Qəhrəman olmaq istəyən gəncin nağılı – Güneydən hekayə

Qəhrəman olmaq istəyən gəncin nağılı – Güneydən hekayə
8 sentyabr 2021
# 17:29

Kulis.az “Sözün Güneyi” layihəsindən güneyli yazıçı Əli Əhmədnijadın “Nağıl” hekayəsini təqdim edir.

Əli Əhmədnijad 1997-ci il aprelin 25-də Güney Azərbaycanın Xiyov şəhərində doğulub. İlk təhsilini burada alıb. Sonra Təbrizdə ingilis dili və ədəbiyyat fakültəsində oxuyub. İngiliscə hekayələr yazmağı da burada öyrənib. İlk türkcə hekayəsi "Paltarlar" adı ilə "Durnaların uçuşu" yarışmasında, "Dəmir qapılar" adlı hekayəsi "Kaşqarlı Mahmud" yarışmasında, "Ev" hekayəsi Təbriz bilim yurdunda qurulan türkcə hekayə yarışmasında qalib olub. Əli Əhmədnijadın hekayələri "Ana varlıq", "Aydın gələcək", "Tanış", "Məhde Təməddon" və "Səmae qələm" jurnallarında nəşr olunub. Yaxın gələcəkdə ilk hekayələr kitabı çıxacaq.

Nağıl

İstəyirdi evə çatanda fikirlərini basa bir qara torbaya, bir gecənin qaranlığında qoya qonşusunun qapısına. Onları kitab satana deməkdən peşman idi. Yadına düşəndə utanırdı. Hər dəfə bir siqar yandırıb fikrini qatırdı. Siqarlar bəstə ilə qurtarırdı, amma fikirlər dəyişilmədən qalırdı. Daha fikirləşmək istəmirdi. Kitab satanın cavabını bilmək uçun gecənin yarısında orda olmalı idi. Oturmuşdu bir daş üstündə, o dediyi parkda. Oturandan üçüncü siqar idi çəkdiyi. Bekarçılıqdan yarpaqlara donuxurdu ki, yeli görsün; ətrafını axtarırdı ki, kitab satan yalançı çıxmasın. Hərdən də o yanlıqda gizlicə öpüşən iki cavana gizlicə baxırdı ki, onlar da utanmasın.

Altıncı siqarda cavanlar əl-ələ getdilər. Yeddincisində üç motor üstündə dörd nəfər parka girdi; birisində iki nəfər, ikisində bir nəfər. Axtararaq “Huşəng Meydani sənsən?” soruşdular. “Mənəm, bəli!” - dedi. Motorları söndürüb düşdülər. Birisinin başında kaskası var idi, onu götürəndən sonra papağı qaldı. Üzündə maskası var idi. Bircə gözləri görünürdü, bir az da gözlərinin ətrafı. Dərisi dərindən yanmışdı. Balıqçı yaxalığı olan köynək geymişdi. Əlcəyi ilə əl verərək “Kərəm!” dedi. Ardınca qalanı da əl verib adlarını dedilər. “İmad”, “Dömrül”, “Koroğlu”. İmad geyimindən fəhləyə oxşayırdı, Dömrül də motoruna. Qara dəri palto ilə ağ başmaq geymişdi. Motordan düşərək sükana doladığı qırmızı təsbehi açıb sağ əlinə aldı, əl verincə genə onu açıb sol əlinə doladı. Əlini bərk sıxıb boşladı. Huşəng buraxılan kimi əlini yavaşca yumub açdı. Koroğlu da əl vermədi, yerinə yumruqlaşdı. Bir qaramtıl şalvar, bir də ondan da qara üst geyimi geymişdi. Əllərinin üstündə tatu vardı. Adını deyərək qayıdıb motoruna söykəndi.

“Əmi bizə deyib, müşkülün nədi?” - İmad başladı söhbəti - “Sən bir nağılın qəhrəmanı olmaq istəyirsən. Ocürdü?”

“Ocürdü!”

“Ocür olsa, çətin bir iş deyil. Sənə bir nağıl tapacağıq ki, zəhmətsiz, gündə gördüyün işlərlə, beş-altı ilin içində bir qəhrəman olacaqsan. Hər qəhrəmanlı nağılın bir münaqişəsi olmalıdır. Sənə yaraşan münaqişə tapmalıyıq. Qalanı getdikcə öz yerini tapacaq. Nağılının münaqişəsini düzgün seçə bilsən, lap axıracan bir böyük iş də görə bilməsən, genə qəhrəman olursan. İndi de görək, nə axtarırsan?”

“İstəyirəm, qəhrəman olam, amma belə getsə, bir kiçik xarakterdən artıq olmuram. Nağılımı anlamıram, mən də onun münaqişəsini axtarıram.”

“Darıxma! Olar! Çatmadığın bir sevgin var, yoxsa yardım etmək istədiyin adamlar?”

“İkisi də var!”

“Onda işimiz rahat olar! Sənə sevgi yeydir, yoxsa igidlik?”

“Yox, dediyim o deyil. Nağılım qatma-qarışıq olubdur, qəhrəmanını itirmişəm. Hər qəhrəman öz nağılına qəhrəmandır. Qorxuram qəhrəman olmamaq qorxusundan karıxam, ayrı nağılların qəhrəmanı olub öz nağılımı qəhrəmansız qoyam.”

İmad daş üstə oturub yerdən bir yarpaq götürdü. Danışan olmadı. Bir az gözünün qabağında çevirib donuxandan sonra yarpağı yelə verdi. Gözüylə bir də yeri axtararaq dedi:

“Çoxlu nağıllar qurtarınca başa düşülmür. Nağıl vardır qurtarandan sonra da duyulmur. Məncə, axtarmağı burax. Tapmamaq, axtararaq qalmaqdan yaxşıdır. Axtarmağın yolu tapmağın yanından sovuşur. Tapanlar yerində bu yoldan dönüb çıxırlar. Axtarmağı buraxmadan tapmağa çatmırlar.”

Bunu deyib yerində döndü. Əlini daşın arxasına aparıb baxmadan barmaqları ilə axtardı. Bir quru çöp götürüb bir də dinməz, yarpağa donuxduğu kimi çöpə donuxdu.

“Sanıram çox böyük nağıl axtarırsan.” - Kərəm dedi - “İndi dedin ki, sevdiyin birisi də vardır. Elədir?”

“Elədir, amma mən gizlicə sevirəm. Sevgi qəhrəmanı sevgisini ağızlara salmalıdır. Mən heç özünə də diyə bilmərəm. Elə sevgi, məncə uşaq işidir. Necə uşaq bir gül görəndə tez qopardar ki, özünün olsun, bir gözəl adam görəndə də istəyər özünə götürsün. Məncə yekə adamlar güllərə yetişdikləri kimi sevdikləri adamların yolunu açıb qıraqdan çiçəkləməyinə baxarlar.”

Kərəm bir cibindən siqar paketini çıxardıb başqa cibindən alışqan axtararaq altı-yeddi qədəm uzaqlaşdı. Üzü o yana maskasını aşağı çəkib siqarını yandırdı.

“Onda sən gözəlliyi qorumaq istəyirsən!” - bir az səssizlikdən sonra Dömrül idi dilə gələn - “Get bir gözəllik qoru! Ona yan baxanın gözünü çıxart! O yolda ölsən də, qəhrəmansan, qalsan da. Bundan rahat iş var?”

“Olar! Hər yerdə gözəllik görənlərin işi təkcə bir gözəl görənlərdən rahat ola bilər. Məncə hər gözdə gözəllik var, heç birisini çıxarda bilmərəm; qorumaq istəsəm, hamısını qorumalıyam. Bir də indi birisinin gözünü çıxardan qəhrəman, nağılından qalanı zindanda qalar.”

Dömrül siqarını dodağına qoyub yandıranda kərəm siqarını dabanında söndürdü. Motorların yanına yetişəndə sağ əlini Dömrülün sol çiyninə qoydu. Dömrül dinmədi.

“Gülü sən də dərməsən ayrısı dərəcək. Heç bəlkə sən qədər də qədrini bilməyə. Axırında biləcəksən, sən dərməyə qıymadığın gülü ayrısı dəribdir. Özünə istəmə ki, ayrısına qalsın? Sən də bir ayrısının biri. Nədir fərqi?”

“Bilirəm! Duz deyirsən, Kərəm, amma qorxuram gülü dərsəm də bu fikirlərim kefini korlaya. İstəyirəm birisi dərsin ki, sinsin canına. Birisinin güldanı yerdən sıxcam olsa, günəşi göydən sönük, saxladığı gülü incidər. Bundan xəbəri olsa, özünü də incidər.”

“Yoldaş! Düz deyirsən, amma məncə əyri baxırsan. Adam da gül deyil, adamdır...” - Kərəmin mobili zəng vurub sözünü para qoydu. Əlini cibinə salıb yenə bir siqarlıq uzaqlaşdı.

Koroğlu danışmadan əvvəl mobilini söndürüb cibinə qoydu.

“Bu yerin kökləri duyun düşdü, yer üzü bazar oldu. İndi birisi ala bildiyi qədər satılıb sata bildiyi qədər alınır, al-ver işinə baxmayan əl-ayağı tutur. Əmioğlu! Sənin kimilər daha sevgi qəhrəmanı olmur. Bir az boş tutmalısan yaşayışı. Adam yer üzünün qəhrəmanı yaranmayıb. Adam da yerin səsidir, iyidir, indi özün dedin, bir gül kimi... Get başını qat gözəlliklərə, yaşa. Qədimlərə baxma, indi məndə qıraq-bucaqda, sözümü oxuyuram ki, günüm aşa. Yenə özün bilərsən. Mən gedim, işiniz olmasa! Bir azdan studiya vaxtımdır.”

İmad ilə Kərəm dedilər, sən get. Koroğlu motorunu yandırıb atüstü “hələlik” dedi. Siqardan sonra Dömrül də dözmədi. Dedi, öz işinizdir. Mən ayranı çox içmişəm, yuxu aşırır. Gecəniz xeyrə qalsın. Dedilər gecən xeyrə! O da getdi.

Uç motordan biri qaldı. Uç kişinin hər biri bir siqar çıxarıb yandırdı. Kərəm yenə bir az uzaqlıqda durub üzünü qaranlığa tutmuşdu. İmad ilə Huşəng daş üstə oturub sığar çəkərək ağaclara baxırdılar. Parkda yarpaqlardan başqa heç nə dəbərmirdi. Kərəm danışmasaydı təkcə yarpaqların səsi gəlrdi.

“Yoldaş, mən bildiyimi dedim! Məncə sən böyük nağıl axtarırsan. İş ordadır!”

Nəsimi siqarını söndürərək Kərəmə göz edib sözünün üstünü gəldi:

“Kərəm yaxşı deyir. Balaca münaqişə qəhrəmanına da rahat olur. Böyük qəhrəmanlar da balaca münaqişələrdən başlayırlar. Bəlkə balacalarla başlamalısan. Məncə get bir yük qarpız al. Qazanmadan günorta çağında sat. Sonra mənə bir tək zəng at. Bəlkə danışığımız onda bir yerə çatdı. Qoyacaqsan bir az fikrin durulsun. Bəllidir, su yolunu tapıb axar, səndən də böyük bir qəhrəman çıxar. Mən səhər çağı işə getməliyəm. İşin olmasa biz də yavaş-yavaş gedək, yatmayanı yuxu aparar.”

Nömrələr alınıb veriləndən sonra xudahafizləşdilər. Motor parkdan uzaqlaşdıqca yarpaqların səsi aydınlaşırdı. Göyə baxaraq bir siqar yandırdı. Siqarın otunun səsi yarpaqların səsinə oxşayırdı, hərdən yel çoxalanda yarpaqlardan su səsi çıxırdı. Aradabir batmış sızıltı səsi gəlirdi. Fikrində bir körpə ağlayırdı. Siqarını qurtarmamış durub səsin ardınca getdi. Parkın qaranlıq yerlərində, mobilinin işığı ilə axtaranda iki parlaq göz gördü əvvəlcə. Zil qara pişik balası işığı yaxından tutanda göründü. Qara torba içində balaca başını bir başmaq qutusundan çıxardıb titrəyirdi. Qutunun qapağında kömürlə “Qoru” yazılmışdı. Mobilini cibinə qoyub qutunu qucağına götürdü. Başıaşağı “Piş-piş” eləyərək parkdan çıxdı.

# 10108 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #