Bir kilo ətə görə intihar

Bir kilo ətə görə intihar
24 sentyabr 2014
# 09:36

Hansısa tanınmış qələm adamından soruşurlar ki, qocaldığını nə zaman hiss etdin? Cavab sadə və maraqlıdır: “Xatirələr tez-tez yadıma düşəndə”. Yazıçı haqlıdırsa, mən qocalmağa başladığımı üzüsulu boynuma almalıyam.

Nədən ki, oxuduğum kitablar, yazılar, baxdığım filmlər oxşar xatirələri yadıma salır. Elə bil yüz il yaşamışam. Və ən pisi də odur ki, bu xatirələrin əksəri kədərlidir.

Bu yaxınlarda şairə dostum Sevinc Elsevərin uşaq oyuncaqları ilə bağlı bir yazısı da eyni hissləri doğurdu məndə. Doğrudur, oyuncaq sözü həmişə böyük aktyor Pyer Rişarla assosiasiya olunur... Amma Sevinc xanım da ciddi mətləbə toxunmuşdu. Deməli, məsələ belədir: sən qəpiyi-qəpik üstünə qoyub çörək almağa gedirsən, gözlənilmədən burnufırtıqlı nadinc uşağın ağlaya-ağlaya çörək dükanına qoyulmuş oyuncaqlara dartınır... Qanın it qanına dönür! Müəllif burda var-dövlət tanrılarındansa real insanları – çörək dükanını işlədənləri hədəfə alır. Axı çörək dükanına niyə oyuncaq qoyulmalıdır?

Eyni adlı filmdən və Sevincin yazısından görürük ki, oyuncaq varlılarda bir, kasıblarda başqa bir narahatlıq yarada bilər. Uşaqları səbəblər maraqlandırmır axı. Elə buna görə qulaqlarını çəkmək lazımdır.

Jurnalist Kəbutər Haqverdiyevanın da oyuncaqla bağlı bir yazısını xatırlayıram (baxın yenə xatirə). Demək, Kəbutər xanım bulvarda 1 İyun - uşaqların müdafiə günü ilə bağlı reportaj hazırlayır. Atasının məftildən düzəltdiyi oyuncaq maşını sürən kasıb bir uşaq diqqətini çəkir. Söhbətləşirlər, dərdləşirlər. Bununla işimiz yox! Sadəcə, Kəbutərin qənaəti adamı qüssəyə vadar edir. O, uşağa müraciətlə yazır: “Bəlkə də böyüyüb çox varlı bir adam olacaqsan. Amma, inan mənə, ömrün boyu oyuncaqlara həsrətlə baxacaqsan. Çünki, pulun olanda da uşaqlığın olmayacaq”.

Təbii, əsas xatirəm bu deyildi...

...90-ların əvvəllərində, Bakı Dövlət Universitetinin tələbə-qaçqın şəhərciyində gənc bir ailə başçısı özünü 5-ci mərtəbədən atıb intihar etmişdi. Arxaya bir barmaq kağız buraxaraq: “Körpə övladıma 1 kilo ət ala bilmirəmsə, yaşamaq mənə haramdır.”

Hadisə belə baş vermişdi: uşaq anası ilə çörək almağa gedərkən, qəssabxananın qarşısında ət deyə tutdurur. Qadında da pul yox! Çaşıb qalır. Bunu görən qəssab bir kilo ət kəsib verir qadına və deyir, bilirəm, indi üstünüzdə pul yoxdur, ödəyərsiz. Qadın bu səmimi xeyirxahlıq qarşısında aciz qalır və əti götürür. Götürür və... davamını bilirsiniz artıq...

Deməyim odur ki, çörək satılan dükanların yanında oyuncaq da satmaq olar, ət də, lap belə lüləkabab da!

Məsələ sosiskada deyil...

# 1938 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #