Sosialist Əməyi Qəhrəmanının nəvəsi HEKAYƏ

Sosialist Əməyi Qəhrəmanının nəvəsi <span style="color:red;">HEKAYƏ
25 sentyabr 2014
# 10:04

Kulis.az Elşən Əzimin “Paltar dolabındakı tədəssüm” hekayəsini təqdim edir

Siqaret çəkirdi, ancaq siqaretin nələr çəkdiyini bilmirdi. Fikirli olanda zavallı siqaretə əməlli-başlı işgəncə verirdi. Bədbəxtin ortasını barmaqlarıyla, kötüyünü isə dişiylə bərk-bərk sıxırdı. Üstəlik çeynəyirdi də... Beləcə Musa Muradovun fikir məngənəsində sıxılan təkcə ürəyi və beyni deyil, həm də siqareti olurdu.

Musa kişi armudu stəkanı nəlbəkiyə qoydu, əlinin arxasıyla kənara itələdi. Arvadının “yenə içirsənmi?” sualına məhəl qoymadı, bəlkə də eşitmədi. Çünki fikri özgə yerdəydi.

Arvadı da deyinməyindən qalmadı:

- A kişi, yenə qarnında nə vuruşdurursan?

Əslində bunu ağır söz kimi demirdi, “niyə fikrlisən” sualının arvadın ifadə tərzindəki variantıydı. Musa kişi də belə qəbul edirdi, amma yenə cavab vermədi. Arvad isə davam elədi:

- Allaha şükr, nəyimiz əskikdi? Oğlumuz, qızımız, nəvələrimiz... Ölmədik nəticə də gördük.

Musa kişi gülümsədi, üzündəki qırışların sayı bir az da çoxaldı. Elə bil sifətindən illərin dırmığı keçmişdi. Yataq otağına keçdi. Paltar dolabının qapısını ehmalca açıb yaxası orden-medallarla dolu olan pencəyini asılqandan götürdü. Pencək sovet dövründən qalmışdı. Yaxasındakı orden-medallar da həmin dövrün yadigarı idi. Bir neçəsini müharibədə, qalanlarını isə sonrakı illərdə almışdı. Havayı deyildi, kişi Sosialist Əməyi Qəhrəmanı pilləsinə də ayaq basmışdı. Ayrı-ayrı vaxtlarda rayonun yüksək vəzifələrində işləmiş, Ali Sovetə deputat seçilmişdi. O zamanlar yaxasındakı nişanların hesabına çox işlər aşırmışdı. İndinin cavanları isə kişinin öz diliylə desək, “belə vacib şeyləri” başa düşmürdülər, “Musa kişinin yaxası metallomdu” deyib atmaca atırdılar. Paltosunu geyinib “Norka” papağını başına qoydu. Palto və papaq da Sovet dövründən qalmışdı. Köhnəlib rəngi saralmış papağın tükləri töküldüyündən dərisi görünürdü. Beləcə Musa kişi altdan geyinib üstdən qıfıllandı və paltar dolabının orta qapısındakı iri güzgünün önünə keçdi. Bir anlıq əyin-başına göz gəzdirdi və baxışları güzgüdəki sifətində gəzməyə başladı. Buna bəndmiş kimi kişinin sifəti tamam dəyişdi- bayaqkı qayğıdan, fikirdən əsər-əlamət qalmadı, üzündəki qırışlar görünməz oldu, illərin dırmıq izləri yoxa çıxdı, dodağına təbəssüm qondu. Bu təbəssümün hansı mənanı daşıdığını və necə yarandığını demək çətin idi. Çünki əlli ildir ki, Musa kişi bu dolabın qarşısında paltar geyinərkən bu təbəssüm də üzünə qonurdu, evdəki ovqatından asılı olmayaraq... Elə bil təbəssümü də geyimlərlə birlikdə dolabdan çıxarıb sifətinə geyinirdi. Bəlkə də belə idi, çünki bu təbəssüm daxildən gələn bir nəsnəyə bənzəmirdi. Əlli ildir ki, evdən bayıra bu təbəssümlə çıxırdı. Ən ağır günlərində belə onu üzündən çıxarıb kənara atmırdı, nə də qatlayıb cibinə qoymurdu. Musa Muradovu tanıyanlar onu həmişə bu təbəssümdə görmüşdülər. Fikirdən, qayğıdan qırış-qırış olmuş sifəti isə yalnız öz külfətinə tanış idi.

Həyət qapısından çölə çıxarkən adəti üzrə dönüb iki mərtəbəli evinə baxdı.

Evi də sovet vaxtı tikdirmişdi. Hər səhər dönüb baxanda evin üzündə də həmin təbəssümü görürdü. Elə bil bu yaraşıqlı bina pəncərə gözləriylə kişinin üzünə bic-bic gülürdü. Darvazadan çöldə isə xidməti avtomobilini və sürücüsünü xatırlayırdı. Hətta küçə ilə piyada gedəndə də ona elə gəlirdi ki, sürücü maşını arxasınca asta-asta sürür. Əslində, bu hal əvəllər tez-tez olurdu. Musa Muradov küçənin ortasıyla gedir, sürücü isə maşını onun arxasınca sürürdü ki, “xozeyn” yorulanda əyləşsin. İndi isə bunlar xoş xəyaldan, köhnə xatirədən başqa bir şey deyildi. Musa Muradov nə illah etsə də, ötən illərin nostalgiyasından yaxa qurtara bilmirdi.

Axşamdan başlayan qar hələ kəsməmişdi. Deyəsən, 97-ci ilin qışı zamanın sınağa çəkdiyi insanları bir az da bərkə-boşa salmaq istəyirdi. Son üç-dörd ildə mavi yanacağa həsrət qalan rayon mərkəzinə işıq da saatla verilirdi. Evlərin bacalarından çıxan qatı tüstü yük daşıyırmış kimi ağır-ağır, burula-burula göyün sinəsinə sancılırdı. Bəlkə də insanların dərd-sərini çəkib göyə aparmaq istəyirdi odun sobalarının boz tüstüsü.

Küçənin hər iki kənarındakı boynubükük işıq dirəkləri soyuqdan büzüşmüş kimi görünürdü. Ayağının altındakı qarı xışıldada-xışıldada addımlayan Musa kişi bunlara fikir vermirdi. Onun fikri-xəyalı bu gün görəcəyi işlərin yanındaydı. Musa kişinin müasir dövrlə bağlı həyat fəlsəfəsi çox adi idi. O da bütün yaşlı adamlar kimi düşünürdü ki, “urus gəlməsə heç nə düzəlməyəcək”. Bu dövrdə ən xoşuna gəlməyən iş isə, qəbul imtahanlarının qəfil test üsuluna keçməsi idi. Sovet dönəmində beş uşağının hamısını oxutsa da, ötən il nəvəsi İlkini instituta qoya bilməmişdi. Uşağı əsgər aparmışdılar. Bu səbəbdən Musa kişi əməlli-başlı sınmış, termos şüşəsi kimi çiliklənib öz içinə tökülmüşdü.

Hərdən öz-özünə deyirdi: “Bunu heç allah da götürməz. Ömrü boyu institut qapısı tanımayanların, qapımda nökərçilik edənlərin uşaqları həkimlik, prokurorluq oxuyur, mən isə uşağımı APİ-yə da qoya bilmirəm”.

Üç-dörd gün əvvəl Bakıda köhnə dostlarının birindən eşitdiyi xəbər Musa Muradovu əməli-başlı sevindirmişdi. Dostu professor idi, universitetlərdən birində işləyirdi. Demişdi ki, ay Musa, ürəyini sıxma, testə də çəm tapmışıq. Gədə əsgərdən gələn kimi gətir yanıma.

Musa kişi qayıtmışdı ki, əşşi yenə köhnə kişilər... İndikilərə qalsa dünya tərsinə fırlanar. Bu söhbətdən sonra bir az arxayınlaşsa da, ürəyində nəsə narahatçılıq hiss edirdi. İlkinin ali məktəb məsələsi onu gecə-gündüz düşündürürdü.

İlkin də azacıq aşın duzu deyildi. Son zəng günü özü ilə oxumuş gözəl bir qızı götürüb qaçmışdı. Bakıda yaşayan ata-anasının etirazına baxmayaraq (İlkin uşaqlıqdan baba və nənəsinin yanında böyümüşdü) Musa kişi ilin-günün bu vaxtında ərköyün nəvəsinə təmtəraqlı toy da çaldırmışdı, üstəlik hərbi komissarlıqdan 6 ay möhlət hüququ da almışdı. Hərdən təəssüflənirdi: “Gədəni uşaqlıqdan gərək öz üstümə yazdıraydım, əsgər aparmayaydılar“. Üç aydır ki, hərbi xidmətdə olan İlkin ata olmuşdu. Ancaq məsələdən xəbəri yoxuydu. Babası bu xəbəri ərköyün nəvəsinə sürpriz etmək istəyirdi. Ümumiyyətlə, Musa kişi orijinal adamıydı. Bəzən hamını heyrətləndirən işlərə imza atırdı. Bu əməllərin baş tutmasında da üzündəki ilıq təbəssümün, gözündəki məhrəm baxışların rolu az olmurdu. Deyilənlərə görə o, ikinci dünya savaşının qan-qadasından da orijinallıqla yaxa qurtara bilmişdi. Döyüşlərin qızğın vaxtında astaralı əsgər yoldaşı ilə səngərdə tək qalan Musa ona deyir, gəl bir-birimizi ayağından yüngül yaralamaqla müharibənin zülmündən canımızı qurtaraq. Onun hiyləsini başa düşməyən səngər dostu razı olur. Əvvəlcə Musa atəş açır, yoldaşının alnının ortasını nişan alır və bir güllə ilə onu öldürür. Sonra isə avtomatının lüləsini öz ovcuna dirəyir, atır. Yaralı əlini dəsmalla sarıdıqdan sonra “cəbhə dostu”nun meyitini çiyninə alaraq öz qərargahlarına tərəf sürünür. Özü yaralı ola-ola dostunun meyitini düşmənin cəngindən qurtarması onun taleyində müstəsna rol oynayır. Elə pencəyinin yaxasındakı dəmir-dümürün də bir neçəsini bu “qəhrəmanlığa” görə alır. Sol əlinin iki barmağını itirdiyinə görə, ordudan tərxis olunan Musa Muradovun bu “igidliyi” sonralar ali təhsil almasına da , müxtəlif vəzifələr tutmasına da kömək edir.

Musa kişi at keçməz yollarda baş işlədən adam idi və onun bu sıradan olan sərgüzəştləri bitib-tükənən deyildi.

***

Bu əməlləri Musa kişinin el arasındakı hörmət-izzətinə qətiyyən xələl gətirmirdi. Hələ heç kəs ona güldən ağır söz deməmişdi. Çoxlarına çörək vermişdi, ən çətin işləri yoluna qoymağı bacarmışdı. Bu səbəbdən onu hər yerdə hörmətlə qarşılayıb, ehtiramla yola salırdılar. Bu gün də belə oldu. Rayon xəstəxanasının həyətində, dəhlizində onunla qarşılaşanlar ayaq saxlayıb ədəblə salam verdilər, hal-əhval tutdular, el-obanın ağsaqqalı olduğunu bir daha kişinin nəzər-diqqətinə çatdırdılar. Xəstəxananın baş həkimi də onu ədəb-ərkanla qarşıladı. Qapıya qədər gəlib ikiəlli görüşdü, kresloda yer göstərdi:

- Xoş gördük, ay Musa müəllim, necəsiniz? Səhhətiniz necədi, olmaya ağrıyan yeriniz var?

- Yaxşıyam, şükür allaha. Başqa bir işə görə gəlmişəm yanına. Bilmirəm eşitmişdin ya yox, bizim bu cüvəllağı əsgərliyə getməmişdən qabaq qız qaçırmışdı. İndi onun birdən üç uşağı olub. Üçü də oğlan...

- Boy, gözünüz aydın, Musa müəllim! Nəticələrinizi görməyi də allah-təala sizə qismət elədi. Qurban olum allaha, göydən baxır axı. Siz camaat adamı olmusunuz. Rayonumuz üçün çox işlər görmüsünüz.

- Sağ ol, hörmətin artıq olsun, allah sənə də qismət eləsin, doxdur. Bir az imkansızlıq oldu xəstəxanaya gətirə bilmədik, gəlin evdəcə doğdu. Özün bilirsən, metrika almaq üçün gərək sənin arayışın ola.

- Mənim gözüm üstə, əşi. Qarın-qiyamətin günündə bir də niyə əziyyət çəkib gəlmisiz? Zəng edəydiz, yazıb göndərəydim.

...Musa Muradovu rayonun VVAQ şöbəsində də gülər üzlə qarşılayıb, nəticələrinin üçünə də doğum haqqında şəhadətnamə verdilər. Sonra hərbi komissarlıqda da işini tezbazar həll etdilər.

***

Musa Muradov işini etibarlı görmüşdü, İlkin evlənən kimi onu təsərrüfatdan ayırmışdı. Təbii ki, kağız üzərində. Ailəsində üç körpə uşağın dünyaya gəldiyini nəzərə alıb qanuna əsasən İlkini ordudan tərxis etdilər. Bir həftə keçmədi ki, evə qayıtdı. Baba-nənəsiylə görüşüb öz otağına keçdi. Arvadı beşiyin yanında, çarpayıda oturub uşağı əmizdirirdi. İlkin tələsik özünü beşiyin yanına verdi ki, oğlanlarının ikisini də görsün. Beşik boş idi. Salamsız- kəlamsız :

- Bəs ikisi hanı?

Arvadı:

- Bir uşaq olub, deyə qımışdı.

- Necə yəni bir uşaq? Bəs komissarlığın məktubu... Metrika surətləri?

- Onların hamısı babanın quramasıydı.

- Başa düşmədim.

- Get, özü başa salar.

İlkin key-key otaqdan çıxdı. Qapının ağzında dayanıb sual dolu baxışlarını babasına zillədi. Musa kişi divanda oturub gülümsəyirdi. Nədənsə bu gün evə gələndə üzündəki təbəssümü çıxarıb dolabdan asmamışdı. İlkin barmağını dişlədi, sanki bir andaca yuxudan ayıldı, yüyürüb babasını qucaqladı.

- Ay mənim müdrik babam! Bir dənə kişisən. O boyda sovet hökumətini barmağına sarımağın azıydı, indi də belə.

Musa Muradov əlini-əlinə vuraraq şaqqanaqla güldü. Bu gülüş paltar dolabındakı təbəssüm deyildi, kişinin halal-hümmət qəhqəhəsiydi.

Mart, 2009-cu il

# 1328 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #