Xamis Muradov: “Ali kateqoriyalı filmimiz yoxdur” - MÜSAHİBƏ

Xamis Muradov: “Ali kateqoriyalı filmimiz yoxdur” - <span style="color:red;">MÜSAHİBƏ
19 sentyabr 2014
# 16:32

Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı Xamis Muradovun APA-ya müsahibəsi

- Xamis müəllim, sentyabrın 15-də doğum gününüzü qeyd etdiniz. Səssiz-səmirsiz ötüşdü...

- Kinostudiyadan çıxdığım üç ildir.

- Daha doğrusu, kinostudiyanın rəhbərliyindən çıxdığınız üç ildir. Əməkdaş kimi yenə kinostudiyadasınız...

- Elədir, əlbəttə, mən kinostudiyadan ömrümdə uzaqlaşmamışam. Yaşadığım mənzil də kinostudiyanın həyətindədir. Sadəcə, jurnalistlərdən, televiziyadan bir az uzaq olmağa çalışıram. Ona görə yox ki, mənim mətbuata münasibətim soyuqdur, qətiyyən! Sadəcə, söhbət əsnasında elə suallar ortalığa çıxır ki, istəmirsən o suallara cavab verib, kiminsə xətrinə dəyəsən.

- Yəni o suallar “tikanlı” olur...

- Yox, 70-dən sonra mənim üçün “tikanlı” suallar yoxdur. Ümumiyyətlə, kənara çəkilib həyata, sənətimdəki uğura və uğursuzluqlara, insanların münasibətinə uzaqdan baxmaq istəyirəm. Bəzi adamlar var, axşam jurnalda bir yazı oxuyur, sabah özünü göstərmək üçün ondan sitatlar gətirir. Mən o insanlardan deyiləm. Bunu dəfələrlə demişəm: çəkdiyim kinoları ağlımla yox, hissimlə çəkmişəm. Yəni filmlərimdəki uğurlar hissimin nəticəsidir. Sənədli filmlər mənə çox şey verib: şöhrət gətirib, mənalı ömür yaşamışam, kinonun hesabına ailə qurmuşam, dünyanın az qala yarısını gəzmişəm. Möhtərəm Heydər Əliyevlə 60-dan çox ölkəyə səfər etmişəm. Kinostudiya mənim gözümün qabağında tikilib, istifadəyə verilib. 1966-cı ildə institutu bitirib kinostudiyaya təyinat alanda, köhnə binada işləyirdik. O vaxt iş yerimiz Hökumət Evinin arxasında yerləşirdi. Orada 4-5 ay işləyəndən sonra bizi təzə binaya köçürdülər. Ona görə, əlbəttə, mən bu binanın gözəl vaxtlarını görmüşəm. 1350 nəfər işçi vardı, 500-600 nəfər kənardan əməkdaşlıq edir, gəlib-gedirdi. Tale elə gətirdi ki, 2002-ci ildə məni direktor təyin etdilər. Bir il sonra qurultayda çıxış elədim, dedim, indiyəcən bu kinostudiya bizə hər şey verib, ailəmizə çörək aparmışıq. İndi bina elə vəziyyətdədir ki, biz ona qayğı göstərməliyik. Çətinlik, qayğı, ehtiyac təkcə insanların həyatında olmur - daş-divar, bina da o günləri yaşayır. Atam öləndə böyük qardaşıma vəsiyyət eləmişdi ki, uşaqlara əvvəlcə sənət öyrət, sonra ağılları olar, oxumağa davam edərlər. Yeddi illik məktəbi bitirəndən sonra qardaşım məni 14 nömrəli sənət məktəbinə qoydu. İndi həmin binanın yerində Təhsil Nazirliyi yerləşir. Bir dəfə Misir Mərdanovun yanına söhbət eləməyə getmişdim, dedim, sizin oturduğunuz bu kabinet mənim yatdığım otaq olub (Gülür). Nazirliyin indiki binasının birinci mərtəbəsi yeməkxana idi, ikinci-üçüncü mərtəbələrdə siniflər yerləşirdi, dördüncü mərtəbədə isə yatırdıq. Rayondan gələndə 14 yaşım vardı, amma gündüzlər tikintidə işləyirdim, axşam qarda-yağışda indiki Heydər Əliyev Mərkəzinin yanından piyada keçib Nərimanov “milis”inin yanında yerləşən 72 nömrəli məktəbə oxumağa gedirdim. Gecə saat 12-də dərsdən çıxıb birtəhər evə qayıdırdım. İndiki uşaqlar rahat, kondisionerli otaqlarda yaşayırlar, amma bir də görürsən, hər şeydən şikayət edirlər. Çətin günlər yaşayan adama Allah mütləq xoş gün qismət edir. Ona görə heç nədən küsüb-incimək, şikayətlənmək lazım deyil.

- Xamis müəllim, danışıb xətrinə dəyməkdən ehtiyat etdiyiniz adamlar çoxdur?

- Mənim dediyimlə heç nə dəyişməyəcəksə, bu, qanqaraçılığa çevriləcəksə, onu dilə gətirməyə ehtiyac yoxdur. Filmə baxıb rejissora deyirəm ki, filan-filan epizodlar artıqdır, düz deyil. Onu qavrayıb qəbul etmirsə, ikinci dəfə ona söz demirəm. Mənim üçün vacib olan insanların münasibətində saflıq və təmizlikdir. Hər halda, sözlərimi eşidənlər daha çox olur.

- Ad günü təbriki üçün direktorla sabiq direktora gələn zənglərin sayında fərq çox olur?

- İndi məni istəyənlər zəng etdilər. Direktor olanda isə daha çox işi keçənlərdən zəng gəlirdi. Bilirsiniz, bunu belə də qəbul etmək lazımdır. Mən o adamlardan incimirəm də. Neyləsin, məsələn, sex rəisidir, mən kinostudiyanın direktoruyam, hamı deyir, gedirik Xamis müəllimi təbrik etməyə, o adamın da boynuna düşür ki, müdirimdir, gedim təbrik edim. İndi isə məndən asılılığı olmayan adamlar zəng edib, ürək sözlərini deyirlər. Vəzifəndən istifadə edib kimisə təhqir etmirsənsə, alçaltmırsansa, adamlar ömrü boyu sənin hörmətini saxlayırlar. Mən rəhbər olanda heç kim bir-biri ilə küsülü ola bilməzdi. İki nəfər mübahisə edirdisə, həmin gün bir məclis təşkil edib onları barışdırırdım. Kinostudiyada elə adam olub ki, ona üç-dörd il salam verməmişəm. Direktor təyin olunandan sonra isə o adama birinci özüm əl uzatdım. Deyirdim, bu idarənin rəhbəriyəmsə, deməli, həmin adamın mənə işi düşəcək. Məhz o işi düşməyə görə həmin adamla küsülülük saxlamağa ixtiyarım yoxdur.

- Kinostudiyanın direktoru olmaq maddi təminat üçün yaxşı vəzifə hesab oluna bilər?

- Yox! Kinostudiyanı başqa təşkilatla səhv salmaq düzgün deyil. Bura yaradıcılıq ocağıdır. Studiyanın divarlarını, qapı-pəncərəsini görən adam burdan qazanc güdə bilməz.

- Azərbaycan rejissoru bu 20 ildə tamaşaçının dilindən “heyif deyildi o vaxtın filmləri” cümləsini niyə çıxara bilmədi?

- Mənim rəhbər olduğum 10 ildə təxminən 30-a yaxın bədii film çəkildi. Bəziləri deyir, 60-70-ci illərdə çəkilən filmlərə baxanda adam ləzzət alır, bir də baxmaq istəyir, amma indiki filmlər belə deyil. Tamaşaçı kinostudiyanın çəkdiyi filmləri televiziyaların çəkdiyi özfəaliyyət serialları ilə səhv salır. Ona görə bizə daş atırlar. Sovet dövründə filmlərin qiymətləndirilməsi üzrə üç kateqoriya vardı. Məsələn, hansısa filmimiz SSRİ miqyasında birinci kateqoriyaya düşəndə, deyirdilər, filankəsin filmi yaxşı qarşılandı. Ali kateqoriya isə tamam ayrı yer idi.

- Məsələn, birinci kateqoriya filmlərimiz hansıdır?

- “Uzaq sahillərdə”, “Axırıncı aşırım”, “Şərikli çörək” , “Nəsimi” və s.

- Bəs ali kateqoriya?

- Bizim o kateqoriyaya düşən filmimiz olmayıb. Hər halda, ola bilər, səhv salım, amma zənnimcə, belə filmimiz yoxdur. Ola bilər, müəyyən müddət tamaşaçı sevgisi qazanandan sonra o adı qazanıb. Sözüm ondadır ki, “Əhməd haradadır”, “Görüş”, “Onu bağışlamaq olarmı?” filmləri üçüncü kateqoriyaların filmi idi. İndi bizim tamaşaçının bəh-bəhlə adını çəkdiyi o filmlər vaxtilə axırıncı kateqoriyalı olub. Biz hər şeyin qiymətini zaman keçəndən sonra veririk. İnanıram ki, bu gün “Azərbaycanfilm”də çəkilən filmlərə 30 ildən sonra baxanda, deyəcəklər ki, nə yaxşı filmlər idi. İnanın, bu olacaq!

- Xələfiniz Müşfiq Hətəmovla münasibətləriniz necədir?

- Çox gözəl. Müşfiq Hətəmov mənim hörmətimi həmişə saxlayıb. Onunla uzun illər bir yerdə çiyin-çiyinə işləmişik. Çox istərdim, Müşfiq müəllimə kömək etsinlər. Nazirlik də, sıravi kino xadimləri də, tamaşaçılar da Azərbaycan kinosunun inkişafı üçün Müşfiq Hətəmova əl uzatmalıdır. Bu kinostudiya dövlətindir. Müşfiq müəllim bu binanı təmir etdirib, texnika alıb, xaricə tələbə göndərə bilməz. Bu, onun imkanı daxilində deyil. Arzu edirəm ki, ona dayaq olsunlar. Mən bilsəm ki, Müşfiq müəllimin milyonları var, biznesmendir, heç danışmazdım. Bəzən belə olur: deyirlər, məni ora rəhbər qoyun, sonrası ilə işiniz yoxdur, hər şeyi özüm həll edəcəyəm. Amma indiki vəziyyətdə bu belə deyil.

- Bəzən cavan kadrın işlərinə yaşlı nəsildən olan həmkarları mane olur. Yəni bu inzibati məsələ deyil...

- Mənim düşüncəmə görə, ümumiyyətlə, yaşlı nəsillə gənc nəsli bir-birinə qarşı qoymaq lazım deyil. Yəni onları toqquşdurmaq olmaz. Ailədə də belə olur: əvvəl ata, sonra böyük qardaş, sonra ortancıl və s. Bu hörmət evdə qorunub saxlanıldığı kimi, kollektivdə də qorunmalıdır. İndi kinostudiyada yaşlı nəslin nümayəndəsi çox deyil. Əlbəttə, cavanların qabağını kəsmək ağılsızlıqdır. Cavan nəsil də bilməlidir ki, işlədiyi yerdə üç nəfər ağsaqqal var. Özün bilirsən ki, kinostudiyada çalışan ağsaqqallar kimlərdir.

- Eldar Quliyev, Fikrət Əliyev, Oqtay Mirqasımov…

- Müşfiqin çox gözəl xüsusiyyətlərindən biri odur ki, Oqtayın da, Fikrətin də, Eldarın da yerini bilir.

- Eldar Quliyev indi də film çəkir. Siz niyə çəkmirsiniz?

- Mən 70-dən çox film çəkmişəm. Deyirlər, niyə film çəkmirsən, cavab verirəm ki, əgər mən Xamis Muradov bu yaşıma qədər nəyi isə deyib qurtarmamışamsa, 70-dən sonra nə deyə bilərəm? Yəni bu fikrə düşmək ağılsızlıqdır. Ola bilər, vaxtımı keçirmək üçün bir film götürüm, yavaş-yavaş çəkim, qətiyyən mənə lazım deyil, çox sağ olun. Bu olan söhbətdir.

- Rüstəm İbrahimbəyovla münasibətləriniz necədir?

- Rüstəm İbrahimbəyovla münasibətlərim həmişə soyuq olub. Ümumiyyətlə, yaradıcı adam gərək siyasətə qarışmasın.

- Kinostudiyanın rəhbəri olanda gördüyünüz işlərdən xəbərim var. Məsələn, bildiyim qədər, burda olan iki restoranı siz bağlatdırmısınız. Amma haqqınızda niyə belə deyirlər: kinostudiyanı bu günə qoyanlardan biri də Xamis Muradovdur...

- Qoy desinlər! İstəmirəm bu haqda geniş danışaq. Sədr təyin olunandan sonra qayda qoydum: kim mənə əvvəlki direktor haqqında nə isə desə, o adamı qovacağam. O ki qaldı restoranlar məsələsinə, vaxtilə studiyanın həyətində nələr baş verdiyini burda işləyənlərin hamısı görüblər. Təsəvvür edin, əməkdaşlar üç ildən çox idi maaş almırdılar. Gördüyüm işlərdən çox danışmaq istəmirəm, kimsə başqa cür qəbul edər. İşdən çıxanda hamıya üzümü tutub halallıq istəmişəm. Onu bilirəm ki, kinostudiyanı bataqlıqdan çıxarıb, işlək vəziyyətə gətirmişəm. Təsəvvür edin, binanın suyunu, işığını kəsmişdilər, bank hesabı bağlanmışdı, işçilər maaş almırdı. Bu işlərin hamısını bir ilin ərzində yoluna qoymuşam.

- İllərlə yığılan bu problemləri bir ilin içində necə həll etdiniz?

- Göydə Allah, yerdə dostların və hökumətin köməkliyi ilə. Məsələn, Milli Məclisin sədri Oqtay Əsədov o vaxt “Azərsu”nun rəhbəri idi, Əhməd Əhmədzadə (Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri - C.Zeynallı) ilə gəlib studiyanı gəzdilər. Dedim, Oqtay müəllim, sizə borcumuz var, onu necə edək? Oqtay Əsədov cavab verdi ki, studiyanın bu vəziyyətində sizdən pul istəyə bilmərik, borcunuz silinəcək. Dediyini də elədi, nə qədər borcumuz vardısa, hamısını sildi. Rəhbər vəzifədə işləyən şəxslərlə görüşüb problemləri yoluna qoyduq. Başa düşdüm ki, insani münasibətlər, müraciətlər olanda, hər şeyi yoluna qoymaq olur. Gördüm, kinonu hamı sevir və hamı kömək etmək istəyir. Kinostudiyanın həyətindəki restoranların sahibləri adamı gecə ilə evindən apara bilərdilər, amma axırda dövlətin dəstəyi hesabına biz qalib gəldik.

- Seriallara baxırsınız?

- Yox, baxmıram. Telekanal rəhbərləri gərək işi peşəkarlara tapşırsınlar. Dünyagörüşü, kino təsəvvürü olmayan adama iş tapşırmazlar. Hərə bir yerdə səsyazma studiyası açıb, dublyajla məşğul olur. Nazirliklərin əksəriyyəti studiya yaradıb kino çəkirlər. Təsəvvür edin, kinostudiya nazirliklərdən kran alıb çəkiliş edir. Bunların hamısını bir yerə cəmləşdirmək lazımdır. Bu millətin tarixidir, mədəniyyətidir. Kino biznes sahəsidir, ona görə də bu sahəyə sərmayə yatırtmaq lazımdır.

# 1864 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #