Tanınmış satirikin oğlu: “Öləcəyi günü bilirdi...” - Müsahibə

Rəşad Əhmədzadə, məşhur satirik Rüfət Əhmədzadənin oğlu

Rəşad Əhmədzadə, məşhur satirik Rüfət Əhmədzadənin oğlu

25 mart 2022
# 15:00

Bu gün tanınmış satirik şair Rüfət Əhmədzadənin doğum günüdür. Kulis.az “Atamın xatirəsi” layihəsindən şairin oğlu, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə müsahibəni təqdim edir.

- Ənənəvi sualımız var: sizi bu layihəyə dəvət edəndə atanızla bağlı ilk olaraq nəyi xatırladınız?

- Övlad atanı hər şeydən əvvəl ata kimi xatırlayır. Atamı sadə, sakit, mülayim insan kimi xatırlayıram. Tanımayan adamlar rast gələndə deyirdilər ki, yazdıqları ilə müqayisədə həddindən artıq mülayim adamdır.

- Satira yazanların çoxu belədir...

- Həm də görünür bəzi adamlar düşünür ki, belə yazarların kefi həmişə yaxşı olur, deyib-gülürlər. Halbuki satira göz yaşından doğur. Atamın uşaqlığı çox ağır keçib. Bəlkə də sakit, mülayim olmasının səbəbi bu idi. Şitliyi sevməzdi. Əsərlərində də sözünü dəyişib deyən aktyorları arası yox idi. Sovetlər dövründə hər yazılanı səhnəyə buraxmırdılar. Səhnənin xüsusi, rəndəli dili vardı. Amma atam tamaşanın ölüm-qalım məsələsi qoyulsa belə, mətninin dəyişdirilməsinə razı olmurdu. Nə yazmışam, onu da oynayın deyirdi.

- İndi əsərlərindən repertuarda olanı yoxdu, mən bilən...

- Yoxdu.

- Bəs niyə? İndi yazıçı övladlarının çoxu atalarını hər yerdə təbliğ edir. Özünüz də teatr direktorusunuz, əlaqələriniz var...

- Atamın dörd tamaşası oynanılıb Musiqili Komediya Teatrında: "Sizinlə, gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş" və "Hələlik"... Hamısı da maraqla qarşılanıb. İnanıram ki, bu gün oynanılsa yenə maraqla qarşılanacaq. Amma heç kim təklif etməyib, mən isə kiminsə qapısını döymək istəməmişəm.

- “Şirbalanın məhəbbəti” səhnədə oynanmayıb?

- Yox. O, iki variantda – həm televiziya tamaşası, həm də film kimi çəkilib.

- Çox adam bu əsərin Rüfət Əhmədzadəyə məxsus olduğunu bilmir.

- Bilmir, hə.

- Biz uşaq olanda televiziya tamaşası çox məşhur idi. Hətta, uğursuz məhəbbət yaşayanlara Şirbala deyirdilər. Mənimsə, bu kişiyə həmişə yazığım gəlib. Siz necə düşünürsünüz?

- Sovet vaxtı çox pis baxırdılar ikinci dəfə ailə quranlara. Boşanıb evlənəndən sonra da “ikiarvadlı” deyirdilər. İnsan günü-güzəranı qara olsa da dözməli idi. Bir az da öz canında vardı Şirbalanın.

- Görəsən prototipi var?

- Bunu yalnız müəllifin özündən soruşmaq olardı.

- Öz şəxsi həyatında qadınlara münasibəti necə idi?

- Heç nə bilmirəm. Kişi xeylağı bu barədə övladlarına heç nə danışmır. Ailə kişinin ailədən kənar işlərindən xəbər tuta bilmir.

- Yazıçıların çoxu gözüdağınıq olur. Bunu nə gizləmək?

- Gözü dağınıqlıq peşəylə bağlı deyil. Sadəcə, sənət adamlarında tez görünür. Həm də yaradıcı adam belə məsələləri yaradıcılıqla kompensasiya edir, ona görə gizlətmir.

- Üç qardaşsınız...

- Hə. Böyük qardaşım Zülfüqar Londonda – BBC-də işləyir. Atamın yolunu davam etdirən bircə odur. Şeir-hekayə də yazır. İkinci qardaşım Vüqar Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyir.

- Rüfət müəllim teatra da bağlı idi. Sizi də davamçı saymaq olar.

- Əslində, mənim teatra gəlməyimdə atamın əsərlərinin böyük rolu olub. Atam əsərlərini Hacıbaba Bağırovla birlikdə ya bizdə, ya da Hacıbaba müəllimgildə işləyirdilər. Məni də “Muzkomediya”ya Hacıbaba Bağırov çağırdı. Səhnə maşinisti vəzifəsindən direktor müavini, nəhayət direktor vəzifəsinəcən gəlmişəm. 80-ci ildən 96-yacan “Muzkomediya”da, o vaxtdan indiyənəcən Kukla Teatrında işləmişəm.

- Ananız müəllimə olub...

- Bəli. Düz 50 il 172 nömrəli orta məktəbdə müəllimə işləyib. Atamla universitetdən qabaq, uçilişdə tanış olublar. Birlikdə oxuyublar. Atamın dörd yaşı olanda atasını xalq düşməni kimi repressiya ediblər.

- Babanız haralıdır?

- Astaranın Pensər kəndindən. Yüksək vəzifələrdə işləyib, “İspalkom”un sədri, katib olub. O vaxt Astaradan İrana qaçıb gedən azərbaycanlıları müdafiə elədiyi üçün tutub sürgünə göndəriblər. Bizdə olan məlumata görə, 41-42-ci illərdə həlak olub. Atam dörd yaşından 1956-cı iləcən xalq düşməninin oğlu olaraq yaşayıb. Atası tutulandan sonra Bakıda dolanmaları mümkün olmayıb, nənəm götürüb, gedib Balakənə - öz ata yurduna. Atam 13 yaşında Balakəndə kinomexannik kimi işə başlayıb. Bir neçə ildən sonra Bakıya qayıdıb, indiki Xətai rayonunun Mədəniyyət evində işləyib. “Kirpi” jurnalına Əvəz Sadıq dəvət edib. Əvvəl korrektor, sonra baş redaktor müavini işlədi. Ömrünün axırınacan da burda qaldı.

- Şair, jurnalist, dramaturq...

- Atam özünü dramaturq saymırdı. Deyirdi, mən şairəm. Bir dəfə Şəkiyə Emin Sabitoğlunun yubileyinə getmişdik, kimsə atamı dramaturq kimi təqdim elədi, qalxıb etirazını bildirdi. Heç vaxt şeiri üzündən oxumayıb. Hamısı yadında idi. Deyirdim, bu qədər şeiri necə saxlayırsan yadında? Deyirdi, mən yazmışamsa necə unuda bilərəm.

- Latın qrafikasında çıxdı şeirləri?

- Qardaşım çap eləyib.

- Adam axtaranda tapa bilmir.

- Tirajı min idi. Paylanıb qurtarıb. Sağlığında 11 kitabı çıxıb. Onlar da mağazaya veriləndə, üç-dörd günə satılıb qurtarırdı.

- Fəxri adı yoxdur amma...

- Bunu çox adam soruşur. Bilirsiniz, 55 yaşında rəhmətə getdi. Ömrünün son illəri də Qorbaçov dövrünə, Meydan hərəkatları vaxtına düşdü. SSRİ dağılırdı artıq. Ölümündən üç gün əvvəl ailəlikcə “Azadlıq” meydanına mitinqə getmişdik. Camaata baxanda gözlərində qürurlu bir parıltı gördüm. Hətta belə bir hissiyyat vardı ki, niyə bunu vaxtında görmədik. Amma müstəqilliyi görmədi – 88-də rəhmətə getdi.

- Xəstə idi?

- Cavanlığından hipertonik idi. İki dəfə də gizli infarkt keçirmişdi. Ölümünü hiss edirdi. Rəhmətə gedəndən sonra Hacıbaba Bağırov dedi ki, mənə söyləmişdi yaxın günlərdə öləcəyini. Atamın öldüyü gündən bir gün sonra qardaşıma toy eləməli idik. Şadlıq evinə gedib toyu təxirə saldı. Bilirdi.

- Sizə heç acıqlanmışdı?

- Yox. Bir baxışı kifayət idi. Aramızda pərdə vardı. Mən xüsusilə nadinc idim. Bircə anamdan çəkinirdim. Anam lazım olanda məni kötəkləyirdi də.

- İçki...

- Xüsusilə içən deyildi. Amma dəhşət siqaret çəkirdi.

- Siz də çəkənsiz... Yanında çəkirdiniz?

- Yox. Ancaq, yəqin ki, bilirdi. Aramızda pərdə vardı, bayaq dediyim kimi.

- Onda siqaret də oğurlamamısınız...

- Oğurlamamışam (gülür).

- Bir Rüfət Zəbiğlu da var... Hərdən dəyişik salır adam. O da satira yazıb.

- Var, hə. Atamla dost idilər. Çox adam qarışdırır. Rüfət Zəbioğlunun pul haqqında bir şeiri vardı, elə bilirdilər atam yazıb. Atam bundan çox narahat olurdu, deyirdi, xahiş edirəm, diqqətli olun. Kiminsə haqqını yeməkdən və öz haqqını kiməsə yedirtməkdən xoşu gəlmirdi.

- Bir Rüfət Əhmədzadə də var. Gənc yazar. Məhz Rüfət, məhz Əhmədzadə.

- Bilirəm. İnternetdən tanıyıram.

- Atanızla dəyişik düşməsi sizi narahat eləmir ki...

- Narahatlıq deməzim, sadəcə hərdən atamla bağlı, Google-da nəsə axtaranda o çıxır. Gərək şair, yazıçı yazam ki, atamı tapam.

- O da yazıçı, şair, jurnalistdir...

- Onda dramaturq yazaram (gülür).

- Gənc Rüfət Əhmədzadəyə nəsə sözünüz yoxdu ki?

- Heç bir sözüm yoxdu. Sadəcə onu deyim ki, mən onun yerinə olsam heç olmasa soyadda balaca bir dəyişiklik edərəm. Nə bilim Əhmədmi, Əhmədlimi... Amma təbii ki, şəxsi işidir. Bir söz deyə bilmərəm. Bəlkə adamın rəsmi adı elə belədir. Ya da bu ad və təxəllüs ona lazım olub. Hər halda o, daha sonra dünyaya gəlib.

- Məhəmməd Füzuli adlı kriminal yazarı da vardı bir vaxtlar...

- Olur belə şeylər... (gülür).

- Sənət adamlarından atanızın ən yaxın dostu kim idi?

- Emin Sabitoğlu, Hacıbaba Bağırov, Musa Yaqub...

- Dindar idi?

- Nənəm həmişə namaz qılıb. Atam, mollaları tənqid etsə də, dinə münasibəti çox yaxşı idi. Baxmayaraq ki, kommunist idi, amma kostyumunun cibində balaca Quran kitabları gəzdirirdi.

- Balaca Rüfət var?

- Qardaşımın oğludur. Zülfüqarın.

- Yazmır?

- Hələ balacadır. Məktəbdə oxuyur. Londonda...

- Allah saxlasın.

- Çox sağ olun.

# 17618 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #