Dilimizdə ilk dəfə: “İtmiş zamanın axtarışında” – MƏTN

<span style="color:red;">Dilimizdə ilk dəfə:  “İtmiş zamanın axtarışında” – <span style="color:red;">MƏTN
28 may 2018
# 16:30

Kulis.az dahi fransız yazıçısı Marsel Prustun 6 cildlik “İtmiş zamanın axtarışında” romanının “Svana doğru” bölümünün birinci hissəsini hər birinci gün təqdim edəcək. Məqsəd azərbaycandilli oxucuda əsər haqqında ümumi təsəvvür yaratmaqdan ibarətdir. Mətn yazıçı-tərcüməçi Zahid Sarıtorpaq tərəfindən rus dilindən çevrilib və "Xəzər" jurnalında çap edilib.

Əvvəli burda

"Mən bunu inkar etmirəm, – deyə Svan təəccüblə qeyd etdi, – qəzetləri onda günahlandırıram ki, onlar bizim diqqətimizi gündən-günə cürbəcür xırda-para şeylərə çəkməklə məşğuldu, önəmli məsələlərdən söhbət açan kitablarısa, bütün ömrümüz boyu vur-tut üç-dörd dəfə oxuyuruq. Qəzet bağlamalarını hər səhər bu qədər səbirsizliklə açırıqsa, deməli, vəziyyəti dəyişmək, qəzetlərdə lazım olanı... deyək ki... məsələn, Paskalın "Düşüncələr"ini dərc etmək gərəkdi! (Özünü vasvası göstərmək üçün, Svan "düşüncə" kəlməsini ibarəli bir istehza ilə söylədi.) Və əksinə: bizim ən tezi on ildən bir açdığımız qızıl kəsimli cilddə, – deyə o, digər dünyəvi insanların öz üzərinə çəkdiyi ali dəyərlərə etinasızlıqla əlavə etdi, – bizə lazımdı Ellinlərin kraliçasının Kanna necə getdiyi haqda və ya Leon şahzadəsinin necə bal-maskarad təşkil etməsi barədə oxuyaq. Tarazlıq belə bərpa oluna bilər". Amma Svan dərhal peşman oldu, ötəri də olsa, ciddi mövzular haqda söhbət açdı. "Bu gün söhbətimiz çox ağıllı alınır. Anlamıram, nə üçün biz, məhz "böyük məsələlər" barədə danışırıq," – deyə o, istehza ilə qeyd etdi və babama sarı çevrildi: – Hə, Sen Simon onun oğullarına Molevryenin cəsarət edərək necə əl uzatdığını söyləyir. Bu barədə Molevryenin[1] özü tərəfindən hersoq yanında deyilib: "Bu yekəqarın butulkada mən heç vaxt əsəbdən, kobudluqdan və mənasızlıqdan başqa bir şey görmədim". – "Yekəqarındı, ya yox – bu ayrı məsələdi, amma mən içinə nəsə başqa şeylər doldurulmuş butulkalar tanıyıram," – deyə hər iki bacıya Asti şərabı bağışladığına görə, Svana təşəkkür etməyi özünə borc bilən Flora cəld cavab verdi. Sedina gülümsündü. Svan karıxdı. " Bilmirəm bu nə idi? – Yazırdı Sen-Simon. – Bu, diqqətsizlikdimi, ya fırıldaqmı? – deyə o, davam edirdi, – amma Molevrye əlini mənim uşaqlarıma uzatmaq qərarına gəlmişdi. Mən bunu vaxtında görüb qarşısını aldım". Babamı "diqqətsizlikdimi, ya fırıldaqmı" ifadəsi heyrətə gətirdi, madmazel Sedinanınsa, Sen-Simon soyadı eşitmə qabiliyyətini itirməsinin bütünlüklə qarşısını aldı və o hiddətləndi: "Sizə nə olub? Siz bununla necə öyünə bilərsiz? Sözün həqiqi mənasında, bu nə deməkdi axı? İnsanın biri o birindən nəyinə görə pis olmalıdı? İnsanın ürəyi və ağlı varsa, onun hersoq ya mehtər olmasının fərqi varmı heç? Əgər uşaqlara vicdanlı insanların əlini sıxmağı qadağan edibsə, demək sizin Sen-Simonda gözəl tərbiyə sistemi var? Bu, sadəcə iyrəncdi! Siz niyə bunu sitat gətirirsiz?" Bu zaman babam başa düşdü ki, belə bir şuluqluq olan yerdə Svan maraqlı əhvalat danışmayacaq, alçaqdan, dilxor-dilxor anama dedi: "O sevimli şeirini yadıma sal, onu eşidəndə mənə dünyada yaşamaq asan olur. Hə, xatırladım! "Bir çox şücaətlərə Rəbbimiz nifrət aşıladı"* ("Bir çox şücaətlərə Rəbbimiz nifrət aşıladı" – Kornelinin "Pompeyin ölümü" faciəsindən (1645) bir sitat) Necə də gözəl deyilib!"

Anamdan gözümü çəkmirdim, bilirdim ki, mənə şam yeməyinin sonunacan oturmağa imkan verməyəcəklər və atamın ovqatını təlx etməmək üçün, otağımda öpdüyüm kimi, anam özünü bir neçə dəfə dalbadal öpməyə qoymayacaq. Elə buna görə də, qərara aldım ki, yeməkxanaya şam yeməyi verilməmişdən öncə, ayrılıq anı yaxınlaşanda, qabaqcadan bu ani, bu qanadlı öpücükdən gücüm çatan qədər hər şeyi almalıyam: yanaqda dodaqlarımı söykəyəcəyim yeri seçməli, xəyalən buna hazırlaşmalı, öpüşün başlanğıcını elə cür təsəvvür etməliyəm ki, anam mənə bir dəqiqə vaxt ayırdığında, dodaqlarımın onun yanağına necə toxunması hissinin bütünlüklə təsiri altına düşüm – eynən qısamüddətli seansla bağlı bir rəssamın eskizlərindən istifadə edərək, yaddaşına rəğmən palitra hazırladığı kimi etməliyəm, yəni bu an natura heç də vacib olmamalıdı. Həm də bu vaxt şam yeməyinə çağıran zəng səslənənə qədər babam bilmədən bir qəddarlığa yol verdi: "Balaca yorğun görünür, – dedi, – onun yatmaq vaxtıdı. Bu gün bizim şam yeməyi ləngiyir". Adətən atam, daxili qanunlarımıza anam və nənəm kimi o qədər də ciddi əməl etmirdi, amma bununla belə, bu məqamda o da: "Hə, sən get yuxarı," – söylədi. Bu zaman, anamı öpmək istədiyim bir vaxtda, şam naharının zəngi çalındı. "Yox, yetər daha bu yersiz nəzakət, ananı dinc burax, bir-birinizə şirin yuxu arzulayın, vəssalam. Get, get!" Və mən, əlim ətəyimdən uzun, gedəsi oldum; pilləkənləri qalxdıqca, necə deyərlər, "ürəyim sökülürdü," – çünki, bu axşam məni öpməyən, bununla da ruhumu yanında qoyub getdiyim anamı istəyirdim. Bu, mənim nifrət etdiyim pilləkəndi, çünki mən onunla yuxarı həmişə məyusluq içində qalxıram, o, boyaq iyi verirdi və bu iy müəyyən qədər hər axşam nəsibim olan kədərimə hoparaq sanki onu daha da dərinləşdirirdi, bu iy onu mənim həssas varlığım üçün daha məşəqqətli edirdi və o, iybilmə duyğuma təsir etdiyinə görə, dərrakəm onunla çarpışmaq iqtidarında deyildi. Biz çıldırıcı bir diş ağrısıyla yuxuya gedəndə, yuxuda bu ağrını boğulmaqda olan və sudan çıxarmağa yüz dəfələrlə cəhd etdiyimiz gənc bir qıza bənzədərkən və ya yorulmaq bilmədən təkrarladığımız Molyer sətirləri şəklində qavrayarkən, bu zaman ruhumuza dərin bir rahatlıq çökür, ayılanda isə, qəhrəmanlığın istənilən süni bənzəyişindən və ya ritmik intonasiyadan diş ağrısı deyilən dolaşığı aça bilmək üçün oyanmağın böyük yüngüllük gətirdiyini anlayırıq! Mənim hiss etdiyim isə, o yüngüllüyün əks tərəfiydi: pilləkəndən gələn boyaq iyi ilə nəfəs alırdım, nəfəs almaqsa şüuruma süzülüb dolanlardan daha zəhərliydi, buna görə də pilləkənlərlə qalxmaq lazımdır fikrinin doğurduğu kədər mənə ölçüyəgəlməz bir dərəcədə, xaincəsinə və eyni zamanda çox sürətlə hakim kəsilirdi. Mən otağıma qalxaraq qapımı kilidləməli, pəncərəmin örtük qapılarını kip bağlamalı, yataqdan özümə "qəbir düzəltməli", yorğanı qaldıraraq kəfən əvəzinə gecə köynəyimi əynimə geyməliydim. Yayda böyük yatacaqda, reps parçadan tikilmiş miçətkən altında çox isti olduğu üçün, otağıma gətirilmiş başqa bir dəmir çarpayıda indi özümü dəfn etməzdən öncə, iradə göstərərək məhkum hiyləgərliyinə əl atdım. Anama kağız yazıb, vacib, həm də ancaq ona şifahi deyə biləcəyim bir iş üçün yanıma qalxmasını yalvardım. Qorxurdum ki, mənə Kombredə baxmaq tapşırılmış böyük xalamın mürəbbisi Fransuaza yazdığım kağızı anama verməkdən imtina edəcək. Yazdığım kağızı qonaqların yanında anama ötürməyin səhnədə bir aktyora teatrlardakı bilet nəzarətçisinin məktub ötürməsi qədər mümkünsüz olduğu təhlükəsi məni üzürdü. Nəyi olar, nəyi olmaza münasibətdə Fransuazanın ciddi, geniş, mürəkkəb və amansız, dərkedilməz və gərəksiz məhdudiyyətləri olan öz qanunlar külliyyatı vardı (bu qanunlar, südəmər körpələri öldürməyə sərəncam verən, eyni zamanda çəpişləri öz analarının südündə bişirməyi və ya heyvanların oturaq sinirini yeməyi, həddindən artıq prinsipiallıq göstərərək, qadağan edən qədim qanunlarla düz gəlirdi). Bəzi tapşırıqlarımızı yerinə yetirməkdən boyun qaçırarkən, göstərdiyi tərslik kimi, biz də qəfil inadcıllıq edərək, Fransuazanın öhdəlikləri haqda fikir söyləsək, ixtiyarsız olaraq o nəticəyə gələrik ki, ictimai münasibətlərin mürəkkəbliyinə və kübar incəliklərinə bu öhdəliklərin çıxarlarından salınan nəzər Fransuazaya nə onun mühiti, nə də bir kənd xidmətçisi kimi keçirdiyi yaşam tərzi sarıdan diktə edilə bilməz; görünür, onun içində ətrafdakıların dərk edə bilmədiyi nəcib və dərin bir fransız qədimliyi yaşayır, eynən eləcə, sənaye şəhərlərində qədim bir bina keçmişdə saray olduğuna özü şahidlik edir: kimya zavodunun fəhlələrini müqəddəs Teofilin başına gələn möcüzəni[2] və Emonun dörd oğlunu[3] əks etdirən gözəl heykəltəraşlıq abidələri əhatə edir. Bu məqamda Fransuazanın cənab Svanın yanında mənim kimi rəzil bir şəxsdən ötrü anamı təşvişə salmağa haqq etdiyi öz öhdəliyini pozacağına dair zəif bir ümidim ola bilərdi, bu isə yalnız yanğın baş verdikdə ola bilərdi, o, eyni zamanda, bu öhdəliyilə nəinki mənim doğmalarıma ehtiramını bildirirdi, həm də, sanki ölənlərə, din adamlarına və rahiblərə olduğu kimi, adına qonaq deyilən kənar şəxslərə da hörmətini izhar edirdi, olsun ki, bu dediklərimi kitablardan oxumuş olsaydım, məni təsirləndirərdi, amma bunu Fransuaza bəyan edəndə, bu məni qıcıqlandırırdı, onun ibarəli və yaltaq tərzi məndə ikrah oyadırdı, xüsusilə də bu axşamkı təntənədə, belə ki, şam süfrəsi onun gözündə müqəddəs idi və onun sayəsində mərasimi pozmağa ürək eləməzdi. Buna görə də, uğur qazanmaqdan ötrü şansımı artırmaq üçün, yalan danışmaqdan da özümü saxlaya bilmədim, dedim ki, anama öz xoşuma yazmamışam, onunla vidalaşanda, bir məsələ haqda cavab verməyimi unutmamağı, axtarıb tapmağı tapşırmışdı, əgər indi ona məktubumu çatdırmasan, əlbəttə, o, çox inciyəcək. Amma bu məqamda, hissiyyatı bizimkindən də güclü olan ibtidai insan kimi, Fransuazanın mənə inanmadığını düşünürəm: o, bizim dərk edə bilməyəcəyimiz əlamətlərdən, ondan gizlətməyə çalışdığım həqiqəti bir an içində duydu; o, beş dəqiqə zərfə baxdı, sanki, kağızı və yazı xəttimi diqqətə almaq, yazılanın məzmununu və burada hansı maddəni tətbiq etməyin gərək olduğunu ona bildirəcəkdi. Sonra o, məncə: "Belə bir uşağı olmaq valideynlər üçün bədbəxtlikdi!" söyləyən itaətkar bir görkəmdə getdi. Dərhal da qayıtdı və dedi ki, anam hələ dondurma yeyir və bufetçi hamının gözü önündə kağızı ona verə bilməz, amma ağzını yaxalamağa keçəndə, yəqin biclik işlədib bir təhər ötürər. Mən həmən sakitləşdim; anamla sabaha qədərki ayrılıq məqamının yaşantısıyla müqayisədə durumum xeyli yaxşılaşdı: yazdığım kağız, əlbəttə anamın ovqatını pozacaq (xüsusilə ona görə ki, hiyləgərliyim Svanın önündə məni gülünc göstərəcək), amma Fransuaza məni görünməmiş bir sevinc içində anamın oturduğu otağa aparır, barəmdə ona pıçıldayır, bunun müqabilində mənə düşmən kəsilmiş, qadağan olunmuş, hətta Fansuaza qayıtmamışdan bir neçə saniyə öncəyə qədər dondurmasına – "qranit süxuruna" və ağız yaxalamaq üçün stəkanına əlim yetməyən bu yeməkxana, – yəni anamın məndən uzaqlarda aldığı və mənim üçün məhvedici, ölümcül darıxdırıcı sayıla bilən zövq məkanı olan bu yer, artıq qabığını partladan, dəymiş, sulu bir meyvə kimi tərəfimdən aşkar edilmişdi, elə bil, məktubumu oxuyanda anamın diqqəti o meyvənin şirəsinə çevrilərək indicə iztirab çəkməkdə olan qəlbimə çilənəcəkdi. Artıq aramızı kəsən heç nə yox idi; maneələr dağılmışdı və bizi yenə də ecazkar bağlar bir-birimizə bağlamışdı. Bu, hələ hamısı deyil: anam, heç şübhəsiz, yanıma gələcəkdi!

Davamı var


[1] Molevrye-Lanjeron (1677-1754) – markiz, Fransa marşalı, Madriddə səfir (1721-1723)

[2] (...müqəddəs Teofilin başına gələn möcüzə...) – ruhunu iblisə satmış, amma Məryəm Ananın möcüzəli köməyi sayəsində bu sövdanı poza bilmiş rahib Teofil haqda orta əsrlər əfsanəsində söhbət açılır.

[3] Emonun dörd oğlu – XII əsrdə eyni adlı qəhrəmanlıq poemasının imperator Böyük Karla qarşı mübarizə aparmış qəhrəmanları

# 2475 dəfə oxunub

Müəllifin son yazıları

# # #