news-inner
clock12:46 calendar-gray 11 Sentyabr 2014 view-gray3301 dəfə oxunub
view-gray3301 dəfə oxunub

“İsi Məlikzadə vəzifəsindən sui-istifadə edirmiş”-XATİRƏLƏR

Kulis.azgörkəmli şair İsa İsmayılzadənin indiyədək heç bir yerdə dərc olunmamış xatirələrini dərc edir. Xatirələri redaksiyamıza tanınmış yazıçı tərcüməçi Nəriman Əbdülrəhmanlı təqdim edib.

“Anarın, Əkrəmin, Famil Mehdinin dönüklüyü...”- Məşhur şairin xatirələri

Görkəmli şairdənŞOK İTTİHAMLAR

1 mart

Axır ki, mart gəldi; yaz nəfəsi elə bil özü ilə bir ümid işığı da gətirir. Bu axşam «Aktyor evində» İmran Qasımovun xatirə gecəsi keçirilir (70 illiyi ilə əlaqədar). Mənə əvvəlcədən Əkrəm dedi ki, çıxışa hazırlaşım. Söz vermişəm, deməyə də sözüm var, amma hələ də xəstəliyim keçməyib, bütün günü eşiyə çıxmamışam. Görən… gedə bilməsəm, xətrini çox istədiyim, xatirəsi mənim üçün əziz olan (birinci növbədə xeyirxahlığına görə!) bir adamın ruhunu incidəsi oluram.

Təəssüf, çox təəssüf ki, gecəyə gedə bilmədim-öskürək əlindən danışa bilmərəm; tərləməkdən bezmişəm, sabah da belə olsa…

Martın 3-ü

2-də, 3-də də işə çıxa bilmədim…

Martın 3-də, günortadan sonra Yazıçılar İttifaqına getdim ki, aylığımı alıb qayıdam. Qapının girəcəyinə bildiriş vurulmuşdu - həmin gün saat 3-də partiya iclası olacaqdı. Nadir Cabbarov məni gördü: «Yaxşı oldu gəldin.» Dedim: «Nadir, mən xəstəyəm, halım yoxdu, iclasda otura bilmərəm».

İttifaqdan çıxıb gedəndə Mirzə İbrahimov rast gəldi. Çox soyuq görüşdüm – «Sovetskaya kultura» qəzetində (16 fevral, 1989) verilmiş «Biz kimi eşidirik və nəyə görə?» məqaləsindən sonra (18 fevral tarixli nömrəsində «Kommunist» qəzetində onu dərc elədi – I səhifəsindən, şəkilli!) heç görmək də istəmirdim. Yanında bir-iki adam da var idi, yoxsa sözümü deyəcəkdim. Heyf… Amma eşitmişdim ki, qorxusundan Akademiya getmirmiş. Axır ki, aylığını almağa gedəndə qadınlar ona bir divan tutublar ki… Başlayıb ki, yox, qəzet mənim fikrimi təhrif eləyib… Yalana bax! Həmişə, ömrüboyu Mirzə Əjdəroğlu beləcə, günahının altından çıxıb-günahını başqasının üstünə yükləyə bilməyəndə bu yolu tutub. Bu, onun illərlə sınanmış silahı olub. Ona görə də M.C.Bağırov dövründən başlamış bu günə kimi həmişə üzdə olub, üzünü xalqa tutub, amma… onun əleyhinə işləyə-işləyə həmişə özünə əl çaldırıb. Ay yalançı millət qəhrəmanı (elə bu adda bir şey yazmışam, kitabımda çıxacaq), sənin 50-60 illik maskanı yırtan olacaqmı?

Mirzə yoldaş (rəhmətlik Kübra xanım Dadaşovanın dili ilə desək), bu məqaləsində Lenin meydanındakı gözəl nümayişlərin mahiyyətini təhrif edir, ora yığışanlara böhtan atır, onları «alverçi», ekstremist adlandırır. Görün bir nə yazır: «Son illərdə Azərbaycan ədəbiyyatında elə bir sanballı əsər xatırlaya bilmirəm ki, orada millətçiliyin (?) xırda burjua təhlükəsi ifşa edilsin». Bu necə arzu, necə tələbdir? Erməni ədəbiyyatında millətçi-daşnak yazıçılara – S.Xanzadyana, S.Namutunyana, Z.balayana fəxri adlar, mükafatlar verilir, biz isə… xalqa can yandıranları tutub həbs edirik. «Millət qəhrəmanı» da gör bir nə istəyir!..

Partiya iclasında Tofiq Bayram onun çox zəif şerlərlə çıxış etdiyini («Ədəbiyyat və incəsənət»), nahaq şer yazdığını deyir. Anar qeyd edir ki, məsələni belə qoymaq olmaz, onda gərək şairlər nəsr yazmasın…

Mirzə müəllimə məsləhət görülür ki, «Советскайа культура»dakı məqaləsinə görə ya cavab sözü ilə «ədəbiyyat və incəsənət»də çıxış eləsin, ya da televiziyada…

O, məndən soruşdu ki, İsa, balası, bəs mənim yazılarımı hansı nömrədə verirsiniz? Mən dedim ki, poemanız çap olunmayacaq, çox zəifdir, şeirlərinizə baxıb seçərik. (Necə yəni «seçərik» - bəyəm seçilməli bir şer var? Yoxdur, amma Yusif xahiş elədi, dedi ki, məni bezdirib, tez-tez zəng vurur). Yox, hər nə olsa, o cəfəngiyatları çap eləmək olmaz. İndiyədək nə «Ədəbiyyat və incəsənət»də işləyəndə, nə də «Azərbaycan» jurnalında müavinliyim dövründə (1981-dən) bir dəfə də olsun, ondan şeir istəməmişəm, heç çap eləməmişik. Vəssalam!

Martın 4-

Yenə evdən eşiyə çıxmadım – xəstəliyimə görə. Martın 5-də Məhərrəmlə birlikdə (Məhərrəm Qasımov) bizim bağa getdik, bir az işlədik. Yağış yağdı, sonra göyün üzü açıldı. Məhərrəm ötən həftə, martın 2-də Ə.vəzirovun qəflətən, xəbərsiz-ətərsiz, özü də tək-tənha Nizami adına Ədəbiyyat İnstitutuna (Məhərrəm orda işləyir) gəlməsindən danışdı. Birdən-birə, liftin qapısı açılır və… vəzirov liftdən çıxıb onlara yaxınlaşır (bir neçə cavan alim söhbət eləyirmiş), əl tutub görüşür, direktorun yerini soruşur. Sonra direktorun yanında söhbət eləyirlər…

…Hə, az qala yadımdan çıxdı: Martın 3-də V gün gündüz uşaqlıq dostum, orta məktəb yoldaşım Əli İskəndərov (Borçalının İlməzli kəndindən) bizə gəldi. 7-8 ildi görüşmürdük. Qızı Rənanın (Rus dili İnstitutunda oxuyur) təyinat ilə əlaqədar professor Murtuz Sadıqova ağız açdım…

Sonra jurnalımızın texniki redaktoru Tofiq Mahmudov gəldi, əlində də… iki jurnal: bizim birinci nömrəmiz və «Ulduz»un ikinci nömrəsi. Bizim jurnalda «1937» poeması çıxıb, «Ulduz»da – yeni şerlərim. Sevinirəm. Hələ də, 50 yaşın astanasında da qəzet-jurnal səhifəsində təzə yazımı görəndə uşaq kimi kövrəlirəm.

Sonra qonşum, dostum Əlibala Hacızadə gəldi (romanımı, həm də məqaləmin korrekturasını götürüb redaksiyadan). Xeyli oturub söhbət elədik. Həm onun əsərinin, həm də mənim yazılarımın çap olunmasını bir balaca «məclislə» qeyd eləyəsi olduq.

Ələkbərin atası Baba müəllim ağır xəstədi, onun halını soruşmaq üçün zəng vurdum. Ələkbər çox pərt idi – deyəsən, kişinin yaşayacağına ümid azdı. Heyf…

Martın 6-da

Bazar ertəsi, günəşli bir gündə Eldar Nəsibli (şairliyindən daha çox insanlığı, əmimiyyəti, tərbiyəsi xoşuma gəlir!) ilə Nəbatat bağına getdik – bağa aparıb əkmək üçün ağac lazım idi. Onun dostu, elmi işçi Oruc bizi çox mehriban qarşıladı. Tələsməyimizə baxmayıb bizi təsərrüfatı ilə əməlli-başlı tanış elədi; nə qədər nadir, əvəzsiz bitkilər, güllər yetişdirilir burda! Çoxunun adını eşitməmişdim. Əksəriyyəti də «Qırmızı kitaba» düşüb. Gərək mütləq yazda, daha doğrusu, mayda ora yolumuzu salaq. Bizə xeyli ağac-şitil verdi, maşınla yola düşdük Pirşağıya. Eldarın dostu Binnət də (o da Eldar kimi «Elm və həyat»da işləyir) bizə qoşuldu. Hamısının – meyvə ağaclarını, qızıl gülləri, yasəmən kollarnı nizamla basdırdı. Görək bitsələr, yaman ürəyimdən olacaq. Körpə ağaclara qulluq eləmək-mənim aləmimdə uşaqları sevindirmək kimi bir şeydi…

Martın 10-da

Ələkbərin (Salahzadə) atası Baba müəllimin ölüm xəbərini eşitdim. martın 8-də vəfat eləyib, elə həmin gün də onu kəndə, Cimiyə (Qonaqkənd) aparıblar.

Ədəbiyyat fondunun direktoru Adil Hacıyevlə danışdıq, o da Şüvəlan yaradıcılıq evinə zəng vurdu. Bizə rayona getmək üçün avtobus ayırmağa razılıq verdilər.

Martın 11-də

Yazıçılar İttifaqının qabağına yığışdıq (F.Sadıq, Q.Köçərli, Dilsuz, Hafiz Əli və b.) saat ona kimi gözlədik, avtobus gəlib çıxmadı. Mənə çox çətin olsa da, öz maşınımla gedəsi olduq: F.Sadıq, Xeyrulla Camal, şofer Siyasət, Allahverdi Məmmədli və mən…

Qubada bizi Allahverdinin dostu, jurnalist Mirzə….., Ələkbərin əmisi oğlu qarşıladı. Təngəaltına kimi mənim maşınımla gedəsi olduq. Maşınımı kənddə qoyub UAZ-la Cimiyə yola düşdük. Biz bu yolu 13 il bundan əvvəl, Ələkbərin toyuna gedəndə görmüşdük. Çox məşəqqətli yoldur. O zaman mərhum dostumuz, qardaşımız Vidadi Məmmədov dönə-dönə qarşımıza çıxıb yolumuzu kəsən çayları gördükcə (ona elə gəlirdi ki, eyni çaydı…) hirslənirdi: «A kişi, bu … çay adamın qabağına neçə dəfə çıxar?!» (Vidadi ötən il noyabrın 8-də vəfat elədi, amma… gedib min illərin ölüsünə qarışdı)…

Cimiyə gəlişimiz çox yerinə düşdü – Bakıdan Ələkbərin dostları onun kədərini bölüşməyə gəlmişdilər… Qəbir üstünə getdik. Yamanca heyrətləndik: bu balaca kəndin nə boyda qəbiristanlığı olarmış! Ucu-bucağı görünmür. Bölgədə qəbirlərin sayı (hələ nə qədəri itib-batıb) burda yaşayanların sayından yüz dəfə çoxdur. Çox qədim qəbiristanlıqlar. O qədər qədimdir ki, torpaqda (Cimiçay sahilində) üçqat qəbirlərə (qəbirlər batdıqca, torpaqla örtülüb itdikcə üstündən yeniləri salınıb) rast gəldik. Həmin yolla geri qayıdanda dağlarda bir neçə şəlalə gördük. Afurca (dağ kəndi) şəlaləsi çox hündürdən tökülürdü. Dedilər ki, yayda buralar cənnətə dönür. Dəvət elədilər, biz də gələcəyimizə söz verdik. Eh, söz verməyə nə var ki… sağlıq olsun.

Gecə də olsa, Bakıya kimi özüm sürdüm.

Martın 1-dən Zuğulba kardioloji sanatoriyasına putyovkam vardı (daha doğrusu, fevralın 1-dən martın 1-nə keçirmişdim ki, bəlkə ev məsələsi düzələ, ondan da bir şey çıxmadı).

Martın 15-

Sanatoriyaya yola düşdüm. Mövlud Süleymanlı ilə Eldəniz Quliyev orda dincəlirdilər. Sən demə… martın 15-nin mənim anadan olan günüm olduğunu Mövlud bilirmiş (düzü, heç vaxt ad günümü keçirmirdim, tək bir dəfə, 1962-ci ildə 31 №-li məktəbdə yoxlama dərsləri-təcrübə-deyərkən, tələbə dostlarımız Ələkbərlə mənim eyni gündə doğulduğunu bilən kimi axşamı kafedə gözəl bir məclis qurmuşdular). Axşam məni otaqlarına dəvət elədilər, getdim ki, gözəl bir süfrə açılıb…

Martın 16-da

Şəhərə qayıtdım. Azərnəşrdə «Seçilmiş əsərlər»imi plana salmaq istəyirlər, gərək üç dəfədən az olmayaraq, çap edilmiş yazılarımın siyahısını hazırlayam. Telman Nəzərli ilə M.F.Axundov adına kitabxanaya gedirik…

Martın 17-

Axşam Zuğulbada yenə məclis qurmuşuq – bu dəfə Mövludun ad günü şərəfinə. Tənqidçi Akif Hüseynov, Eldəniz Quliyevin qardaşı Elbrus, həkim Zabit (Qazaxdan gəlib) də bizimlədir. Xeyli keçəndən sonra Mövlud deyir ki, mən hər ad günümdə çimmişəm – ya dənizdə, ya da evdə, soyuq suda. Gedirik dənizə. Mövlud dənizə cumub çıxır, qayıdırıq. Mən evə zəng vururam. Dəhşətli bir xəbər məni sarsıdır: dostum, qardaşım Fərman Kərimzadə… vəfat eləyib.

- Desəm… qanın quruyacaq…

Bu, telefonda yoldaşımın səsidir… Qanım da qurudu, dilim də tutuldu. Məclisdən çıxıb getmək istəyirdim Bakıya, amma gec idi…

Mən əməlli-başlı sarsılmışdım; bu adamların yanında ağlaya bilmədim, öz otağıma qayıdan kimi qəhər məni boğdu…

…Kimsə məclisdə laqeyd-laqeyd danışırdı, əsnəyirdi, elə bil, heç o boyda insanın ölüm xəbərini eşitməmişdi. Mövluddan heç gözləməzdim: bu xəbər onun içindən yox, böyür-başından keçmişdi, bəlkə də min kilometr uzaqlığından…

Səhər tək-tənha şəhərə yola düşdüm.

Səyavuş-Sərxanlıya Zuğulbadan zəng vurmuşdum. Dedi ki, Mirbəşir rayonunun Sarov kəndində, qaçqınlarla söhbət zamanı Fərman sarsılıb, beyninə qan sızıb (təzyiqi 300-ə qalxıbmış). Bakıdan təcili həkim çağırtdırırlar, sonra… o da lazım olmur.

18 marT

Sən demə, Fərmanın üçü imiş…

Binəqədi qəbiristanlığına yola düşürük. Nə isə yazıçılardan gözümə dəyən azdı: Hidayət, Səyavuş Sərxanlı, Şəmşad Rza, Əhmədağa Muğanlı, Məmməd Murad, vəssalam. Dünən, dəfnində çox olublar. Qəbir üstündən qayıdanda Ağəddin Mansurzadə gəlib çıxdı. Sağ olsun, eşidib Sumqayıtdan gəlmişdi.

Oğlu Əzizi qucaqlayıb öpürəm; amansız ölüm bu cavanca uşağı iki günün içində necə sıxıb… Son bir ildə dünyadan vaxtsız köçən Əziz dostlarımın-İsrailin, Vidadinin, Şahmarın lap cavan (əziz, heç olmasa, tələbədir), məktəbli oğlanları gözümün önünə gəlir. Onlara baxanda Əziz şux dayanıb. Ata dərdini çəkməyə bu tifillərdə güc hardadı. Ölümün gözü kor olsun, gözəl, əvəzsiz insanları-mənim əziz dostlarımı-qardaşlarımı elə hey, bir ucdan döşləyib aparır (lap uşaqlıqdan, orta məktəbdən dostluq elədiyim, qardaşlığım Qabil birinci itki idi – o, 1978-ci ildə, 38 yaşında, Əli Kərim yaşında vəfat eləmişdi). Qabil haqda şerlərimin birində yazmışdım: qızlar kimi, ölümün də gözü yaxşı oğlanlara düşür.

Fərman bizim son bir illik dərdimizin, ağrımızın-Qarabağın ikinci ən böyük (Xudu Məmmədovdan sonra) qurbanı oldu. «Bi-bi-si» radiostansiyası ölümünü əlüstü xəbər verib. Son bir ildə, bu əhvalatlar başlayandan, Fərman demək olar, öz evində yaşamırdı – gah Moskvaya, gah rayonlarımıza yola düşürdü, kənd-kənd gəzirdi, xalqın ağır dərdini yüngülləşdirmək istəyirdi. Başqaları kimi, kürsülərdə şüar deyib millət qəhrəmanı rolunu oynamırdı, məşəqqət içində, hər şeyi, hamının dərdini ürəyinə sala-sala, elə hey siqaretini tüstülədə-tüstülədə konkret iş görürdü – evsizə ev verdirirdi, pulsuza əl tuturdu…

Ruhun şad olsun, qardaşım Fərman! Səni yaman yerdə itirdik. Oğul toyu həsrətində idik, Əzizə nişan qoymağa hazırlaşırdın…

Gecə saat 2-də, Zuğulbada bu sözləri yaza-yaza, Fərmanın nurani sifəti, işıqlı, gülümsər gözləri xəyalımda canlandı. Yenidən qəhər boğdu məni. Durub ürək dərmanı içirəm…

20 mart - Zuğulba Novruz bayramı

Ürək həkiminin – kardioloq Abdullayevanın yanındayam.

-nədən şikayətiniz var? İstədim deyəm – hər şeydən! Mühitdən, ev-eşikdən, özümdən, imkansızlıqdan, məni yandıran nə qədər haqsızlıq var – hamısından! Xalqımızın düşdüyü ağlamalı vəziyyətdən (Qarabğ problemi, 170 min qaçqının acınacaqlı taleyi…). Necə deyəsən? Həkim fikirləşəcək: bunun başına hava gəlib.

-Ürəyimdən, nə bilim, ürəyimdəkilərdən… Bu ürək yazıq neyləsin, həkim?! Mən ona zülm eləyirəm – heç kəsə gücüm çatmadığına görə.

Gördüm, həkim maddım-maddım üzümə baxır, heç nə başa düşmür, odur ki:

- Kardioqrammanı çıxartdırmaq istəyirəm, - dedim.

Göndəriş verdi. Beş dəqiqədən sonra uzun bir kardioqramm lenti, onun yanına qayıtdım. Kardioqramma çıxaran qadından soruşdum, elə bir söz demədi, ona görə nigaran qalmışdım.

Həkim:

- Pis deyil, yaşamaq olar, - deyib gülümsündü…

Rahat nəfəs aldım.

Sonra əsəb həkimi Osipovanın yanına getdim. Çox mehribanlıqla qarşıladı.

- axır vaxtlar mənim yanıma az-az gəlirlər, - dedi. Ona görə ki… mən belorusam.

- hə olsun, - dedim həkimin bəlkə də yeganə sahədir ki, gərək milliyyətə o qədər də fikir verməyəsən.

Nə isə, aydın oldu ki, məndə möhkəm əsəb pozğunluğu varmış: yaxşı yatmamışam (səhərəcən elə bil yarımyuxulu olurdum) tez-tez tərləməyim də onunla bağlı imiş.

Həkim mənə elektrik müalicəsi, masaj, elektrik yuxusu (elektroson), bir də iynəsancma təyin elədi.

Qəzetlərdə fərman çıxıb. Vaqif Səmədoğluna, Rafiq Zəkaya, T.Mütəllibova, V.Qafarova – əməkdar incəsənət xadimi fəxri adı, Hüseyn Arifə – xalq şairi adı verilib. Hamısına zəng vurub təbrik eləyirəm.

Evə yola düşürəm. Bu gün saat 19.28-də (12-ci saniyədə!) yeni il başlayır!

Çingizlə bərabər Ələkbərə baş çəkirəm, yenə başsağlığı veririk.

Axşam hamımız bir yerdəyik. Beş şam yandırırıq. Qardaşım oğlu Nizami də gəlir.

Gündüz Nərgizə demişdim ki, sizi Qız qalasının yanına aparacam. Maşını gətirirəm (Ələkbərgildən qayıdanda Azneft tərəfdən gəldik. Şəhər necə gözəl bəzənmişdi!).

Şəhərdə əsil bayram təntənəsi var. transparantlar, rəngbərəng şüarlar, yolboyu alabəzək elektrik lampaları, işıq fəvvarələri, işıq butaları gözümüzü oxşayır. Xüsusən «Kommunist», Çkalov küçələri, neftçilər prospekti çox gözəl bəzənib.

Sevincək, ürəyimizdə bayram işığı evimizə qayıdırıq.

Amma… elə bil, nə isə çatışmır. Ürəyimcə sevinə bilmirsən. Xalqımızın neçə min oğulu-qızı bu bayramı ev-eşiyindən, doğma yurdundan didərgin halda yas kimi qarşılayır. Hər gün bayram ərəfəsində də indi də (sabah da) radioda, televiziyada bayram konsertləri verilir. Novruz-əsil el bayramı kimi, qadağadan-filandan uzaq bayram kimi qeyd olunur. Şəhərdə, xüsusən Əhmədlidə nəhəng tonqallar gördüm – 4-5 mərtəbəli ev hündürlüyündə. Fişəng atılır…

21, 22, 23 mart

…Möhkəm müalicəyə başlamışam. Günortaya kimi vaxtım gedir, amma hiss eləyirəm ki, yavaş-yavaş özümə gəlirəm. Səhər tezdən durub qaçıram – gah dəniz sahilində, gah da elə bil, xiyabanlar arasında. Havasına söz yoxdu…

Son il ilk dəfədir ki, günorta yatıb dincəlirəm.

Bu günlər martın 18-dən tənqidçi Akif Hüseynov da bizimlə dincəlir. Bir stol arxasında əyləşirik. Hər gün-səhər, günorta, axşam gəzib-dolanırıq, söhbət eləyirik.

Akif «Ulduz»da redaktor işlədiyi müddətdə başına gələnlərdən, haqsız, yersiz incidildiyindən danışır. Mənim onun səmimiyyətinə inanıram. Son dərəcə prinsipial mövqe tutması, heç kəsə, heç bir təşkilata baş əyməməsi axır ki, öz işini görür: onu redaktorluqdan çıxarırlar. Mk-nın mədəniyyət şöbəsinin müdiri A.şərifovla telefonda deyişməsi (təhqirə təhqirlə cavab verməsi), M.İbrahimovun (o zaman Yazıçılar İttifaqına rəhbərlik eləyirdi) bəzən sözümə baxmaması, xahişimə əməl eləməməsi, əsərləri qaytarılan Ə.Vəliyev və B.Bayramovun hər addımda onun kölgəsini qılınclaması-bütün bunlara görə o, uzun müddət redaktor işləyə bilməzdi. Düzdür, «bəhanə» də tapılmışdı: MK-ya bəzi qələm dostlarının, iş yoldaşlarının şikayəti, yazılı məlumatı sayəsində aydın oldu ki, məsul katib İ.Məlikzadə və redaktor vəzifələrindən sui-istifadə eləyib özlərinə artıq pul yazırlarmış. O, boynuna aldı: tanınmış yazıçıların birinin möhkəm ehtiyacı olduğu üçün 100 manat qonorar yazdırır, hər ay mətbəədə «Ulduz»un materialları təmiz yığılsın deyə, öz adına 40 manat yazdırıb, mətbəə işçilərinə verir…

Amma o «yazıçı əhvalatını» heç kəsə açıb-ağarda bilmir (indi dedi ki, İsa Hüseynov imiş)…

…Tanınmış, orden-medallı yazıçılardan ikisi ayrı-ayrı vaxtlarda öz oğlanlarına dissertasiya yazdırmaq üçün ona ağız açırlar – hər ikisi rədd cavabı alır…

…M.İbrahimov sifariş göndərib xahiş eləsə də, «Ədəbiyyat və incəsənət» qəzetinin redaktor müavini Məmməd Arazın əleyhinə çıxış eləmir. Mən o iclasın şahidi olmuşdum. Gərək ki, 1970-ci ildə, N.Nərimanovun yüz illiyi ərəfəsində heykəl hələ açılmadığı halda, qəzetdə – üz qabığında, o vaxt heykəlin şəkli kiçik formada, 16 səhifə çıxırdı-verildi. Bu MK-da böyük narazılığa səbəb oldu. «Günahkar» axtarıb tapdılar; amma, o günlərdə M.Araz Bakıda yox idi, Kislovodskda dincəlirdi. Özü burda olmaya-olmaya, Yazıçılar İttifaqında, M.İbrahimovun otağında M.Arazın taleyi həll olunurdu. M.İbrahimov iclasda çox təkid eləsə də, Akif çıxış eləmədi. Təkcə Sabir Əhmədov mərdi-mərdanə Məmməd Arazı müdafiə elədi. O da yadımdadır ki, iclas gedə-gedə, S.Əhmədov danışa-danışa, iclasın qərarı makinadan çıxarılmış halda əldən-ələ gəzirdi, Məmməd Ziyadov, Nəbi Xəzri, A.şərifov, M.İbrahimov və başqaları ona soyuqqanlıqla qol çəkirdilər – M.Arazın işdən çıxarılmasına imza atırdılar. O əhvalatdan sonra M.Araz uzun müddət özünə gələ bilmədi, xroniki iflic-əsməcə xəstəliyinə tutuldu. Az qala iyirmi ildir ki, xəstənin onun yaxasından əl çəkmir. İnsana qarşı görünməmiş bir haqsızlıq, əzazillik onu ömürlük şikəst elədi.

Biz, «Ədəbiyyat və incəsənət» qəzetinin işçiləri, sarsılmışdıq, əlimizdən nə gəlirdi ki…

Martın 24-

«Ədəbiyyat» qəzetində Fərmanın nekroloqu, R.Sabirin «Bu çay niyə qurudu?» yazısı verilib. Çox gözəl yazıb.

Martın 25-

Yenə şəhərə getdim. Qohumumuz Adilin qızı Laləyə bəlgə qoyulurdu. Mən məclisə tamadalıq elədim. Qardaşları Qədir və Lətif (hər ikisi müəllimdir) Ağquladan (Borçalı) gəlmişdilər.

Martın 26-da

Arazla bağa getdik. Ağacları suvardıq - daha bir savab iş gördük.

Günorta Çingiz, Ələkbər və Çingizin yoldaşı Ənvər Məşədiyevlə görüşdüm. məni qonaq apardılar. Axşam Zuğulbaya qayıtdım. Elçin «sənət və həyat haqqında düşüncələr» mövzusunda televiziyada müsahibə verdi: «Quran»ın, «Bibliya»nın, «Avesta»nın çapının vacibliyini xüsusi qeyd elədi…

Bu gün seçki günüdür. İlk dəfədir ki, kor-koranə səs verilmir…

Bizim redaksiyaya tez-tez Bakıdan, rayonlardan zəng vururlar: «quran» nə vaxt çap olunacaq? Təəssüf ki, konkret nömrə deyə bilmirəm. Görək…

Bu gün, martın 27-də Zuğulbada şair dostum, Şamaxı rayon partiya komitəsində ideologiya şöbəsinin müdiri Qürbət Əzizova rast gəlirəm. O da dincəlməyə gəlib. Dünən «Kommunist» qəzetində maraqlı bir məqaləsi çıxıb: «Kənd ziyalısı nəyə möhtacdır?». Kənddə yaşayan ziyalıların acınacaqlı vəziyyəti elə kəskin qoyulub ki, redaksiya bu mövzu ətrafında müzakirə açmaq fikrindədir.

Mənim otağımda çörək kəsirik, çay içirik. Yenə ağrılı-acılı söhbətlər başlayır…Bir ildən çoxdur ki, bu ağrılı-acılı söhbətlər hamımızın ürəyini üzüb…

28 mart - 29 mart

Havalar yenə korlandı: zəhlətökən külək əsir, göyün üzü bomboz bozarıb, dağ rayonlarına qar yağıb. Burdan, bizim korpuslardan dənizə baxıram: elə bil tufan qopub, uğultudan qulaq batır. Çox qəribədir, qapını-pəncərəni bağlasan da, dənizin səsindən, uğultusundan, özünü sahilə çırpan dalğaların qaraqışqırığından bircə anlığa da qaça bilmirsən, əslində heç qaçmaq istəmirsən. Təbii səs insan sinirlərinin ən gözəl dərmanıdır - o səs xəfif şırıltıdan, pırıltıdan dönüb uğultuya çevrilsə belə… Hamamda, mətbəxdə krandan suyun aram-aram damcılamasına dözmək olmur, halbuki bu damcılamanın özündə də bir ritm, ahəng var, amma sünidir, onu mən yaratmışam, texnikanın işidir, ona görə də ruhuma, döşümə yatmır. Amma uğultusundan qulaqların tutulan dağ çayının nəriltəsi, okeanın az qala bütün göyü bürüyən boğuq bağırtısı könlünü oxşayır.

İndi elə bil dəniz mənim otağımdadı; gözümü yumub səsinə qulaq asdıqca elə bilirəm otağımda çırpınır, dalğalar da sahil qayalarına yox divarlara dəyib çiliklənir; zərrə-zərrə köpüklənib geri çəkilən dəniz suyunun fışıltısını-nəfəsini də duyuram, üz-gözümə şoran suyun ətri dəydikcə xoşhallanıram. Yuxu ilə reallıq arasındayam.

Dəniz mənim otağımda

çırpınır,

Dəniz mənim yatağımda

uyuyur…

Həkim (şairliyi də var) Rafiq Vəliyev gəlib çıxdı, qoltuğunda da şahmat… çox gözəl şahmatçıdır, ustalığa namizəddir. Akifi iki dəfə asanca udur, mənimlə oynayır. İki heç-heç, bir məğlubiyyət (mən uduzuram). Hər gün sonra gəlib məni 3:0 udacaq.

Oxşar xəbərlər

Xəbər lenti

Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021
Məşhur repçi narkotikdən öldü
10:10 10 Aprel 2021
Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
09:01 10 Aprel 2021
“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər – Ceyhun Mirzəyevdən maraqlı faktlar
21:01 09 Aprel 2021
Azərbaycanlı rəqqas Rusiyada fəxri ada layiq görüldü
18:46 09 Aprel 2021
Xanım İsmayılqızı yeni kitabından danışdı
18:02 09 Aprel 2021
Flora Kərimovanın ürəyi dayanıb? - Açıqlama
17:21 09 Aprel 2021
Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz
16:37 09 Aprel 2021
13 yaşlı Selcandan yeni hekayə
15:49 09 Aprel 2021
Məşhur aktrisa vəfat etdi
15:04 09 Aprel 2021
Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
14:17 09 Aprel 2021
Siyavuş Novruzovun axtardığı söz – Sərdar Amin yazır...
12:38 09 Aprel 2021
Trampın köməkçisi dörd milyonluq kitab yazacaq – Müqavilə bağlanıb
12:01 09 Aprel 2021
Xalq artisti xəstəxanaya yerləşdirilib
11:18 09 Aprel 2021
Pulun çaşdırdığı Əlixan Rəcəbov
11:04 09 Aprel 2021
Günün şeiri: Leş
10:30 09 Aprel 2021