminin əla yumor hissi var. Ssenari müəllifidir İlqar. Əla maraqlı detallar var. Çox güldüm. Nəsə mənə elə gəlir ki, bizim aktyorlar komik rolları faciədən daha yaxşı oynayırlar. Ümumiyyətlə, sanki bizim insanımız belədir. Tragikomik vəziyyətlərdə belə, hətta ən kədərli anlarda da qıdıqlasan, gülərlər. Qocalar evi... Özü-özlüyündə hüzünlü məkandır. Ancaq qocalar bir az da uşaq kimi olur deyə komik situasiyalar daha gözəçarpandır. Aktyorlar ilk kadrlarda süni təsir bağışlasa da, film boyunca sanki rolun içinə girə bilirlər və ya obrazı özününküləşdirə bilirlər. Ancaq altı cızılaraq ad çəkmək lazımdırsa, Fuad Poladov deyirəm! Filmin əsas sütunlarındandır!

Filmdən dilə düşəcək frazalar boldur.

Bir də filmin musiqisini xüsusi vurğulayım. Ola bilər ki, ən sevimli bəstəkarımın işidir deyə başqalarından daha çox vurulam. Ancaq mənə elə gəlir ki, Aygün Səmədzadə qocalar evindəki İlqar Fəhminin gizlətdiyi kədəri musiqisi ilə ifadə etməyə çalışıb. Sanki vəziyyətin kədərli və komik balansını bölüşüblər. Biri digərini tamamlayıb. Ən çox da itin “cinayətkarı” axtarış məqamlarındakı fon musiqisi fərqliydi.

Nəsə məndə belə bir hiss var ki, bu filmin qüsurlarına göz yummaq lazımdır. Məsələn, bir var heç tük bitməyən keçəl baş, bir də var seyrək saçlı baş. Deyə bildim?”

Mirmehdi Ağaoğlu: “Axır ki, kinoteatrda AzTV-yə baxa bildim. “Axırıncı dayanacaq” filminin girişi həqiqətən AzTV-də tez-tez verilən peyzaj roliklərinə bənzəyir; mavi dəniz, qayalara çırpılan dalğalar, evlərin damları və sair...

Məncə film elə qocalar evindəki “rəqs” səhnəsindən başlamalı idi. Əlində çamadanı qocalar evinə gələn adamın filmin əvvəlində və sonunda göstərilməsi sanki Aytmatovun “Gün var əsrə bərabər” əsərini xatırladırdı: “Burda qatarlar Şimaldan Cənuba, Cənubdan da Şimala hərəkət edirdi”.

Ümumilikdə filmdə Qocalar evinin aurası, faciəsi göstərilməyib. Məkanı dəyişsək bilinməz ki, bura qocalar evidir, ya yox. Hərçənd ssenaridə bu detallar nəzərdə tutulub. Misal üçün, hər gün qocalar evinin qapısında oturub Rusiyadan gəlməli olan oğlunu gözləyən qoca qarı və ya nəvələrinin və oğlunun yaşlı qadınla görüşə gəlməsi. Lakin bunların rejissor həlli verilməyib. Kamera o yaşantıları çatdıra bilmir.

Fuad Poladovun oyunu ənənəvi göründü mənə. Heç cəlb eləmədi. Əvəzində Arif Quliyev öz köhnə rolu “Miriş”i bu dəfə çox yaxşı oynadı. Qorxmaz Əlilizadənin də rolu qənaətbəxş idi. Ümumilikdə aktyorlar pis oynamırdılar. Elə bil Yeni il, Novruz süjetinə baxırsan. Uşaqlıqdan belə Yeni il, Novruz süjetləri ilə böyüməmişikmi? Bu da olsun növbəti süjet...”

Aliyə: “Axırıncı dayanacaq” filminə adət olunduğu kimi yalnız bir rejissor işinin nəticəsi kimi yox, istehsalçının məhsulu kimi yanaşmağı təklif edirəm. Bu filmə kinoteatr, kinoprokat sistemini diriltmək istəyən bir qurumun komediya kimi kassa janrına münasibətinin nəticəsi kimi yanaşmağa cəhd edin.

Filmin hər kadrı bizi ondan qopmağa məcbur edir: komediyanın cərəyan etməli olduğu qocalar evi – qavrayışımızın kövrək, kədərli assosiasiyalarını oyadır - filmin adı da bu sentimenti vurğulayır. Bu sentimenti aşmaq üçün çevik süjet, əla aktyor oyunu, yüksək temporitm, dinamik montaj həlli lazımdır. Amma elə aktyor oyunu bizi başqa bir assosiasiya ilə toqquşdurur: teatrın, böyük səhnənin ifadə elementlərində “şişirtmə” kimi şərti var. Bu şərti nəinki kamera qarşısında, hətta gündəlik həyatda da tərgidə bilməyən Gənc Tamaşaçılar Teatrının aktyorları temporitmi salır. Məsələ yalnız peşəkarlıqda deyil, Ağaxan Salmanov, Tofiq Hüseynov, Vahid Əliyev, Yasin Qarayev səhnədə yaxşı pyes, yaxşı quruluş olmaması üzündən məhv olub gedən bir aktyor nəslini təmsil edir. Yəni, azmış kimi məsələyə bir də teatrın problemləri qoşulur.

Filmi komediya olmağa qoymayan bu qədər düşüncələr varkən, onun müəllifləri də tərəddüd içindədir: film gah psixoloji drama meyllənir (qocaların faciəsi tar kamanla yad olunur) , gah melodramaya qapılır (Zemfira Sadıqova ilə Tariyel Qasımovun qəhrəmanlarının filmə isti soyuğu olmayan sevgi xətti), gah da oynaq komediya olmaq iddiasını xatırlayır. Montajın, aktyor oyununun janra, temporitmə vurduğu zərbələr bəstəkarın etdiyinin yanında çox kiçikdir. O bütöv bir film yox, sadəcə kadrlar üzərində işləyib və bu qarmaqarışıq janr bölgüsünü musiqisi ilə məhz o təyin edib.

Personajlar 50-ci illərin karikaturalarına oxşayır. O personajlara baxdıqca, kədərlənirik. Qoca olduqları üçün yox, köhnə olduqları üçün. Şair Rasim Qaracanın misralarını kədərlə onlara həsr edirəm: siz qocalmadınız, siz köhnəldiniz...

Sonda onları komediya çəkməyə qoymayan bu qədər dərdlə əlləşən bütün kino və teatr zəhmətkeşlərindən üzr istəyirəm. Mən sadəcə baxdım, amma siz nələr çəkdiniz..."

Ağa Cəfərli: “Siz Allah, indi bu komediya idi? Bəs bu necə komediyadır ki, mənim bircə dəfə də dodağım qaçmadı. Və mənə çatmadı ki, filmə baxan aktyorlar nəyə gülürdülər. Məncə bu komediya yox e, Allah bilir nə idi... Filmi görəndən sonra “sizin işdəki zarafatlarınıza şükür” deyən Aliyə məncə tamamilə haqlıdır.

Obyektivlik naminə onu da qeyd etməyi vacib hesab edirəm ki, filmdə uğurlu detallar vardı.

Məsələn, Qocalar Evinin qarşısında gözləyən qadın pis tapıntı deyildi. O qadının üzündə insan əzabının son həddini gördüm.

Və yaxud “cinayət”in üstünü açmaq istəyənlərin kitabxanadan Çingiz Abdullayevin kitablarını gətirməsi... Yalan olmasın, 25-30 kitab vardı. Və təbii ki, bu detalda Çingiz müəllimin həddən artıq çox kitab yazmasına ironiya vardı. Axırda da məlum oldu ki, Çingiz müəllimin kitabları heç “cinayət”i açmağa da yaramır.

Və yaxud şairin hinduşkaya qəzəl deməsi babat səhnə idi.

Ancaq detallar elə detal olaraq qaldı. Detallardan avtobus düzəltmək, onu sonuncu dayanacağa yola salmaq mümkün olmadı”.

# 3117 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #