Kulis.az Zamin Hacının “Pərdənin yırtılmağı” yazısını təqdim edir.
Artıq geri sayım başlayıb, az qala bomba partlayışında-zadda olduğu kimi: on, doqquz, səkkiz...
Bütün Azərbaycan xalqı oktyabr ayının gəlməsini, nəhayət teatr, kino və konsert salonlarımızın açılmasını həsrətlə gözləyir.
Fantastik açılış olacaqdır!
Artıq tamaşalara bilet tapılmır.
Məndə olan qiymətli, adının çəkilməsini ölə-ölə istəyən, lakin qəsdən çəkməyəcəyim mənbənin məlumatına görə ən böyük anşlaq Hüseynbala müəllimin “Xəcalət” pyesində gözlənilməkdədir.
Biletlər qara bazarda uçur.
Hətta nəinki anşlaq, bəlkə anşıllaq oldu. Axırda müəllif gəlib salonda bütün tamaşaçılarla əl tutacaqdır.
Yeni quruluşdur.
Ölsün elə İonesko!
Ümumiyyətlə, teatrlarımızın repertuarı olduqca zəngindir. Orada Çexovun, Şekspirin, Pinterin, Bekketin, nə bilim, canım sənə desin, Yunus Oğuz və Elçinin, İlyas Əfəndiyev və Seymur Baycanın əsərlərinə daim rast gəlmək mümkündür. “Vanya dayı” bitir, “Olaylar” başlayır.
Hamlet əlində “Vətən” Cəmiyyətinin aksiyaları, Kopenhagendə diasporumuzu qurur.
Hələ kinoda bizi necə şirin vüsal dəqiqələri gözləyir...
Çində yarasa yeyən o vələdüzzinanın qarnı cırılsın!
İki ilə yaxındır uca millətimiz Şəmi və Şöşü haqda dərin məzmunlu komediyalara həsrət qalmışdır.
O filmlərdə biz təkcə gülmürdük, gülə-gülə ağlayırdıq.
Şöşü həm düşündürür, həm şənləndirirdi.
Şəmi isə Füzulinin yandırdığı şəmi sönməyə qoymurdu.
Gör nə təhər yazıb sənətkar:
Nola qeyrət atəşi canım əritsə mum tək,
Bu nə sözdür kim, demişlər arizi-cananə şəm.
Sözgəlişi, sevgili xalqımızın poeziya aşiqliyinin şiddətindəndir ki, bu gün Azərbaycan əhalisi arasında çoxlu Şəmi adlı adama rast gəlinir.
Bir kəndlimiz isə oğluna Yavis adı qoymuşdu – Puşkinin şərəfinə.
Puşkinin ünlü “Qış səhəri” şeiri yadınızdadırmı? Şaxta və günəş, möcüzəvi gün, qarşımda sən peyda oldun, dedin, gəl gedək gənc tamaşaçılara və sairə. Bax, həmin şeirin birinci bəndi
Navstreçu severnoy Avrorı, Zvezdoyu severa yavis! - misrasıyla bitir.
Məktəbləri, universitetləri sənət məbədlərimizdən azca qabaq açdılar ki, uşaqlar heç olmazsa bir neçə gün dərs oxusunlar. Çünki sonra bunların qabağını almaq mümkün olmayacaqdır.
Axın-axın tamaşa salonlarına doluşacaqlar.
Bunu nə cürsə tənzimləmək lazımdır.
Təklif edirəm teatr polisi yaradılsın. Azər Paşa Nemət müəllimi rəis qoymaq olar. Hərtərəfli, adlı-soyadlı uyğun gəlir.
Türk şairi Cahit Sıtkı Tarançıdan bir beytin yeri var:
Desem ki sen benim için,
Hava kadar lazım,
Ekmek kadar mübarek,
Su gibi aziz bir şeysin;
Nimettensin, nimettensin!
Gənc şairlərimiz gərək belə söhbətləri vaxtında oxusunlar. Yoxsa baxırsan hamısı yazır, lakin lazımi dərinlik yoxdur. Girirsən misranın içinə, uzağı geyçimin balağı islanır.
Öz aramızdır, bu geyçim sözü lap uşaq adına oxşayır. Ümid eləyək kimsə siftəsini eləyər, dəbə düşər. Yoxsa eyni adlardan bezmişik. Rəngarənglik lazımdır. Ancaq bu gün mövzumuz bu deyildir.
Allah xatirinə, kimsə mövzunu yadıma salsın!
Bu ay Teatr Xadimləri İttifaqı Yaşar Nurinin ildönümü münasibətiylə ziyarət edəndə mən şok yaşadım. Siz, əziz və hörmətli oxucular, Yaşar müəllimin qəbirüstü abidəsini görmüsünüz? Görməmisinizsə, çalışın heç görməyin. Bu, çox qəribə bir obrazdır. Nəinki gecə, gündüz vaxtı da görsə, adam qorxa bilər. O abidəni hansı heykəltəraşa düzəltdiriblərsə, halal olsun. Mədəniyyətimizin hazırkı durumunu tam ifadə edir.
Sonda teatr nazirliyimizdən xahiş edirəm belə ziyarətlərdə Hacı İsmayılova söz verməsinlər. Biz onu “Ad günü” filmindən tanıyırıq, adamın qəbiristanlıqda ölüləri yad eləməsi anaxronizm effekti verir.
Pərdəni salın, yazı qurtardı.