Yenə durduğum yerdə onu xatırladım. Əslində, "xatırladım" deməyim doğru deyil, mən ki onu unutmamışdım. Yadıma tək olanda telefonla tanımadığım ünvanlara zəng vurmağım düşdü. Fəqət illərdir bir nömrəni heç unuda bilmirəm.
10-cu sinifdə oxuyurdum, yanvar ayının 15-i idi. Heç bilmirəm bu tarixi nə ilə yadda saxlamışam. Sinif yoldaşım Aygün dedi ki, bekar olanda tanımadığım nömrələrə yığıb, camaatı ələ salıram. Onu bu hərəkətinə görə məzəmmət edib, "telefon xuliqanı" demişdim. Həmin axşam evdə heç kəs olmadığından bağrım çatlayırdı, işıqların da sönməsi lap sıxırdı məni.
Aygünün gündüz etdiyi təklif beynimi məşğul etməyə başladı. Mən də adını "xuliqanlıq" qoyduğum hərəkəti sınaqdan keçirmək istədim.
Bir neçə nömrəyə yığdım, götürmədilər, elə bil sözləşmişdilər. Bəxtimdən gileylənib telefonu bir küncə tolazladım. Sonra yenə özümdə güc tapıb uzandığım yerdən qalxıb telefonu götürdüm və bayaq yığdığım nömrələrdən birinə təkrar zəng vurdum. Dəstəyi bir qadın götürdü. Mülayim, titrək səsindən 27-28 yaşlı xanıma bənzəsə də, sonralar söhbətimiz zamanı dedi ki, 48 yaşı var. Adı Lalə olan bu xanım subay idi, tək yaşayırdı, pianoçu idi. Qəribə olan odur ki, mənim bekar vaxtıma düşməsindən zərrə də narahatçılıq duymurdu. Bəlkə də ovqatımın yaxşı olmadığını duyurdu, bəlkə o da bekar idi.
Üzünü belə görmədiyim bu qadınla artıq dost olmuşduq. Yaxşı xatırlayıram, həmin vaxtı mən İsa Muğannanın "Doğma və yad adamlar" əsərini oxuyurdum deyə, onun üçün də hissələr səsləndirirdim, o da mənə pianoda musiqilər ifa edirdi. Məndən ən çox şeir səsləndirməyimi rica edirdi.
Məktəbdən evə tələsirdim, 1 tamamda dərsimiz bitirdi, 2 tamamda mən evdə olurdum. Elə qapını açıb içəri girən kimi telefonun fəryadını eşidirdim. Mənimlə birgə yeyir, mənimlə birgə televizora baxırdı, hətta hərdən dərslərimə də kömək edirdi, əla riyaziyyatçı idi. Çox vaxt isə gecəni telefonla danışıb birgə yuxuya gedirdik. Özümüz də bu halımıza gülürdük, adımızı köhnə sevgililər qoymuşduq.
Hələ o vaxtdan aşpazlığı sevirdim deyə, hərdən ona da qəribə yemək reseptləri deyirdim. Bərabər hazırlayıb yeyirdik, çox da bəyənirdi improvizələrimi. Universitetə hazırlaşan vaxtlarım idi deyə, testləri bir yerdə edirdik. Cavabını bilmədiyim riyazi sualları həll edib şəklini MMS-lə göndərirdi. Mən də ona dil-ədəbiyyatdan məlumatlar verirdim. Ən çox da Fizulinin yaradıcılığını sevirdi. Məndən həftə səkkiz-mən doqquz "Pəmbeyi-daği-cünun" qəzəlini səsləndirməyimi xahiş edirdi, mən də ərklə özümü naza qoyurdum, bir növ qiraətimə olan asılılığından istifadə edirdim.
Aylar keçdikcə Laləyə bağlılığımın dozası artırdı, bağlılığım artdıqca suallarım da artırdı. Ən çox da onun niyə tək olması məni maraqlandırırdı, di gəl ki heç vaxt o barədə sual vermirdim. Çünki içimdə bir hiss vardı ki, bu təkliyin kədərli bir taleyi var. O da şəxsi həyatından heç danışmırdı. Nə qəribədir, deyilmi? Qeybət etmədən, şəxsi həyatdan danışmadan da söhbət etmək olurmuş. Onu görmək istəyirdim, amma birdən razılaşmaz deyə bir kəlimə də demirdim. Mən deməsəm də, bir gün o dilə gəldi və dedi: şəklini göndər, görüm danışdığım bu balaca kimdir? Mənə balaca deyirdi. O vaxt texnika bu qədər inkişaf etməmişdi, amma şəkil və azhəcmli video göndərmək üçün MMS deyə bir xidmət vardı. Şəklimi göndərəndə mənə təəssüratlarını dedi, çox qəribədir ki, Lalədə yaratdığım təəssüratlar ta bu günə qədər xarakterimdə məni təqib edir. Onun da şəkli məndə hələ də qalmaqdadır. Nə gizlədim, günü bu gün də onun üçün it kimi darıxıram. Bu yazının ərsəyə gəlməsinin səbəbi də həyatımda hiss etdiyim o boşluqdur. Bəlkə də məni incidən nəsnələr var o boşluqda. Bildiyim dəqiq bir şey var ki, "kaş"larım yaxamı heç vaxt rahat buraxmayacaq.
Söhbətimiz il yarımdan çox çəkdi və hər şey qəfil bitdi. Adi günlərdən birində ona zəng vurdum, gördüm yad bir qadın götürdü və Laləni soruşanda mənə onun vəfat etdiyini dedi. Həmçinin söhbət arasında öyrəndim ki, o, yeriyə bilmirmiş, əlil arabasında imiş. Telefondakı qadın mənim Lalənin nəyi olduğumu soruşanda sual beynimi çox məşğul etdi: doğrudan da mən Lalənin nəyi idim ki?
Sonralar çox tez-tez o nömrəyə zəng vururdum, dayımgilə də, sinif yoldaşıma da zəng vuranda çaşıb onun nömrəsini yığırdım. Hər dəfə də eyni adam götürüb deyirdi ki, ay uşaq, Lalə yoxdur daha. Axırda özüm də bu haldan bezdim, telefondakının üstünə qışqırdım ki, nömrənizi dəyişin. Sonra isə üzr istəyib sözümə davam etdim:
- Unutmağa vaxt lazımdır, mənə bir az vaxt verin xahiş edirəm. Hesab edin ki, bu nömrə barmaqlarımın vərdişidir...