Elçin Hüseynbəylini bezdirən ZIRRAMA

Elçin Hüseynbəylini bezdirən <span style="color:red;">ZIRRAMA
22 iyul 2015
# 10:28

Zırrama

Mirzə Cəlilin bu adda bir hekayəsi var. Oxuyanlar bilir, oxumayanlar üçünsə deyim ki, söhbət bir həmşəridən gedir.

O, günlərlə küçələrdə dayanır və tanış-bilişin qabağını kəsib, o tay-bu taydan xəbər verir. Həmişə də eyni sözləri təkrarlayır: filankəsi poçt müdiri qoyublar, bəhmənkəsi işdən çıxarıblar, ruslar yaponlara müharibə elan eləyib, filankəsin oğlu naxoşlayıb və s. və i.

Biçarə Mirzə Cəlil də həmişə evdən çıxmazdan əvvəl pəncərədən çölə baxıb, yola göz gəzdirirmiş görsün ki, həmin “zırrama” ordadı, ya yox...

Bu yaxınlarda mən onun xələfinə rast gəldim. Dostlar təklif elədilər ki, dəniz ətrafındakı bağa yığışaq. “Koroğlu” metrosunda taksiyə mindim. Böyrümdə oturan müştərilərdən biri çal saqqal, arıq və bəyaz sifət bir kişiydi. Nəsə üzü mənə tanış gəldi, amma xatırlaya bilmədim. Taksi yerindən tərpənən kimi, böyrümdəki başladı, nə başladı. Əvvəlcə uzaqdan gəldi: “Yunansıtan defolt olub, Almaniya kansleri ona dişlərini qıcayıb, İranın məsələsi BMT-də həll olundu, neftin başını açıb buraxacaq, Tunis də neft hasilatını artırır, dünya bazarında petrolun qiyməti düşəcək, dollar bahalaşacaq, indi hamı ingilis pulu alır, yollar təzədən söküləcək, gələn il Formula-1 yarışları olacaq, aeroport yolunda keçidləri təmir edirlər, filankəs partiyadan istefa verdi, Putin Ukraynaya ultimatum verib, Qarabağ danışıqları dalana dirənib, müharibə olacaq, Saakaşvili Ukraynanın prezidenti olmağa hazırlaşır...”

Çal saqqallı kişi dil qəfəsə qoymurdu. Belə başa düşdüm ki, bu adamın işi-peşəsi qəzetləri oxumaq, televizora baxmaqdı, bir az da Haqverdiyevin marallarına oxşayır...

Aha! Bu yerdə barmağımı dişlədim. Bu, “Təbriz” ləqəbi ilə şeirlər yazan Vidadi adlı zatdır. Onunla Moskvada tanış olmuşduq, yataqxanamıza tez-tez gələrdi. Bir-iki dəfə dəlixanada yatmışdı. Qalaq-qalaq qəzet oxuyardı. Dəlilik pensiyasını qəzet-kitaba xərcləyərdi. Yediyi “mundirli”, yəni soyutma kartof, içdiyi adi krant suyu idi. Siyasi söhbətlər eləməyi xoşlayardı. Hətta siyasi şeirlər də yazardı. İki misrası yadımdadı: “Na pole rastyot burak, v Kremle sidit durak...” Özü də “maniya presledovaniye” xəstəliyinə tutulmuşdu, ona elə gəlirdi ki, ke-qe-be agentləri onu daim izləyir...

Mən uzaq keçmişdəki tanışımı xatırlayırdım. O bəstəboy idi, böyrümdəki, arıq, hoqqar. Görünür, hər dövrün öz zırraması olur. Başqa sərnişinlər də öz işlərindəydilər. Tam sakitçilik idi, yalnız saqqallı sərnişin hüdüləyib tökürdü. Birdən o, dayandı, bir sağa, bir sola, bir irəli, bir də geriyə baxdı və dedi: “Nədi, bəlkə sizi də mənə güdükçü qoyublar, hamınız mısıb durmusunuz, izləyirsiniz mən?!” Sonra üzünü sürücüyə tutub, “burda saxla görüm” dedi. Sürücü məsələni anladı və irişə-irişə bunları dedi: “Alik” dayı, sən onlara fikir vermə, bisavad adamdılar, sənin kimi oxuyan deyillər ha”. “Bisavad” sözünü işlədərkən bizə bir göz də basdı, yəni fikir verməyin, sözdü də deyirəm.

İncəvardan yolumuz başa çatdı, hərə bir tərəfə üz tutdu...

Geri qayıdan baş onu yenə də taksi dayanacağında gördüm, kimisə çənəsinin altına salmışdı: “Yunanıstan defolt oldu, Merkel ona dişlərini qıcartdı, Putin ultimatum verdi, neft ucuzlaşdı... müharibə qaçılmazdı...”

Yavaşca böyürdən sivildiyib getdim.

Mirzə Cəlili xatırladım və öz-özümə “Zırrama ki, zırrama” deyə pıçıldadım...

21 iyul 2015

# 1483 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #