"APA Media Group"un layihəsi olan "APA Jurnalist Məktəbi" layihəsinin ilk məzunlarına sertifikatlar təqdim edilib.
Vüsalə Mahirqızı: APA Jurnalist Məktəbi davam edəcək
Bununla bağlı təşkil olunmuş tədbirdə çıxış edən "APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı deyib ki, bu gün 20 məzuna sertifikatlar təqdim olunacaq.
"Bu üç aylıq müddətdə bizim məqsədimiz peşəkar, operativ, yeni media standartları ilə işləməyi bacaran jurnalist hazırlamaq üçün ilk addımı atmaq idi. Əlbəttə, jurnalist illərlə topladığı təcrübə, xəbər bazası ilə peşəkarlaşır. Lakin ilk addımların doğru yerdə atılması, doğru təcrübə imkanları jurnalist, xüsusilə xəbər jurnalisti üçün çox vacibdir. Bu, əksər halda jurnalistin sonrakı inkişafını müəyyən edən addım olur", - Vüsalə Mahirqızı qeyd edib.
Baş direktor bildirib ki, layihədə iştirak edən 20 iştirakçıdan 5-i artıq "APA Media Group"un strukturlarında, iki nəfər isə başqa media orqanlarında işə başlayıb: "Bu bizi çox sevindirir. Əminəm ki, bu layihənin məzunlarını tezliklə müxtəlif televiziya, radio kanallarında, agentlik və saytlarda görəcəyik".
Vüsalə Mahirqızı "APA Jurnalist Məktəbi”nin rəhbəri Qabil Abbasoğluna təşəkkürünü bildirib: "Qabil Abbasoğlu təcrübəli jurnalist kimi bu işin təşkilində çox böyük əziyyət çəkdi. Eyni zamanda təcrübəli telejurnalist İlqar Əlfi televiziya işinin təşkili və telejurnalistika ilə bağlı təcrübələrini bölüşdü. Təlimlərdə dəyərli jurnalistlər, yazıçılar təlim iştirakçıları ilə görüşüb, öz təcrübələrini bölüşdülər. “APA Media Group” olaraq biz onların hamısına minnətdarıq".
Baş direktor aprel ayında "APA Jurnalist Məktəbi"nin növbəti təlimlərə başlayacağını da elan edib: "Biz davam edəcəyik. Növbəti məzunlar olacaq. Ümid edirəm ki, bu məktəb yüzlərlə məzunu ilə tanınacaq".
Qabil Abbasoğlu: APA və mən həmişə sizə dəstək olmağa hazırıq
"APA Jurnalist Məktəbi"nin rəhbəri Qabil Abbasoğlu məzunları təbrik edib: "Bu üç aylıq müddətdə davam etdiniz, deməli, bu layihə həm də sizin üçün maraqlı idi. APA və mən həmişə sizə dəstək olmağa hazırıq".
Qabil Abbasoğlu jurnalistikanın çətin peşə olduğunu bir daha xatırladıb: “Bu layihə mənim üçün ilk müəllim təcrübəsi idi. Burda sizinlə birlikdə öyrəndik, müzakirə etdik, layihələr üzərində işlədik. Maraqlı təlimlərimiz, qonaqlarımız oldu. Bilirəm ki, bu təcrübə fəaliyyətinizdə sizə həmişə lazım olacaq. Həmişə öyrənməyə çalışın, bu, jurnalist üçün çox vacibdir".
Məzunlara tövsiyə: Daim öyrənin, araşdırın, mütaliə edin
"APA Jurnalist Məktəbi”nin təlimçisi, telejurnalist Ilqar Əlfi də çıxışında məzunları təbrik edib: "Burda iştirak edən hər bir gənc bizim övladımızdır və mən də həmişə sizə dəstək olmağa hazıram. Jurnalist üçün vacib mühüm bir xüsusiyyəti daşımağı tövsiyə edirəm. Bu parlaq peşədə nəfsinə hakim ola bilmək çox vacibdir. Onu bacaranlar həmişə var olur".
Bahəddin Həziyev: Bu cür məktəbi yaratmaq APA-nın haqqıdır
"Bizim yol" qəzetinin Baş redaktoru, təlimlərdə iştirakçılara ustad dərsi keçmiş Bahəddin Həziyev belə bir məktəbin yaradılmasından məmnun olduğunu deyib: "APA öz dəsti-xətti ilə onsuz da məktəbdir. APA-da onlarla imza yetişib, bu cür məktəbi yaratmaq APA-nın haqqıdır".
Bahəddin Həziyev bildirib ki, bu gün təhsilin əsas hədəfi öyrənməyi öyrətmək olmalıdır: "Əgər öyrənəcəyin mənbəni bilirsənsə, öyrənmək həmişə mümkündü və əlçatandı. Burda Sizə öyrənməyin, araşdırmağın yolları barədə danışıldı".
Bahəddin Həziyev məzunlara uğurlar arzulayıb, gələcək təlimlərdə də iştirak edəcəyini bildirib.
Şərif Ağayar: Öyrənməyə burdan başladığınıza görə peşman olmayacaqsınız
Jurnalist məktəbində ustad dərsi keçmiş, redaktənin sirlərini öyrətmiş yazıçı Şərif Ağayar da məzunları təbrik edib: "Mən əminəm ki, siz gələcəkdə yolunuzun APA-dan düşdüyünə, öyrənməyə məhz burdan başladığınıza görə peşman olmayacaqsınız" deyən Şərif Ağayar bildirib ki, burda xəbər mühiti, peşəkar və sistemli xəbər işi var”.
"Bu sistemli iş də uğurlu nəticə yaradır" deyən yazıçı məktəbin məzunlarına uğur arzu edib.
Könül Cəfərli: Hər bir gənc jurnalistə yolunun APA-dan keçməsini arzu edirəm
Məzunlara telejurnalistika mövzusunda təlim keçmiş jurnalist Könül Cəfərli bu məktəbdə olmaqdan məmnunluğunu ifadə edib: “Hər bir gənc jurnalistə yolunun APA-dan keçməsini arzu edirəm. Bunu sizə, sadəcə, bir təlimçi kimi yox, həm də bu məktəbdən keçmiş biri kimi deyirəm.
APA-da jurnalistin inkişafı üçün olan şərait, özünü ifadə etməyinə tanınan imkanı çox az yerdə tapmaq olur" .
Rövşanə Ağasəfqızı: Burda iştirak edən gəncləri çox parlaq gördüm
Telejurnalist Rövşanə Ağasəfqızı da çıxışında gəncləri təbrik edib:
"Mənim üçün yenidən gənclərlə bir arada işləmək çox xoş oldu. Burda iştirak edən gəncləri çox parlaq gördüm. Hər birinizə karyeranızda uğurlar arzulayıram".
Rövşanə Ağasəfqızı məzunlara çox oxumağı, mütaliə etməyi, daim axtarışda olmağı, araşdırmağı tövsiyə edib.
"Xəbərin bir imzası olsaydı, o imza "APA" olardı"
Məzunlar adından çıxış edən İlkin Naib artıq APA İnformasiya Agentliyində əməkdaş olaraq işə başladığını deyib.
O, belə bir fürsət üçün "APA Media Group"a təşəkkürünü bildirib.
"Xəbərin bir imzası olsaydı, o imza "APA" olardı" deyən İlkin Naib istər təlimlərdə, istərsə də iş mühitindəki müşahidəsini bölüşüb: "Burda hamı öyrətməyə çalışır. Kimdənsə öyrənmək istəyəndə həvəslə dəstək görürsən. Bu mühit adama jurnalistikanı sevdirir".
Nurşən Quliyev: Bilin ki, APA adlı bir eviniz var
"APA Media Group"un baş redaktoru Nurşən Quliyev çıxışında məktəbin yaradılmasının məqsədlərindən danışıb, məzunları təbrik edib: "Bu məktəbin yaradılmasının müəyyən riskləri vardı. Çox yaxşı haldır ki, burada ilk gündən qatılan dinləyicilərin əksəriyyəti sona qədər davam etdi".
Nurşən Quliyev qeyd edib ki, indiyə qədər APA-dan çox jurnalistin yolu keçib: "Biz arzu edirik ki, bu məktəbin dinləyiciləri gələcəkdə elə yerlərə çatsınlar ki, onlarla fəxr edək. Bu günə qədər APA-dan böyük jurnalist ordusu keçib. Onların arasında indi dövlət işlərində çalışanlar, başqa saytlarda baş redaktor olanlar var. Biz onların hamısı ilə fəxr edirik. Arzu edirik ki, siz də bu ordunun xatırlananlarından olasınız".
Nurşən Quliyev deyib ki, APA dinləyicilərinə gələcək karyeralarında həmişə dəstək verməyə hazırdır: "Harda olursunuz olun, həmişə bilin ki, APA adlı bir eviniz var. Biz sizə daim dəstək olmağa hazırıq".
Sonra məzunlara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, təlimlər üç ay davam edib.
"APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı, "APA Media Group"un Baş redaktoru Nurşən Quliyev, APA İnformasiya Agentliyinin Baş redaktoru Fərid Mirzəyev, APA İnformasiya Agentliyinin redaktoru Ramiz Mikayıloğlu, APA İnformasiya Agentliyinin redaktoru Mirmehdi Ağaoğlu, APA İnformasiya Agentliyinin redaktoru Nigar Abbasova, APA TV-nin direktoru Orxan Məmmədli, "Norma Hüquq şirkəti"nin direktoru, hüquqşünas Şamil Paşayev, "Lent.az" portalının Baş redaktoru Hafiz Heydərov, “Lent.az” portalının redaktoru Azər Hüseynbala, “Vesti.az” portalının Baş redaktoru Nicat Hacıyev, telejurnalistlər Könül Cəfərli, Rövşanə Ağasəfqızı, Almaz Mahmud, Kamran Qasımov, jurnalist Bahəddin Həzi, yazıçı Şərif Ağayar, APA İnformasiya Agentliyinin multi-media redaktoru Vüqar Abışov, marketinq mütəxəssisləri Tural Rüstəmli və Müzəffər Qaraxanlı təlim iştirakçıları ilə öz təcrübələrini bölüşüb, onlara ustad dərsləri veriblər.