Onlar istefa versə nə dəyişəcək?

Onlar istefa versə nə dəyişəcək?
23 oktyabr 2019
# 14:15

Kulis.az Aliyənin “Xalxın ittifaqı” yazısını təqdim edir.

Hacıbala Abutalıbovun yaşla bağlı işdən istefa müraciəti çox tərs bir vaxta düşdü. İttifaqların sədr seçməli olduğu bu günlərə. İttifaq sədrlərinin yaşı gündəmə gəldi. Heç nə. Əlavə başağrısı. Ara yerdə AMEA prezidenti yaş kompleksi yaşadı.

Bir daha yada düşdü ki, yaşı yetmişdən aşağı olan bir ittifaq sədri də yoxdur.

Bu bizi niyə dərdləndirsin ki? Qoy lap Dədə Qorqud kimi min iki yüz yaşları olsun. Hərəsi bir tarix olsun. Məsələn, o dəfə Yazıçılar Birliyində tədbirə getmişdim. Günəşli havada yaza güclə çıxmış canlılar kimi xumar və məmnun qoca şairlər toplaşıb çıxış etmək həsrətilə bir-birinin sözünün bitməsini gözləyir, bəzən daha da canlanıb bir-birindən səhv tuturdular. Qəfil biri söz alıb vətən haqqında 30-cu illərin quruculuq tonunda, pafoslu bir şeir oxudu. Bir anlıq kədər içində düşündüm: bəlkə də daha heç yerdə belə şeirə, belə ifaya rast gəlməyəcəkdim. Daha Nurəddin Mehdixanlı da belə şeylər eləmir. Bütöv bir epoxa, böyük bir ənənə zamanın təkərinin qarşısına düşür, amma Yazıçılar Birliyi bunları qoruyur. İndi istəsən belə heç bir teatrda bu ab-havanı yarada bilməzsən. Başdan ayağa zövqdür. Bunları yazıram ki, ittifaqlara qarşı tam duyğusuz olduğumu güman etməsinlər.

Və yaxud o biri ittifaqlar... Hər baxımdan sovet idarəetməsinin misilsiz nümunəsi kimi ucalırlar. Nə edirlər, kimə hesabat verirlər? Heç kim bilə bilməz. Nə borcuna?! Büdcə təşkilatı deyil, öz nizamnaməsi olan qurumdur. Hərçənd ki, layihələrinə vergilərdən formalaşan dövlətdən maliyyə ayrılır. Hətta layihədən başqa da QHT-lərə dövlət dəstəyi var. Amma diqqətli olub bunu unutmayın; bunlar varsa belə, üzvü deyilsənsə, biricik ittifaqdan hesab sormağa haqqın yoxdur.

Deyək ki, alternativ qurumlar yaradılsın. Əvvəla, İttifaqlara alternativ qurum yaratmaq üçün 3-4 maneə var: birinci, o ittifaqa sovetdənqalma resurslar – bina, mülkiyyət və s. – onlara başa gəldiyi kimi havayı başa gəlmir və verilmir. Sən bunları icarəyə alacaqsan. İkincisi, dövlətin sənin layihələrini dəstəkləyəcəyinə də qarantiya yoxdur. Dövlət özü bilər kimi dəstəkləyər. Bu haqda hansısa qanun yoxdur. Özəl sektorun dəstəyi haqda heç danışmağa dəyməz.

Oysa dünyada, hətta bir şəhərdə onlarla pen klublar və yaradıcı ittifaqlar var, hərəsi bir fonddan ya dövlətdən layihələrinə dəstək alır. Heç kimin heç kimlə işi yoxdur. Qonşu Rusiyada Qoqol Mərkəzi kimi teatrın inkişafına dəstək verən qurum var. İri-iri festivallar keçirir, ölkədəki yaradıcı mühiti az qala onlar təyin edir, canlandırır. Kalyaginin öz sovetdənqalma ittifaqında nə etdiyi onları narahat da eləmir.

Amma bizim ölkə kiçikdir, əjdaha suyun qabağını kəsən kimi yeganə mənbənin üstündə bir ittifaq sədri əyləşib. Və o sədr illərlə əlləşib “sədrdən başqa sədr yoxdur” deyən mühit yaradıb. Qurultayqabağı bir-iki yerli baxış keçirməklə, ya bir-iki gənci harasa yollamaqla hesabatı zənginləşdirir. Məsələn, Yazıçılar Birliyinin hansısa ciddi ədəbiyyat müsabiqəsi keçirdiyini eşitmisiniz? Son layihələri yaşlı yazıçılara yenidən mükafat vermək olub.

Üzvlər razı, sədri də vaxtilə sədrin özünün seçdiyi idarə heyəti seçir. Belə absurd bir vəziyyət. Arabir bir-iki gənc birlikdən istefa verir, ya da tamaşa oynamağa yer vermirlər deyə deyinib, gedib o yanda oynayır.

Ümumən baxanda yaradıcı ittifaqın daxili quruluşunda problem yoxdur. Adamlar nizamnamə ilə təsdiqlənmiş qurumda cəm olublar. Ola bilsin, dünya təcrübəsində də belədir. Amma iş Azərbaycana gələndə, o qədər problem çıxır ki, məsələnin ancaq başqa bir sədrlə, daha düzü başqa bir avtoritetlə düzələcəyini düşünürsən. O səbəbdən də Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovu tənqid edən Afaq Bəşirqızının səsində əvvəllər heç vaxt sevmədiyim “vor-zakon” tonunu haqlı buluram.

Başqa yol yoxdur. Oğurluğundan şübhələndiyin 15 illik sədrlə danışmaq üçün yəqin ki ən ideal ton budur. “Qurum dövlətdən dəstək alırsa niyə şəffaflığı təmin etmir? Yox, əgər öz nizamnaməsinə əsasən fəaliyyət göstərən, yalnız öz üzvləri qarşısında öhdəlik götürən qurumdursa, yalnız onlara hesabat verirsə, dövlətdən niyə dəstək alır?” kimi sualların heç yeri yoxdur. Afaq xanım da bunu bilir.

Çünki bu absurd mexanizmi necə qurublarsa, on illərdir ki, saat kimi işləyir. Həm də yaradıcı mühitin xeyrinə yox. (Alternativi olmayan heç nədə fayda ola bilməz. İstər qurum olsun, istərsə onun sədri)

Sədrin insafa gələcəyini, ya da yaşından utanacağını gözləməksə, coğrafiyamızda yayılan bir ayrı xəstəlikdir. Niyə bu qədər kəmhövsələyik ki? Minə dözüb min birə niyə dözmürük axı? Adamın yaşını başına vurmaq ədəbsizliyi nədir bir də? Azca da səbrli olub, sədrlərin öləcəyini gözləmək olmazmı?

Bəlkə elə məsləhət budur ki, ittifaq sədrlərinin yaşı 70-dən yuxarı olmalıdır? Məsələn, ölkədə təqaüd yaşını onların fəaliyyət gücünə uyğun təyin etmək üçün... Görürsünüz, nə qədər bilmədiyimiz məsələlər var. Bu işləri Azərpaşa Nemətdən, Fərhad Xəlilovdan, İbrahimbəyovdan, Anardan çox bilməyəcəksiz, necə olsa... Ağıllı olub, öz tifağımızın qeydinə qalaq.

# 4388 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #