İşdən qovuldu, teatra girişinə qadağa qoyuldu - Əməkdar artistdən inanılmaz faktlar

Telman Əliyev, aktyor

Telman Əliyev, aktyor

4 iyul 2023
# 21:00

Bu gün aktyor, Əməkdar artist Telman Əliyevin anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Telman Rüstəm oğlu Əliyev 2 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni–maarif fakültəsini bitirib.

***

Aktyor Zemfira adlı xanımla ailə həyatı qurub. Daha sonra Hacıbaba Bağırovun və Səyavuş Aslanın təkidi ilə Bakı şəhərinə köçüb və Musiqili Komediya teatrında işə düzəlib.


Əməkdar artist Telman Əliyev

Telman Əliyev 2000-ci ildə Xalq artisti Həsənağa Turabovun dəvəti ilə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. “Aydın”, “Ədirnə fəthi”, “Poçt şöbəsində xəyal”, “Bu dünyanın adamları”, “Fedra”, “Varlı qadın”, “Ölülər”, “Generalın son əmri” kimi tamaşalarda yadda qalan obrazlar ifa edib.

***

1989-cu ildə Əməkdar artist adını alan aktyor daha çox 2012-ci ildə ekranlara çıxan “Ağabəyovlar” serialındakı ata obrazı ilə məşhurluq qazanıb.
“Axınla aşağı”, “Cavad xan”, “Şeytan göz qabağında”, “Təlatüm”, “Yalan” kimi filmlərə çəkilib.

***

O, "Direktor "Azdraman"ı məhv edir" başlıqlı müsahibəsindən dərhal sonra işdən çıxarılıb.

Aktyorun oğlu müğənni Vüqar Əliyev atası haqqında danışarkən deyir:

“Mənim atam əməkdar artist, şərəf ordenli Telman Əliyev teatrdan haqsız yerə uzaqlaşdırılanda aktyorların heç biri səsini çıxartmadı. Amma mənim atam teatrın qabağındakı çayxanadan həsrətlə 2 il teatra baxdı. Ona teatra girməyə icazə vermirdilər. Hansı ki, orada atam kimi savadlı aktyor bir-iki nəfər idi. Atama haqsızlıq olunanda susdunuz... Tanrı onun yaşadıqlarını sizə yaşatdı. Siz buna layiqsiniz”.

69 yaşlı aktyor Telman Əliyev 4 iyul 2017-ci ildə ürək çatışmazlığından vəfat edib.

***

Aktyorun qızı həmin günü belə xatırlayır:

“Atam haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Çox gözəl ata, çox gözəl insan idi. Bu sənətdə öz sözünü demiş aktyorlar siyahısındadır. Ömrünü sənətə həsr etmişdi. Atam bu sənət üçün doğulmuşdu. Bu sənətə çox bağlı insan olub. Kurs işini uğurla verən tələbələri baş çəkməyə gəlmişdilər. Tələbələrə həyatla bağlı, sənətlə bağlı ürək sözlərini dedi. Hiss edirdik ki, nəsə demək istəyir, amma bizi təşvişə salmaq istəmirdi. Sanki, ölümünü bilirdi. Atamın səsinə oyandım. Məni çağırdı, dedi ki, əlimi tut. Əlini tutanda hiss elədim ki, atam dilinin altında nəsə deyir. Sonradan bildim ki, atam kəlmeyi-şəhadəti deyirmiş. Əlindən tutdum, üç dəfə dərin nəfəs aldı. Həmişə deyirdi ki, Allah mənim ölümümü sənin qabağında eləsin”.

# 14081 dəfə oxunub

Oxşar xəbərlər

# # #