Qeyrətli oğulun anası xadimə işləməzmi, Anar müəllim?

Qeyrətli oğulun anası xadimə işləməzmi, Anar müəllim?
28 iyun 2013
# 09:52

Anlamaq dərdi

“Beş mərtəbəli evin altıncı mərtəbəsi”nə , oradan da yüksəklərə qoşub, “Ağ liman”da bir azca nəfəs dərməyə “Macal” tapıb, “Dantenin yubileyi”nə kövrəlib, “Gürcü familyası”nda sevgi nisgilini İçəri şəhərimizin divarlarının nəmliyi kimi içimə hopdursam da, bütün bunların müəllifinə nə yazıq ki, indi “Qəm pəncərəsi”ndən baxmağa məcburam.

Anarın bu günlərdə dərc edilən “Bir sən, bir mən, bir ölüm” hekayəsi nəinki sadalanan, yaxud adını çəkmədiyim əsərləri ilə bir yerə sığır, həm də acıqlı, hikkəli məzmunu, dərin mətləblərdən uzaqlığı ilə sevimli yazıçımızın üslubuna da bir ögeylik qatır. Bu yadlığın içərisində həmin yazıda Anara xas yeganə doğmalıq onun ədəbi dilidir. Amma nə yazıq ki, bu dil də millətinin dərdini anlatmağa yox, içində küllənən nifrəti ifadə etməyə xidmət edir. Bir oxucu üçün sevimli yazarının belə bir təqdimatı əslində çox ağrılıdır.

Hekayənin əvvəlində Anar müəllimi rayon teatrlarında oyanılacaq tamaşa üçün mahnı mətni yazarkən görürük. Bu onun gerçəlikdən nə qədər uzaq düşdüyünü anladır. Əks halda Anar gənclik dostu Vaqif Səmədoğlunun məşhur qəhrəmanı Moşu kimi qafiyələr axtarmaq əvəzinə, rayonlarda hər gün neçə-neçə həyat dramlarının yaşandığını görərdi. Kəndlərdə yeməyə duz tökməməsi kimi bəsit səbəblərdən qəzəbli Zaurların biçarə Təhminələri necə öldürməsinin, baltalamasının səbəblərini arayardı. Əsl tamaşalar, özü də faciə məzmunlu tamaşalar indi səhnədə yox, elə həyatın özündə qoyulur və bu tamaşalara axıdılan göz yaşları da bir anlıq yox, bir ömür boyu sürür.

Hekayətdə bir dram söhbəti bitməmiş Fəxri Xiyabanda vaqe olan başqa bir dramın pərdəsi qaldırılır. Tamaşaçılar bu sakit məkanın əbədi sakinləri olsalar da, qəhrəmanları dirilərdir. Yazıçının bu dramdakı rolu da əsla həzm olunası deyil. Məsələn, Anar müəllim Fəxri Xiyabanda süpürgəçi – xadimə işləyən qadını nəzərdə tutaraq sual edir ki, “Oğlu qeyrətli oğul olsaydı, anası burda işlərdi?!”

Bu, diqqətli oxucunun ürəyinə xəncər kimi saplanan bir hökmdür. Bəyəm Anar bu gün rüşvət almağı, onun-bunun halal haqqını mənimsəməyi, dələduzluq, əliəyrilik etməyi bacarmayan məhz qeyrətli oğulların analarının öz güzəranlarını xidmətçilik, süpürgəçilik etməklə qurduqlarının, bir tökə çörəklərini əllərindəki süpürgədən çıxardıqlarının fərqində deyil?!

Çörəyini daşdan, ora–bura köşə yazmaqla çıxaran, yüz cibə girib, məddahlıq yarışına qoşulmayan bir yazarın anasının dolanışıq üçün halal zəhmətdən başqa hansı yolu var ki?! Adının qarşısında xalq sözü olan yazıçı bu adın imtiyazları kimi xalqın ağrılarını da ürəyində hiss etməlidir. Onda bu xalqın imkansız təbəqəyə aid qadınlarının, analarının niyə təqaüdləri ilə keçinə bilməmələrinin, haranısa süpürməsə, təmizləməsə ac qalacaq bir duruma gələcəyinin səbəbləri ona əyan olar.

Anar Fəxri Xiyabanda bir qadına 10 manat, bankomat önündə digərinə 5 manat verdiyini yazır. Amma unudur ki, bu insanlar hər küncdə, köşədə aşağılanan, elitar təbəqənin eyni süfrə arxasında əyləşməyi heç zaman özünə təhəmmül etməyəcəyi dilənçilər, ələbaxanlar deyil. Əlinin zəhmətini yeyənlərdir. Bu iki sosial status arasında isə bir insanın mənəvi ucalığı qədər böyük fərq var.

Bir də kasıb olmaq, təmizləmək qeyrətsizlik, namussuzluq göstəricisi deyil, axı. Əksinə, bu gün həddən artıq çirk basmış cəmiyyətimizdə indi bizim təmizliyə daha çox ehtiyacımız var. Və bu missiyanı əlindəki süpürgə ilə üzərinə götürmüş o qadın vəzifəsinin adındakı xadim sözünün əsl şərəfini döşünə döyən siyasət, mədəniyyət, ictimaiyyət xadimlərindən daha çox haqq edir.

Görkəmli yazıçımızın 2 manatını qaytarmadığına görə bankomatı döyəcləyən qadına Novruzəli kimi yanaşması da heç ona yaraşan deyil. Mirzə Cəlil həyatını, düşüncəsini filmə, publisistikaya gətirmiş sevimli yazıçımız gərək fərqində olaydı ki, bu, həmin qadının avamlığının yox, möhtaclığının doğurduğu çarəsizlikdir. Görünür, Mirzə Cəlili bir vaxtlar elə Anarın özü demişkən hələ də anlamaq dərdi var.

Nazım Hikmətə həsr etdiyi və vaxtilə avtoqrafı ilə məktəb yoldaşına bağışladığı kitabın satılması da yazarı çox ağrıdır. Bəli ağrılıdır, xatirələr, dəyərlər satılanda çox ağrılı olur. Elə haqqında mürtəd kimi bəhs edilən “dəmbərə gözlü” yazıçıların davasının da qərəzi, əsəbi bir az kənar qoyub baxsaq, vallah bu ağrıdan doğduğunu, əslində, nəsillərin yaşı ilə yox, yaradıcılıq istedadının, qohumbazlığın qoltuğundan boylanması ilə bağlı olduğunu görərik.

İstedad demişkən, mərhum rəssam Toğrul Nərimanbəyovun da hekayədə adı keçir. İstedad sözünün ən halal sahiblərindən birinin… Bəs axırı?! Onun böyük istedadına bu ölkədə kimsə ehtiyac duydumu?! Bəlkə mərhum sənətkarın indi meyidinin ortalarda qalmasının bir səbəbini də elə bunda axtaraq?! Oxucuların avtoqraflı kitabları çörək almaq üçün bazara çıxardıqları, kitabxanaların kababxanalara çevrildiyi Azərbaycanda Toğrul Nərimanbəyova ehtiyac qalmadı. Onun sənətinə qiymət verilmədi. Ona görə də, saqqalsız Toğrul Nərimanbəyovla morqdakı görüşünü təsvir edərkən Anar gərək ondan saqqalının aqibətini soruşanda, Azərbaycanda keçməyən sözlərini də sual edəydi. Soruşaydı ki, bu vətəndə niyə yaşamağı yox, dəfn edilməyi istədin? Cavabını istəyirsiniz mən deyim. Burada əsl sənət də, sənətkar da çoxdan dəfn edilib.

Bax budur, dərdimiz. Anlayan və anladan gərək...

# 7125 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #