Ailəsi razı olmasa da, Rafael Dadaşovla ailə həyatı qurdu, bu tamaşadan sonra səhnədən getdi

Sədaqət Dadaşova. Aktrisa

Sədaqət Dadaşova. Aktrisa

5 mart 2022
# 12:15

Kulis.az aktrisa, müğənni, aktrisa Sədaqət Dadaşova haqqında maraqlı faktları təqdim edir.


Dadaşova Sədaqət Süleyman qızı 1952-ci ildə Bakıda sənətçilər ailəsində anadan olub. Onlar ailədə dörd bacı olublar. Anası məşhur qarmon ifaçısı Qızxanım Dadaşova olub. Atası Süleyman Dadaşov tanınmış piano ifaçısı, əmisi Xalq artisti Məlik Dadaşov isə aktyor olub.

***

Sədaqətin on beş yaşı olanda anası avtomobil qəzasına düşərək həlak olur. Aktyorluq sənətinə uşaqlıqdan maraq duyan Sədaqət səhnəyə müğənni kimi çıxıb. O, “Sevil” instrumental ansamblının solisti olub. Sədaqətin ifasında “Ay Dostlarım, gəlin” mahnısı daha çox populyarlıq qazanıb.

Sənədlərini İncəsənət İnstitutuna verən Sədaqət ora qəbul olunur. İnstitut illərində əmisi oğlu Rafaellə bir-birlərini sevirlər. Ancaq onların ailə qurmasına nə Sədaqətin atası Süleyman kişi, nə də əmisi Məlik Dadaşov razı olur. Səbəb isə həm Rafael Dadaşovun, həm də Sədaqətin həddindən artıq ərköyün və inadkar olması olur. Ancaq onlar heç kimi dinləməyib ailə qururlar. Bu evlilikdən onların Emil, Leyla və Səidə adlı övladları doğulur.

***

Həmin ərəfədə aktrisa Rafael Dadaşovla birgə “Polkovnik Şaber”, “Səni axtarıram” tamaşasına çəkilir. 1987-ci ildə ekranlaşdırılan “Yaşıl eynəkli adam” televiziya tamaşasında isə aktrisa Yaşar Nuri ilə tərəf müqabili olur. Ona ən böyük uğuru da həmin tamaşadakı Kazımın arvadı rolu və “Kazım, bay-bay istəmirsən?” replikası gətirir. Bu tamaşadan sonra aktrisa ekranlardan və səhnədən uzaqlaşır.


Bir müddət keçəndən sonra Sədaqət xanımla Rafael bəy arasında söz-söhbət yaranır. Bir-biri ilə yola getməyən cütlüyün ailə münasibəti hamını narahat edir. Daha sonra isə Sədaqət Dadaşova həyat yoldaşından ayrılır.

***

Cütlük boşandıqdan sonra Rafael Dadaşov övladlarının tərbiyəsi və baxımı ilə özü məşğul olur, ikinci dəfə isə heç vaxt ailə qurmur. Həqiqi sevgi insanın həyatında bir dəfə olur. Mənim də bir sevgim olub, sonuna qədər də bu sevgiyə sadiq qalmışam” sözlərini deyir. Aktyorun yaxın dostu müğənni Nazim Pişiyari Xalq artisti Rafael Dadaşov müsahibələrinin birində xatırlayır:


“Bir dəfə ona sual verdim ki, bu qədər iztirablı məhəbbət şeirləri yazırsız. Yəqin ki, ünvansız olmaz. Kimə ünvanlanır? Cavab verdi ki, Sədaqət xanıma. Dünyasını dəyişənə kimi o xanımı sevdi”.

***

Sədaqət Dadaşova nə qədər də sənətdən və şou aləmdən uzaq olsa da, bir neçə il əvvəl Türkiyədəki evlilik proqramlarının birinə qatılaraq verilişdəki iştirakçılardan biri ilə evlənmək istəməsi uzun müddət müzakirə mövzusu olmuşdu. Bu barədə onun bacısı Brilliant Dadaşovaya sual verəndə, o, belə münasibət bildirir:

“Sədaqət xanım əmimiz oğlu Rafael Dadaşovla artıq 15 ildir ki, ayrılıb. Ailə qurmaq, özünə həmdəm aramaq onun da haqqıdır. Burada qəbahətli nəsə axtarmağa lüzum görmürəm. Onlar həyat yoldaşı kimi ayrılıblar, amma dost kimi qalıblar, həmişə yan-yanadırlar. Yəni ər-arvad kimi ayrılsalar da, əmioğlu-əmiqızıdırlar”.

# 16108 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #