Kulis.az Lətifə Talibin "Qayçı" adlı hekayəsini təqdim edir.
Yaxşı ki, internet həyatımıza daxil olub. Oturursan evdə, açırsan səhifələri, barmağının toxunuşuyla gətirirsən dünyanı məğribdən məşriqəcən ovcuna. Amerikanı, Avropanı, Asiyanı, Afrikanı, hətta Havay, Maldiv adalarını dolaşıb gəlirsən yenə öz ölkəmizə.
Ölkəmizdə də toyunu, nişanını paylaşan kim, uşağını, ailəsini təqdim edən kim... Öz selfilərini, təzə paltarlarını nümayiş etdirənləri görəsiniz. Hələ iş axtaran, ev satan, malı itən, əşya tapan, bir sözlə, nə desən qoyurlar elanlar səhifəsinə.
Elə onu deyirəm, bu gün internetdə qəribə bir elana rast gəldim. Cərrah öz alətlərini itirdiyini, onların yoxa çıxdığını yerləşdirib elanlar səhifəsinə. Yerini bilib xəbər verənə şirinlik də boyun olub. Əcəbdi, cərrahın alətləri kimin nəyinə gərəkdi? Millət evində kimisə kəsib əməliyyat etməyəcək ki... Təki tapılsın. Əlbət, biri görüb xəbər verər...
Təmiz hava almaqdan ötrü parka enmişdim. Qonşularımla rastlaşıb çox sevindim. Elə onlar da məni gördüklərinə az sevinmədilər. Skamyaların birində əyləşib qonşuların
söhbətinə qoşuldum. Düşündüm, nə yaxşı onlarla rastlaşdım, mənə də maraqlı olar, darıxmaram. Burada hər sahədən söhbət gedirdi. "Filankəsin qızı gəlin köçdü, bəhmənkəsin oğlu boşandı, Rizvan sağaldı, Zöhrə xəstələndi"dən vurub, keçdilər dünyada baş verən hadisələrə: "Urusetdə vəziyyət yenə qarışdı, Putin Ukraynanı vurdu, Zelenski cavab verdi, Bayden belə dedi, Makron elə, Fələstin, İsrail yenə girdi bir-birinə" – və bu kimi minlərlə olaydan gedən söhbətlər. Amma bir söhbət diqqətimi elə çəkdi ki, matım-qutum qurudu. Eşitdiyim hadisə mənə necə təsir elədisə, nitqim olmadı ki, bir mən də ağzımı açıb nəsə soruşum. Qonşuların dialoquna bir baxın:
– Ay Hüsni, mamanı gördüm ey o gün... yazığ arvad, necə arığlıyıf. O boyda arvad elə bil əriyif, lap yarı canı qalıfdı.
– Yəqin, apresdən sonra belə olub, heyləmi?
– Vay-vay, bu yaşında bıçaq altına girib?
– Hə, mən də gördüm, yazıq qadın yumağa dönüb...
– Birdən ölər ey arvad?!
– Az, kiri, dilinə tikan batsın elə, arvadı nöşün öldürürsən?, - deyib təntik Şöləni susduran Hüsnü:
– Mama ona görə arığlamadı. Öd kisəsinin əməliyyatı zamanı cərrahın qayçısı arvadın qarnında qaldıqdan sonra bu günə düşdü.
Hüsnünün belə soyuqqanlı cavabını eşitdikdən sonra gəl indi sus görüm, necə susursan.
Qadıncığaz elə danışırdı ki, sanki bu, elə belə də olmalıymış. Bu, hər üç-beş adamdan
birinin başına gəlir. Camaatın qarnı torbadı, nədi... lanset, pinset, qayçı qala adamın içində? Soruşdum:
– Necə yəni, indi qayçı arvadın qarnındadı? Biçarə arvad qayçıynan gəzir?
Hüsnü:
– Hə, bajı, gəzir hələ ki.
– Aaa, elə şey olar? Bəs nə gözləyirsiz?
– Mamanın ağrıları günü-gündən çoxalırdı. UZİ-dən sonra məlum oldu ki, cərrah əməliyyat qayçısını içəridə unudub...
– İçəridə, yəni mamanın içərisində? – bunu soruşarkən qonşuları gülmək tutsa da, mənim ətim ürpəşdi.
– Hə də.
– Bəs şikayət etmədiz? Qadın yazıq deyilmi?
– Biz həkimlərə dedik olanları, onlar "bir müddət
gözləmək lazımdı, toxunmaq olmaz!" dedilər.
– Bəs bu cərrah öz iş alətini heç axtarmadı? Bu adam demədimi növbəti xəstəni nə ilə kəsib-tikəcək? Olmaya, bu, elə hər xəstəyə bir qayçı hədiyyə eləyir?!
Bu sözlərimə qonşular yenə gülüşsələr də, durum ağlamalıydı. Mən həkim səhvləri, həkim səhlənkarlığı haqqında çox şey eşitmişdim, amma beləsi ağlımın ucundan belə keçməmişdi. Yatsaydım, heç yuxuma da girməzdi. Hüsnü:
– Həkim deyən vaxtda qayçını götürəcəklər, – dedi.
– Hüsni, mama sizə gələndə xəbər elə, biz də gəlib baş çəkək, hal-əhval tutaq, – deyib söhbəti bitirdik.
Məni fikir götürdü. Gəl indi düşünmə, gecələri də yat görüm, necə yatırsan. "Görəsən, o qayçı indi nə vəziyyətdədi? İti ucu haraya dirənib? Bəlkə, qayçı açıq vəziyyətdədi... Qadın birdən asqırarsa, yaxud öskürərsə, yatarkən o tərəf-bu tərəfə çevrilərsə, o qayçı içəridə bir yerə batmayacaqmı?"
Bu da bizim ümid yerimiz olan həkimlər. Biz sizə güvənək, canımızı, həyatımızı əllərinizə əmanət edək, siz də belə. Off, Allah... di gəl indi yuxu getsin gözünə.
Bir müddət sonra Hüsnünün anası məhəlləyə gəldi. Yazıq qadın... Zorla yeriyirdi. Bir qolunu qoynuna qısıb, o biri tərəfə əyilmiş vəziyyətdə, qayçı canını incitməsin deyə asta-asta addımlayırdı. Hüsnü anasını qarşılayıb onun evə qalxmasına kömək elədi. Biz də arxasınca evə daxil olduq.
– A Əsmər xala, indi necəsən?
– Bir yerin ağrımır ki?
– Caan, şirin xalam, Allah şəfa versin... – deyib arvadı sual atəşinə tutarkən mən də fikrim ancaq qayçının yanında olduğu üçün:
– Ay xala, qayçı necəd... töbə, töbə, çaşdım, qayçını nə zaman çıxaracaqlar? – deyib səhvimi düzəltdim.
Yazıq qadında hal nə gəzirdi ki, bunlara cavab versin. Vallah, mətbuatın deputatlara verdikləri suallar bizim sorduqlarımızın yanında heç nə idi. Ancaq Hüsnüdən öyrənə bildik ki, qayçı hələ də anasının qarnındadı. Nə deyim, vallah, gözləyək görək... Mən qayçının dərdini çəkir, Əsmər xalanın aqibətini düşünürkən, eşitdim ki, bizim tanışlardan biri güclü ağrılarla xəstəxanaya gətirilib. Xeyli səhv diaqnozdan sonra aşkarlandı ki, hələ on il bundan əvvəl əməliyyat zamanı onun qarın boşluğunda tənzif rulonu qalıbmış. Bu da qıza güclü ağrılar yaşatmaqla yanaşı, bağırsaqlarını da sıradan çıxarıb. Biçarə qızın bağırsağından azı bir metr kəsib tulladılar ki, təki həyatını xilas edə bilsinlər. Dediklərinə görə, qəsəbə xəstəxanasında keçirilən əməliyyat zamanı işıqlar sönübmüş. Cərrah işini zəif lampa işığında davam etdirməyə məcbur qalıb və tənzifi xəstənin qarnında görmədən tikərək işini sonlandırıb.
Belə... demək ki, bu qayçı hadisəsi, doğrudan da, təsadüfi deyilmiş. Allah milləti belə xətalardan qorusun.
Hə, o ki qaldı Əsmər xalanın qarnındakı qayçıya, qadın yarı sağlamlığını itirdikdən sonra onu da çıxartdılar, paslanmış halda... Talesiz qayçı isə çıxarılıb sahibinə qaytarıldı, bəlkə də, başqa bir xəstənin qarnında unudulmaq üçün... Kaş o cərrahın üzünü görə biləydik.
Amma bu gün gördüklərimdən sonra, əmin oldum ki, sən demə, bu qayçı əhvalatı nə ilk, nə də yeganə olay imiş.
Bu gün həkimə gedib müayinə olunmalıydım. Xəstəxanada uzun bir növbə sıralanmışdı.
Növbə talonumu götürüb sakit bir yer axtardım ki, əyləşib gözləyim, insan səfi azalsın.
Amma dəhlizin o başında, cərrahiyyə otağının qarşısında elə möhkəm səs-küy, çaxnaşma qopdu ki, millət, hamı oraya axışdı. Bağırtı səsinə əsəblərim yerindən oynadı, başımda çınqılar qopdu. Bir qrup insan həkimin otağına hücum çəkirdi, söyüş söyən kim, qarğış-nalə yağdıran kim.
– Çıx bayıra... çıx cavab ver, adını həkim qoyan bisavad. Sən hələ lanset-pinsetlə oynamağı öyrən, sonra adını cərrah yazdır. Mənim uşağımın qarnı bəyəm yeşik-zaddı ki, doldurasan dəmir-dümürü içinə?
Bunu eşidər-eşitməz əlhəmdim çaşdı, nə çaşdı. Dedim, yenə nələr eşidirəm, bunlar nə danışır? Həə, su artıq qanovdan çıxıb, bizimsə xəbərimiz yox. Deməli, qayçılar, skalpellər tez-tez itirmiş, unudulurmuş xəstələrin bətnində. Yenə yadıma Əsmər xala düşdü. "Can, Əsmər xala, sən ağrını içinə atıb şikayətlənmədən sakitcə qısılıb gəzirdin, amma görürsən, millət nə oyun çıxarır?!"
Əlqərəz, internetdə alətlərini itirən həkimdən xəbər paylaşıldı. Dərhal cavablar gəldi:
– Lanset mənim sinəmdədi...
– Pinsetiniz mənim qarnımda...
– Qayçı sağ böyrümdə...
– Tənzif burda... Sevindirici xəbər idi. İnsanlar bu qədər dəmiri özləri ilə gəzdirib o biri dünyaya aparası deyildilər ki... yaxşı ki, tapıldı.
Məni maraq bürüdü: görən, həkim öz sözünün üstündə durub onlara şirinlik paylayacaqmı?
Allah, sən milləti qoru!