Brilliant Dadaşova ona qadağa qoydu, İbrahim Tatlıses təklifini rədd etdi – Sevgilisi Azəri qızı Güneli hansı məşhurla aldatdı?

Brilliant Dadaşova ona qadağa qoydu, İbrahim Tatlıses təklifini rədd etdi – Sevgilisi Azəri qızı Güneli hansı məşhurla aldatdı?
25 oktyabr 2023
# 16:00

Bu gün Azəri qızı Günel kimi tanınan müğənni Günel Zeynalovanın doğum günüdür.

Kulis.az müğənninin həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Günel Rəhman qızı Zeynalova 25 oktyabr 1985-ci ildə Ağdam şəhərində anadan olub.
Məşhur Zeynalovlar nəslindəndir.
1993-cü ildə Ağdam işğal olunandan sonra Günel ailəsi ilə birlikdə Bakıda məskunlaşır. Klarnet ifaçısı olan atası tez-tez toylara gedir, evdə musiqilər ifa edir. Beləcə, Günelin və qardaşı Tunarın musiqiyə marağı yaranır.

***

1998-ci ildə İbrahim Tatlıses konsert vermək üçün Bakıya gəlir. Konsert zamanı Günel qardaşı ilə birgə səhnəyə çıxmağa nail olur. Balaca qızcığazın ifasına valeh olan Tatlıses elə səhnədən Güneli özü ilə Türkiyəyə aparacağını, onun üçün musiqi albomu çıxaracağını elan edir.

***

Bundan sonra ailəsi ilə birlikdə Türkiyəyə köçən Günel böyük səhnələrə, televiziya kanallarına çıxır. Hər kəs onun səsinə və istedadına valeh olur. Tatlıses ona "Azeri kızı Günel" təxəllüsünü verir və Günelin bir neçə albomunu çıxarır.

Türkiyədə yaşadığı illər ərzində o, “Didem”, “Beni anneme götürün”, “Bir gün toprak olacağız”, “Yaralandım”, “Çoçukların günahı ne?”, “Ne olur Allahım” mahnıları ilə böyük məşhurluq qazanır.

***

Karyerasının başlanğıcında Günel əslən İrandan olan iş adamı Rza Zərrabi ilə tanış olur. Onunla səkkiz illik eşq yaşayır və ailələrinin razılığı ilə nişanlanırlar. Ancaq toya hazırlıq ərəfəsində Günel Rzadan gözlənilməz zərbə alır. Rza ondan ayrılaraq türkiyəli müğənni Ebru Gündeşlə münasibət qurur.

***

2010-cu ildə Rza mətbuata açıqlama verərək Günelin və ailəsinin onu hədələdiyini bildirir. Uzun illərdən sonra Rza ilə Ebru Gündeş boşanır.
Günel Zeynalova deyib ki,
Dubayda gəlinlik paltarı alan zaman Rza tərəfindən aldadıldığımı öyrəndim. Susmaq ən böyük intiqamdır. Mən o vaxtlar çox susdum. Nəhayət, haqq-ədalət öz yerini tapdı.

Günel Brilliant Dadaşovanın “Maç-maç" mahnısını oxumaq istəsə də, müğənni etiraz edib. Bu etiraz qalmaqala səbəb olub. Ancaq bir neçə ildən sonra onlar İradə İbrahimovanın vasitəsi ilə Türkiyədə barışıblar. Bu barədə Günel açıqlamalarının birində deyir:

"Maç-maç" mahnısı üstündə mübahisəmiz olmuşdu. Brilliant xanım icazə vermədi. Mən də küsdüm. Sonra mənə izah etdi ki, Türkiyədə bir şirkətlə müqavilə imzalayıb. Bir il həmin mahnını heç kim oxuya bilməzmiş. Mən də barışdım".

***

Üç dəfə nişanlanan Günel nədənsə sonradan nişanlıları ilə yollarını ayırıb. Uzun illərdir Türkiyədə yaşasa da, ildə bir neçə dəfə Bakıya qonaq gəlir. Dəfələrlə estetik əməliyyatı etdirdiyindən xeyli gündəmdə olan Günel səhnə adamı olduğu üçün estetik əməliyyatları barədə heç nəyi gizlətmir.

Vaxtilə onu kəşf edib Türkiyəyə aparan, ulduza çevirən İbrahim Tatlıseslə duet oxumaq arzusundadır:

“Ona dedim ki, sizinlə duet oxumaq istəyirəm. Mənə dedi ki, sənin buna ehtiyacın yoxdur. Səsin var, Azəri qızı Günel kimi tanınırsan.
Amma İbrahim bəy mənim üçün bek-vokal oxuyub. İbrahim bəy kimə bek-vokal oxuyub indiyə kimi? Heç kimə! Sibel Can da deyib duet oxuyaq, ona da “yox” deyib. Sibel Canla oxumayandan sonra, mən kiməm ki?”

# 10359 dəfə oxunub

Oxşar xəbərlər

# # #