Kulis.az Zamin Hacının “Cadu haqda bilmədiklərimiz” yazısını təqdim edir.
“Xəbərsiz məstlər bidadını hüşyar olandan sor”
(Füzuli)
“Axırıncı imam”ın Ağır Cinayətlərdə məhkəməsi gedir. Ağamız “Şaurma” restoranlar şəbəkəsinin şəriki imiş. Zəhmətkeşlərdən zəkat yığırmış. 100 min, 170 min, nə bilim, 500 min. Ev və maşın hədiyyələri də qəbul edir, sonra bu vəsaitləri hicablı zənənlərə xərcləyirmiş. Əlbəttə, onları özünə siğə edirmiş, burda hər şey qanun-qayda ilə olmuşdur. Elə hicabsız zənənlərə yaxın durmadığı da bunun növbəti isbatıdır. Lakin indi belə bir müqəddəs şəxsiyyətin məhkəməsini qurmaq bizə yaraşmır. Qiyamət gününün yaxınlaşması əlamətidir. Öz əlimizlə dünyanı başımıza uçururuq.
Bakıda məhəllədə müşahidə kamerasının çəkilişini izlədik. Bir zənən xeylağı cadu edilmiş kuklanı gətirib qapıya qoyur, çıxır gedir. Kuklanın qollarının yerinə karandaş taxılmışdı. Bu, bilənlər bilir, ən ağır cadulardan biridir, cadulanan şəxsin yazı-pozuya qurşanması qarğışını ifadə edir. “Görüm sənin kitab oxumaqdan başqa zövqün olmasın, uşağının əlindən karandaş düşməsin, ərə də getsən o məxluqat köşə yazarı olsun, ilahi, amin!”
Çox ağır qarğışdır, həqiqətən. Bu haqda Qum müctəhidi Əbu Xal-xal Məcidi Bülbül-ün “Həsədül-pəsəd vəl möminati cəsəd həl bəşər əsəd” səhih hədislər kitabında 345-ci hədisdə yazılmışdır.
Hal-hazırda ərazi üzrə polisə müraciət edilib, görək cadu eləyəni tapacaqlarmı. Zənənin üzü görünür, məncə çətin iş olmaz. Lakin onu tapıb cəzalandırmaq da düzgün hal sayılmır. Hələ biz imamın məhkəməsinin xəta-bəlasından qurtulmamışıq. Uzağı cadu etməliyik.
Sözgəlişi, cadu kuklaları seçilərkən onun cinsiyyətinin də təsirata təsiri vardır. Məsələn, sözügedən hadisədə qız növlü, hardasa Barbiyə oxşayan kukla istifadə olunmuşdur. Deməli burada cadunun ünvanı kişi xeylağıdır, çünki kişilərə ancaq qadın kuklaları təsir edir. (Burada hörmətli oxucuların fantaziyasına icazə verirəm). Əgər cadulanacaq adam zənən olsaydı, o zaman Ken, Vudi, Baz Layter, Spayderman, Supermen, Betmen, Məlikməmməd, Div və sairə obrazların kuklaları vəsait kimi uğurla istifadə edilir. Bizim bir qohum vardı, o qədər eşşək idi ki, onu cadulamaq üçün axırda məcbur olduq Şrekin kuklasından yararlandıq. Başqa heç bir kukla vasitəsiylə bunu evləndirmək alınmırdı. Maşallah, indi sıpa balası kimi üç oğlu var, arvadı da səhər balkona çıxıb gəyirəndə bütün Əhmədli imana gəlir. Çox xoşbəxt ailədir, Allah hamınızı xoşbəxt eləsin.
Bəli, cadu-piti işlərində gərək daima əlaqədə olasan. Atalarımız demişkən, caduya inanma, cadudan da qalma. Caduları uşaq doğulandan dərhal sonra, bir neçə periodda eləməlisən, buster dozası da mütləq olmalıdır. Ən yaxşı cadular İrandan gətirilənlər sayılır. Ərəbistanda qədimlərdə yaxşı cadu, dua, qarğış, lənət laboratoriyaları olub, ancaq amerikalılarla dostlaşandan onların tilsimi qüvvətini itirmişdir. Bu haqda alimlər yaxşı deyibdir: “Əgər ol torke-Şerazi bedəst arəd dele-mara, Bexale hinduyəş bəxşəm, Səmərqəndi Buxarara”. Tərcüməsi budur ki, deyir yaxşı cadu dalıyca Çinə qədər get.
Cadu edilməsini necə bilmək olar, bu da maraqlı temadır. Hər adam bu sehrli aləmi qanmaz, heç buna borclu deyil. Bəs alimlər nədən ötrüdür? İraq alimlərinin qənaətinə görə cadulanma belə aydın olur:
Əgər ər-arvad bir-birini dəhşətli sevirsə, ayrı dura bilmirsə, burada eşq cadusundan istifadə edilmişdir. Əlacı onların yatağına dua oxunmuş qurd yağı sürtməkdir.
Xəstələndirmək sehri. Görürsən adam neçə həkimə gedir, ancaq pulu olmadığından ölür. Burada deməli sağlamlıq cadusu işlənibdir. Əlacı həkimə cadu eləməkdir. Bunun üçün həkimin xalatının cibinə gizli şəkildə it p.xu atılmalıdır.
Ağılı itirmək. Bununla üzləşənlər gözünü bərəldir, hekayə yazır və onu Kulis saytına göndərir. Əlacı yoxdur.
Əlbəttə, sehr aləmindən daha çox yaza bilərəm, ancaq mənim özümə ziyan eləyir. Çünki mənə tapşırıblar, gərək çox şeyləri açıqlamayım. Dövlət sirri, hərbi sirr, kommersiya sirri olan kimi, cadu-piti sirləri də var, məlumunuz olsun.
Ümumiyyətlə, insanlarımız mənəviyyatdan, əxlaqdan çox uzaq düşüblər, hətta bəziləri şortik geyinir, (tüpürüm onların dabanına). Keçən ay Bakıda yol polisi seyidi saxlayıb protokol yazmışdı. Axırı necə oldu? Heç 50 metr getməmiş polis özü qəzaya uğradı, znaçokunun sağ tikəsini indiyəcən tapa bilmirlər, o dərəcə ağır hadisəydi.
Mən özüm dəfələrlə belə hadisələrə şahid olmuşam. Məsələn, doğulduğum kəndin adında “seyid” sözü vardı, ona görə kafirlər bütün rayonu tutanda yeganə bizim kəndə dəymədilər. Bu haqda ermənilər Fransanın “Le Mond” qəzetində 1999-cu ildə məqalə vermişdilər, yazırdı ki, biz hər dəfə tankla kəndə girmək istəyəndə ağ atın belində bir ağ saqqallı, ağ əbalı, ağ corablı, ağ krossovkalı adam gəlir, tankımızın lüləsini çeçələ barmağıyla əyir, çapır gedir...
O tərəfdən işarə vurdular, deyir sənə ayırdığımız yer qurtardı, hələlik bu qədər, sağ olun.